Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-969/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: məhkəmə aidiyyəti; kommersiya mübahisəsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış 21 iyul 2014-cü il tarixli "1048-L/14" nömrəli və 18 avqust 2015-ci il tarixli "1495-L/15" nömrəli müqavilələrin ləğv edilməsi və Cavabdeh Fəxrəddin oğlundan 21 iyul 2014-cü il tarixli "1048-L/14" nömrəli müqavilə üzrə 1.758 manat qalıq əsas borc, 1.758 manat gecikdirilmiş borc, 2.677,69 manat cərimə borcu olmaqla, cəmi 4.435,69 manat və 18 avqust 2015-ci il tarixli "1495-L/15" nömrəli müqavilə üzrə 2.782 manat qalıq əsas borc, 3.921,87 manat cərimə borcu olmaqla, cəmi 6.703,87 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış 21 iyul 2014-cü il tarixli"1048-L/14" nömrəli və 18 avqust 2015-ci il tarixli" 1495- L/15" nömrəli müqavilələrəəsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 21 iyul 2014-cü il tarixli "1048-L/14" nömrəli müqavilə üzrə 1 758 (bir min yeddi yüz əlli səkkiz) manat qalıq əsas borc, 1758 (bir min yeddi yüz əlli səkkiz) manat gecikdirilmiş borc, 2 677,69 (iki min altı yüz yetmiş yeddi manat, 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 4 435,69 (dörd min dörd yüz otuz beş manat, 69 qəpik) manat və 18 avqust 2015-ci il tarixli "1495-L/15" nömrəli müqavilə üzrə 2 782 (iki min yeddi yüz səksən iki) manat qalıq əsas borc, 3 921,87 (üç min doqquz yüz iyirmi bir manat, 87 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6 703,87 (altı min yeddi yüz üç manat, 87 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-8093/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin mövqeyi: Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, götürdüyü texnikanı – taxıl səpəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdeh mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. - 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 №-li qərarına əsasən əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Qərarın 9-cu bəndinə əsasən, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. IV. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə kommersiya məhkəmələrində baxılır. Qeyd olunan meyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkəmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər – iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN:**********) ilə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh isə xx.xx.2004-cü il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə (VÖEN: **********) malik olan, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyicisidir). Digər tərəfdən tərəflər arasında olan mübahisə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə bağlıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, götürdüyü texnikanı – taxıl səpəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışdır. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (Cavabdeh - VÖEN: **********) və hüquqi şəxs (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi- VÖEN: **********) arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırki iş üzrə subyektlər, onların sahibkarlıq fəaliyyəti subyekti olmaları, habelə yaranmış mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırki işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə kommersiya məhkəməsinin icraatında baxılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından edilmiş çıxarışdan görünür ki, hazırki iş üzrə Cavabdeh fərdi sahibkar kimi Şabran rayonunda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Şabran rayonu - Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları, mübahisə predmeti olan əmlakın növünü (ekskavator), iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya məhkəmələrinin səlahiyyətinə aiddir. Belə olan halda isə iddiaçıAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya mübahisəsinə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. IV. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 32, 167.2, 403-1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(005)-969/2025 saylı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-969/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-969/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver