Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-65/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan QSC “Bank Standard" Kommersiya Bankı qarşı, Maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan QSC “Bank Standard" Kommersiya Bankı qarşı, Maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat və **********22 reyestr nömrəli çıxarışına əsasən İddiaçı məxsus olmuş Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin həmçinin hərrac barəsində verilmiş 69/03 nömrəli, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi, həmin protokolun hüquqi nəticələrinin ləğv edilməsi, torpaq sahəsinin yenidən hərraca çıxarılmaqla, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB-in İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, ipotekaya tutma yönəldilməsi” tələbinə dair 2(006)-1426/2010 saylı iş üzrə Nəsimi rayon Məhkəməsinin 12 aprel 2010-cu il tarixli İcra Vərəqəsinə əsasən iddiaçı QSC “Bank Standard” KB ilə cavabdeh İddiaçı arasında bağlanmış ********** saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş cavabdehin mülkiyyətində olan və tərəflər arasında 188.400 manat məbləğində qiymətləndirilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 ha torpaq sahəsinə tutma yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya 80.733 manat, faiz üzrə 24.366,44 manat və cərimə üzrə 17.737,31 manat məbləğində, cəmi 122.836,75 manat, dövlət büdcəsinə ödənilmiş 20 AZN məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar çəkilmiş 30 manat xərcin ödənilməsi qət edilmişdir. İcra vərəqəsi tərtib olunduqdan sonra icra olunması üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş və hazırda da həmin şöbənin icraatındadır. İcra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə icra məmuru tələbin yönəldildiyi İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 ha torpaq sahəsi hərracdan satılması məqsədi ilə "xxxx" MMC-nə göndərilmişdir. "xxxx" MMC ipoteka predmetini Azərbaycan Respublikasının Mülki Məcəllənin və “İpoteka haqqında Qanun”un tələblərini pozaraq xx.xx.2014-cü il tarixli 69\03 saylı hərrac protokoluna əsasən QSC "xxxx" KB-nin xeyrinə özgənikləşdirmişdir. Belə ki, cavabdeh hərrac təşkilatı tərəfindən hərrac keçirilən zaman iddiaçıya heç bir məlumat verilməmiş və tərəfə bunla bağlı 30 gün qalmış bildiriş göndərilməmişdir. Hərrac iddiaçının iştirakı olmadan keçirilmiş və xx.xx.2014-cü il tarixdə QSC "xxxx" KB-nin xeyrinə özgəninkiləşdirmişdir. İddiaçı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasınınım Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrum edilərək 2020-ci ilin fevral ayınadək cəzaçəkmə müəsisəsində olmuşdur. İddiaçı cəzaçəkmə müəssisəsində olduğu zaman ona hərracın keçirildiyi vaxt və yeri barədə heç bir bildiriş çatdırılmamışdır. Bu faktla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylıBakıƏrazi İdarəsinə müraciət olunmuş və müraciətimizə cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq xx.xx.2014-cü il tarixdə "xxxx"nin 69/03 nömrəli Hərrac Protokoluna əsasən QSC "xxxx" KB-nin adına özgəninkiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə QSC "xxxx" KB-nin adına Dövlət rüsumunun ödənilməsi haqqında məlumat mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrinə ********** qeydiyyat və **********22 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra, Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-2421 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Maraqlı şəxs adına özgəninkiləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə Maraqlı şəxs adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat və **********22 reyestr nömrəli çıxarış verilmişdir və halhazırda mülkiyyətindədir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ləğv prosesində olan QSC “Bank Standard" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam payda xüsusi mülkiyyətində olmuşdur və bu barədə xx.xx.2007ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır. Hərracın nəticələri haqqında 69/03 nömrəli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, QSC “Bank Standard" X3 rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 79687,5 manata açıq hərracdan almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi QSC “Bank Standard" Kommersiya Bankının tam payda xüsusi mülkiyyətində olmuşdur və bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünr ki, QSC “Bank Standard" X3 rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 40000 manat Maraqlı şəxs satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan müəyyən olunur ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədi kəndində yerləşən 1 ha torpaq sahəsinə dair keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olmuş Abşeron rayonu, Məmmədəli kəndində, 1 ha torpaq sahəsinə tutmanın yönəldilməsi məqsədilə “Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, hərrac təşkilatçısı qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı bildiriş göndərmişdir. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Hazırkı iş üzrə İddiaçı hərracla bağlı proseslərdən məlumatının olmadığını bildirsə də, Abşeron Rayon İcra bölməsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, xx.xx.2010-cu il tarixli icra vərəqəsi ilə bağlı tələbin könüllü icrası barədə, qiymətləndiricinin dəvət edilməsi barədə, xx.xx.2012-ci il tarixdə torpaq sahəsinin satışının təşkil edilməsi barədə İddiaçı qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir. Göründüyü kimi iddiaçı ona qarşı olan iddia tələbindən məlumatlı olmuş, qətnaməni almış, ona məxsus torpaq sahəsinin açıq hərracdan satılması barədə qətnamə ilə tanış olmuşdur. Hərrac bildirişləri onun ailə üzvləri və yaxın qohumlarının da yaşadığı ünvana göndərilmişdir. Belə olan halda onun keçən illər ərzində barəsində olan qətnamənin icra vəziyyəti ilə maraqlanmaması, ona məxsus torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı icra hərəkətlərindən məlumatlı olmaması ağlabatan deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 7 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə “hərrac nəticələri haqqında protokolun hüquqi nəticələrinin ləğv edilməsi, torpaq sahəsinin yenidən hərraca çıxarılmaqla, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsi” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, bu tələblər, “keçirilmiş hərracın qanunsuz hesab edilməsi” barədə əsas tələbdən törəmə tələblər olmaqla, hərracın qanunvericiliyə uyğun keçirilmədiyi müəyyən edildikdən sonrakı mərhələdə baxılmalıdır. Məhkəmə hesab edir ki, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan QSC “Bank Standard" Kommersiya Bankı qarşı, Maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-65/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-65/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver