Məhkəmə qərarları › İş №e-2(005)-561/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-561/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-561/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xətai, Əhmədli qəsəbəsi Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin açıq hərracda satışı məqsədilə cavabdeh təşkilat Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC İddiaçı və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və s.” tələblə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti 82000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satışının təşkil edilməsi və s qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və Xətai Rayon İcra Şöbəsi tərəfindən açıq hərracın keçirilməsi cavabdeh təşkilat olan "xxxx" MMC-yə tapşırılmışdır. Cavabdeh təşkilat olan "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac keçirilmişdir. Daha sonra həmin əmlak üçüncü şəxs olan "xxxx" ASC-yə təklif olunmuşdur. Cavabdeh təşkilat olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilən hərraclar etibarsızdır. Belə ki, xx.xx.2019-cu il tarixdə ilkin hərrac keçirildikdən sonra üçüncü şəxs olan "xxxx" ASC tərəfindən icra prosesi dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-14/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi rəsmi qayda da əldə edilərək apellyasiya şikayəti verilmiş və bununlada icra üzrə icraatın dayandırılması davam etdirilmişdir. Məhkəmə prosesləri yekunlaşdıqdan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışı"xxxx" MMC hərrac şirkətinə göndərilmişdir. Sonra sifariş oradan geri alınaraq təkrar olaraq Cavabdeh təşkilat olan "xxxx" MMC-yə göndərilmişdir. Lakin Cavabdeh təşkilat olan "xxxx" MMC təkrar olaraq ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bununla da qanunverciliyin və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi Cavabdeh təşkilat olan "xxxx" MMC-yə 2022-ci il tarixdə yenidən tapşırılmışdır. Yenidən hərracın keçirilməsi tapşırıldığından ilkin hərrac təkrar olaraq keçirilməli idi. Əvvəl baş tutmuş hərracın ilkin hərrac kimi sayılması üçün əsas mövcud deyildir. Çünki həm ilkin və təkrar hərraclar arasında 3 ildən çox zaman kəsiyi mövcuddur, həm ilkin hərracdan sonra tələbkar özü ərizə ilə müraciət edərək icra prosesini dayandırmışdır, həm də iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Digər tərəfdən İddiaçıya məxsus olan Bakı şəhəri Xətai Əhmədli qəsəbəsi Ramiz Quliyev küçəsi 2 saylı evin 52 saylı mənzilin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC hərracın keçirilməsi tapşırılmış "xxxx" MMC ilə eyni ofisdə (ünvan 1 ünvanında) yerləşir. Bu birbaşa olaraq maraqların pozulmasıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, məhkəmədən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin açıq hərracda satışı məqsədilə cavabdeh təşkilat "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və xx.xx.2022-ci il tarixli 64/02 Hərracın yekunları barədə Protokolun və xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı xx.xx.2015-ci il tarixli çıxarışının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2019-cu il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2022-ci il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2022-ci il tarixli məlumatın məzmunundan görünür ki, Xətai rayon İcra şöbəsinin 17/74 nömrəli, 3348/13 saylı, xx.xx.2019-cu il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin satılması ilə bağlı hərraclar baş tutmamış müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetin 10 noyabr 2022-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan İpoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 52275 manata ala bilər. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2022-ci il tarixli, 64/02 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən ipoteka predmetini təşkil edən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili 52275 manata tələbkar "xxxx" KB ASC əldə etmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərracın keçirilməsi zamanı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ilkin hərracdan başlanmalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirilərək qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci və ikinci hərrac arasında fasilənin olması (xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac) icra sənədi üzrə icraatın dayandırılması səbəbindən baş vermişdir. İddiaçı göstərir ki, hərrac təşkilatı ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bu hal hərracın keçirilmə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericilikdə hərracın 2 dəfə keçirilməsi nəzərdə tutulduğundan iddiaçının bu dəlili əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar