Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-774/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması ” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin başqa şəxsin adına dəyişdirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə İddiaçı tərəfindən təqdim edilmiş alıcının adına xx.xx.2019-cu il tarixli 125 saylı müqavilənin dəyişdirilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli 125 saylı müqavilənin üçüncü şəxslərin adına dəyişdirilməsinə cavabdeh “Sizin Mənzil" MMC tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bununla yazıb Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı yəni İddiaçı razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli, 125 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 181.2 kv.m sahəli 51 saylı təmirsiz mənzili təhvil verməyi Cavabdeh MMC öz öhdəsinə götürmüşdür. Həmin mənzil iddiaçıya təhvil verilmişdir. Qeyd edilən mənzil ilk olaraq cavabdehlə "xxxx" şirkəti ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin şirkətə verilmişdir. Sonradan həmin şirkətin əməkdaşları iddiaçının arasında olan razılaşmaya əsasən 102000 manat ödənilmək şərtilə həmin mənzilin iddiaçıya satılmasına razılıq vermiş və qeyd edilən müqavilə bağlanmış və həmin mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Lakin sonradan iddiaçı həmin mənzili satmaq qərarına gəlmişdir. Alıcı tapdıqdan sonra həmin müqaviləni onun adına rəsmləşdirilməsi ilə bağlı cavbdehə müraciət etsələr də cavabdeh tərəfindən bundan şifahi imtina edilmişdir. İmtinanın səbəbi isə qanunsuz və əsassız olmuşdur. Yuxarıda qeyd edildiyi iddiaçı öz mənzili satmaq istədikdə cavabdeh tərəfindən süni maneələr yaradılır və həmin müqavilə digər şəxslərin adına rəsmləşdirilmir. Sonradan "xxxx" MMC -nin əməkdaşı kimi özünü təqdim edən və müqavilə ilə mülkiyyətinə verilmiş şəxs X4 tərəfindən Nərimanov Rayon Polis İdarəsinə şikayət edilmiş və iddiaçının ona borcu olduğu iddia edilmiş və fakt təsdiqini tapmadığı üçün Nərimanov Rayon Polis İdarəsi tərəfindən “cinayət işinin rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan Sərvər Əsgərov "Sizin Mənzil” MMC-yə həmin mənzilin iddiaçının adından digər şəxsə satılmağına narazılıq etmiş və Cavabdeh MMC-də həmin mənzilin satılmasında süni maneələr yaratmışdır. Bunula bağlı tərəfindən rəsmi olaraq cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi pretenziya ünvanlansa da heç bir yazılı cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi, bildirdi ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı mənzilin müqavilə ilə şərtləşdirilmiş dəyərini ödəməmiş, yalnız 102000 manat ödəmişdir. Maliyyə arayışı isə müqavilə tərəflərinin ortaq tanışlarının olması səbəbindən Cavabdeh MMC tərəfindən iddiaçıya belə bir arayış verilmişdir. Həmin şəxslərlə ortaq münasibətlər olduğundan, öz növbəsində Cavabdeh MMC-nin həmin şəxslərə etimadı olduğundan və sonuncunun da belə bir xahişi olduğundan iddiaçıya borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Lakin o arayış özü-özlüyündə əsassızdır, qeyd olunduğu kimi sırf şəxsi tanışlıq münasibətləri zəminində inanaraq, belə bir arayış verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinin əsassız olduğunu, həmin mənzilin ona məxsus olduğunu, mübahisəli mənzili tanışı X2 təklifinə əsasən sonuncunun həmkəndliləri olan Nazim və İddiaçılərə satılmasına razılıq vermişdir. İddiaçıya inandığından mənzilin onun adına keçirilməsinə razılıq vermiş, lakin daha sonra iddiaçının atası söz verdiyi kimi mənzilin qalıq dəyərini ödəməkdən imtina etmiş, imtina etməsini isə həmkəndlisi Sarvan Cəfərovun ona olan borcu ilə əlaqələndirmiş, bu səbəbdən də mənzilin dəyərinin qalan hissəsini ödəməyərək, mənzili ələ keçirmişlər. Bundan sonra tərəfindən polisə də şikayət edilmiş, onun hazırda verdiyi izahatları cinayət işi ilə bağlı polisə verdiyi şikayət ərizəsindəki ifadələri ilə də təsdiq olunur. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı onun dediklərini edib, onun bu işlə bağlı heç bir əlaqəsi olmayıb. Şirkətə məxsus binanı tikən Vaqif müəllim, Araz müəllim, o özü və Sarvan həmkəndlidirlər. O, Sarvandan ev alıb, Sarvanla da aralarında haqq-hesab olub. O deyirdi ki, o şirkətə beton verir, buna görə də onun şirkətdə bir evi var. Özü demişdi ki, gəl o evi verim. O, həmin vaxt Araz və Vaqif müəllimə zəng etmişdir, onlar da bunu təsdiq etmişlər. Onlar təsdiqlədikdən sonra İddiaçılə pulu yollamışdır. Onlar da alqı-satqı etdilər. Ödənişi etdilər, bununla da bitdi. O 2021-ci ildə bilib ki, Sərvər adında adam var. Onlar bir birilərini ümumiyyətlə tanımayıblar, indi də tanımırlar. Dörd-beş ay bundan qabaq ehtiyacı olduğu üçün istəyib ki, evi satsın. Müqaviləni alıcının adına dəyişdirmək istəyəndə şirkətdəki xanım səs-küy salmışdır. Bundan sonra Araz müəllimə zəng eləmiş, o da bildirmişdir ki, şirkətin Bəxtiyar adında vəkili var onunla əlaqə saxla. O, həmin vəkilə zəng etmiş və yanına getmişdir. Vəkil də o xanıma zəng edib demişdir ki, o səhv edir, şəxsin müqaviləsi, maliyyə arayışı var, rəsmiləşdirməni etməyi ona tapşırmışdır. O bildirir ki, mənzili müqavilə və maliyyə arayışına əsasən əldə edib. Sərvəri heç vaxt tanımayıb. O gedib Sarvanı axtarmaq əvəzinə hazırda iddiaçıdan pulu tələb edir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, ona görə 102000 manat ödəyib ki, Sarvan ona deyib ki, onun şirkətdən alacağı var, buna görə də ona deyib ki, 102000 manat ödəsin, ona mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı veriləcək. Mənzilin qalıq dəyərini isə özü şirkətlə həll edəcək. Sarvanın ona borcu olduğu üçün, habelə Sarvanın da şirkətdən alacağı olduğu üçün o, mənzilin 102000 manat hissəsini ödəyib. Çünki Sarvan ona pul borclu idi, həmin borcunu bu mənzillə əvəzləşdirirdi. Sarvanın polisdə verdiyi izahatı ilə bağlı qeyd edir ki, belə söhbət olmayıb. Çünki nə Sarvan, nə də ki şirkətdəkilər ona heç vaxt deməyiblər ki, mənzilə görə onun qalıq borcu var. Araz da Vaqif də ona təsdiq ediblər ki, Sarvanın şirkətdən beton satışına görə alacağı var, onu əmin ediblər ki, mənzili əldə edə bilər. Məhkəmə iddiaçının vəkilinin izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 125 saylı müqavilədən görünür ki, ünvan 2 ünvanında inşa edilən B bloklu yaşayış binasının 9-cu mərtəbəsində 4 otaqlı ümumi beton səthinin sahəsi 181,2 kv.m sahəli 51 saylı təmirsiz mənzili “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. (1.1) Mənzilin hər kv.m sahəsi 1200 manat hesablanır və 217440 manat təşkil edir, “Alıcı” mənzil üçün 217440 manat ödəyir. (2.1) İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli № 125 saylı müqaviləyə əsasən 181,2 kv.m yaşayış sahəsi üçün Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ceyhun Cəlalovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, xx.xx.2019-cu il tarixli № 125 saylı müqavilə ilə ünvan 2 ünvanında inşa edilən B bloklu yaşayış binasının 9-cu mərtəbəsində 4 otaqlı ümumi beton səthinin sahəsi 181,2 kv.m sahəli 51 saylı təmirsiz mənzili "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli № 125 saylı müqaviləyə əsasən 181,2 kv.m yaşayış sahəsi üçün Cavabdeh MMC-yə borcu yoxdur. İddiaçı bildirir ki, həmin mənzili digər şəxsə satmaq qərarına gəldikdə cavabdeh tərəfindən həmin mənzilin satışına və həmin müqavilənin yeni alıcının adına rəsmləşdirilməsinə süni maneələr yaradılmışdır.Cavabdeh iddianı qəbul etmir, mənzilin müqavilə üzrə dəyərinin ödənilmədiyini bu səbəbdən də müqavilənin başqa şəxsin adına rəsmiləşdirilməsindən imtina edildiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə görə Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli № 125 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən, cəmiyyət ünvan 2 ünvanında inşa edilən B bloklu yaşayış binasının 9-cu mərtəbəsində 4 otaqlı ümumi beton səthinin sahəsi 181,2 kv.m sahəli 51 saylı təmirsiz mənzili “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə "xxxx" MMC öhdəliklərini yerinə yetirmiş, müqavilədə göstərilən mənzili alıcıya təhvil vermişdir. Lakin iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməyərək, mənzilin dəyəri tam ödənilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli mənzil İddiaçı təhvil verilməsi ilə bağlı öhdəliyini icra etdiyindən, iddiaçı isə müqavilə üzrə mənzilin dəyərini tam olaraq cavabdeh "xxxx" MMC-yə ödəmədiyindən, həmin hal iddiaçı tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkəti tam icra edərək, bununla da müqavilənin şərtlərini pozmamışdır. Buna baxmayaraq iddiaçı mənzilin dəyərini tam ödəməyərək, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə yekun olaraq qeyd edir ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 125 saylı müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Mülki işin faktiki hallarından müəyyən olunur ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə iddiaçı tərəfindən tam icra olunmamışdır. Müqavilədən göründüyü kimi, mənzilin qiyməti tərəflərin razılaşması ilə müəyyənləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzilin verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində verilən əmlakın qiymətini və s.ni öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən edir. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Nəticə etibarilə məhkəmə yuxarıda sadalananları əsas götürüb qeyd edir ki, hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 125 saylı müqavilənin digər şəxslərin adına dəyişdirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia qaldırmaqda haqlı olmamışdır. Göründüyü kimi, onun tərəfindən mənzilin qiyməti tam ödənilməmişdir. Həmin qiymət isə tərəflərin müqavilə azadlığı çərçivəsində və iradə sərbəstliyi ilə bağlanmış müqavilə əsasında müəyyənləşdirilmişdir. Maliyyə arayışının olması isə mənzilin qiymətinin ödənilmədiyi faktını istisna etmir. İddia ərizəsinin dəlillərindən göründüyü kimi, mənzilə görə iddiaçı tərəfindən 102000 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı X4 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi və baş direktoru olaraq Bakı şəhərində MTK-lara beton və sement tikinti materiallarının satışı üzrə fəaliyyət göstərir......2019-cu ilin dekabrın əvvəllərində Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən ofisində olarkən Habil adlı makler İddiaçılə birlikdə ofisdə işçilərin iştirakları ilə mənzilə görə 102000 manat ödəyib, borclu qaldığı 115440 manatı 3-4 ay müddətində ödəyəcəyinə inandırdığından onlarla birlikdə Cavabdeh MMC-nin ofisinə gedib aldığı mənzilin İddiaçı adına müqavilə bağlanılmasına razılıq vermiş, lakin İddiaçı vəd verdiyi müddət keçdiyindən....., Nazim Hacıyev pandemiya səbəbindən alverləri dayandığını bahənə gətirərək qısa müddətdə 115440 manat borclarını ödəyəcəklərinə vəd vermiş, ... Nazim Hacıyev həmkəndlisi Sarvan Cəfərovla aralarındakı borcla əlaqələndirərək 115440 manatın Sarvan Cəfərov tərəfindən ödəniləcəyini bildirmiş, satılan mənzilin Sarvan Cəfərova heç bir aidiyyəti olmadığını Nazim Hacıyevə izah etdikdə sonuncu Cavabdeh MMC rəhbərliyinin həmkəndliləri olduğunu vurğulayaraq mənzili MMC-dən aldığını və müqavilə bağladığını bildirmiş... Material üzrə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, onun X4 ilə heç bir tanışlığı əlaqəsi olmayıbdır. .... Cavabdeh MMC-nin rəhbərliyindən olan həmkəndliləri Araz və Vaqif müəllimə zəng edib Sarvanın onların inşa etdiyi binada mənzilin olub-olmamasını xəbər almışdır. .....Bundan sonra xx.xx.2019-cu il tarixdə atası onu özü Rusiyada olduğuna görə 60.000 ABŞ dollarla birlikdə Cavabdeh MMC-nin ofisinə göndərmişdir. O, ofisə gedib orada barəsində hazırda şikayət edən X4 ilə görüşmüş, ofisdə ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Bundan sonra mənzilin onun adına keçməsi barədə müqavilə bağlanmış, həmin müqaviləyə o, və Cavabdeh MMC-nin direktoru imzalayıb. O, bundan sonra Sərvəri Sarvanın işçisi kimi tanımış və qeyd etdiyi 60.000 ABŞ dolları sayıb ona təhvil vermişdir. ..... O, mənzili Sarvanın və MMC-nin işçiləri Vaqif və Araz müəllimin deməsinə əsasən Sarvanın mənzili kimi almış, mənzilə görə 60.000 ABŞ dolları nağd ödəmiş, qalan pul isə Sarvanın atasına olan borcdan çıxılıbdır. Məhkəmə bildirir ki, nə qədər ki, mülki qanunvericiliyin müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilməsinin yol verilməməsi ilə bağlı müddəaları mövcuddur, məhkəmə prosessual qənaət prinsipi baxımından polis orqanında toplanmış izahatlar üzrə əlavə qiymət verilməsinə zərurət görmür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X3 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, o, iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin özlərinin xeyrinə həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi bu kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması ” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-774/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-774/2023
12.05.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver