Məhkəmə qərarları › İş №e-2(005)-600/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-600/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-600/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh4 QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar Rayon İcra Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh4 QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar Rayon İcra Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh4 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(063)-21/2019 saylı icra sənədinə əsasən Cavabdeh1 tərəfindən hərraca yönəldilmiş və "xxxx" MMC tərəfindən ünvan 1 ünvanı üzrə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və həmin daşınmaz əmlak üzrə əmtəəşünaslıq ekspertizası təyin edilərək, yenidən hərraca göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 may 2023-cü il tarixdə tərəfindən rəsmi qaydada, poçt vasitəsi ilə Cavabdeh1ndən 78754/2020 nömrəli sənəd qəbul edilərək, həmin sənədin qoşmasında 2(063)-21/2019 saylı 25 iyun 2019-cu il tarixlı icra vərəqəsi ilə tanış olmuşdu. Həmin icra vərəqəsində göstərilmişdir ki, Ucar rayon Məhkəməsinin qətnaməsinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanda olan fərdi yaşayış evi və üzərində olan torpaq sahəsi boşaldılmalıdır. X5 ilə 2012-ci il tarixdə Cavabdeh4 QSC arasında 120 aylıq kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq, ona məxsus olan ünvan 2 ünvanı ipoteka ilə yüklü edilmişdir. Həmin daşınmaz əmlak onun mülkiyyətində olduğu üçün, ipoteka müqaviləsi onunla bağlanmışdır. X1 öhdəliyi yerinə yetirə bilmədiyi üçün, "xxxx" Bank QSC tərəfindən məhkəməyə müraciət olunmuş və Ucar rayon Məhkəməsinin 2(06xx-xx/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən ipoteka predmetinin qiyməti 38000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iclası zamanı əmtəəşünaslıq ekspertizası təyin olunmamışdır. Həmin daşınmaz əmlak 2018-ci il tarixdə qiymətləndirilmişdir. Bundan başqa həmin qətnamə qanuni qüvvəsini alaraq, Cavabdeh1 vasitəsi ilə hərraca göndərilmişdir. Lakin hərrac bildirişi tərəfindən qəbul olunmamışdır və tərəfindən hərracda iştirak olunmamışdır. Halbuki, İpoteka haqqında Qanuna əsasən tərəfindən hərracın bildirişləri qəbul olunmalı idi və həmin hərracda iştirak olunmalı idi. Yalnız 2023-cü ilin may ayında icra sənədi gələrkən, məlum olmuşdur ki, artıq hərrac yekunlaşıbdır. Həmin əmlakın qıymətləndirilməsi 2018-ci il tarixdə baş tutmuşdur. Hazırda Respublikada Daşınmaz və Daşınar Əmlakların bazar dəyərləri tez-tez dəyişilir. ünvan 2 ünvanı üzrə yenidən əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Cavabdeh4 QSC məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı hərrac keçirilərkən bildirişlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razılığa gəlmək üçün cəhdlər etsə də, nəticə olmamışdır. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki, 2 ilə yaxın zaman keçmişdir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən, İddiaçı müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı və Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyətinin qarşı, xx.xx.2022-cı il tarixli, 21/1 saylı hərracın yekun protokollarının etibarsızlığı (çıxarış və alqı-satqı müqaviləsinin) və onun əsasında əmələ gəlmiş nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə əsassız olduğu üçün etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 QSC-nin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçı hərrac barədə lazımi qaydada məlumatlandırılmışdır, bank tərəfindən borcluya güzəştlər edilmiş, borcunun ödənilməsi üçün kifayət qədər şərait yaradılmışdır. Buna baxmayaraq borc ödənilməmişdir. İddiaçı məhkəmə qətnaməsinin icra edilməsindən boyun qaçırmağa çalışır. Daha öncə də onun tərəfindən məhkəməyə müraciət edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu da qətnamənin icra müddətinin uzadılmasına cəhd edildiyini bir daha təsdiq edir. Bu səbəbdən işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh bankın nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Ucar Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Əsədov Qara (Mərdanov Seymur) Süleyman oğlundan, X3, İddiaçı və X2 müştərək qaydada 26R000003714 nömrəli kredit razılaşması üzrə əsas borca görə 12834.63 USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı Cavabdeh4 QSC-yə ödənilməsi, cavabdehlər Əsədov Qara (Mərdanov Seymur) Süleyman oğlundan, İddiaçı və X2 müştərək qaydada 26R000003714 nömrəli kredit razılaşması üzrə faiz borcuna görə 3287,73 USD, dəbbə puluna görə 500 USD, cəmi 3787,73 USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, cavabdehlər Əsədov Qara (Mərdanov Seymur) Süleyman oğlundan, X3, İddiaçı və X2 müştərək qaydada iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 20 manat, ümumilikdə 60 manat məbləğində pulun tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 manat müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğ iddiaçı Cavabdeh4 QSCnin tələbindən artıq olarsa, artıq məbləğin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə cavabdeh Əsədov Qara (Mərdanov Seymur) Süleyman oğlundan 200 manat məbləğində pulun tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir; - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1701/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinin təmin edilməməsi, iş üzrə Ucar Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsinin cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Ucar şəhəri, 20 yanvar küçəsi, 4-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 38000 manat müəyyən edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Ucar şəhəri, 20 yanvar küçəsi, 4-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 38000-15%=32300 manat müəyyən edilmişdir; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Ucar şəhəri, 20 yanvar küçəsi, 4-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi, xx.xx.2022-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Cavabdeh4 QSC, X6, İddiaçı və X7 ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 24225 manata ipoteka saxlayana təklif olunmuşdur; - Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 21/01 saylı protokolun surətindən görünür ki, İddiaçı məxsus Ucar şəhəri, 20 yanvar küçəsi, 4-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evi 24225 manata Cavabdeh4 QSC tərəfindən əldə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 16622 ABŞ dolları 36 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) borclulardan tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 38000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhəri İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından xx.xx.2022-ci il tarixli təkliflə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 24225 manata ipoteka saxlayana təklif olunmuşdur. Hazırda iddiaçı hərrac təşkil edilərkən bildirişlərin göndərilməməsinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Ucar şəhəri, 20 yanvar küçəsi, 4-cü döngədə yerləşən 2 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci ildə bildiriş tərtib olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuşdur. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixlərinə olan buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan verilmişdir. İddiaçının ünvanına göndərilmiş məktublar iştirakçılar tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsən imza edilərək qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan Cavabdeh4 ASC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 24225 manata almağı banka təklif etmişdir. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyanın aşağı qiymətə satılması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Ucar Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi ilə daşınmaz əşyanın dəyəri müəyyən edilmiş və açıq hərracdan satılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1701/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsində də ipoteka predmetinin qiyməti araşdırma predmeti olmuşdur. O da nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını, bu dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, icra sənədinin verilməsi ilə hərracın keçirilməsi arasında uzun müddət keçməmiş, bu isə kəskin qiymət artımının yaranmadığının, iş üzrə yenidən qiymətləndirmə keçirilməsi zərurətinin olmadığının göstəricisidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin (kəsici müddətin) tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar Rayon İcra Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh4 QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar Rayon İcra Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh4 QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar