Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-551/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.2004-cü il təvəllüdlü X5 anadangəlmə fəaliyyət qabiliyyətsizdir. Belə ki, ona ƏƏSMN-nin TSEK tərəfindən “Kvadraplegik spastik serebral ifliç, Dərin kəmağıllıq, İdiotiya, Nitq və davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. Bu xəstəliyinə görə o, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 özü özünü müstəqil idarə etmək iqtidarına malik deyil, başqa şəxsin köməyinə ehtiyacı var. Bu səbəbdən də o, ana kimi öz borcunu yerinə yetirərək ona qulluq edir. xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsinə zərurət vardır. Ərizəçinin məqsədi öz oğluna qəyyum təyin olunub ona qulluq etməkdir, onun hüquq və maraqlarının qorunmasıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı X3 Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 Bakı şəhərində doğulmuş, ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat sənədindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 birinci dərəcəli əlillik mövcuddur, əmək qabiliyyətsizdir. Sağlamlıq dərəcəsinin təyinat tarixi xx.xx.2022-ci ildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 65 saylı rəyində qeyd edilmişdir ki, X2 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik espertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-551/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-551/2023
14.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver