Məhkəmə qərarları › İş №e-2(005)-714/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-714/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-714/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: mənzil və pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, 10 iyun 2024-cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə satıcı sözügedən əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2024-cü il tarixindək alıcının faktiki sahibliyinə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan, **********48-05101-083009 reyestr nömrəli əmlak xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Belə ki, sözügedən əmlakın dəyəri ödənilsə də, həmin əmlak tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, onun təhvil verilməsi prosesi cavabdeh tərəfindən həyata keçirilmir. İddiaçı müvafiq daşınmaz əmlakın təhvil verilməsi tələbi ilə dəfələrlə Cavabdeh1 müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmiş, bu məsələ daşınmaz əmlak üzərində iddiaçının sərəncam vermək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Qeyd edilənlərdən əlavə, icarəyə verən İddiaçı ilə icarəçi X11 arasında xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin xx.xx.2027-ci il tarixindək, aylıq 1800 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Lakin cavabdehin qanunsuz hərəkətləri, müqavilə üzrə öhdəliklərini icra etməməsi nəticəsində bağlanmış müvafiq icarə müqaviləsinin iddiaçı tərəfindən icrası həyata keçirilə bilmir. Belə olan halda, icarə müqaviləsi müqavilə şərtlərinin icarəyə verən tərəfindən pozulması əsası ilə ləğv edilə bilər. Bununla da iddiaçıya maddi zərər dəyməsi, müqavilə üzrə əldə etməyə haqqı çatan pul məbləğinin cavabdehin təqsiri ilə əlaqədar məhrum olması qaçınılmazdır. Bildirir ki, mübahisə predmeti olan əmlakın təhvil verilməsi tələbi ilə Cavabdeh1 xx.xx.2024-cü il tarixli, YA0256/2024 nömrəli pretenziya məktubu ünvanlanmış, lakin onun tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Qeyd edilənlərə əsasən, məsələnin məhkəmə qaydasında həll edilməsinin zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Ağdam rayonu, Xıdırlı ə/d, Xıdırlı kəndində qeydiyyatda olan Cavabdeh2 üzərinə qoyulması, 10 iyun 2024cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Ağdam rayonu, Xıdırlı ə/d, Xıdırlı kəndində qeydiyyatda olan Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-6003/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair e2(011)-6003/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Cavabdeh2 icarəyə götürən vaxt bilirdi ki, həmin qeyri-yaşayış sahəsi satılacaq. Müştərinin tapılmasında belə digər cavabdehin köməyi olub. İddiaçı obyektə baxanda bilirdi ki, həmin şəxsə 500 manat məbləğinə icarəyə verilmişdir. İddiaçı obyekti alarkən icarədə olması barədə məlumatı olub və bu şərtlə obyekti almağa razılaşıb. Cavabdeh2 iddiaçı özü ora gələndə bildirib ki, obyekt icarədədir və işlətməyə davam edəcək. Cavabdeh bildirmişdir ki, mülkiyyətçi dəyişiləndən sonra icarə haqqı barədə aralarında razılıq əldə edə bilərlər. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müqaviləsi notarial qaydada bağlanmamasının səbəbi ondan ibarətdir ki, obyekt gələcəkdə satılacaq və mülkiyyətçisi dəyişəcək. Müştərini tapan Cavabdeh2 olub. İcarə haqqına görə aylıq 1800 manat məbləğinin verilməsi ilə bağlı onu qeyd edir ki, heç kim icarədə olan obyekti həmin qiymətə gəlib götürməz və obyekti icarəyə götürmək üçün obyektə baxaraq onunla tanış olmalıdır. Həmin müqavilə formal qaydada bağlanmış müqavilədir. Mülki Məcəllənin 572-ci maddəsində qeyd olunub ki,əgər belə bir hal mövcuddursa şəxsin iki hüququ yaranır: müqavilənin ləğv edilməsi və müqavilənin qiymətinin azaldılması. Lakin müqavilənin ləğvini ona görə tələb etmir ki, çox sərfəli qiymətə alqı-satqı baş tutub. Cavabdeh bildirir ki, obyekti icarəyə 200 manata götürüb, lakin onun tərəfindən aylıq icarə haqqı 500 manat məbləğində ödənilib. Cavabdeh1 tərəfindən obyektin istifadəsində hər hansı bir maneə yaradılmır, çünki Cavabdeh1 evindədir və hazırda obyektdə olan Cavabdeh2dur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 xx.xx.2027-ci il tarixə kimi icarə müqaviləsi qüvvədədir. Daxili icarə müqaviləsidir, lakin buna baxmayaraq həmin müqavilə əsasında vergi ödəyicisidir. Hər ay öz öhdəliyini yerinə yetirərək 200 manat məbləğində icarə pulu verir və 14% vergi ödəyir. İddiaçı alıcı kimi gəlib oraya baxıb və çay evi kimi fəaliyyət göstərdiyini görüb. Cavabdeh2 izah edib ki, 2022-ci ildə icarəyə götürüb və 2027ci ilədək orada olduğunu bildirmişdir. Cavabdeh2 hər ayın 10-13 arası hər ay icarə haqqından artıq 400-500 manat ödənişlər edib. O, artıq 2027-ci ilə qədər ödənişlərini tam edib. Həmin qeyri-yaşayış sahəsi təmirsizdir və onun aylıq xərclərini çıxmaqla 500 manat gəlir əldə olunur. Bu səbəbdən 1800 manat məbləğinə həmin obyektin icarəyə verilməsi inandırıcı deyil. 1800 manat məbləğinə etiraz edir və bildirir ki, əhəmiyyətsiz əqddir. Cavabdeh2 icarəçi kimi hüquqları var və faktiki olaraq sahiblik hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2022-ci ildə müqavilə bağlamışdır və həmin sahəni işlədir. İcarə haqqını cavabdehin həyat yoldaşı Tural Gülgəzlinin bank kartına etmişdir. Müqavilə əsasında “online” qaydada vergi xidmətinə müraciət etmişdir, oradan ona obyektə görə kod veriblər və kassa aparatı alıb qoyublar. Özü oranı çayxana kimi işlədir. Cavabdeh1 həyat yoldaşı Tural oranı satmaq istədiyini bildirmiş və demişdir ki, müqavilə olduğuna görə oranı işlədəcəkdir. Bir şəxsi tapmış, lakin qiymətlə bağlı razılıq əldə olunmamışdır. Daha sonra qonşuda olan makler yaxınlaşmış və orada satılıq obyektin olub-olmamasını soruşmuşdur. Ona hazırki mübahisəli obyektin satıldığını bildirmişdir. Bundan sonra iki şəxs – iddiaçı və Fərid adlı şəxs yaxınlaşmış və onlara obyekti göstərmişdir. İcarə müqaviləsinin olması barədə onlara məlumat vermiş, kassa aparatını göstərmişdir, lakin heçnə deməmişdirlər. 15-20 gün keçdikdən sonra dedilər ki, artıq obyekti alıblar. İddiaçı gəlmiş və ondan obyektdən çıxmasını tələb etmişdir. Ona burada işlədiyini və biznes üçün kifayət qədər xərc çəkdiyini bildirmişdir. Lakin razılaşmamışdır. 10-15 gündən sonra başqa şəxs yaxınlaşaraq obyektin onun tərəfindən alındığını və iddiaçının xalasının oğlu olmasını bildirdi. Həmin şəxs iddiaçıdan obyektin alınması üçün 50.000 manat borc aldığını dedi. Ondan oradan çıxmağını tələb etmiş, qanunsuz işlədiyini bildirmişdir. Həmin vaxt bir qəbzi kassaya vurmuş və müqaviləni həmin şəxsə göstərmişdir. Müqavilənin keçərli olmadığını dedi. 3-4 gün keçdikdən sonra polis əməkdaşı gəlmiş və ondan şikayət olunduğunu bildirmişdir. Polis kassanın və müqavilənin olub-olmadığını aydınlaşdırdı. Bu zaman ona kassadan bir qəbz təqdim etmişdir. Bundan sonra polis getmişdir. 5-10 gün sonra iki hündür şəxs yaxınlaşaraq hansı səbəbdən obyektdən çıxmadığını soruşmuş, onların iddiaçının dostu, digərinin isə şəriki olduğu məlum olmuşdur. Bu hadisədən 30 dəqiqə sonra başqa polis əməkdaşı gəlmiş və ondan müqaviləsini istəmişdir. Müqaviləni, kassa aparatını göstərmiş, izahatını vermiş, Polis bildirmişdir ki, müqavilə olduğuna görə bu onların işi deyildir, ancaq məhkəmə yolu ilə həll oluna bilər. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin 40 kv/m-nə 22 iyun 2022ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında icarə müqavilə bağlanmışdır. Həmin müqavilənin 6-cı bəndinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi hər ay 200 manat icarə haqqı növbəti ayın 10-a kimi nəğd və ya köçürmə yolu ilə İcarə verənə ödənilməklə Cavabdeh2 istifadəsinə verilmişdir. Qeyd edilməlidir ki, bu bəndin icrasını icarəyə götürən Cavabdeh2 hər ayın 10-13 arası təmin etmiş, üstəlik 200 manat əvəzinə beş illik icarə haqqını hər ay icarə haqqından artıq 400-500 manat pulu əksər halda icarəyə verənin əri Tural Gülgəzlinin **********848262 bank kartına “Million” aparat vasitəsi ilə və ya az miqdarını əlbə-əl nəğd şəkilində ödəmişdir. Daha sonra, müqavilənin 8-ci bəndində Cavabdeh2 icarəyə götürdüyü sahənin kommunal xərcələrini və ödəmə mənbəyindən tutulan 14% verginin ödənilməsini öz öhdəsinə götürmüş və bü günə kimi həmin öhdəliyi yerinə yetirmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinə aid icarə müqaviləsini vergi orqanına təhvil verib kassa aparatı əldə etmiş və vergi orqanı onun icarəyə götürdüyü yeri qeydiyyata alaraq hər ay icarə haqqından 14% faiz tutmuşdur. Həmçinin, müqavilənin 9-cu bəndinə əsasən Cavabdeh2 icarəyə götürdüyü qeyri-yaşayış sahəsində cari təmir işlərini görüb və kafe üçün lazım olan masalar, oturacaqlar, digər ləvazımatlar alıb xeyli miqdarda xərc çəkmişdir. Müqavilənin 11-ci bəndinə əsasən icarəyə verilən müddət ərzində icarəyə verən icarəçinin fəaliyyətinə maneəçilik etməməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən özəlləşdirmə məsələsində özəlləşdirmə üçün birinci olaraq İcarəçiyə yazılı təklif olunacağını da öz öhdəsinə götürmüşdür. Bu cümlənin mahiyyəti odur ki, gələcəkdə qeyd olunan qeyri-yaşayış obyekti satmaq niyyətində olduqda birinci olaraq almaq təklifi icarəçi Cavabdeh2 olunmalıdır. Lakin İcarəyə verən icarə müddəti bitməmiş, qeyd olunan qeyri-yaşayış yerini satışa çıxararkən icarəçiyə bu haqda təklif verməmişdir. Müqavilənin müddəti 2027-ci ilin 22 iyun tarixdə bitir. Hər iki tərəf müqavilənin şərtlərini bəyənmiş və imzalamışlar. İki ildən artıqdır ki, bağlanmış müqavilə əsasında İcarəçi qeyd olunan qeyri-yaşayış sahəsini istifadə edir, üzərinə düşən öhdəlikləri yerinə yetirir və qeyd olunan müqavilədən irəli gələn vergi rüsumlarını ödəyir. Obyekti icarəyə götürən şəxs vicdanlı icarəçi olmuş, üzərinə düşən ödəlikləri məsuliyyətlə yerinə yetirmiş, icarəyə verən ər-arvad arasında paylı mülkiyyət hesab olunan sözügedən qeyri-yaşayış obyektin icarəçi Cavabdeh2 qalmasına nəinki etiraz etməmiş, ondan hər ay icarə müqaviləsində nəzərdə tutulan icarə haqqından iki qat artıq kart vasitəsi ilə göndərilən pulu qəbul edib şəxsi ehtiyaclarına xərcləmişdir. Göründüyü kimi daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edilməsi faktı Mülki Məcəllənin ümumi normasında göstərilmiş, lakin xüsusi normada həmin fakt qeyd edilməmişdir. Xüsusi normanın ümumi normaya münasibətdə üstünlük daşımasını, hər iki tərəfin icarə müqaviləsində göstərilən şərtlərlə razılaşıb bəyənməsini və müqaviləni imzalamalarını, dövlət orqanı hesab olunan vergi orqanı tərəfindən həmin müqaviləni tanıyıb müqavilədən irəli gələn hüquqi nəticələri dəstəkləməsini, müqaviləni reyestrdə qeydə alıb, kassa aparatını həmin ünvanda istifadəsinə icazə verməsini, icarə mənbəyindən 14% vergi tutmasını nəzərə alaraq müqavilənin hüquqi qüvvəyə malik olması və Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsi qanuni hesab olunmalı və icarə müqaviləsindən irəli gələn hüquqlar ona şamil olunmalıdır. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini almaq istərkən həmin obyektə gəlmiş, otaqlara baxmış və obyektin icarədə olmasını bilmişdir. Obyekti icarəyə götürən Cavabdeh2la görüşmüş, kirayəçi İddiaçı icarə müqaviləyə uyğun xx.xx.2027-ci il tarixə kimi obyektə sahiblik hüququnun olduğunu bildirmişdir. İddiaçı tərəfindən obyektin boşaldılmasına dair tələb qoyulmamışdır. Cavabdeh2 sonradan bilmişdir ki, İddiaçı obyektin yüklü olduğuna baxmayaraq obyekti almışdır. Lakin Cavabdeh2 düşünmüşdür ki, mülkü satan və alan şəxslər öz aralarında obyektin yüklülük məsələsini həll etmişlər və İddiaçı mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olub müqavilədən irəli gələn öhdəlikləri təmin edəcəkdir. Bunun əksi olaraq İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Cavabdeh2 bilmişdir ki, onun kirayəsində olan obyekt hər ay 1800 manat icarə haqqı olmaqla icarəyə verilmişdir. Həmin obyekt Cavabdeh2 tərəfindən çayxana kimi işlədilir və aya 600-700 manat qazanc verir və gündəlik xərclər çıxıldıqdan sonda 500 manata qədər gəlir əldə olunur. Həmin obyektin 1800 manata icarəyə verilməsi inandırıcı deyil, hazırki icarəçinin obyekti təcili tərk etməsi üçün təsir tədbiridir. Standart icarə müqaviləsinə əsasən icarəyə götürən obyektə baxıb qiymətəlndirdikdən və aylıq qazanc əldə etmə imkanlarını müəyyən etdikdən sonra icarə haqqının məbləği ilə razılaşıb obyekti icarəyə götürməlidir. Lakin yeni icarəyə götürmüş şəxs 1800 manat aylıq icarə haqqı ödəmək şərti ilə icarə müqaviləsi bağlayır, lakin özü bir dəfə də olsun gəlib obyektə baxış keçirmir. Odur ki, İddiaçı aldığı əmlaka tam sahiblik edə bilmədiyi halda və həmin obyektin başqa şəxsdə icarəsində olduğu halda icarəçiyə obyekti təhvil vermədən gələcəkdə alınacaq icarə haqqının cavabdehlərin öhdəsinə qoyması tam qanunsuzdur və yalançı əqdi yazdırmaqla cavabdehlərə qanunsuz təsir göstərmək kimi qiymətləndirilməlidir. Cavabdeh2 Ağdam qaçqınıdır, müvvəqqəti olaraq Bakı şəhərində məskunlaşıb, üç uşaq atasıdır. Yeganə qazanc yeri icarəyə götürdüyü obyektdən əldə etdiyi mənfəətdir. O, icarəyə götürdüyü obyekti qanuni əsaslarla işlədir, yəni fərdi sahibkarlıqla məşğul olmaq üçün ********* nömrəli VÖEN-i açdırmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsindən verilmiş arayışı əsasən vergi ödəyiçisi kimi olduğu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin 40 kv/m sahəsinin kafe kimi işlətməsi xx.xx.2022-ci il tarixdə uçota alınmış **********-15006 nömrəli kod verilmişdir. PKS-in qeydiyyata alınması barədə akta əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 işlətdiyi kafenin ünvanına bağlantısı olan 2 nömrəli kateqoriyalı kassa aparatı verilmişdir. Bu günə kimi vergi ödəyiçisidir və gecikməsiz icarə haqqının 14%-ni hər ay vergiyə ödəyir. İcarəyə verənin əri Tural Gülgəzlinin **********848262 bank kartına hər ay artıq pul göndərməklə 2027-ci ilin icarə haqqını əvvəlcədən tam ödəmişdir. Bir ayın qəbzi nümunə kimi etiraza əlavə olunur. Qeyd olunmalıdır ki, hər ay eyni qaydada ödəniş edilmişdir, nadir halda icarə haqqı nəğd şəkildə ödənilmişdir. Göründüyü kimi İcarə Müqaviləsi hüquqi nəticələr yaratmışdır. Bu səbəbdən icarəçi Cavabdeh2 icarəyə götürdüyü obyektə çəkdiyi xərci, ona əvvəlcədən xəbərdarlıq edilmədən obyektin satılması səbəbdən maddi cəhətdən ona yetirilən zərəri, qabaqcadan ödədiyi beş illik icarə haqqını tələb etmək, kompensasiya hüququndan istifadə etmək məcburiyyətindədir. İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 istifadəsində olmasına dair iddiası tam əsassız hesab edilməli, Cavabdeh2 yuxarıda şərh olunan əsaslara görə icarəyə götürdüyü obyektə müqavilədə göstərilən müddət ərzində sahiblik hüququ var və İddiaçı obyekti alarkən bundan məlumatlı olduğu üçün və Mülki Məcəllənin 699-cu maddəsinin tələblərini yerinə yetirməli və könüllü surətdə buna əməl etmək istədikdə məhkəmə tərəfindən MM-nin 699-cu maddəsinə əsasən mübahisəli predmetə dair mülkiyyət hüququ kirayəyə verəndən İddiaçı keçdiyindən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələri yerinə yetirilməli olduğundan iddiaçının Cavabdeh2 üzərinə sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulmasına dair iddiası qanunsuzdur və təmin olunmamalıdır. Həmçinin, 10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi iddia tələbi də qanunsuz və Mülki Məcəllənin 699-cu maddəsinin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli 01 saylı icarə müqaviləsinin surəti ilə müəyyən olunur ki, icarəyə verən ünvan 6 yerləşən 40 kv.m sahəni kommersiya məqsədi üçün icarəyə verir. İcarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı ev 4, m. 0 ünvanda yerləşən təsərrüfat obyektinin (Kafe) olduğu yer üzrə xx.xx.2022-ci il tarixdə uçota alınmışdır. - Satıcı Cavabdeh1 və alıcı X8 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış 16 may 2024-cü il tarixli müqavilədən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən əmlakını 185000 manat məbləğinə alıcının mülkiyyətinə vermişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 6, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixdən X4 adına xüsusi mülkiyyət kimi ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - X8 və X11 arasında bağlanmış 20 iyun 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, X8 ünvan 6, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini sonuncuya xx.xx.2027-ci il tarixədək icarəyə vermişdir. -Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru X3 Günel Asif qızının 18-ci Polis Şöbəsinə müraciətinin araşdırılmasının nəticəsi barədə xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, S.Hümbətov küçəsi ev 128-də yaşayan vət. Orucova X5 RPİ-nin 18-ci PŞ-yə ərizə ilə müraciət edərək, ünvan 7 ünvanında yerləşən və ona məxsus çay evini Mübariz adlı şəxsə arendaya verdiyini, lakin maddi vəziyyəti ilə əlaqədar obyekti satdığını, buna baxmayaraq Mübariz adlı şəxsin obyektdən çıxmadığını və obyektdən çıxmaq üçün ondan əlavə 10.000 manat pul tələb etdiyini bildirmişdir. Cavabdeh1 izahatı alınmışdır. İzahatında vət. Cavabdeh1 ərizədə qeyd etdiklərini bir daha təsdiqləmişdir. Ərizədə göstərilən Mübariz adlı şəxsin anket məlumatlarının əldə edilməsi məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə barədə “Azerfon" şirkətinə sorğu göndərilmişdir. Göründüyü kimi vət. Cavabdeh1 ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterlidir və məhkəmədə həllini tapa bilər. Cavabdeh1 hüquq və vəzifələri izah olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi, cavabdehlərin nümayəndə-vəkillərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin, onların nümayəndə və vəkillərinin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2022-ci il tarixdən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur. Onunla digər Cavabdeh2 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli 01 saylı icarə müqaviləsinə əsasən, həmin sahə sonuncuya 5 il müddətinə icarəyə verilmişdir. Bundan sonra Cavabdeh1 və iddiaçı X8 arasında bağlanmış 16 may 2024-cü il tarixli müqaviləyə əsasən, əmlak sonuncuya satılmışdır. X8 və X11 arasında bağlanmış 20 iyun 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, qeyri-yaşayış sahəsi xx.xx.2027-ci il tarixədək sonuncuya icarəyə verilmişdir. Hazırda iddiaçı qeyd olunan yaşayış sahəsinin cavabdehlər tərəfindən ona təhvil verilməsi və 10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən öz xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -138.2-ci maddəsinə əsasən, hüququn yüklülüyü - qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. -158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. -572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. -599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər -646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. -675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. -699.4-cü maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İşin hallarından görünür ki, əvvəlki mülkiyyətçi Cavabdeh1 və Cavabdeh2 arasında 22 iyun 2022-ci il tarixdə mübahisəli əmlakın 5 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddətdə - 16 may 2024-cü il tarixdə Cavabdeh1 və iddiaçı X8 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, ünvan 6, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X1 və hazırda onun mülkiyyətindədir. Ona bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, icarə müqaviləsi müqavilə növlərindən biri olmaqla əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Mülki Məcəllə 700). İcarə müqaviləsi elə bir müqavilədir ki, həmin müqavilə ilə əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Nəticədə icarəyə verilmiş əşya müxtəlif hüquqi titullar əsasında eyni zamanda iki subyektə məxsus olur. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində istifadə hüququ yaranır. Predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır yəni, onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanılır. Mülkiyyətçi icarə əsasında onu özgəninkiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o, haqq əldə edir. Ümumiyyətlə, icarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi kirayəyə verilmiş əşyalardan ancaq istifadə hüququnu əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi isə icarəyə götürdüyü əşyadan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malikdir. Hazırki iş üzrə ünvan 6 ünvanında yerləşən mübahisəli əmlak 22 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Cavabdeh1 həmin əmlakı kommersiya məqsədləri üçün 5 il müddətinə cavabdehə icarəyə vermişdir. Bu müddət ərzində cavabdeh tərəfindən müqavilə üzrə aylıq icarə haqları ödənilmişdir. Cavabdeh2 həmin ünvanda yerləşən təsərrüfat obyektinin olduğu yer üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə uçota alınmışdır və orada sahibkarlıq fəaliyyəti ilə (çayxana - kafe) məşğul olur. Qanunvericiliyə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yəni əgər tərəflər arasında bu barədə razılıq yoxdursa, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Cavabdeh1 və iddiaçı X8 arasında alqı-satqı müqaviləsi bağlanarkən, əmlak Cavabdeh1 və Cavabdeh2 arasında olan icarə müqaviləsinə əsasən sonuncunun icarəsində olmuşdur. Qeyd olunan icarə müqaviləsi ləğv olunmamışdır, hazırda qüvvədədir və müddəti xx.xx.2027-ci il tarixə qədərdir. Hazırki iş üzrə iddiaçı X8 qeyd olunan qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsi barədə məlumatlı olmadığını bildirərək, qeyd olunan əmlakın ona təhvil verilməsini xahiş edir. Cavabdeh2 isə iddiaçı X4 qeyri-yaşayış sahəsini almaq istəyərəkən obyektə gəlib baxdığını, onun icarədə olmasından məlumatlı olduğunu bildirir. Cavabdeh1 iddiaçı X4 obyektə baxanda onun başqa şəxsə icarəyə verildiyini, obyekti alarkən onun icarədə olması barədə məlumatı olduğunu və bu şərtlə obyekti almağa razılaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş xx.xx.1987-ci il təvəllüdlü X9 bildirmişdir ki, iddiaçı keçmiş iş yoldaşı olub. Onu 10 ildən çoxdur ki tanıyır. Özü həmin binada yaşayır. Cavabdeh2la çay içərkən, Mübariz ona bildirmişdir ki, mübahisəli obyektin sahibi onu satmaq istəyir, lakin fikri dəqiq deyil. Ona bildirmişdir ki, həmin əmlakı uzun müddət o işlətdiyindən, yəqin ki bu iş ona həvalə olunacaq. Özü işləmir, əmlakın kirayəyə verilməsi işi ilə məşğuldur. Ona bir tanışının çayxana kimi bir obyekt istədiyini bildirmişdir. Daha sonra Sənan gəlmiş, Cavabdeh2la tanış olmuşdurlar. Bu vaxt orada olmadığından iddiaçının yanında neçə nəfər gəldiyini bilmir. Bir müddət keçdikdən sonra Cavabdeh2 ona yazmışdır ki, ”qonşuya yaraşmayan bir hərəkətdir” və ondan bunun səbəbini soruşanda bildirmişdir ki, “buranı alıblar və məni qovurlar”. 10-15 gün keçdikdən sonra onu çağırmış, qeyri-yaşayış sahəsinin sahibi və alıcıların nümayəndələri də gəlmişdirlər. Bu zaman Cavabdeh2 bildirdi ki, onu çıxarmaq istəyirlər, lakin aralarında müqavilə mövcuddur. Onlar baxış keçirən zaman bilirdilər ki, Cavabdeh2 əmlakı icarəyə götürüb. Özü də şəxsən iddiaçıya bildirmişdir ki, obyekt icarədədir, çünki həmin şəxslər onun vasitəsilə tanış olublar. Məhkəmə iclasında şahid qismində dinlənilmiş xx.xx.1973-cü il təvəllüdlü X2 bildirmişdir ki, həmin binanın 1-ci blokunda yaşayır. Qeyri-yaşayış sahəsi cavabdeh Mübariz tərəfindən çayxana kimi işlədilir. Çayxanada çay içən zaman bilmişdirlər ki, qeyriyaşayış sahəsi satılır. Həmin vaxt makler ilə İddiaçı gələrək Cavabdeh2 soruşmuşdur. Cavabdeh2 qeyri-yaşayış sahəsini göstərmişdir. 20-25 gün keçdikdən sonra bildirmişlər ki, artıq obyekti almışdırlar. Onları bir dəfə qeyri-yaşayış sahəsinə baxan zaman görmüşdür. Daha sonra gəlib obyekti aldığını bildirmiş, oradan çıxmalarını tələb etmişdirlər. İlk dəfə baxış keçirilən zaman iddiaçının Cavabdeh2 qeyri-yaşayış sahəsini icarəyə götürdüyündən məlumatı var idi. Göründüyü kimi, iddiaçı X8 qeyd olunan qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsi barədə məlumatlı olmadığını bildirsə də, qeyri-yaşayış sahəsini almazdan əvvəl – həmin əmlaka baxış keçirirkən onun başqa şəxs tərəfindən “çayxana - kafe” olaraq istifadə edilməsindən məlumatlı olmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsinə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə saat 15:00-da yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən çay evi kimi fəaliyyət göstərir. Çöldən içəriyə daxil olarkən aşkar edilmişdir ki, sol tərəf mətbəx kimi, sağ tərəfdə isə yerləşən otaq müştərilər üçün istifadə olunur. Həmin otaqdan sol tərəfə daxil olarkən sanuzel otağı, işlənməyən və mebel əşyalarından ibarət olan bir otaq və kanalizasiya xətti çəkilmiş daha bir boş otaq aşkar edilmişdir. Qeyri-yaşayış sahəsinin çöl hissəsində daha bir otaq aşkar edilmiş və həmin otağa baxış keçirərkən, cavabdehə məxsus əşyaların olması aşkar edilmişdir. Cavabdeh tərəfindən fəaliyyət göstərilən obyekt qeyri-yaşayış sahəsini tam əhatə etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını, şahid ifadələrini, əmlakın icarədə olması – “çayxana” olaraq fəaliyyət göstərməsinin aşkarlığını nəzərə alaraq hesab edir ki, iddiaçı X4 mübahisəli əmlakı alarkən – ona baxış keçirərkən onun başqa şəxs tərəfindən qeyriyaşayış sahəsi “çayxana” olaraq işlədilməsini bilməməsi ağlabatan deyildir. İddiaçı X8 alqısatqı müqaviləsi bağlayarkən qeyri-yaşayış sahəsinin yüklü olduğunu, onun başqası tərəfindən icarə hüququ əsasında istifadə olunduğundan xəbərdar olmuş, bu şərtlərlə razılaşaraq müqaviləni bağlamışdır. Qanunverici, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmədiyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməməsi, alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Göründüyü kimi, əgər alıcı X8 əmlaka dair üçüncü şəxsin - Cavabdeh2 hüquqlarının olduğunu bilmirdisə, onun qanunvericiliyə uyğun olaraq satıcıdan 1) əşyanın qiymətinin azaldılmasını və ya 2) alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ var idi. Qeyd olunan hal əşyaya hüququ olan üçüncü şəxsin, hazırki iş üzrə Cavabdeh2, habelə əmlakı almış alıcı - X4 hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, qanunvericilik bir tərəfdən satıcı öz vəzifəsini yerinə yetirmədiyi üçün (alıcının razılığı olmadan ona üçüncü şəxsin hüquqları olan əşya verdiyindən) əlverişsiz hala düşmüş alıcının hüquqlarını qoruyur – ona əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, digər tərəfdən qanuni əsaslarla əmlakdan icarə hüququ üzrə istifadə edən üçüncü şəxsin hüquqlarının pozulmasının qarşısını alır. Hazırki halda, 5 illik icarə müqaviləsinə əsasən Cavabdeh2 icarəsində olan əmlakın X7 təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh2 arasında daha əvvəl bağlanmış müqavilənin şərtlərinə zidd olmaqla, əmlaka icarə hüququ olan Cavabdeh2 hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu isə qanunvericiliyə ziddir. Əmlakın mülkiyyətçisinin dəyişməsi, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğvinə və ya etibarsızlığına səbəb olmamışdır. Belə ki, qanunvericiliyə əsasən, icarəyə verilən əşyaya icarəyə verildikdən sonra mülkiyyət hüququ icarəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə üçüncü şəxs (əldə edən) mülkiyyəti əldə etdiyi andan icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur (m. 699.1). Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (m. 158.3). Əmlakın mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak cavabdehə icarəyə verildikdən sonra onun mülkiyyətçisi dəyişdiyindən, mülkiyyətçi, yəni İddiaçı mülkiyyəti əldə etdiyi andan Cavabdeh1 əvəz edərək onunla Cavabdeh2 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələri də əldə etmişdir. Əgər iddiaçı qeyd olunan müqavilə şərtləri ilə razı deyilsə, müqavilə müddətini uzatmaya bilər. Hazırki anda 22 iyun 2022-ci il tarixli müqavilə 5 il müddətinə yəni 22 iyun 2027-ci il tarixinədək qüvvədədir. İddiaçı alqı-satqı müqaviləsi bağlanarkən qeyd olunan əmlakın Cavabdeh2 hüquqları ilə yüklü olduğundan məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmlakın yüklülük şərtlərinə əməl etməlidir. Məhkəmə iddia tələbinin “10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə isə hesab edir ki, iddia bu hissədə də əsaslı deyildir. Belə ki, iddiaçı üçüncü şəxslə - X11 ilə əmlakın xx.xx.2024-cü il tarixdən xx.xx.2027ci il tarixinədək aylıq 1800 manata icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlamışdır. Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi ona təhvil verilmədiyindən həmin puldan – icarə haqqından məhrum olacağına əsaslanaraq pul məbləğinin cavabdehlərdən öz xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə qeyd edir ki, əmlakın mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin hüququ ilə yüklü edildiyini bilməsinə baxmayaraq, başqa şəxslə icarə müqaviləsi bağlamışdır. Məhkəmə hesab edir ki, əmlak Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 5 illik icarə müqaviləsinə əsasən, qanuni əsaslarla icarə hüququ əsasında Cavabdeh2 istifadəsində olduğundan, iddiaçı bu barədə məlumatlı olduğundan, iddiaçıya maddi ziyan dəyməsi halı məhkəmə tərəfindən müəyyən olunmadığından və iddiaçının qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən, iddia qeyd olunan hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, 10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, 10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar