Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-572/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 370.000 (üç yüz yetmiş min) manat məbləğində əsas pul vəsaitinin, 60.115 (altmış min yüz on beş) manat dəbbə pulunun, cəmi olaraq 430.115 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 721 (yeddi yüz iyirmi bir) manat məbləğində pulun, məhkəmə aktı qəbul edilən tarixədək gündəlik 1.850 manat hesablanmaqla dəbbə pulunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.148 ha torpaq sahəsinin və onun üzərində olan 117.6 kvadratmet qeyri-yaşayış binası İddiaçı sahibliyində, istifadəsində və mülkiyyətində olmuşdur. Bununla bağlı ********** qeyriyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. 2024-cü ilin aprel ayında ərizəçinin mülkiyyətində olan qeyri-yaşayış binası, torpaq sahəsinin hasarı və qapılar cavabdeh tərəfindən sökülməyə başlanmış, xx.xx.2024-cü il tarixdə isə qeyri-yaşayış binasına və torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulmuş giriş hissə cavabdeh tərəfindən tamamilə bağlanmışdır. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, söküntü işləri və mülkiyyət hüququna müdaxilə cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri icra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 23 nömrəli sərəncamı ilə Bakı şəhəri İH Başçısının "xxxx" MMC-ə dair Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 0.7486 ha torpaq sahəsində icarə əsaında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı və aparılmış müvafiq sənədləşmə işləri həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə Cavabdeh MMC-nin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə mülkiyyətçinin heç bir razılığı alınmadan və məlumatı olmadan özbaşına həmin sahəyə daxil olmuş, hasarı, qapını və qeyri yaşayış sahəsini sökmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli AN-İ №1231476 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və mübahisəli əmlak iddiaçı tərəfindən cavabdehə satılmışdır. Həmin alqı satqı- müqaviləsinə əsasən, əmlakın dəyəri 1.105.000 manat müəyyən olunmuş, həmin tarixdə cavabdeh tərəfindən 500.000 manat məbləğində pul vəsaiti ödənilmiş, yerdə qalan 605.000 manat məbləğində pul vəsaiti isə xx.xx.2024-cü il tarixədək ödənilməli idi. İddiaçı tərəfindən bütün öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 500.000 manat, xx.xx.2024-cü il tarixdə 181.500 manat və xx.xx.2024-cü il tarixdə isə 53.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cəmi olaraq 735.000 manat pul ödənilmiş, qalan 370.000 manat məbləğində isə pul vəsaiti ödənilməmişdir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. Cavabdehə öhdəliklərinin icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmış lakin buna münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 324, 389, 385.1, 386.1, 430.1, 442, 443.1, 462.1, 462.3, 463.1, 567, 598-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2, digər nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları ərizənin məzmununa oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin məhkəməyə ünvanladığı ərizədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli, 270 nömrəli Sərəncamının addan-ada keçrilməsi haqqında” 23 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 0.7486 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin sərəncamına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 18/108 nömrəli Ayrıca Aktına əsasən ərazi şimaldan Nəcəfbəy Vəzirov, cənubdan H.Sarabski, qərbdən Ş.Abdullayev küçələri ilə və şərqdən "xxxx" MTK-nın ərazisi ilə əhatə olunduğu təsdiq edilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “AZƏRDÖVLƏTLAYİHƏ” Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yaşayış binaların Şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən yaşayan və qeyri-yaşayış sahələrin texniki cəhətdən qəzalı vəziyyətdə və istismar üçün yararsız olduğu müəyyən edilmişdir. O cümlədən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.0148 ha. Torpaq sahəsi üzərində ümumi sahəsi 117.6 kv.m olan qeyri-yaşayış binası uzun illər istismar edilmədiyi üçün istismara tam yararsız, dağılmış olan bir bina olmaqla, yalnız ərazidə qalıqları qalmaqda idi. Hazırki iddia üzrə iddiaçı ilə tərəflərindən danışıqlar aparılmağa başlandı, İddiaçı bildirdi ki, onun sənədində torpaq sahəsi 0.0148 ha. Göstərilməyinə baxmayaraq, lakin həmin ərazidə olan torpaq sahəsi (cəmi - 0.148 ha.) əslində ona məxsusdur, sadəcə olaraq vərəsəlik şəhadətnaməsində 0.0.148 ha torpaq sahəsi kimi göstərilmişdir. Buna görə də 0.148 ha torpaq sahəsinin dəyərinin ona verilməsini tələb etdi. Onunla razılaşmadığını görüb İddiaçı məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbiri qoyulmasına dair ərizə verdi. Nəsimi rayon Məhkəməsinin e-16(006)-187/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilərək, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 117.6 kv.m olan qeyri-yaşayış binasının olduğu 0.148 ha torpaq sahəsində söküntü, tikinti, qazıntı və s. digər işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edildi. Məhkəmə həmin qərardadda göstərirdi ki, “ərizəçi İddiaçı adına olan dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışında istifadəsində 0.0148 ha torpaq sahəsi göstərilsə də, lakin vərəsəlik haqqında şəhadətnamədə isə 0.148 ha olduğu qeyd edildiyinə görə, məhkəmə inzibati orqan tərəfindən texniki səhv olaraq 0.0148 ha olaraq qeyd edilmə ehtimalı olduğunu nəzərə alaraq 0.148 ha üzərinə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq sayır”. Bundan sonra Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqavilə imzalandı və həmin müqaviləyə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 117.6 kv.m qeyri-yaşayış binasının və 0.148 ha torpaq sahəsi ******* manat dəyərində qiymətləndirilərək Cavabdeh MMC-yə satılması razılaşdırıldı. Müqaviləyə əsasən həmin məbləğdən 500000 manat müqavilə bağlanıldığı an ödənilmiş, yerdə qalan 605000 manat hissəsi isə 4 ay ərzində, onun da 25-30%-ni 2 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Sonra bəlli oldu ki, hələki çıxarışda torpaq sahəsinin ümumi sahəsi 0.0148 ha göstərildiyi üçün, bu müqavilə ilə alqı-satqını həyata keçirmək mümkün deyildir, yeni çıxarış almaq vaxt aparacaqdır. İddiaçı gözləyə bilməyəcəyini, lakin müqavilə müddəti dövründə yeni çıxarışı alıb təqdim edəcəyini bildirdi. Ona görə də hələlik torpaq sahəsi 0.0148 ha göstərilməklə yeni alqısatqı müqaviləsinin bağlanmasının qərarına gəldilər. Beləliklə, aralarında Bakı şəhəri, 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanıldı. Yeni müqavilədə yalnız torpaq sahəsi 0.0148 ha göstərilməklə, digər şərtlər dəyişdirilmədən saxlanıldı. O cümlədən, İddiaçı etibarnamə üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə yazaraq bir daha təsdiq etdi ki, hər iki müqavilə qüvvədədir və şərtləri dəyişilməz olaraq qalır. Tərəflərindən müqavilə şərtləri ilkin olaraq vaxtından öncə icra edilərək, hətta 2 ay gözləmədən məbləğin 30%-i olan 181500 manatı xx.xx.2024-cü il tarixdə İddiaçı hesabına köçürülmüşdür. Tərəflərindən məsuliyyət hiss edərək, xx.xx.2024-cü il tarixdə ona bildiriş göndərərək yerdə qalan borcun əvəzinə mənzil sahəsi ilə əvəzləyə biləcəklərini təklif etdilər. Eyni zamanda ümumi borcun bir hissəsini, yəni -133500 manatı da hissə-hissə İddiaçı ödəmişlər. Lakin İddiaçı tərəfindən torpaq sahəsinin yeni çıxarışı alınıb bu günə qədər onlara təqdim edilməmişdir. Ona görə də hesab edirlər ki, İddiaçı iddia ərizəsi əsassız olduğu üçün rədd edilməli, İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Onlar tərəfindən ödənişin 73.76%-i ödənilmişdir, baxmayaraq ki, mövcud sənədlə onların mülkiyyətinə yalnız 0.0148 ha torpaq sahəsi verilmişdir, yerdə qalan 0.1332 ha torpaq sahəsi ilə bağlı məsələ açıq qalmışdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Cavabdeh MMC ilə İddiaçı ilə ( nümayəndəsi X6) aralarında bağlanmış və 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Müqavilənin 1.1. “Tərəflər” bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: 1.1.1. “Əmlak müİkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********54-06301 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Seriya RX №1065554 ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 117.6 kv.m ibarət qeyri-yaşayış binasını və 0.148 ha torpaq sahəsini çoxmənzilli yaşayış binaları inşa edilməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin qeyri-yaşayış binasını və torpaq sahəsi üçün razılaşdırılmış dəyərini qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən “Əmlak müİkiyyətçisi”-nin mülkiyyətində olan qeyriyaşayış binasının sökülməsini və həmin torpaq sahəsinin üzərində yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, “Tikinti şirkəti” “Əmlak müİkiyyətçisi”-nə cəmi ******* (bir milyon yüz beş min) manat məbləğində pul ödəyir. Göstərilən məbləğin 500 000 (beş yüz min) manat hissəsi müqavilə notariat ofisində bağlandığı an “Əmlak mülkiyyətçisi”- nin təqdim etdiyi bank hesabına və ya notariat ofisinin depozit hesabına köçürülməsini, yerdə qalan 605 000 (altı yüz beş min) manat hissəsi isə müqavilə bağlandığı tarixdən etibarən 4 (dörd) ay ərzində köçürmə və ya nağd ödəmə üsulu ilə, ən geci - xx.xx.2024-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürür. Müqavilə notariat ofisində bağlandığı andan etibarən “Tikinti Şirkəti” 2 ay ərzində ödənilməmiş qalan məbləğin 25-30% həcmində ödəniş etməzsə, ödənilməmiş məbləğə 0.5 % peniya hesablanacaqdır və bu halda “Əmlak Mülkiyyətçisi” məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 1.1.3. Müqavilənin 1.1.2-ci bəndində göstərilən müddətlər (yəni müqavilə notariat ofisində imzalandığı andan 2 (iki) ay müddətində ödənilməmiş qalan məbləğin 25-30% həcmində ödəniş edilmədikdə və ya 4 (dörd) ay müddətində ödənilməmiş qalan məbləğ tam ödənilmədiyi halda) bitdikdən sonra ödənilməmiş məbləğə görə gecikdirilmiş hər növbəti gün üçün 0.5 % peniya olaraq hesablanır və “Tikinti şirkəti”-ndən alınaraq “Əmlak müİkiyyətçisi”-nə ödənilir. Müqavilənin bu bəndində göstərilən peniyanın hesablanmasının son müddəti, öhdəliklər icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi (yəni müqavilə notariat ofisində imzalandığı andan 2 (iki) ay müddətində ödənilməmiş qalan məbləğin 25-30% həcmində ödəniş edilmədikdə) halda “Əmlak mülkiyyətçisi” tərəfindən məhkəmədə “Tikinti Şirkəti” nə qarşı öhdəliyin icrası ilə bağlı iddia tələbi irəli sürəcəyi halda 1-ci instansiya məhkəməsinin yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə kimi müəyyən edilir. xx.xx.2024-cü il tarixədək ödəniş tam ödənilib başa çatdırılmadığı təqdirdə “Əmlak müİkiyyətçisi” “Tikinti şirkəti” nə qarşı öhdəliyin icrası ilə bağlı iddia irəli sürmək hüququna malikdir. 1.2. “Əmlak mülkiyyətçisi” bəyan edir ki, müqavilənin predmeti olan əmlakın yeganə mülkiyyətçisidir və “Tikinti Şirkəti” tərəfindən bu müqavilə üzrə öhdəliklər icra edildiyi halda həmin əmlakla bağlı gələcəkdə onun və onun ailə üzvləri (ana, bacı, qardaş, arvad və s.) və digər yaxın qohumları tərəfindən hər hansı iddia tələbi ilə “Tikinti Şirkəti” nə qarşı iddia irəli sürülməyəcəkdir. 1.3. “Əmlak mülkiyyətçisi” bu müqavilə notariat ofisində imzalandığı və pul vəsaiti onun hesabına və ya notariat ofisinin depozit hesabına köçürüldüyü gün mövcud olan məhkəmə mübahisələrinə son qoymağı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-187/2024 saylı qərardadının ləğv edilməsi üçün aidiyyəti üzrə məhkəməyə və icra və probasiya şöbəsinə ərizə ilə müraciət etməyi öz öhdəsinə götürür. 1.4. “Tikinti şirkəti” bu müqavilə notariat ofisində imzalandığı gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)- 187/2024 saylı qərardadından verdiyi şikayətdən imtina etməyi öz öhdəsinə götürür. 2.1.3. «Əmlak mülkiyyətçisi» mülkiyyətində olan qeyri-yaşayış sahəsini yüklüolmaması barədə arayışı ( forma 1) təqdim etmək şərti ilə «Tikinti şirkəti»nə təhvil vermək vəzifəsini daşıyırı. 2.1.3. «Əmlak mülkiyyətçisi»nin bu müqavilədə göstərilən müddət bitdikdən sonra «Tikinti şirkət»-dən razılaşdırılmış şərtlərə uyğun şəkildə pul məbləğini və göstərilən penyanı tələb etmək hüququ vardır - Bakı şəhəri, 6 saylı notariat ofisinin təqdim etdiyi notariat icraatında olan sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli AN-İ №1231476 nömrəli nisyə alqı satqı müqaviləsinə əsasən satıcı qismində İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov küçəsində 0.148 ha torpaq sahəsində yerləşən 52 sylı, ümumi sahəsi 117.6 kv.m ibarət qeyri-yaşayış binasını 1.105.000 manata alıcı Cavabdeh MMC-yə satmışdır. Müqaviləni İddiaçı əvəzinə nümayəndəsi X6 imzalamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında dövlət mülkiyyəti kimi istifadəyə verilmiş 0.0148 ha torpaq sahəsində yerləşən 117.6 kv.m qeyri-yaşayış binası xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı nümayəndəsi X5 notariat ofisinə yazdığı xx.xx.2024-cü il tarixli **********112 saylı ərizədən görünür ki, müqavilədə göstərilən ilkin ödəniş 500000 manat məbləğin anası X1 Azərbaycan Beynəlxalq Bankı ASC-də olan hesab nömrəsinə köçürülməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, notariat ofisi tərəfindən 494178,80 manat X1 hesabına köçürülmüşdür. - «Paşa Bank» tərəfindən verilmiş X2 adına olan hesaba köçırılməsini təsdiq edən ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfidən xx.xx.2024-cü il tarixdə 494.178.8 manat, xx.xx.2024-ci il tarixdə 58212,2 manat, xx.xx.2024-ci il tarixdə 181.500 manat, xx.xx.2024-ci il tarixdə 53500 manat, xx.xx.2024-cü il tarixdə 30000 manat köçürülmüşdür. - «Rabitə Bank» tərəfindən verilmiş X2 adına olan hesaba köçırılməsini təsdiq edən ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfidən xx.xx.2024-ci il tarixdə 25000 manat, xx.xx.2024-cü il tarixdə 25000 manat köçürülmüşdür. - Cavabdeh MMC ilə İddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin və xx.xx.2024-cü il tarixli AN-İ №1231476 nömrəli nisyə alqı satqı müqaviləsinin şərtlərinə əsasən xx.xx.2024-cü il tarixdə 500.000 manat, xx.xx.2024-cü il tarixdə 181.500 manat və xx.xx.2024-cü il tarixdə isə 53.500 manat məbləğində pul vəsaiti ödəmişlər. Cavabdeh MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən məlum olur ki, hazırki tarixə qədər ümumi borcdan 80000 manat məbləğində pul iddiaçının notariusda olan hesabına ödənilmişdir. - 32 saylı notariat ofisində 16.10. 2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara verilmiş qanun üzrə vərəsəlikla bağlı notariat icraatında olan xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak mərhumə məxsus olan ünvan 3 ünvanında yerləşən 117.6 kv.m qeyri-yaşayış binasından ibarətdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüqların dövlət qeydiyyatı haqqında daşınmaz əlmakın dövlət reyetrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında istifadədə olan 0.148 ha torpaq sahəsində yerləşən 117.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2006-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. - Nəsimi rayon Məhkəməsinin e-16(006)-187/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilərək, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 117.6 kv.m olan qeyri-yaşayış binasının olduğu 0.148 ha torpaq sahəsində söküntü, tikinti, qazıntı və s. digər işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edildi. - Nəsimi rayon Məhkəməsinin e-16(006)-187/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəmi İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 117,6 kv.m. olan qeyri-yaşayış binasının olduğu 0,148 ha torpaq sahəsində söküntü, tikinti, qazıntı və s. digər işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edildi. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Müəyyən edilmişdir ki, Cavabdeh MMC “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli Sərəncamının addan-ada keçrilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 23 saylı Sərəncamına əsasən icarəyə götürdüyü Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 0.7486 ha torpaq sahəsində yaşayış binaları inşa etmək üçün ərazidə olan bina və evlərlə bağlı mülkiyyətçilərlə danışıqlar aparmış və belə mülkiyyətçilərdən biri də İddiaçı olmuşdur. İşin materiallarından görünür ki, bu danışıqların nəticəsi olaraq Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 117.6 kv.m qeyriyaşayış binasının və 0.148 ha torpaq sahəsi ******* manat dəyərində qiymətləndirilərək Cavabdeh MMC-yə satılması razılaşdırmış, həmin məbləğdən 500000 manat müqavilə bağlanıldığı an ödənilmiş, yerdə qalan 605000 manat hissəsi isə 4 ay ərzində, onun da 25-30%-ni 2 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə eyni notariat ofisində “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və müqavilədə yalnız torpaq sahəsi 0.0148 ha göstərilməklə, digər şərtlər dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək cavabdehin müqavilə şərtləri üzrə ona ödənilməmiş qalan 430.115 manat məbləğində pul borcu olmasını iddia edir. Cavabdeh isə üzərinə düşən öhdəliklər üzrə ödənişin 73.76%-i ödənilməsinə baxmayaraq İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini göstərərək iddianın təmin edilməsinə etiraz edir. Mülki iş üzrə tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 430-cu maddəsinin 1-ci bəndinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 443-cü maddəsinin 1-ci hissəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən, Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. - 463.1-ci maddəsinə əsasən, Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır - 21-ci maddəsinin 2-ci hissəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də, notariat ofisi tərəfindən təqdim edilmiş notariat icraatındakı sənədləri tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilələrdən keçən dövr ərzində, eləcə də iş məhkəmənin icraatında olan zaman cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun razılaşdırılmış 1.105.000 manatdan cəmi 815000 manat (500000, 181500, 53500, 30000, 25000, 25000) ödənilmiş, 290000 manat isə ödənilməmiş qalmışdır. İddiaçı tərəf iddia tələbini müdafiə etsə də məhkəmə dövründə ödənilmiş məbləğlərlə bağlı iddia tələbinin həcmini azaltmayaraq bunun məhkəmə tərəfindən nəzərə alınmalı olmasını bildirmiş, cavabdeh tərəf isə ödənilməmiş qalan məbləğin ödənilməməsinin səbəbini iddiaçının mövcud sənədlə onların mülkiyyətinə yalnız 0.0148 ha torpaq sahəsi verilməsini, yerdə qalan 0.1332 ha torpaq sahəsi ilə bağlı məsələ açıq qalması ilə əsaslandırmışdır. İşin materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 117.6 kv.m-dir. Onun adına 2017-ci ildə verilmiş çıxarışda qeyri-yaşayış sahəsinin 0.0148 ha. torpaq sahəsi üzərində yerləşməsi göstərilsə də, müəyyən edilmişdir ki, həmin əmlak ona vərəsəlik qaydasında keçmiş və miras qalmış əmlaka dair 2006-cı ildə verilmiş mərhum atasının adına olan çıxarışda həmin sahə 0.148 ha kimi göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsinə dair Nəsimi rayon Məhkəməsinin e-16(006)- 187/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 117.6 kv.m olan qeyri-yaşayış binasının olduğu 0.148 ha torpaq sahəsində söküntü, tikinti, qazıntı və s. digər işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilsə də, qərardadın əsaslandırılmasında məhkəmə qeyd etmişdir ki, “ərizəçinin qeyd etdiyi kimi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına çıxarış alan zaman torpaq sahəsinin ölçüsü inzibati orqan tərəfindən texniki səhv olaraq 0.0148 ha olaraq qeyd edilmə ehtimalı olduğundan və müvəqqəti təminat tədbirinin tam təmin edilməsi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəyindən İddiaçı şikayət ərizəsi qismən təmin edilməlidir”. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf 0.0148 ha torpaq sahəsi göstərilməklə müqavilələr bağlanmasına baxmayaraq İddiaçı tərəfindən torpaq sahəsinin yeni çıxarışı alınmasına dair üzərinə öhdəlik götürməsinə əsaslansa da, iş materiallarında olan notariat qaydada təsdiq edilmiş 06 və 08 may 2024-cü il tarixli müqavilələrdə iddiaçının belə bir öhdəliyinin olması görünmür. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun iddiaçıya cəmi razılaşdırılmış 1.105.000 manatdan cəmi 815000 manat ödənilsə də, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetiməyərək 290000 manat ödənilməmiş qalan borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının müqavilə üzrə ödənilməmiş qalan məbləğin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 290000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələblərinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 1.1.3-cü bəndində ödənilməmiş məbləğə görə gecikdirilmiş hər növbəti gün üçün 0.5 % peniya olaraq hesablanmasının razılaşdırılmasını, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə ödənişin yarıdan çoxunu həyata keçirməsini nəzərə alaraq dəbbə pulunun 14000 manat həddində azaldılmasını məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 290000 manat məbləğində əsas pul vəsaiti, 14000 manat dəbbə pulu cəmi olaraq 304000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 509 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 290000 manat məbləğində əsas pul vəsaiti, 14000 manat dəbbə pulu cəmi olaraq 304000 (üç yüz dörd min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 509 (beş yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiy gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-572/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-572/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver