Məhkəmə qərarları › İş №e-2(005)-841/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-841/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-841/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli müqavilə üzrə 935,11 manat gecikdirilmiş borc və hesablanmış 1612,91 manat cərimə məbləğinin, xx.xx.2017-ci il tarixli 40-LD/17 nömrəli müqavilə üzrə 523,72 manat gecikdirilmiş borc və hesablanmış 971,20 manat cərimə məbləğinin, eləcə də xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli müqavilə üzrə 1 220,00 manat gecikdirilmiş borc və hesablanmış 1884,13 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 40- LD/17və xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalıq məbləğini isə müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 254-LD/17 nömrəli müqavilə üzrə 935,11 manat gecikdirilmiş borc və hesablanmış 1612,91 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 40- LD/17 nömrəli müqavilə üzrə 523,72 manat gecikdirilmiş borc və hesablanmış 971,20 manat cərimə məbləği, eləcə də xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli müqavilə üzrə 1 220,00 manat gecikdirilmiş borc və hesablanmış 1.884,13 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa müvafiq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, heyvanları lizinqə götürdükdən bir müddət sonra onlara xəstəlik düşdü və hamsı tələf oldular, Sığorta şirkəti isə ona heç bir vəsait ödəmədi. Sığorta şirkəti pul vermədiyi üçün o da borcunu ödəyə bilmədi. İddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2017ci il tarixli, 40-LD/17 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Holştin-friz cinsli 2881,43 manat dəyərindəki 1 baş heyvanı 1440,71 manat ilkin ödəniş ödənildikdən sonra lizinq alana 3 il müddətinə lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1440,72 manat məbləğini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir; - "xxxx" ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə xx.xx.2017-ci il tarixli, 258 nömrəli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən müqavilə predmeti olan simmental cinsi 1 baş heyvan sağlam vəziyyətdə qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 523,72 manat, qalıq borcu 523,72 manat, cərimə borcu 971,2 manat olmaqla, cəmi borcu 1494,92 manat təşkil edir; - "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2017ci il tarixli, 254-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Holtşin-Friz cinsli 2942,23 manat dəyərindəki 1 baş heyvanı 1471,12 manat ilkin ödəniş ödənildikdən sonra 3 il müddətinə lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1471,12 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir; - "xxxx" ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə xx.xx.2017-ci il tarixli, 189 nömrəli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən müqavilə predmeti olan simmental cinsi 1 baş heyvan sağlam vəziyyətdə qəbul edilmişdir; - Ödəniş qrafikindən görünür ki, lizinq alan xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər ay 111 (son ay 110) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 935,11 manat, qalıq borcu 935,11 manat, cərimə borcu 1612,91 manat olmaqla, cəmi borcu 2548,02 manat təşkil edir; - "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2018ci il tarixli, 343-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Simmental cinsli 2440 manat dəyərindəki 1 baş heyvanı 1220 manat ilkin ödəniş ödənildikdən sonra 3 il müddətinə lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1220 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür; - Həmin müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir; - "xxxx" ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə xx.xx.2018-ci il tarixli, 258 nömrəli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən müqavilə predmeti olan simmental cinsi 1 baş heyvan sağlam vəziyyətdə qəbul edilmişdir; - Ödəniş qrafikindən görünür ki, lizinq alan xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər ay 111 (son ay 110) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 1220 manat, cərimə borcu 1884,13 manat olmaqla, cəmi borcu 3104,13 manat təşkil edir; - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir. - Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” "xxxx" MMC “Sifarişçi” Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müvafiq müqavilələr bağlamağı və digər hüquqi xidmətlər göstərməyi öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC Xırdalan Şəhər Vəkil Bürosuna 500 manat məbləğində pul ödəmişdir; - Qəbzlərdən görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2017-ci ildə 1643,6 manat, xx.xx.2017-ci ildə 130 manat, xx.xx.2017ci ildə 130 manat, xx.xx.2017-ci ildə 1677,65 manat, xx.xx.2018-ci ildə 133 manat, xx.xx.2018-ci ildə 264 manat, xx.xx.2018-ci ildə 264 manat, xx.xx.2018-ci ildə 234 manat, xx.xx.2018-ci ildə 1620 manat, xx.xx.2019-cu ildə 268 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh lizinq müqavilələri üzrə damazlıq heyvanları lizinqə götürmüş, lakin müqavilələr ilə müəyyən edilmiş qaydada və müddətdə müvafiq ödənişləri həyata keçirməmişdir. Hazırda iddiaçı müqavilələr üzrə borcların ödənilməməsinə istinad edərək, onların məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə borcunun olduğunu qəbul etsə də, iddia müddətinin keçdiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd olunan qanunvericilik normasının və iş materiallarına əlavə edilmiş müqavilənin məzmunundan göründüyü kimi, lizinq verən lizinq obyektini müqavilə lə müəyyənləşdirilmiş şərtlərə uyğun şəkildə təqdim etməlidir. Lizinq alan isə lizinq obyektinin dəyərini müəyyən edilmiş şəkildə ödəməlidir. Əgər lizinq alan müqavilə şərtlərinə əməl etməzsə, lizinq verən ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki mülki iş üzrə cavabdeh müqavilədə nəzərdə tutulmuş lizinq obyektlərini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin müqavilələr üzrə icra edilməməiş öhdəliklərinin, borcunun olması işin mübahisələndirilməyən halıdır. Bununla belə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə daxil olduğundan məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Hazırki iş materiallarından görünür ki, hər üç müqavilə 3 il müddətinə bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, 40-LD/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixli 343-LD/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, əsas iddia tələbi rədd edildiyindən onunla bağlı olan hüquqi yardım üçün ödənilmiş pulun cavabdehdən tutulmasına dair tələb də təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar