Məhkəmə qərarları › İş №e-2(005)-93/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-93/2024

07.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-93/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Dövlət Tikinti və Arxitektura Komitəsi, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqi ilə ona məxsus mənzildən bir mərtəbə aşağıda yerləşən mənzilin, yəni Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5 ünvanında 28 saylı mənzilin özbaşına olaraq, eyvanının artırılması məqsədi ilə aparılmış qeyri-qanuni tikilinin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5, ünvanında yerləşən 31 saylı mənzil ona məxsusdur. Mülkiyyət hüququ ilə ona məxsus mənzilindən bir mərtəbə aşağıda yerləşən mənzilin, yəni ünvan 1 ünvanında eyvanının artırılması məqsədi ilə qanunsuz tikinti işlərinin aparılması nəticəsində onun mənzilində həyətə tərəf olan görüntünün qarşısı tamamilə alınmışdır. Eyni zamanda mənzilin irəli doğru qanunsuz şəkildə artırılması nəticəsində yuxarı mərtəbədən atılan məişət tullantıları onun mənzilinə məxsus pəncərənin önündə yığılır və kəskin qoxunun, anti-sanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmışdır. Həmçinin eyvanının qarşısında natəmiz vəziyyətin yaranması, eyvanından rahat istifadəyə mane olur. Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti aparılması qeydə alınmış və bununla bağlı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən qanunsuz tikintinin sökülməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və aidiyyəti orqanlara müraciət etmiş, lakin bugünə kimi qanunsuz tikilinin sökülməsi ilə bağlı heç bir tədbir görülməmişdir. 73 kv.m. sahəsi olan mənzilə 30 kv.m. sahənin artırılması necə qanuni ola bilər?! Bütün bunlar qanunvericiliklə tamamilə qadağandır və sökülməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5 ünvanında 28 saylı mənzilin eyvanının qanunsuz artırılmasının sökülməsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən eyvanın artırılması qanunsuz olmuşdur və bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət olunmuş və tikintinin qanunsuz aparılması sübut olunmuşdur. Bu səbəbdən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5 ünvanında yerləşən 31 saylı mənzilin alt mərtəbəsində, yəni ünvan 2 ünvanında 28 saylı mənzilin eyvanının artırılması məqsədi ilə aparılmış özbaşına qanunsuz tikili cavabdehin hesabına sökülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli eyvan məhz iddiaçı tərəfindən tikilmişdir. Bunu təqdim etdiyi videogörüntülər və google earth proqramının görüntüləri də təsdiq edir. Ekspert rəyi ilə də həmin artırmanın qanunsuz və binanın ümumi layihəsinə zidd olduğu müəyyən edilir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin tikili təmsil etdiyi şəxs tərəfindən tikilməmiş, uzun illər mövcud olmuşdur. Belə ki, xx.xx.1998-ci il tarixdə həmin binalar Bakı şəhər İH MKTB-nin balansına verilən zaman 28 saylı mənzilin qarşısında artırma sahəsi faktiki mövcud olmuşdur. Cavabdeh sadəcə orada müəyyən yenidənqurma (təmir) işləri aparmış, yararsız olan pəncələri yeniləmişdir. Hətta bu yenidənqurma işlərinin aparılması üçün MKİS-nə müraciət də etmişdir. MKİS həmin tikilinin uzun illər öncə tikildiyini nəzərə alaraq eyvan sahəsində vətəndaşın vəsaiti hesabına yenidənqurma işlərinin aparılmasına etiraz etməmişdir. Bundan başqa, iddiaçı hazırda mülkiyyətində olan mənzili 2011-ci ildə almış, bundan 11 il sonra (xx.xx.2022-ci il tarixdə) isə hazırkı iddianı qaldırmışdır. Bu hal, onun iddia müddətini ötürdüyünü göstərir. Digər tərəfdən iddiaçı orada yaşamır, mənzilini kirayə vermişdir. Bu səbəndən iddia tələbinin rədd edilməsini xahiş edir. İşə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti) məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, 20 ildən çox həmin əraziə yaşamışdır. Orada yaşayan sakinlərin demək olar hamısı onu tanıyır. Halhazırda isə Sabunçu rayonunda yaşayır. 2020-ci ildə Sabunçuya köçmüşdür. İradə xanımın həyat yoldaşı onun dostu olub. O, 18-ci binada mənzil 17-də kirayə yaşamışdır. Artırma sahəsi olan ev xeyli vaxt idi ki, satışa çıxarılmışdı və bunu da hamı bilirdi. 2020- 2021-ci il aralığında o ev alındı. O vaxta kimi orada əlavə tikili yox idi. Ev alınandan sonra həmin sahəni artırdılar. Evin əvvəlki sahiblərini də tanıyır. Ev alındıqdan sonra başladılar o tikilini tikməyə. O, evini kirayə versə də, həmin sahə bir çox maneələrə səbəb olub. İradə xanımın evinin eyvanından baxan zaman həyət görünmür. Eyvandan ancaq dam örtüyü görünür. Həmin sahə 60 sm yuxarı tikilmişdir. Bu da çox maneəçilik törədir. Şikayətlər etmiş, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin qarşısına çəkiliş də gətirmişlər. Hətta bu evə görə 2 işçini də işdən çıxarıblar. Cavabdeh evi aldıqdan təxmini 1 ay sonra həmin tikilini tikməyə başladı. Onlar şikayət etdikdən sonra İcra hakimiyyətindən bir nəfər və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyindən 1 nəfər nümayəndə gəlmişdilər. O zaman isə artırma sahəsində olan pəncərə çıxarılmışdı .Həmin tikilidə olan pəncərələr 4-5 dəfə çıxarılıb. Pəncərəni çıxarıb şəklini çəkib göndərirdilər, amma sonra yenidən pəncərələr yerinə qoyulurdu. İradə xanım o evdə yaşamayıb, amma evə gəlib-gedib. Kitabxananı əvvəl rəhbəri qadın olduğuna görə o narazılıq etmirdi, amma sonradan rəhbər dəyişdi. Bu yaxınlarda da kitabxanadan da həmin artırma sahəsinə görə şikayət olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyev Nazim Babaş oğlu bildirmişdir ki, o, həmin blokda 6-cı mərtəbədə yaşayır. 1990-cı illərdən sözü gedən tikili mövcud idi. Sonradan evi cavabdeh tərəf alıb. 1-ci mərtəbədə kitabxana var və oraya su axmışdı. Buna görə də problem yaranmışdı. Xaricə gedib-gəldiyi üçün tam dəqiq bilmir. Fərid köçəndə artıq o tikili var idi. O, həmin yerdə anadan olmuşdur. Təxmini 1990-cı illərdə tikilib. 2002-ci ildən o, xaricə getmişdir. Xaricə gedən zaman o tikili var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Fərid bəy onun uşaqlıq qonşusu olub. 1999-cu ildən o tikili var idi. Həmin vaxt o evdə kimin yaşadığını bilmir. Amma əvvəl şüşəbənd yox idi. Cavabdeh tərəf evi alıb köçdükdən sonra şüşəbənd edilmişdi. Cavabdeh tərəf evi almamışdan öncə həmin tikili eyni sahədə idi. Yəni sonradan artırılma edilməyib. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, şahid ifadələrini dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz halına görə, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5 ünvanında tikilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 31 saylı mənzil xx.xx.2011-ci il tarixdən İddiaçı, həmin mənzilin bilavasitə altında (binanın 2-ci mərtəbəsində) yerləşən 28 saylı mənzil isə xx.xx.2021-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. İşin mübahisəsiz digər halına görə, cavabdehin mülkiyyətində olan 28 saylı mənzilin eyvan sahəsinə artırma mövcuddur və hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. İddiaçı həmin əlavə tikilinin cavabdeh tərəfindən aparıldığını, bunun nəticəsində onun mənzilinin həyətə tərəf görüntüsünün qarşısını tamamilə alındığını, yuxarı mərtəbədən atılan məişət tullantılarının onun pəncərəsinin önündə yığılaraq antisanitariya vəziyyəti yaratdığını və eyvanından rahat istifadəyə mane olduğunu iddia edərək, hazırkı iddia tələbini irəli sürmüş, hüquqi mövqeyini Mülki Məcəllənin 180-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdeh isə həmin artırmanın uzun illər və onun həmin mənzili almasından öncə həyata keçirildiyini, özünün hər hansı əlavə tikinti işləri aparmadığını, sadəcə yenidənqurma (təmir) işləri gördüyünü göstərib, iddiaya etiraz etmişdir. Özbaşına tikintinin anlayışını və onun nəticələrini müəyyən edən Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz tikilinin (eyvana edilən artırmanın) cavabdeh tərəfindən həyata-keçirilib keçirilmədiyi və iddiaçının mənafelərinə toxunub-toxunmadığıdır. Bu çərçivədə ilk olaraq qeyd olunmalıdır ki, eyvana edilən artırmanın məhz Cavabdeh tərəfindən həyata keçirilmiş olduğu işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Belə ki, iddiasının əsası kimi istinad etdiyi halı (artırmanın məhz cavabdeh tərəfindən həyata keçirilməsini) sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşsə də, o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçının təqdim etdiyi “Kanal 24” youtube kanalına aid videoçəkilişlərə gəldikdə isə, həmin görüntülərdən mübahisəli artırmanın artıq mövcud olduğu və orada sadəcə pəncələrinin yenilənməsi işinin aparıldığı müşahidə edilir. Başqa ifadə ilə, həmin videogörüntülər əsasında artırmanın məhz cavabdeh tərəfindən həyata keçirildiyini demək mümkün deyildir, əksinə artırmanın mövcud olduğu görünür. Onun fasadının 1-ci mərtəbədə yerləşən artırmalar ilə vəhdət təşkil etməsi (1-ci, 2-ci mərtəbələrin fasadının təmirinin və rənginin (boyasının) vahid kontur halında olması) ilə bağlı işin faktiki halı, habelə iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən də mübahisəli artırmanın əvvəldən mövcud olduğu qənaətinə gəlmək mümkündür. Belə ki, iş materiallarından görünür ki, tərəflərə aid mənzillərin yerləşdiyi bina xx.xx.1998-ci il tarixdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına verilərkən binanın 1-ci mərtəbəsində yerləşən AR Əqli Mülkiyyət Agentliyinin Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin binaya çıxıntı-tikili hissəsinin dam sahəsində 2-ci mərtəbədə yerləşən 28 saylı mənzilin qarşısında təmir-bərpa işlərinin aparılmasına kəskin ehtiyac olan artırma sahəsi mövcud olmuşdur. İş materiallarından həmçinin görünür ki, 28 mənzili xx.xx.2021-ci il tarixdə əldə edən cavabdeh, hələ xx.xx.2021-ci il tarixdə uzun illər öncə tikilmiş həmin eyvan sahəsinə zərər dəyməsi nəticəsində su sızması hallarının baş verdiyinə görə orada (həmin əlavə tikilidə) öz vəsaiti hesabına yenidənqurma işlərinin aparılmasına icazə verilməsi barədə 115 saylı MKİS-nə müraciət etmiş, MKİS isə həmin mənzilə əlavə edilmiş və 30 kv.m. sahəsi olan eyvanın uzun illər öncə inşa edildiyini nəzərə alaraq orada yenidənqurma işlərinin aparılmasına etiraz etmədiyini bildirmişdir. Başqa sözlə, iddiaçının sökülməsini tələb etdiyi artırma (əlavə tikili) cavabdehin 28 saylı mənzili əldə etməsindən əvvəl mövcud olmuşdur, cavabdeh sadəcə MKİS-nin razılığını alaraq orada yenidənqurma (təmir bərpa) işləri aparmışdır. Cavabdehə məxsus 28 saylı mənzilin eyvanındakı artırmanın (əlavə tikilinin) iddiaçının mənafelərinə toxunub-toxunmadığı məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər qonşuluq hüququ ilə bağlıdır və bu mənada cavabdehə məxsus 28 saylı mənzilin eyvanındakı artırmanın (əlavə tikilinin) iddiaçıya təsirinin həddi, habelə bu müstəvidə maneələrin nədən ibarət olması araşdırılmalıdır. Məhkəmə sökülməsi tələb olunan artırmanın (əlavə tikilinin) iddiaçıya təsiri və həddini aydınlaşdırmaq məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3824 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 saylı evin 28 nömrəli mənzilinə bitişik vəziyyətdə 2.92 x 6.14 m ölçüdə inşa edilmiş tikili mövcud olduğu, həmin tikiliyə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı əldə olunmuş məlumatları, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli və Azərbaycan respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktublarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 saylı evin 28 nömrəli mənzilinin eyvanına edilmiş artırılma cavabdehə məxsus mənzilin sahəsinə daxil olmadığı müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 saylı evin 28 nömrəli mənzilinin eyvanına edilmiş artırılma Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 5 ünvanında yerləşən 31 saylı mənzildən, onun eyvan sahəsindən istifadəyə maneçilik törədib-törətməməsini müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 saylı evin 28 nömrəli mənzilinin eyvanına edilmiş artırılma hansı dövrlərə (təxminən hansı illərə) təsadüf etməsinin müəyyən olunmasına dair metodika olmadığından (yeni və yaxud köhnə tikilidir) qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. İddiaçının sökülməsini tələb etdiyi əlavə tikilinin yerində müayinəsi zamanı da iddiaçının özünə mənsub olan mənzilə cavabdehə məxsus mənzilin eyvanına edilmiş artırmadan dözülməz təsirin mövcud olması sübuta yetirilməmişdir. İddiaçı orada antisanitariya vəziyyətinin yarandığını bildirsə də, baxış zamanı belə bir hal müşahidə edilməmiş, bununla belə əlavə tikilinin iddiaçının eyvanından həyətə olan görüntünü qismən məhdudlaşdırdığı müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə, bu halın mövcudluğu özü-özlüyündə sözügedən artırmanın (xüsusilə də həmin əlavə tikilini tikdirməyən cavabdeh tərəfindən) sökülməli olduğu nəticəsinə gəlməyə əsas deyildir. Bu cür nəticə mütənasiblik prinsipi ilə uzlaşmamaqla yanaşı, ədalətli də olmazdı. Xüsusilə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, tikinti zamanı qonşunun (cavabdehin) sahənin sərhədlərini qərəzsiz pozması halında belə, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli, habelə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin (indiki halda görüntünün qismən məhdudlaşması) öz sahəsinə təsirini qadağan edə bilməz. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş tikili maraqlı şəxsin müraciətinə əsasən o, halda sökülə bir ki, həmin tikili maraqlı şəxsin hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun. Bu mənada məhkəmə hesab edir ki, cavabdehə məxsus mənzilin eyvanında aparılmış artırma (əlavə tikili) iddiaçının öz sahəsindən istifadə etməsində elə bir ciddi maneçilik yaratmadığı üçün iddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz. Ona görə də, iddia ərizəsi təmin olunmamalıdır. İş üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, cavabdehin nümayəndəsinin “iddia müddətinin ötürməsi” ilə bağlı dəlilə qiymət verməyə lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Dövlət Tikinti və Arxitektura Komitəsi, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar