Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-968/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldırılması və əmlakın sahibliyinə verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İ blok, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr təşkil edən, qeyri-yaşayış sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılmasına və əmlakın onun sahibliyinə (mülkiyyətinə) verilməsinə, hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair öhdəliyin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə KQY-01/2018 nömrəli alqı-satqı müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İ blok, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr təşkil edən, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 600000 manat təşkil edirdi. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli KQY- 01/18 nömrəli maliyyə arayışına əsasən yuxarıda qeyd olunmuş 300 kv.metrlik qeyriyaşayış sahəsinin ümumi dəyəri ödənilmiş və heç bir borc yoxdur. Lakin bugünədək dəyəri tərəfindən ödənilmiş və onun istifadə və sahibliyinə, müqavilə şərtlərinə əsasən həmçinin mülkiyyətinə verilməli olan əmlaka olan hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini, ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Tərəflər ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İ blok, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə dair yaranmış və Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işi barışıq sazişinin imzalanması yolu ilə həll etmək qərarına gəliblər;
2. Cavabdeh bu razılaşmanın imzalandığı tarixdən tərəflər arasına imzalanmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə KQY-01/2018 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış qeyri-yaşayış sahəsini, sərhədlərini müəyyən etməklə iddiaçının sahiblik və istifadəsinə (mülkiyyətinə) verir;
3. İddiaçı 31 yanvar 2025-ci il tarixinədək, həmin qeyri-yaşayış sahəsini özgəninkiləşdirə və ya digər formada üçüncü şəxslərə ötürə, istifadə və ya sahibliyə verə bilməz və 4-cü bənddə qeyd olunan məbləğ ona tam ödənilən gün əmlakın iddiaçının mülkiyyətinə keçməsi ilə əlaqədar bütün zəruri sənədləri imzalamalıdır;
4. Cavabdeh 31 yanvar 2025-ci il tarixinədək iddiaçıya 611 200.00 (altı yüz on bir min iki yüz) manat məbləğində vəsaiti ödəməklə qeyd olunan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətindən geri almaq hüququna malikdir;
5. Cavabdeh 4-cü bənddə qeyd olunan ödənişi müəyyən olunmuş müddətdə etmədiyi təqdirdə, iddiaçı əmlakın müqəddəratını öz mülahizəsinə əsasən həll etmək hüququna malikdir və cavabdehin buna dair hər hansı iradı olmayacaq;
6. Cavabdehin 4-cü bənddə qeyd olunan vəsaiti 31 yanvar 2025-ci il tarixinədək ödədiyi təqdirdə tərəflər arasında olan bütün (01 avqust 2018-ci il tarixli İNT/B/ 017/18 saylı müqavilə üzrə borc da daxil olmaqla) öhdəliklər icra olunmuş hesab olunacaq və iddiaçı bu və ya digər mövcud borclarla bağlı cavabdehə qarşı hər hansı iddia ilə çıxış etməyəcək.
7. Tərəflər hazırki Barışıq razılaşmasının Nərimanov Rayon Məhkəməsi tərəfindən təsdiq olunaraq tərəflər arasında olan mülki işə xitam verilməsinə razılıqlarını bildirirlər. Bu yolla mülki işə xitam verilməsinin hüquqi nəticələri tərəflərə aydındır. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh MMC arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər ünvan 1 ünvanında inşa edilən “Komfort” yaşayış kompleksinin İ blok, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə dair yaranmış və Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işi barışıq sazişinin imzalanması yolu ilə həll etmək qərarına gəliblər;
2. Cavabdeh bu razılaşmanın imzalandığı tarixdən tərəflər arasına imzalanmış, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə KQY-01/2018 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış qeyri-yaşayış sahəsini, sərhədlərini müəyyən etməklə İddiaçının sahiblik və istifadəsinə (mülkiyyətinə) verir;
3. İddiaçı 31 yanvar 2025-ci il tarixinədək, həmin qeyri-yaşayış sahəsini özgəninkiləşdirə və ya digər formada üçüncü şəxslərə ötürə, istifadə və ya sahibliyə verə bilməz və 4-cü bənddə qeyd olunan məbləğ ona tam ödənilən gün əmlakın İddiaçının mülkiyyətinə keçməsi ilə əlaqədar bütün zəruri sənədləri imzalamalıdır;
4. Cavabdeh 31 yanvar 2025-ci il tarixinədək İddiaçıya 611 200.00 (altı yüz on bir min iki yüz) manat məbləğində vəsaiti ödəməklə qeyd olunan qeyri-yaşayış sahəsini İddiaçının mülkiyyətindən geri almaq hüququna malikdir;
5. Cavabdeh 4-cü bənddə qeyd olunan ödənişi müəyyən olunmuş müddətdə etmədiyi təqdirdə, İddiaçı əmlakın müqəddəratını öz mülahizəsinə əsasən həll etmək hüququna malikdir və Cavabdehin buna dair hər hansı iradı olmayacaq;
6. Cavabdehin 4-cü bənddə qeyd olunan vəsaiti 31 yanvar 2025-ci il tarixinədək ödədiyi təqdirdə tərəflər arasında olan bütün (01 avqust 2018-ci il tarixli İNT/B/ 017/18 saylı müqavilə üzrə borc da daxil olmaqla) öhdəliklər icra olunmuş hesab olunacaq və İddiaçı bu və ya digər mövcud borclarla bağlı Cavabdehə qarşı hər hansı iddia ilə çıxış etməyəcək.
7. Tərəflər hazırki Barışıq razılaşmasının Nərimanov Rayon Məhkəməsi tərəfindən təsdiq olunaraq tərəflər arasında olan mülki işə xitam verilməsinə razılıqlarını bildirirlər. Bu yolla mülki işə xitam verilməsinin hüquqi nəticələri tərəflərə aydındır. İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldırılması və əmlakın sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva