Məhkəmə qərarları › İş №e-2(005)-945/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-945/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-945/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış BL364027 saylı 07-11- 2019-cu il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 1 073 (bir min yetmiş üç manat) əsas borc, 0,00 cərimə, ümumilikdə 1073 (bir min yetmiş üç manat) borcun və 31 (otuz bir manat) dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında BL364027 saylı xx-xx-2019-cu il tarixində bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 7-dən gec olmamaqla 180 ( bir yüzsəksən manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış BL364027Z01 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür Belə ki, cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Belə ki, borca dair arayışdan görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 1 073 (bir min yetmiş üç manat) əsas borc, 0,00 cərimə, ümumilikdə 1073 (bir min yetmiş üç manat) borcu qalmışdır . Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İş üzrə sənədlərdən görünür ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış BL364027 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 2372 manat olan əşya almışdır. xx.xx.2019-cu il tarixli, BL364027Z01 nömrəli zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh1 satıcı İddiaçı MMC arasında 07 noyabr 2019-cu ul tarixdə bağlanmış BL364027 nömrəli nisyə satış müqaviləsinə əsasən alıcı tərəfindən malın qiymətinin (2372 manat) tam və vaxtında satıcıya ödəniləcəyinə zəmanət verir. Alıcı nisyə satış müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə zamin satıc qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli borca dair arayışdan görünür ki, cavabdehin BL364027 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-yə ödənilməyən əsas borcu 1073 manat, cərimə borcu 0,00 manat olmaqla, ümumi borcu 1073 manat təşkil edir. Cavabdeh heç bir ödəniş etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış BL364027 nömrəli, xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin şərtləri Cavabdeh2 tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə əsas borcu 1073 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 ilə zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 BL364027 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1073 manat əsas borc və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 BL364027 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1073 (bir min yetmiş üç) manat əsas borc və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar