Məhkəmə qərarları › İş №e-2(005)-810/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-810/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-810/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ixtisaslaşdırılmış təşkilatı tərəfindən 14.10.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın və həmin hərracın yekunları barədə tərtib edilmiş 49/04 saylı protokol həmçinin, qeyd edilən protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yardımlı rayon məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2(038)-19/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X5 və X7 qarşı iddiası təmin edilmiş, 06.06.2014-cü il tarixli 51KD/14 saylı kredi müqaviləsi çərçivəsində bağlanmış 10.06.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 61789,94 ABŞ dolları məbləğində əsas borc, 9711,43 ABŞ dolları məbləğində faiz, 2854,77 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 74356,14 ABŞ dolları məbləğində borc pul, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin cavabdehin iddiaçı qarşısında olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə yönəldiyi və onun satıldığı təqdirdə cavabdehlər X2 və X6 həmin yaşayış sahəsindən çıxarılması, eyni zamanda ekspertiza xərci olaraq 100 manat məbləğində pulun cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qəbul edilmiş qətnamə əsasında icra vərəqəsi çıxarılmış, bundan sonra, 14.10.2019-cu il tarixdə ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən müvafiq hərrac keçirilməklə həmin tarixdə tərtib edilmiş 49/04 saylı protokola (və müqaviləyə) əsasən yuxarıda qeyd edilən əmlak 44.625 (qırx dörd min altı yüz iyirmi beş) manat məbləğində qiymətləndirilməklə "xxxx" KB ASC-yə satılmışdır. Hərracın nəticələri barədə 14.10.2019-cu il tarixli 49/04 saylı protokol və onun əsasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, il öncə kirayədə yaşadığından 2015-ci ildə ev almaq məqsədi olduğu üçün ev-alqı satqısı üzrə mütəxəssislər vasitəsilə iş üzrə cavabdeh X5 ilə tanış olmuşdur. O da iddiaçıya oğlu digər cavabdeh - Rəşad Mirişliyə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 135000 manata satmaq istədiyini bildirmiş, evə baxıb bəyənmiş və üstəlik 500 manat da beh vermişdir. Lakin sonradan tələb edilən məbləği ödəyə bilməyəcəyini və əslində ən uzağı 80.000-90.000 manatlıq ev almaq istədiyini Firudinə bildirmişdir. O isə öz növbəsində heç bir problem və sıxıntı olmadığı, evi ondan yaxşı adama satmayacağı kimi ifadələrlə onu evi almağa şirnikləndirmiş və əslində oğluna toy edəcəyi, təcili pula ehtiyacı olduğu üçün evi bir az daha ucuz qiymətə yəni 115.000 manata sata biləcəyini qeyd etmişdir. Bundan sonra aralarındakı razılaşmaya əsasən iddiaçı ilkin olaraq öz yaxını Klos adlı - vətən müharibəsi qazisi olan qohumu ilə ona ilkin olaraq 55000 manat pul vermiş, bunun müqabilində isə Firudin evin texniki pasportu və açarlarını ona təqdim edərək “artıq ev sənindir get yaşa və evin pulu tam ödənildikdən sonra rəsmi sənədləşmə aparılacaq” bildirmişdir. Bundan sonra iddiaçı ailəsi ilə köçüb həmin evdə yaşamağa başlamışdır. Eyni zamanda bu müddət ərzində müxtəlif vaxtlarda istər Firudin istərsə də onun oğlu (evin sahibi) Rəşada 100000 (bir yüz min) manatdan artıq pul ödəmişdir. Lakin hər dəfə Firudinə evin artıq sənədləşdirilməsinin zəruri olduğunu bildirdikdə o bundan yayınmış, müxtəlif bəhanələrlə o, evin sənədləşdirilməsindən boyun qaçırmışdır. Artıq onun və oğlunun bir dələduz olduğu ona məlum olandan sonra onunla qəti məsələni həll etmək qərarına gəlmiş, 2020- ci ilin sonları 2021-ci ilin əvvəllərində Firudin avtoqəza nəticəsində vəfat etmişdir. İddiaçı ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bu müddət ərzində evlə bağlı heç kimlə mübahisəsi həmçinin evlə bağlı məhkəmə icraatının getməsindən məlumatı olmamışdır. Lakin 2021-ci ilin ilin noyabr ayında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən yaşadığı ünvana daxil olmuş bildirişdə həmin evdə X4 qeydiyyatda olduğu və həmin evin boşaldılması ilə bağlı "xxxx" ASC-nin tələbinin mtəhkəmə tərəfindən təmin edildiyi barədə məlumat əldə etmiş və bundan sonra Firudin və onun oğlu Rəşad tərəfindən ona satılmış evin əslində bankda girovda olduğu, həmin evin Unibank KB ASC tərəfindən hərrac yolu ilə alındığı və hazırda iddiaçının yaşadığı evin artıq Unibank KB ASC-nin mülkiyyətində olduğu məlum olmuşdur. Qeyd etdiyim kimi, o yaşadığı evin bankda girovda olduğunu bilməyərək 6 (altı) ildən artıqdır ki, ailəsi ilə birlikdə o evdə yaşayır, həmçinin vergi və digər kommunal xərcləri ödəyir. Eyni zamanda 14.10.2019-cu il tarixdə keçirilmiş hərrac və tərtib edilmiş 49/04 saylı protokol bir sıra qanun pozuntuları ilə müşayət olunur. Belə ki, protokoldan göründüyü kimi, hərrac bankın istəyilə, yalnız onun nümayəndəsinin iştirakı ilə keçirilmiş və maraqlı şəxs olaraq nə satılan əmlakın sahibinin, nə onun, həmçinin hər hansı hərracda iştirak etmək istəyən şəxsin iştirakı təmin edilməmişdir. Ən azından yaşadığı evi itirməmək üçün onu protokolda göstərilən qiymətə almağa razı olardı. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və ("xxxx" KB ASC və X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 6 ümumi sahəsi 167.1 kv.m olan fərdi yaşayış evi X6 adına daşınmaz əmlakın dövlət reyestrində **********47-10301 reyestr nömrəsi ilə 21.05.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Hərracın yekunları barədə 14.10.2019-cu il tarixli, 49/04 nömrəli protokolunun surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin iş № 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-98-19-4 saylı 14.08.2019-cu il tarixli sifarış məktubunun və "xxxx" KB ASC-nin PKKİED/7457 saylı, 14.10.2019-cu il tarixli məktubunun icrasına əsasən ilkin və satış qiyməti 70.000 manat olan ipoteka predmetini təşkil edən X7 məxsus Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi 44.625 manata qalib tələbkar (ipoteka saxlayan) "xxxx" KB ASC-nin nümayəndəsi X11 əldə etmişdir; Yardımlı rayon məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2(038)-19/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək cavabdeh X1 06.06.2014-cü il tarixli, 51KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 10.06.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 61789 (altmış bir min yeddi yüz səksən doqquz) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 9711 (doqquz min yeddi yüz on bir) ABŞ dolları 43 (qırx üç) sent faiz borcu, 2854 (iki min səkkiz yüz əlli dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent cərimə borcu olmaqla cəmi 74356 (yetmiş dörd min üç yüz əlli altı) ABŞ dolları 14 (on dörd) sent məbləğində pulun, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 nanat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı Unibank” KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X6 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X1 10.06.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 74356,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X5 və X9 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinin surətinə əsasən cavabdeh X1 06.06.2014-cü il tarixli 51KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 10.06.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 61789 (altmış bir min yeddi yüz səksən doqquz) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 9049,52 (doqquz min qırx doqquz) ABŞ dolları 52 (əlli iki) sent faiz borcu, 2854 (iki min səkkiz yüz əlli dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent cərimə borcu olmaqla cəmi 73694 (yetmiş üç min altı yüz doxsan dörd) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində pulun, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatınin məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, tələbin ipoteka predmeti olan X6 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə yönəldilməli, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X1 10.06.2014-cü il tarixli 51KD/14H saylı əlavə kredit müqaviləsi üzrə 73694,23 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X5 və X9 çıxarılmalıdır. Respublika Xammal və X13 Mərkəzi "xxxx" MMC-nin 23.08.2019-cu il tarixli, 01/2450 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin iş № 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1A saylı fərdi yaşayış evinin qiyməti 70000 manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və 23.09.2019-cu il tarixə, Bakı şəhəri, Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur; Respublika Xammal və X13 Mərkəzi "xxxx" MMC-nin 06.09.2019-cu il tarixli, 01/2531 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin iş № 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1A saylı fərdi yaşayış evinin qiyməti 70000 manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və 23.09.2019-cu il tarixə, Bakı şəh.,Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00da hərracı təyin olunmuşdur; Respublika Xammal və X13 Mərkəzi "xxxx" MMC-nin 27.09.2019-cu il tarixli, 01/2791 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin iş № 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1A saylı fərdi yaşayış evinin qiyməti 70000-15%=59500 manat olmaqla mövcud qanunvericiliyə əsasən «Birja yenilikləri» qəzetində elanı çıxmış və 10.10.2019-cu il tarixə, Bakı şəh.,Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-17:00 dək (növbəlik əsasında) hərracı təyin olunmuşdur; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-906/18 saylı 14.03.2018-ci il tarixli icra sənədinin surətinə əsasən tululmalı olan kredit borcunnu X6 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0215 ha torpaq sahəsinə yönəldilməli, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X1 10.06.2014-cü il tarixli 51KD/14H saylı əlavə kredit müqaviləsi üzrə 73694,23 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməli müəyyən edilmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş X7 məxsus Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi 44.625 manata qalib tələbkar (ipoteka saxlayan) "xxxx" KB ASC-nin nümayəndəsi X11 əldə etmişdir. İddiaçı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, X7 məxsus Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Zamanov X8 rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsində yerləşən 0,0215 ha torpaq sahəsi və üzərində yerləşən 1A saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" KB ASC və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar