Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-987/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının B korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 183,30 kv.m. (yaşayış sahəsi 100,33 kv.m.) olan, 3 otaqlı mənzilin dəyərinin əvəzi olaraq 137850 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 428 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının B korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 183,80 kv.m. (yaşayış sahəsi 100,33 kv.m.) olan, 3 otaqlı mənzil 26.12.2011-ci il tarixində ona alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 26.12.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə həmin mənzilin dəyərinin, yəni 137850 manat pulun ödənilməsi təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunan binanın B korpusunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183,8 kv.m. olan 3 otaqlı mənzilin 05.10.2005-ci il tarixli № 334 saylı müqavilə ilə X1 baxmayaraq, göstərilən mənzil 2011-ci il tarixdə yuxarıda göstərildiyi kimi alqı-satqı yolu ilə 137850 manat pul dəyərində ona satılmışdır. Cavabdeh MMC pulu “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşdiyi binada nağd şəkildə qəbul etməklə alaraq, MMC-nin rəhbəri tərəfindən imzalı və möhürlü kassa mədaxil orderinin qəbzi ilə mənzilə dair pulun ödənilməsi təsdiq edilmişdir. Cavabdeh MMC-nin eyni mənzili başqa şəxsə satması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmin qətnaməyə əsasən, Xudafərin MMC tərəfindən 05.10.2005-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Xudafərin MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının B korpusunda, 12 ci mərətəbədə, 3 otaqdan ibarət ümumi sahəsi 183,8, kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzilin cavabdeh Xudafərin MMC tərəfindən iddaçı X2 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs qismində verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnaməyə əsasən, onunla bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı Cavabdeh MMC ilə X3 arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır. Sözügedən qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. 26.12.2011-ci il tarixli, 469 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (Cavabdeh MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının B korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 183,80 kv.m. (yaşayış sahəsi 100,33 kv.m.) olan, 3 otaqlı mənzil “Alıcı”ya təhvil verməli olduğu halda təhvil verməmişdir. Belə olan halda müqaviləyə əsasən mənzilin alınması üçün ödədiyi 137850 manat pulun geri qaytarılması üçün məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan; 26.12.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 26.12.2011-ci il tarixli, 469 saylı alqı-satqı müqaviləyə əsasən 137850 manat pul ödəmişdir. İcraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 26.12.2011-ci il tarixli, 469 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının B korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 183,30 kv.m. (yaşayış sahəsi 100,33 kv.m.) olan, 3 otaqlı mənzili alıcıya təhvil verməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Xudafərin MMC tərəfindən 05.10.2005-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Xudafərin MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının B korpusunda, 12 ci mərətəbədə, 3 otaqdan ibarət ümumi sahəsi 183,8, kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzilin cavabdeh Xudafərin MMC tərəfindən iddaçı X2 təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1848/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7446/2015 saylı, 12.08.2015-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli, 2(102)-5364/2021 saylı qərarından görünür ki, hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1848/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişdir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzi ilə sübut olunur ki, hazırda İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni o, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən mənzil almaq məqsədi ilə onun dəyərinin tam şəkildə ödənilməsi və mənzilin ona təhvil verilməməsi işin mübahisəsiz hallarıdır. İddiaçı həmin mənzilə görə 2011-ci ildə 137850 manat ödəmiş, cavabdeh öhdəsinə düşən vəzifəni icra etmədiyinə görə həmin məbləğin ona qaytarılmasını xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddianı əsaslı hesab edir və cavabdehdən iddiaçının xeyrinə ona dəymiş zərərin əvəzi kimi 137850 manatın tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 428 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının B korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 183,30 kv.m. (yaşayış sahəsi 100,33 kv.m.) olan, 3 otaqlı mənzilin dəyərinin əvəzi olaraq 137850 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 428 manat Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-987/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-987/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver