Məhkəmə qərarları › İş №e-2(005)-5590/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5590/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5590/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********33692 “İphone 16”, qızıl zəmanət ultra 2 il xidməti, paket xxxl xidməti üçün, 3243,92 manat ödənilməmiş hissə, 324,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, paketl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********81032 “Oрpo A40M” üçün 388,9 manat ödənilməmiş hissə, 38,89 manat cərimə, ümumilikdə 3996,12 manat borc, 59,97 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********33692 “İphone 16”, qızıl zəmanət ultra 2 il xidməti, paket xxxl xidməti, paketl xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********81032 “Oрpo A40M” almış və nəticədə 3996,12 (üç min doqquz yüz doxsan altı manat 12 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3563,92 manat (18 ay x 33,27 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********33692 “İphone 16”, qızıl zəmanət ultra 2 il xidməti, paket xxxl xidməti üçün ümumilikdə, 3568,31 manat olmaqla ondan, 3243,92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 324,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 598,86 manat (18 ay x 33,27 manat + 0 manat ilkin ödəniş) olan paket l xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********81032 “Оppo A40M” üçün ümumilikdə, 427,81 manat olmaqla ondan, 388,92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38,89 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 529,94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-сü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 3563,92 manat olan İmei kod **********33692 “İphone 16”, qızıl zəmanət ultra 2 il xidməti, paket xxxl xidmətini 24 ay müddətinə, aylıq 146,83 manat ödəmə şərtilə almışdır; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 598,86 manat olan paket l xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********81032 “Оppo A40M” məhsulu 18 ay müddətinə, aylıq 33,27 manat ödəmə şərtilə almışdır; - Əşyaların təhvil-təslim aktının surətlərindən görünür ki, Cavabdeh 08924377 nömrəli müqavilə ilə ona satılan malları qüsursuz təhvil almışdır; - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - 10.12.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 320 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 3243,92 manat əsas, 324,39 manat cərimə borcu olmaqla, cəmi borcu 3568,31 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 209,94 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 388,92 manat əsas, 38,89 manat cərimə borcu olmaqla, cəmi borcu 427,81 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 59,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 3243,92 manat, cərimə borcuna görə 324,39 manat olmaqla, ümumi 3568,31 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə əsas borca görə 388,92 manat, cərimə borcuna görə 38,89 manat olmaqla, ümumi 427,81 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 160 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 20 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 3243,92 manat, cərimə borcuna görə 160 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 388,92 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 3812,84 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 59,97 manat pulun 57 manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 3243,92 manat, cərimə borcuna görə 160 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 388,92 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 3812,84 manat (üç min səkkiz yüz on iki manat, səksən dörd qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 59,97 manat pulun 57 (əlli yeddi) manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar