Məhkəmə qərarları › İş №e-2(005)-828/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-828/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-828/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2659 manat məbləğində borc və 46,59 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2705,59 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında MMC tərəfindən cavabdehə dəyəri 3199 manat məbləğində 1 ədəd İphone 13 Pro Max 256 GB Sierra Blue – **********69376 markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 480 manat ödənilmiş, qalan məbləğ hər ayın 7-də (iyul ayından başlayaraq) 245 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh 12 ay müddətində 2937 manat ödəməli idi. Cavabdeh tərəfindən 2022-ci ilin iyul ayı üçün 245 manat, 2022-ci ilin avqust ayı üçün 33 manat, cəmi 278 manat ödənilmiş, qalan 2659 manat ödənilməmişdir. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı, yəni cavabdeh bu müqavilənin ayrılmaz hissəsi olan Ödəniş Cədvəli ilə nəzərdə tutulan ödəmə müddətlərindən hər hansı birini 30 gündən artıq müddətə pozduqda satıcının birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən müqaviləyə satıcı tərəfindən birtərəfli qaydada xitam verilməsi haqqında xəbərdar edilmiş alıcı, xəbərdar edildiyi tarixdən keçən 10 təqvim günü ərzində malın dəyərini satıcıya tam ödəməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə pretenziyanı göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş və 2659 manat məbləğində borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq heç bir ödəniş bu günədək olunmamışdır Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 3199 manat olan İMEİ kodu **********69376 olan İphone 13 Pro Max 256 GB Sierra Blue markalı telefon almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə ödənilməyən əsas borcu 2659 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin müqavilə üzrə əsas borca görə 2659 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2659 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 46,59 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2659 (iki min altı yüz əlli doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar