Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-75/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişinin, 144.88 (yüz qırx dörd manat,səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) məbləğində xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “Mercedes Benz C 220” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Pajero minik” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə maddizərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Pajero minik” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 18 794.37 (on səkkiz min yeddi yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində müəyyən edilmiş, həmin zərər məbləğindən 500,00 (beş yüz) manat azadolma məbləği çıxılmaqla 18 294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin 05 iyul 2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-in 151.5-ci maddəsinin tələbinə uyğun inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ YPXA-na gğndərilməsi qərara alınmışdır. Həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2010-cu il tarixli, MİB-SU-0238/10 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mitsubishi Pajero minik” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. Sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləği 500 (beş yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin05 iyul 2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mitsubishi Pajero minik” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmiş, lakin əməlində cinayət tərkibi olmadığından həmin vaxt qüvvədə olan AR İXM-in 151.5-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ YPXA-ya göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Mercedes Benz C 220” markalı, **-SE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ƏN-İİ 204299 saylı etibarnamənin surətindən müəyyən olunur ki, “Mercedes Benz C 220” markalı, **-SE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh2 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş hesablama aktından müəyyən olunur ki, “Mitsubishi Pajero minik” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 18 794.37 (on səkkiz min yeddi yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 14 noyabr 2011-ci il tarixli, 822 saylı kassa məxaric orderinin surətindən müəyyən olunur ki, dəymiş zərərə görə ASC tərəfindən 18294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 18 294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbi üzrə iddia müddətinin keçdiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-nin pul tələbinə dair iddiası 10 ildən yuxarı müddət əvvəlin tələbidir. İddiaçı qanunun tələbinə görə iddia müddətini buraxmışdır. İddia müddəti keçdiyindən də iddia rədd edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - MİB-SU-0238/10 saylı nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsindən görünür ki, X5 məxsus “Mitsubishi Pajero” (**-XZ-***) markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək sığortalanmışdır. - 207/20**-CM-***/2011 saylı 04 noyabr 2011-ci il tarixli sığorta aktından görünür ki, sığorta olunmuş “Mitsubishi Pajero” (**-XZ-***) markalı avtomobil xx.xx.2011-ci il tarixində Astara-İran sərhədi yolunun 110-cu km-də yol nəqliyyat hadisəsinə uğramış nəticədə avtomobilə maddi zərər dəymişdir. Avtomobil ilə bağlı zərər 18794,37 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən MİB-SU-0238/10 saylı sığorta şəhadətnaməsinə razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 18294,37 manat təşkil edir. - xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi bildirir ki, xx.xx.2011-ci il tarixdə saat 20:00-da Ələt-Astara-İran sərhədi yolunun 110-cu km-də yol nəqliyyat hadisəsi baş vermişdir. Zərər vuran Cavabdeh2 məxsus “Mercedes Benz” markalı 10SE245 dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobili Cavabdeh1 idarə etmişdir. Zərər çəkən dövlət nömrə nişanı ** XZ *** olan “Mitsubishi Pajero” markalı minik avtomobildir. X2 məxsusdur. X1 idarə etmişdir. YHN nəticəsində “Mitsubishi Pajero” markalı avtomobilin qabaq və sol yan hissəsi əzilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 4631 №-li xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, X5 məxsus dövlət nömrə nişanı ** XZ *** olan “Mitsubishi Pajero” markalı minik avtomobili faydagötürən "xxxx" ASC-nin Sumqayıt filialı olmaqla, 20 noyabr 2010-cu il tarixli MİB-SU-0238/10 saylı şəhadətnamə ilə sığortalanmışdır. - X8 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X8 avtomobilinin 15 iyun 2011-ci il tarixdə sığorta hadisəsinə uğradığını bildirmiş və sığorta hadisəsinə dair sığorta ödənişi verilməsini xahiş etmişdir. - "xxxx" MMC-nin 07 iyul 2011-ci il tarixli zərər aktından görünür ki, 15 iyun 2011-ci il tarixdə baş vermiş sığorta hadisəsinə əsasən sığortalı X5 məxsus “Mitsubishi Pajero” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumi yekun məbləğ ehtiyat hissələr, əmək haqqı daxil olmaqla cəmi 18794,37 manatdır. - 822 №-li 14 noyabr 2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, MİB-SU- 0238/10 saylı sığorta şəhadətnaməsinə əsasən 18294,37 manat məbləğində sığorta ödənişi X5 verilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin 05 iyul 2011-ci il tarixli qərarından görünür ki, xx.xx.2011-ci il tarixdə icraatına həmin gün saat 20 radələrində Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 110-cu km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə DİN BDYPİ-nin Növbətçi hissəsindən məlumat daxil olmuşdur. Toplanmış material üzrı Cavabdeh1 və X3 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində AR İXM-nin 151.5-ci maddəsinin tələbinə uyğun inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilməsi qərara alınmışdır. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, 5 gün müddətində göstərilən məbləğin ASC-yə ödənilməsi xahiş olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mitsubishi Pajero” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 noyabr 2010-cu il tarixli MİB-SU- 0238/10 saylı şəhadətnamə üzrə "xxxx" ASC-də sığorta olunmuşdur. Həmin avtomobil xx.xx.2011-ci il tarixdə Astara-İran sərhədi yolunun 110-cu km-də Cavabdeh2 məxsus, hadisə zamanı Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes Benz” markalı 10SE245 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə “Mitsubishi Pajero” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və sol yan hissəsi əzilmiş, avtomobilə maddi zərər vurulmuşdur. İddiaçı tərəfindən “Mitsubishi Pajero” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. İddiaçı tərəfindən 14 noyabr 2011-ci il tarixdə zərərçəkmişə 18294,37 manat təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxdığından, iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Hazırkı halda iş üzrə tərəflər arasında müqavilə bağlanmamış və subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəfər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də 10 ilin tamamında başa çatır. Məhkəmə hesab edir ki, bu növ öhdəliklərdən irəli gələn tələblərə zərər vurmadan yaranan münasibət kimi Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyənləşdirilmiş ümumi iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iş üzrə iddiaçı "xxxx" ASC 15 iyun 2011-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olmuşdur. Belə ki, istinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən 15 iyun 2011-ci il tarixdə törədilmişdir. Zərərçəkmiş şəxs tərəfindən sığorta ödənişinin verilməsi barədə ərizə xx.xx.2011-ci il tarixdə iddiaçı "xxxx" ASC-də qeydə alınmış, 01 iyul 2011-ci il tarixdə avtomobilə dəymiş zərər müəyyənləşdirilmiş, 04 noyabr 2011-ci il tarixdə sığorta aktı tərtib olunmuş, 14 noyabr 2011-ci il tarixdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Bununla belə iddiaçı "xxxx" ASC 10 illik ümumi iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən yazılı ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişinin, 144.88 (yüz qırx dörd manat,səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) məbləğində xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 294.37 (on səkkiz min iki yüz doxsan dörd manat, otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişinin, 144.88 (yüz qırx dörd manat,səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) məbləğində xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-75/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-75/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver