Məhkəmə qərarları › İş №e-2(005)-595/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-595/2025

26.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-595/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı (açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilə dair bağlanmış və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisində 21 dekabr 2023cü il tarixdə təsdiq edilərək reyestrdə 4Ə-1630 № ilə qeydə alınmış AN-İ № ******* nömrəli «alqı-satqı müqaviləsi»nin etibarsız hesab olunması, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılmasına dair qətnaməni qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsinə məxsus daşınmaz əmlakın özəlləşdirilməsini tamamlamaq məqsədi ilə onu əmlak məsələlərinə dair sahədə xidmət göstərən Cahangir adlı şəxslə qohum vasitəsi ilə tanış etmişdirlər. Cahangir adlı şəxs ona bildirmişdir ki, daşınmaz əmlakının sahəsi böyük olduğundan layihələrin təsdiq olunması və hər kv.m. üçün müvafiq dövlət rüsumların ödənilməsi üçün külli məbləğdə pul vəsaiti tələb olunur. Onda deyilən məbləğdə pul vəsaiti olmadığından mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilin satılmasına qərara gəlmişdir. Cahangir adlı şəxs isə ona bildirmişdir ki, İddiaçı adlı şəxs 280.000 manat məbləğində pul vəsaitini ona ödəyib evini almaq istəyir. Cahangirə inandığı üçün onun təklifi ilə razılaşaraq 21 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilə dair alqı-satqı müqaviləni imzalamışdır. Cahangir və Nazimi Səmədovun tövsiyələri ilə alqı-satqı müqaviləsində satış dəyəri qismində formal olaraq 200.000 manat məbləği qeyd edilmişdir. Satış nəticəsində əldə olunmuş pul vəsaitlərin əksər hissəsini Cahangir adlı şəxs öz xidmət haqqı kimi götürsə də, sonradan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmağa başlamış, sonda isə telefon zənglərinə cavab verməmişdir. Sonradan bəlli olmuşdur ki, Cahangirin Cavabdeh1 külli borcu olmuş və sonuncu Cavabdeh1la əvvəlcə razılaşaraq ona olan borcunu faktiki olaraq evinin hesabına ödəmiş, satış nəticəsində əldə olunan pulları elə Cavabdeh1 qaytarmışdır. Bu halları, o cümlədən satış nəticəsində pul vəsaitlərin faktiki olaraq Cahangir adlı şəxsə verilməsini və sonuncunun bu niyəti barədə əvvəlcədan məlumatlı olmasını cavabdeh Quliyeva X1 Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində verdiyi izahatında təsdiq etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, evini satmaq üçün Cahangirdən kömək istəmişdir. O isə dedi ki, yaxın adamı var. Evə Cahangir və cavabdeh gəlib birlikdə baxmışlar. Bundan əlavə Cahangir bildirmişdir ki, Nazimlə arasında pul söhbəti var və notariusda evinin qiymətini aşağı qeyd edəcəklər. Bununla razılaşmışlar. Notariusa gələndə ona evin 100000 manat alınacağı bildirilmiş, lakin buna etiraz etmiş, bildirmişdir ki, əgər ev 280000 manat dəyərləndirilibsə, müqailədə ən azında yarı məbləğ qeyd olunsun. Daha sonra 100.000 manatı iki dəfə alqısatqı etmişlər və sənəddə 200.000 manat qeyd olunmuşdur. Geriyə qalan məbləğin necə olacağını soruşduqda, Cahangir bildirdi ki, məbləğ çatdırılacaqdır. Evi 280000 manat satmış, 20.000 manat avtomobilinə görə borcu olduğundan, ona çıxılmışdır. Cahangirin dediyinə görə 100.000 manat sənədlərinə görə verilib və 160.000 manat pul Cahangirdədir. Bununla bağlı polisə müraciət etmişlər. Özü və övladları qeydiyyatsız qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, öz aralarında evin qiymətini 280.000 manat qiymətində hesablayıblar. Həmin məbləğdən 20.000 manat vəsait iddiaçının başqa ipoteka borcuna köçürülüb və qalan 260.000 manat məbləğini guya iddiaçıya veriblər. X5, həm də Cavabdeh1 ifadə veriblər və üzləşdirmə olub. Cahangir Əliyev hazırki məsələ ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh1 ifadə verərək etiraf etmişdir ki, Cahangir Əliyevin ona 210.000 manat məbləğində borcu olub, evi 100.000 manat məbləğində alıb və faktiki olaraq daşınmaz əmlak 310.000 manat məbləğində qiymətləndirilib. Cavabdeh1 iddiaçıdan halallıq istəyib və iddia edir ki, guya Cahangir Əliyevin borcuna görə evin verilməsindən iddiaçının xəbəri var idi. Lakin üzləşmə zamanı bunu təsdiq etmədi. Bununla iddiaçının aldanılmağı tam sübut olunur. 216.000 manat məbləğ formal qeyd olunub və cəmi 100.000 manat ödənilib. İddiaçı torpaq sahəsini özəlləşdirmək istəyirdi və Cahangir Əliyev bildirdi ki, 350.000 manat məbləği civarında pul lazımdır. İddiaçı o qədər vəsaitinin onda olmadığını bildirdi və sonradan belə qərara gəldilər ki, ev satılsın və həmin pul ödənilsin. Sonradan iddiaçı evi uyğun qiymətə sata bilmədiyini bildirmiş və Cahangir Əliyev tanışına uyğun qiymətə sata biləcəyini bildirmişdir. Evin qiyməti əslində 300.000 manatdan bahadır və Cahangir Əliyev bildirmişdir ki, həmin şəxs evi 280.000 manat məbləğinə alacaq. Notariusa getdikdən sonra 100.000 manat məbləğinə rəsmiləşdirilməsi təklif olunmuş, lakin iddiaçı daha real qiymətin qeyd olunmasını xahiş etdiyindən 280.000 manat kimi qiymətləndirilmişdir. Amma müqavilədə 200.000 manat məbləğinə rəsmiləşdirilmişdir. Orada eyni gün ərzində iki dəfə 100.000 manat ödəniş olunub, guya ki, həmin adam kredit götürüb. Faktiki olaraq 100.000 manat ödənilib. Pulu aldıqdan sonra iddiaçı onu Cahangir Əliyevə verib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hal-hazırda söhbət evlə deyil, Cahangirin iddiaçını aldatmağı ilə bağlıdır. Cahngirin iddiaçını aldatmaını qəbul edirlər, lakin ondan sonra nə baş veribsə bu onların şəxsi məsələləridir. Alqı-satqıdan sonra Cahangir iddiaçını aldadıb və ona sənəd düzəltməli olduğunu polisdə öyrənmişdirlər. Lakin mülkiyyət hüququ əsasında sənəd deyil, icarə hüququ əsasında sənəd təqdim edilib. İddiaçı özü də evi satmaq istədiyini etiraf edir və satmaq niyyətində olması işin mübahisəsiz tərəfidir. Hal-hazırda Cahangir Əliyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. İddiaçı orada və eyni zamanda məhkəmə iclasında etiraf edir ki, “evi satırdım, sadəcə olaraq mənim mülkiyyət sənədimi düzəltməli idi, lakin düzəltmədi.” Cahangir Əliyev üzləşmədə etiraf etdi ki, Cavabdeh1 210.000 manat məbləğində borcu olub və həmin borcu qaytara bilmədiyi üçün bildirib ki, başqa bir iş düzəldir və iddiaçının evini satıb həmin pulu əvəzləşdirər. İddiaçının dediyi kimi evi satıb və Cavabdeh1 həmin evi alıb. Hazırda ev Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində qeyd olunanlar tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən, 14 saylı evin, 6 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat Ofisində 21 dekabr 2023-cü il tarixdə 4Ə-1630 № ilə reyestrdə AN-İ № ******* nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən, 14 saylı evin, 6 saylı mənzilə dair Cavabdeh1 hüquqları dövlət reyestrində qeydiyyata alınmış, həmin mənzil iddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmiş, mənzil Cavabdeh1 istifadəsində və qanuni sahibliyindədir. Göründüyü kimi iddiaçı qeyd edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi başqa bir əqdi pərdələmək məqsədilə bağlanmış yalan əqddir, Cavabdeh1 əlbir olduğu Cahangirlə onu aldatmağa kömək etmiş və aralarında olan borc münasibətlərini mülkiyyətində olan mübahisəli evə dair alğı-satqı müqavilə ilə pərdələmişlər, nəticədə mənzilini ələ keçirib qanunsuz sahbilik edir və ona qaytarmaqdan faktiki olaraq imtina edir. Beləliklə, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 157, 157.2, 157.4, 339.3, 340.2, 560, 560.1 və 560.2-ci maddələrinə istinad etməklə, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız əqd olmasını və başqa əqdi pərdələmək niyyəti ilə bağlanmış əqd olduğunu qeyd edir. Lakin, bununla bağlı, yəni əqdin başqa əqdi pərdələmək niyyəti ilə bağlanmasını sübut edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi tərəflər arasında “Daşınmaz əmlakın alğı-satqısına dair” 21 dekabr 2023-cü il tarixli müqavilə bağlanılmış və həmin müqavilə əsasında alıcı Cavabdeh1 tərəfindən mübahisəli mənzilin dəyəri satıcıya ödənilmişdir. Cavabdeh iddiaçını aldatmamış, onun aldadılmasından məlumatı olmamış, əksinə iddiaçı mənzilin dəyərinin bir hissəsinin borcun əvəzləşdirilməsinə özü razılıq vermiş və məhz buna görə mənzili dərhal boşaldaraq cavabdehə təhvil vermişdir. Əgər əqd bağlanan zaman cavabdehin hər-hansı məbləğdə borcu qalsaydı və yaxud da əqd bağlanan zaman hər-hansı pozuntuya yol verilsəydi, iddiaçı tərəfindən mənzil cavabdehə təhvil verilməzdi. Qeyd edilən alğı-satqı müqaviləsi Bakı şəhəri 9 saylı Notariat Ofisində 21 dekabr 2023-cü il tarixdə təsdiq edilərək reyestrdə 4Ə-1630 № ilə qeydə alınmış AN-İ № ******* nömrəli ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş və həmin müqavilə əsasında göstərilən mənzil mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı olaraq Cavabdeh1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin qeyd etdikləri, yəni Cahangir adlı şəxs tərəfindən aldadılması əqd bağlanandan sonra baş vermişdir. İddiaçı daşınmaz əmlakın alğı-satqısı həyata keçirilərkən lazımi subyekt (səlahiyyətli şəxs) olaraq şəxsən iştirak etmiş və müqavilədə öz iradə ifadəsini bildirmiş, həmçinin əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur (yazılı notarial qaydada müqavilə bağlanmış, daha sonra alıcının hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır). Qeyd edilməlidir ki, hətta tərəflər arasında bağlanmış olan müqavilə əsl müqaviləni pərdələmək üçün bağlanmış olsaydı belə, pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. İşin mübahsizəsiz halıdır ki, Cavabdeh1 tərəfindən əmlakın dəyəri notariusun depozit hesabına qoyulmaqla İddiaçı ödənilmişdir. Alğı-satqı müqaviləsi bağlanandan sonra iddiaçı tərəfindən mənzil boşaldılaraq cavabdehə təhvil verilmiş və bununla bağlı heç bir iradı və tələbi olmamışdır. Hazırda isə başqa şəxslə aralarında olan problemləri həll edə bilmədiyinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə qeyd etdikləri ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Tərəflər arasında bağlanmış əqd yazılı qaydada bağlanmış, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi əqdin özündə yazılı formada göstərilmişdir. Tərəflər müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul etmişlər. Mübahisələndirilən müqavilə notariat orqanında bağlanmış, notarius müqaviləni təsdiq etməzdən əvvəl onun məzmununu, doğuracağı nəticələri tərəflərə izah etmişdir. Bir daha qeyd edir ki, tərəflər arasında müqavilə qanunvericiliyin tələblərinə uyğun olmaqla, hər iki tərəfin iradi ifadəsinə uyğun bağlanmışdır. Müqavilə bağlanarkən hər iki tərəf könüllü olaraq rəsmi qaydada müqaviləni bağlamış, şəxsən imzalamış, heç bir qeyd-şərt göstərməmiş, hər hansı bir narazılıqlarını bildirməmişlər. Müqavilə bağlanandan sonra, əmlakın satışından əldə olunmuş pul vəsaitinin başqa şəxslər tərəfindən aldadılaraq satıcının əlindən alınması isə əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış AN-İ ******* №-li 21 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi b.14, m 6 ünvanında yerləşən ümumi sahəsi 124 kv/m olan mənzili alıcının mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 200000 manat (iki yüz min manat) qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 (Yeni qaydalarla: AZ 1022, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-83/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni 23 aprel 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən tərəflərin nümayəndə-vəkillərinin izahatları, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış AN-İ ******* №-li 21 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh1 200000 manata satmışdır. Əmlak xx.xx.2023-cü il tarixdən Cavabdeh1 adına qeydə alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyinə qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; Maddə 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunur ki, ... Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Məhkəmə ilk olaraq qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). Hazırki iş üzrə tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan müqaviləni mübahisələndirir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Göstərilən tələblər baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında alqı-satqı müqaviləsi bağlamağa dair iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən Cavabdeh1 satılmış, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdəki qeydə dair etiraz daxil edilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında tərəflərin götürdükləri öhdəliklər – şərtlər yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş məbləğ notariusun depozit hesabına ödənilmiş, mənzil alıcı Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam paylı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, bu barədə Cavabdeh1 dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Qanunvericiliyə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin mübahisələndirilən müqavilənin etibarlılığına, forma və məzmununa dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş, müqavilə notariat qaydada – Bakı şəhəri 9 saylı notariat ofisində təsdiqlənməklə bağlanmış, səlahiyyətli şəxslər tərəfindən (şəxsən İddiaçı və şəxsən Cavabdeh1) imzalanmış, onlara müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdar edilmişdirlər. Müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hala münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin yalan əqd olduğunu, həmin əqdlə başqa əqdi pərdələmək məqsədilə bağlandığını bildirsə də, bu hal iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar (evi satmağa kömək etmiş Cahangir adlı şəxsin Cavabdeh1 olan külli miqdarda borcunu faktiki olaraq iddiaçının evi hesabına ödəməsi), bu hallar sübut olunduğu halda belə İddiaçı və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün əsas onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Tərəflər arasında bağlanmış əqd yazılı qaydada bağlanmış, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi əqdin özündə yazılı formada göstərilmişdir. Müqavilənin yalan əqd olması onu imzalayan tərəflərin hər ikisinin əqdi başqa əqdi pərdələmək niyyəti ilə bağlaması halının sübut olunması ilə şərtlənir. Belə ki, AR MM-nin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırki iş üzrə müqavilə tərəfləri İddiaçı və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 14, mənzil 6 ünvanında yerləşən mənzilin alqı-satqısı məqsədilə mübahisələndirilən müqaviləni bağlamışdırlar. İddiaçı – satıcı qeyd olunan müqavilə bağlandıqdan sonra, onun icrası kimi mənzili boşaldaraq alıcıya – Cavabdeh1 təhvil vermişdir. Bundan müəyyən bir müddət keçdikdən sonra iddiaçı X2 ilə aralarında olan razılaşmanın şərtlərinin sonuncu tərəfindən yerinə yetirilməməsi – pul məbləğinin ödənilməməsi səbəbindən mübahisə yaranmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh1 ilə bağlanmış müqavilənin etibarsızlığını tələb edir. Məhkəmə hesab edir ki, müqavilə bağlandıqdan sonra, əmlakın satışından əldə olunmuş pul vəsaitinin başqa şəxs(lər) tərəfindən aldadılaraq satıcıya təqdim olunmaması bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, İddiaçı müraciəti üzrə fakta görə xx.xx.2024-cü il tarixdə X2 barəsində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, iddiaçı Quliyeva X1 RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda iş ibtidai istintaq mərhələsindədir. Göründüyü kimi, iddiaçının Cavabdeh1 ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hal kənar şəxs - X2 tərəfindən İddiaçı qarşı edilmiş dələduzluq əməli ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və alqı-satqı müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hər hansı əsas mövcud deyildir. Mübahisələndirilən müqavilənin etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı Cavabdeh1 ilə arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər hissələrinə (mənzilə mülkiyyət hüququnun bərpa olunması, mənzilin cavabdehin qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılması) münasibətdə isə hesab edir ki, bu tələb müqavilənin etibarsızlığı ilə bağlı tələbdən törəmə olduğundan, müqavilənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, iddia bu hissələrdə də əsaslı hesab edilərək məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilə dair bağlanmış və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisində 21 dekabr 2023-cü il tarixdə təsdiq edilərək reyestrdə 4Ə-1630 № ilə qeydə alınmış AN-İ № ******* nömrəli «alqı-satqı müqaviləsi»nin etibarsız hesab olunması, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilə dair bağlanmış və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisində 21 dekabr 2023cü il tarixdə təsdiq edilərək reyestrdə 4Ə-1630 № ilə qeydə alınmış AN-İ № ******* nömrəli «alqı-satqı müqaviləsi»nin etibarsız hesab olunması, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki 14 saylı evin 6 saylı mənzilin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və ona qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar