Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-883/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli "358-LD/18" və 13 noyabr 2018-ci il tarixli "373-LD/18" nömrəli müqavilələrin ləğv edilməsi və Cavabdeh 01 noyabr 2018-ci il tarixli "358-LD/18" nömrəli müqavilə üzrə 2 911,97 manat qalıq əsas borc, 4 051,22 manat cərimə borcu olmaqla, ümumilikdə 6 963,19 manat və 13 noyabr 2018-ci il tarixli"373-LD/18" nömrəli müqavilə üzrə 887 manat qalıq əsas borc, 1 203,09 manat cərimə borcu olmaqla, ümumilikdə 2 090,09 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli "373-LD/18" nömrəli müqavilə üzrə 1 203,09 manat cərimə borcunun və 01 noyabr 2018-ci il tarixli "358-LD/18" nömrəli müqavilə üzrə 4 051,22 manat cərimə borcunun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli "358-LD/18"və 13 noyabr 2018-ci il tarixli "373- LD/18" nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 01 noyabr 2018-ci il tarixli "358-LD/18" nömrəli müqavilə üzrə 2 911,97 manat qalıq əsas borc, 4 051,22 manat cərimə borcu olmaqla, ümumilikdə 6 963,19 manat və 13 noyabr 2018-ci il tarixli "373-LD/18" nömrəli müqavilə üzrə 887 manat qalıq əsas borc, 1 203,09 manat cərimə borcu olmaqla, ümumilikdə 2 090,09 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 748-1.12.4-ci maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər razılığa gələ bilmədikdə müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmədə baxılmalı və həll edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüldüyündən sözügedən müqavilələr üzrə borcun tələb edilməsi hüququnu Agentlik həyata keçirir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək müqavilələr üzrə əsas borc öhdəliklərini yerinə yetirdiyini qeyd etmiş və cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh məhkəmə icraatı dövründə əsas borcunu ödəmişdir, lakin cərimə borcu qalmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2018ci il tarixli, 358-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Simmental cinsli 7300 manat dəyərindəki 3 baş heyvanı 3660 manat ilkin ödəniş ödənildikdən sonra lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 3660 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür; - Həmin müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir; - Ödəniş qrafikindən görünür ki, lizinq alan xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər ay 333 (son ay 330) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 0 manat, cərimə borcu 4051,22 manat olmaqla, cəmi borcu 4051,22 manat təşkil edir; - "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2018ci il tarixli, 373-LD/18 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, lizinq verən Simmental cinsli 2440 manat dəyərindəki 1 baş heyvanı 1220 manat ilkin ödəniş ödənildikdən sonra lizinq alana lizinqə verir. Lizinq alan isə damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 1220 manat məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürür; - Həmin müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir; - Ödəniş qrafikindən görünür ki, lizinq alan xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər ay 111 (son ay 110) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür; - Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 2915 (köçürülən 2912) manat və 888 (köçürülən 887) manat məbləğində pul lizinq ödənişi təyinatı ilə ödənilmişdir; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 0 manat, cərimə borcu 1203,09 manat olmaqla, cəmi borcu 1203,09 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh birinci lizinq müqaviləsi üzrə 3, ikinci lizinq müqaviləsi üzrə 1 baş damazlıq heyvan lizinqə götürmüş, lakin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə müvafiq ödənişləri həyata keçirməmişdir. İddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh əsas borcunu tam ödəmişdir. Hazırda iddiaçı hər iki müqavilə üzrə cərimə borclarının qalmasına əsaslanaraq, onun məhkəmə qaydasında ödənilməsinin təmin edilməsini xahiş edir. Hazırki mülki iş üzrə iddiaçı ilk iddia ərizəsində əsas borcun da cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə icraatının gedişi zamanı cavabdeh tərəfindən əsas borc ödənildiyindən və iddia tələbi həmin hissədə azaldıldığından məhkəmə tərəflər arasında müvafiq hüquq münasibətlərinin yaranmasını, cavabdeh tərəfindən borcun ödənilməli olmasını işin mübahisələndirilməyən halı kimi müəyyən edir. Hazırda iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilələr üzrə onlar tərəfindən hesablanmış cərimə borcunun cavabdehdən tutulmasının təmin edilməsi ilə bağlıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Hazırki iş üzrə cavabdehin öz öhdəliyini pozması və onu vaxtında icra etməməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin cavabdeh məhkəmə icraatı gedişində borcunu ödəmiş, iddiaçı isə cərimə tələb etmək hüquqlarını özündə saxladıqlarını qarşı tərəfə bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcunun ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, 358-LD/18 saylı müqavilə üzrə 2 911,97 manat əsas borca görə 110 manat və xx.xx.2018-ci il tarixli, 373- LD/18 saylı müqavilə üzrə isə 887 manat əsas borca görə 40 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1 və 124.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, 358-LD/18 saylı müqavilə üzrə cərimə borcuna görə 110 manat, xx.xx.2018-ci il tarixli, 373-LD/18 saylı müqavilə üzrə cərimə borcuna görə 40 manat olmaqla, cəmi 150 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 358-LD/18 saylı müqavilə üzrə cərimə borcuna görə 110 manat, xx.xx.2018-ci il tarixli, 373-LD/18 saylı müqavilə üzrə cərimə borcuna görə 40 manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilməli olan 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-883/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-883/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver