Məhkəmə qərarları › İş №e-2(005)-836/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-836/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-836/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat qalıq borcun, iddiaçı tərəfindən hüquqi yardıma görə çəkilmiş 200 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin, cəmi 5270 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 001/K nömrəli, 21 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək ümumi dəyəri 9094,40 manat təşkil edən malları/parket və yapışdırıcını cavabdehin ünvanında ona təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini 21 iyun 2023-cü il tarixədək (müqavilənin 3.3-cü bəndi) tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 5000 manat ödənilməyən borcu qalmışdır. İddiaçı qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaçıya olan borcunu ən geci bir ay müddətində tam şəkildə ödəyəcəyini bildirmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə qızı məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, borcunun olmasını qəbul edir. Torpaq sahəsi var və onun satılmasını gözləyir. Həmin torpaq sahəsi satılan kimi borcunu ödəyəcək. Hissə-hissə ödəmək istəmir. Yaxın müddətdə borcunu tam şəklində ödəmək niyyətindədir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya 82944m2x100=8294,4 m parket satmağı, “Alıcı” isə həmin malları qəbul edərək razılaşdırılmış müddətdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların ümumi dəyəri 9094,4 manat təşkil edir; xx.xx.2023-cü il tarixli, 2074 saylı qaiməyə əsasən Gülnarə xanımın borcu 5000 manat təşkil edir; Pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması və 3 gündən gec olmayaraq onun ödənilməsi barədə xəbərdar edilmişdir; Hüquqi yardımın göstərilməsi haqqında 278 saylı müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə 200 manat ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış yazılı müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan malları cavabdehə verməyi, cavabdeh isə qarşılığında onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı malların dəyərinin ona tam ödənilmədiyinə istinad edərək, 5000 manat qalıq borcun və 200 manat hüquqi xidmətə görə xərcin cavabehdən tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı malların qarşılığını tam şəkildə ona geri qaytarmamışdır. Məhkəmə cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar qeyd edir ki, məhkəməyə təqdim edilən qaimə ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 5000 manat borcu vardır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək borcunun olduğunu qəbul etmiş və onu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borcunun olduğunu qəbul etmişdir. Həmçinin cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehin borclu olduğu məbləği sübut etmək vəzifəsindən azaddır. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21.1 və 21.3-cü maddələrinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu, MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırki işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilə ödənilmiş 200 manat pulun tutulması ağlabatan və ədalətlidir. Belə ki, hüquqi yardım göstərilməsi haqqında müqavilə və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 33 saylı vəkil bürosunun hesabına 200 manat pul ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməli və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 5000 manat, iddiaçı tərəfindən hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5270 pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 5000 manat, iddiaçı tərəfindən hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 5270 (beş min iki yüz yetmiş) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar