Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-100/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) X7, iddiaçının nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı «öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərə görə 48.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkilmiş 200 manat xərcin Cavabdeh Mənzil Tikinti Kooperativindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A saylı evin 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 163 saylı mənzili Cavabdeh MTK-dan 11 fevral 2012-ci il tarixli «Kooperativ mənzil tikintisi haqqında» Müqavilə əsasında əldə etmişdir, sonradan həmin mənzili özəlləşdirmiş və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Göstərilən «Kooperativ mənzil tikintisi haqqında» Müqavilənin 2.4-cü bəndində mənzilin ümumi və hesablaşma sahəsi 163 m2 nəzərdə tutulduğundan mənzilinə göstərilən kommunal xidmətin qiyməti də cavabdeh tərəfindən həmişə həmin rəqəm əsas götürülməklə hesablanıb ondan tələb edilmişdir. Bu səbəbdən, o, təqdim edilən ödənişi mütəmadi olaraq icra emişdir. 2021-ci ildən başlayaraq mənzilinin yerləşdiyi binada cavabdehin əksər sakinlərə qarşı qanunsuz məhdudiyyətləri və s. xoşagəlməz hərəkətləri (o cümlədən xidmət haqqı məbləğinin qanunvericiliyə uyğun olmaması, yəni yüksək olması, maşınların həyətə buraxılmaması, liftin kart sisteminə keçirilməsi, sakinlərin binanın həyətində gəzinti və istirahətlərinə tam məhdudiyyət qoyulması və s.) səbəbindən tərəflər arasında məhkəmə çəkişmələri getmişdir. Bütün bunlar azmış kimi, cavabdeh xidmət haqqı məbləğini artıraraq yenə də ondan yuxarıda göstərilən müqavilədə nəzərdə tutulan 163 m2 sahənin qiymətini tələb etmiş, o isə bununla razılaşmamış, xidmət haqqının mənzilin ümumi sahəsinə görə yox, yalnız yaşayış sahəsinə görə ödənilməli olduğunu bildirmişdir. Lakin, cavabdeh onunla razılaşmadığına görə mübahisəyə tam aydınlıq gətirilməsi məqsədi ilə həmin mübahisələrin gedişində mənzilinin ümumi və yaşayış sahəsini ölçdürmək məcburiyyətində qalmış, həmin ölçmə işlərindən sonra isə mənzilinin ümumi sahəsinin 163 m2 yox, 147 m2 olduğu müəyyən edilmişdir. Göründüyü kimi, aralarında bağlanmış 11 fevral 2012-ci il tarixli «Kooperativ mənzil tikintisi haqqında» Müqavilənin 2.4-cü bəndində cavabeh üçün nəzərdə tutulan öhdəlik onun tərəfindən 16 m2 az icra edilmişdir, hansı ki, cavabdeh ondan 163 m2 sahəyə görə ödəniş (əvəz) almışdır. Qeyd etməlidir ki, yaşadıqları binada mənzilin 1,0 m2-nin bazar qiyməti 3.000 manat təşkil edir və bu hesabla öhdəliyin cavabdeh tərəfindən lazımınca icra edilməməsi (yəni az icra edilməsi) səbəbindən ona 48.000 manat məbləğində zərər vurulmuşdur. Sadalanan hallar və xüsusatlar baxımından hesab edir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi nəticəsində ona vurulmuş 48.000 manat məbləğində zərər (16,0 m2 x 3.000 manat = 48.000 manat) cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi mübahisəli mənzil ilk öncə X17 verilmiş, sonradan onunla iddiaçı arasındakı razılığa əsasən mənzilə dair iddiaçı ilə müqavilə bağlanaraq, ona müvafiq maliyyə arayışı verilmiş və o, da mənzilə dair öz adına çıxarış almışdır. Göründüyü kimi əslində iddiaçının MTK-ya qarşı tələb hüququ ümumiyyətlə mövcud deyildir. Çünki, həmin mənzil X24 tərəfindən iddiaçıya verilmiş, MTK bu razılaşmanın tərəfi olmamış və iddiaçı qarşısında birbaşa hər hansı öhdəlik götürməmiş, məhz iddiaçının sonradan ərizəsi (xahişi) əsasında onunla müqavilə bağlayaraq, çıxarış ala bilməsi üçün ona arayış vermişdir. Bundan əlavə, MTK qeyd olunan binanı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş işçi layihəsi əsasında inşa etmiş, həmin layihədə binada qeyd olunan mənzilin sahəsi mövcud qaydalarla hesablanaraq təsdiq edilmiş və bina plana uyğun tikilərək dövlət tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Mənzillərə reyestrdən çıxarışlar zaman mənzillərin sahəsini Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında ölçmüşlər. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzillərə reyestrdən çıxarış verilərkən mənzillərin sahəsi fərqli qaydada hesablandığından iddiaçının iddia etdiyi problem yaranmışdır. Hamıya məlumdur ki, mənzilin sahəsinin ölçülməsi qaydaları və hesablanması müxtəlif dövrlərdə fərqli olub və qanunvericiliyin dəyişməsi ilə bu hesablamalar dəyişir. MTK-nın layihəsini təsdiq edərkən mənzillərin sahəsi mövcud qaydalarla hesablanaraq, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və alqı-satqı müqavilələrində də həmin ölçülər qeyd olunmuşdur. Mübahisəli mənzilə dair müqavilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının hazırda tətbiq olunan “tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” isə Komitənin 04 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi mübahisəli mənzilə dair müqavilə bağlanan tarixdə həmin Qaydalar, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsi (2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) ümumiyyətlə, qüvvədə olmamışdır. Bundan başqa, məhz iddiaçının xahişi ilə onunla müqavilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının ərizəsində də göstərdiyi kimi o, müvafiq mənzilə dair çıxarışı xx.xx.2017-ci il tarixdə almışdır. Müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakterindən müəyyən olunduğu kimi onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı 11 fevral 2012-ci il tarixdə mənzili təhvil aldığı zaman cavabdeh MTK-ya qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə 2023-cü il tarixdə 11 il sonra məhkəməyə təqdim etmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl MTK-ya etdiyi müraciətində çıxarış alan zaman fərqi müəyyən etdiyini bildirmişdir. Hətta çıxarış alınan 2017-ci il tarixdən hesabladıqda belə, iddiaçı hazırkı tələblə bağlı nəzərdə tutulmuş 5 illik iddia müddətini yenə də ötürmüşdür. Halbuki mənzil ona təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, bu tədbirlərdən heç birini görməmiş, bununla da tələb etmək hüququnu itirmişdir. Göstərilənlərə əsasən qanunsuz və əsassız olan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, öhdəliyin az miqdarda icra edilməsi nəticəsində ona vurulmuş zərərə görə 39.174,03 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkilmiş 200 manat məbləğində xərcin Cavabdeh Mənzil Tikinti Kooperativindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş ərizədə qeyd olunmuşdur ki, iddia tələbi üzrə sübutların mötəbərliyinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəf "xxxx"nə müraciət edərək mülkiyyətində olmaqla Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 «A» saylı evin 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 163 saylı mənzilin ümumi sahəsinin, habelə həmin mənzilin 1,0 m2 sahəsinin mövcud bazar qiymətinin nə qədər təşkil etdiyinin müəyyən olunmasını sifariş etmişdir. Göstərilən mərkəz tərəfindən verilmiş ƏEM/Y 34-033/24 saylı 29 yanvar 2024-cü il tarixli hesabatda yuxarıda göstərilən mənzilin 1,0 m2-nin mövcud bazar qiymətinin 2.381,4 manat, eyni tarixli ƏEM/Y 34-034/24 saylı hesabatda isə həmin mənzilin ümumi sahəsinin 146,55 m2 olduğunun müəyyən edildiyi göstərilmişdir. Beləliklə də cavabdeh, tərəflər arasında bağlanmış 11 fevral 2012-ci il tarixli 166 saylı müqavilənin 2.4-cü bəndində göstərilən, ümumi sahəsi 163,0 m2 mənzilin əvəzinə iddiaçıya 146,55 m2 ümumi sahəsi olan mənzil vermiş, bununla da öz öhdəliyini 16,45 m2 (163,0 - 146,55 = 16,45) az miqdarda icra etmişdir. Bunun nəticəsində isə iddiaçı 39.174,03 manat məbləğində (16,45 m2 x 2381,4 manat = 39.174,03) zərər çəkmişdir. Belə olan halda isə iddia tələbinin predmetinə dəyişiklik edilməli, iddia tələbinin həcmi azaldılmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə1 22 fevral 2024-cü il tarixdə məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmənin icraatında təmsil etdiyi İddiaçı Cavabdeh MTK-ya qarşı «Öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi vardır ki, cavabdehin nümayəndəsi və vəkili Şahanə Süleymanova məhkəməyə «İddia müddətinin tətbiqinə dair» ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən həmin ərizəni əsassız hesab edir: 1. Cavabdeh öz ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə istinad edərək tərəflər arasındakı münasibəti «podrat müqaviləsindən irəli gələn münasibətlər» kimi yozmuşdur ki, bu tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işin faktiki hallarından isə görünür ki, tərəflər arasındakı münasibətdə podrat müqaviləsinin ünsürləri mövcud olmamışdır. Yəni tərəflər arasında bağlanmış 11 fevral 2012-ci il tarixli 166 saylı müqavilənin başlığında «Kooperativ mənzil tikintisi haqqında Müqavilə» sözləri göstərilsə də, bu formal xarakter daşımışdır. Belə ki, hazırki iş üzrə iddiaçı hər hansı mənzil tikintisini sifariş verməmiş, birbaşa mənzili hazır vəziyyətdə almışdır. Müqavilənin məzmununda icranın, yəni mənzilin tikinti müddətinin göstərilməməsi faktı da ona dəlalət edir ki, tərəflər arasında faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi Vüqar Əhmədov izahat verərək bilavasitə bildirmişdir ki, mənzili 2012-ci ildə alqı-satqı yolu ilə almışlar. 2. Cavabdehin nümayəndəsi sözügedən ərizədə Mülki Məcəllənin 776.1-ci maddəsinə əsaslanaraq iddiaçı tərəfindən 5 illik iddia müddətinin ötürüldüyünü göstərmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Birmənalı olaraq qeyd edilməlidir ki, cavabdehin nümayəndəsinin yuxarıda göstərilən maddi hüquq normalarını tərəflərin arasında yaranmış münasibətə şamil etməsi aşağıdakılara əsasən xüsusilə düzgün deyildir. Əvvəla «qüsur» anlayışı keyfiyyətlə bağlı halları ehtiva edir ki, bu, mülki qanunvericiliyin podratla bağlı müddəalarında da öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi, «qüsur» anlayışı yerinə yetirilmiş icranın keyfiyyəti ilə əlaqədar məsələləri əhatə edir, bir sözlə, keyfiyyətlə bağlıdır. Sözügedən halda isə tərəflər arasında mübahisə əşyanın miqdarı ilə bağlıdır. 3. Cavabdehin nümayəndəsinin beş illik iddia müddəti ilə bağlı dəlillərinə gəlincə qeyd edilməlidir ki, həmin müddət daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan mənzilə yox, podrat müqaviləsinin predmeti olan, yəni həmin müqavilə əsasında inşa edilən binaya aiddir. Bütün yuxarıda göstərilənlər tərəflər arasında yaranmış mübahisənin podrat müqaviləsindən deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən irəli gəldiyinə dəlalət edir. Belə ki, Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 649-cu maddəsinə görə satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Mülki Məcəllənin 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. Mübahisə halında iddiaçı tərəf öz hüququnun pozulduğunun hazırki iş üzrə cavabdehin ona və binanın digər sakinlərinə qarşı qanunsuz məhdudiyyətləri və s. xoşagəlməz hərəkətləri (o cümlədən xidmət haqqı məbləğinin qanunvericiliyə uyğun olmaması, yəni yüksək olması, maşınların həyətə buraxılmaması, liftin kart sisteminə keçirilməsi, sakinlərin binanın həyətində gəzinti və istirahətlərinə tam məhhdudiyyət qoyulması və s.) səbəbindən tərəflər arasında 2021-ci ildən başlayan məhkəmə çəkişmələri nəticəsində məlum olduğunu bildirmiş, göründüyü kimi, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan altı illik müddət iddiaçı tərəfindən ötürülməmişdir (yəni iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh xidmət haqqı məbləğini artıraraq yenə də ondan göstərilən müqavilədə nəzərdə tutulan 163,0 m2 sahənin qiymətini tələb etmiş, o isə bununla razılaşmamış, xidmət haqqının mənzilin ümumi sahəsinə görə yox, yalnız yaşayış sahəsinə görə ödənilməli olduğunu bildirmişdir. Lakin, cavabdeh onunla razılaşmadığına görə mübahisəyə tam aydınlıq gətirilməsi məqsədi ilə həmin mübahisələrin gedişində mənzilin ümumi və yaşayış sahəsini ölçdürmək məcburiyyətində qalmış, həmin ölçmə işlərindən sonra isə mənzilin ümumi sahəsinin 163,0 m2 yox, 147,0 m2 olduğu müəyyən edilmişdir). Bütün yuxarıda qeyd edilənlər, xüsusilə də mənzilin ümumi sahəsinin faktiki olaraq 147,0 m2 olması faktı baxımından cavabdehin ərizəsində istinad edilən digər məsələlər, yəni mənzil sahəsinin ölçülməsi ilə bağlı digər məqamlar heç bir əhəmiyyət kəsb etmir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi Şahanə Süleymanovanın «İddia müddətinin tətbiqinə dair» xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmamasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 03 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırki iş üzrə cavabdeh tərəfin mübahisəyə «İddia müddətinin tətbiq olunması barədə» ərizəsinə cavab olaraq məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli etirazda qeyd etmişlər ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. Mübahisə halında iddiaçı tərəf öz hüququnun pozulduğunun hazırki iş üzrə cavabdehin ona və binanın digər sakinlərinə qarşı qanunsuz məhdudiyyətləri və s. xoşagəlməz hərəkətləri (o cümlədən xidmət haqqı məbləğinin qanunvericiliyə uyğun olmaması, yəni yüksək olması, maşınların həyətə buraxılmaması, liftin kart sisteminə keçirilməsi, sakinlərin binanın həyətində gəzinti və istirahətlərinə tam məhhdudiyyət qoyulması və s.) səbəbindən tərəflər arasında 2021-ci ildən başlayan məhkəmə çəkişmələri nəticəsində məlum olduğunu bildirmiş, göründüyü kimi, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan altı illik müddət iddiaçı tərəfindən ötürülməmişdir (yəni iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh xidmət haqqı məbləğini artıraraq yenə də ondan göstərilən müqavilədə nəzərdə tutulan 163,0 m2 sahənin qiymətini tələb etmiş, o isə bununla razılaşmamış, xidmət haqqının mənzilin ümumi sahəsinə görə yox, yalnız yaşayış sahəsinə görə ödənilməli olduğunu bildirmişdir. Lakin cavabdeh onunla razılaşmadığına görə mübahisəyə tam aydınlıq gətirilməsi məqsədi ilə həmin mübahisələrin gedişində mənzilin ümumi və yaşayış sahəsini ölçdürmək məcburiyyətində qalmış, həmin ölçmə işlərindən sonra isə mənzilin ümumi sahəsinin 163,0 m2 yox, 147,0 m2 olduğu müəyyən edilmişdir). Odur ki, yuxarıda göstərilən dəlilin (yəni şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxt) təsdiqi və əsası olaraq 2021-ci ildə tərəflər arasında gedən mübahisə üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələri məlumat üçün təqdim edilir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı qətnaməsinin 10-cu səhifəsinin 5-ci abzasından da görünür ki, cavabdeh 146,0 m2 sahəyə görə yox, 163,0 m2 sahəyə görə 672 manat borc tələb etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) X14 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz ünvanlamışlar və etirazın əsaslandırmasında göstərmişdir ki, müddət buraxılmayıb, tərəflər arasındakı müqavilə alqı-satqı müqaviləsidir. Eyni zamanda məlumdur ki, 2021-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində keçirilən iclaslar zamanı iddiaçı tərəf olmuşlar. Orada tələb pul tələbi idi və pul tələbi 163 m2-na görə qaldırılmışdır. Qarşılıqlı iddia var idi. Buna görə də iddia müddətinin tətbiqi ilə razı deyil, çünki hesablanma sonradan olub. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və əlavə olaraq qeyd etdi ki, bu iş başlayandan ən təsirli olan qarşı tərəfin hörmətsiz yanaşmasıdır, prosesə gəlib iştirak etmirlər. Qeyd olunana əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, ölkə xaricində olacağından məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 11 fevral 2012-ci il tarixli 166 saylı kooperativ mənzil tikinti haqqında müqavilədən görünür ki, Cavabdeh MTK müqavilə şərtlərinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 42 ünvanda yaşayış tikiləcək yaşayış binasının 163 saylı mənzilinin payçı İddiaçı təhvil verəcəyi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndində mənzilin ümumi və hesablaşma sahəsinin 163 m2 olacağı təsbit olunmuşdur. Mənzilin ümumi dəyəri X25 tərəfindən kərpic ilə əvəzləşdirilmişdir. İddiaçı Cavabdeh MTK-ya yazdığı 11 fevral 2012-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Xətai prospekti 42 ünvanda Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasına xx.xx.2007-ci il tarixdə X15 tikintiyə verdiyi kərpic əvəzi İİİ giriş 13 mərtəbə sahəsi 163 m2 olan 4 otaqlı 163 saylı mənzili almışdır və həmin mənzil üçün 130.320 manat (ABŞ dolları ilə 152.000 ABŞ dolları) pul verilmişdir. İddiaçı xahiş etmişdir ki, həmin mənzili və həmin mənzil üçün yazılmış məbləğ onun adına keçirilsin. 33 saylı maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri Xətai prospekti 42 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasına X15 verdiyi kərpic əvəzinə binadan 3-cü giriş 13-cü mərtəbə sahəsi 163 m2 olan 4 otaqlı 163 saylı mənzil verilmişdir və mənzilin dəyəri onun verdiyi kərpiclə tam ödənilmişdir. İddiaçı Cavabdeh MTK-ya borcu yoxdur. İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətində tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin 163 kv.m. və müvafiq dövlət reyestrindən çıxarışda isə sahənin 147 kv.m. göstərilməsini, Mülki Məcəllənin 439-cu maddəsini rəhbər tutaraq öhdəlikdən kənar ödənilmiş 16 kv.m.sahəyə ödənilmiş pulun ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli texniki pasportdan görünür ki, İdarə tərəfindən ünvan 3 ünvanda yerləşən 163 saylı mənzilin texniki parametrləri təsbit edilməklə texniki pasport tərtib olunmuşdur. Mənzilin ümumi sahəsi 147 kv.m., balkon sahələrinə 0,3 əmsal tətbiq edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 163 saylı mənzil (ümumi sahəsi 147 m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 2727 saylı reyestr kitabının 254162 saylı vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın ümumi sahəsi 147 kv.m.qeyd edilmişdir. "xxxx" MMC-nin 29 yanvar 2024-cü il tarixli ƏEM/Y 33-033/24 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 163 saylı mənzilin 29 yanvar 2024-cü il tarixə 1 kv.metr sahənin bazar dəyəri 2381,4 manat, mənzilin ümumi bazar dəyəri 147 kv.m üçün 350.000 manat təşkil edir. "xxxx" MMC-nin 29 yanvar 2024-cü il tarixli ƏEM/Y 34-034/24 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq mənzildə ölçmə işləri aparılıb və təhlil olunub. Ölçmə işləri «Bosch DLE 70 Professional» markalı lazer metr aparatı vasitəsi ilə aparılıb. Aparılmış ölçü işləri və təhlillərə əsasən, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 163 saylı mənzilin ümumi sahəsi 146,55 m2 təşkil edir. 29 yanvar 2024-cü il tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, əmlakın bazar dəyərinin qiymətləndirilməsi və əmlakın ölçü işlərinin görülməsi üçün X20 tərəfindən 200 manat və 150 manat olmaqla, cəmi 350 manat ödəniş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 972/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri X21 və qeyriləri iddia ərizəsi, iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 «a» ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətindən maşınları ilə istifadəyə (maşınla giriş-çıxışa və maşınların həyətdə saxlanmasına) yaradılmış maneçiliklərin, habelə liftlərə kart sisteminin quraşdırılmasının, eləcə də müqavilə bağlanmadan ümumi əmlakın saxlanması və kommunal xidmətlərə görə haqqın yığılmasının qanunsuz hesab edilməsi; Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 «a» ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətində avtomaşınların saxlanması yerlərini məhdudlaşdıran və gediş-gəlişə maneçilik törədən üç daş hündürlüyündə quraşdırılmış lüzumsuz sahənin sökülərək əvvəlki vəziyyətinə gətirilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi; Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2.728 manat; X8 xeyrinə 1.818,4 manat; X2 xeyrinə 2.232 manat; X6 xeyrinə 342 manat; X13 xeyrinə 1.420 manat; X3 xeyrinə 2.700 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X9 qarşılıqlı iddia ərizəsi, qarşılıqlı iddia tələbinin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək İddiaçı 864 manat, X5 470 manat, X1 264 manat, X10 1.666 manat, X11 4.151 manat məbləğdə pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci tarixli 2(006)-1146/2021 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri X21 və qeyrilərinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı «öhdəliyin qoyulması və s.» tələbinə dair iddia və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri X21 və qeyrilərinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə icraata Cavabdeh MTK-nın ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) çoxmənzilli binanın sakini X16 qarşı «pul» tələbinə dair hissədə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(006)-1146/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi - Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 «a» ünvanda yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılmasının Cavabdeh MTK-ya qadağan edilməsi; qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2021-ci tarixli 2(006)-1M6/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci tarixli 2(006)- 1146/2021 saylı qərardadı ləğv edilmiş, iddia tələbinin çoxmənzilli binanın sakini X16 qarşı «pul» tələbinə dair hissəsinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(006)-1146/2021 saylı əlavə qətnaməsi ilə X16 qarşı da qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X9 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-972/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(006)-1146/2021 saylı qətnaməsi və 26 iyul 2021-ci il tarixli 2(006)-1146/2021 saylı əlavə qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən «X23» MMC-yə sahəsi 163,0 m2 olması qeyd edilən mənzilə görə 80 manat kommunal xidmət xərci (2021-ci ilin may ayı üçün) ödənilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən «X23» MMC-yə sahəsi 163,0 m2 olması qeyd edilən mənzilə görə 81,5 manat kommunal xidmət xərci (2021-ci ilin iyun ayı üçün) ödənilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən «X23» MMC-yə sahəsi 163,0 m2 olması qeyd edilən mənzilə görə 81,5 manat kommunal xidmət xərci (2021-ci ilin iyul ayı üçün) ödənilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən «X23» MMC-yə sahəsi 163,0 m2 olması qeyd edilən mənzilə görə 81,5 manat kommunal xidmət xərci (2021-ci ilin avqust ayı üçün) ödənilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən «X23» MMC-yə sahəsi 163,0 m2 olması qeyd edilən mənzilə görə 81,5 manat kommunal xidmət xərci (2021-ci ilin sentyabr ayı üçün) ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 133 manat vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 103 manat vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixli 15363 saylı ödəniş qəbzindən görünür ki, X20 tərəfindən 200 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli 10/2155 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 163 saylı mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 158,9 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 163 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 169,1 m2 təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/9023 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 163 saylı mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 158,9 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən 163 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 169,1 m2 təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə- Sualda tərəflər arasında müqavilə bağlanan xx.xx.2012-ci il tarixdə mövcud olmuş hesablama qaydalarına əsasən mübahisəli mənzilin ümumi sahəsinin nə qədər təşkil etdiyini müəyyənləşdirilməsi tələb olunmuşdur. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»nın təsdiq edilməsi haqqında 7 saylı qərarı 04 dekabr 2012-ci il tarixdə təsdiq edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş 01 yanvar 2013-ü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin : 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında 166 №li xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən kooperativ payçıya qeyd edilən ünvanda inşa ediləcək yaşayış binasında yerləşən ümumi 163 kv metr sahəsi olan mənzili verməyi öhdəsinə götürmüşdür. Hətta qeyd edilən mənzilin dəyəri İddiaçı tərəfindən pulla deyil, X15 verdiyi kərpiclə əvəzləşdirilmişdir. Tərəflərin məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) verdikləri izahatlara əsasən müqavilə bağlanan vaxtdan etibarən də, yəni 2012-ci ildə mənzil iddiaçıya təhvil verilmiş və iddiaçı da həmin mənzildə köçərək yaşamağa başlamışdır. İddiaçının dəlilləri tərəflər arasında yaranmış münasibətlərin alqısatqı müqaviləsindən irəli gələn münasibətlər olması, cavabdehin mövqeyi isə həmin münasibətlərin podrat müqaviləsindən irəli gələn münasibətlər olmasıdır. İddiaçı tərəf MTK-dən hazır mənzil almasına istinad edərək hazırda cavabdehin alqı-satqı müqaviləsinin kəmiyyət etibarilə müqavilə ilə şərtləşdirilmiş kəmiyyətə uyğun icra edilmədiyini iddia edərək mənzilin hazırki bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilərək müqavilənin kəsirlə icra edilmiş hissəsinə görə hesablanan pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. İddiaçının dəlillərinə əsasən o, mənzilin müqavilə ilə razılaşdırılmış sahələrə uyğun gəlməməsindən məhz 2023-cü ildə müvafiq ölçmə işləri aparıldıqdan sonra xəbərdar olmuşdur. Habelə iddiaçı tərəfindən onunla və binanın digər sakinləri ilə Mənzil Tikinti Kooperativi, habelə binanın idarəetməsini həyata keçirən idarəedici təşkilatla aralarında olan məhkəmə mübahisələrinə dair qətnamələri təqdim edərək mənzilin müqavilə ilə nəzərdə tutulmuş sahəyə uyğunsuzluğunu 2021-ci ildə müəyyən etdiklərini göstərmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir. Məhkəmənin iddianın mahiyyəti üzrə ölçülərin uyğunsuzluğu ilə bağlı müəyyən etdiyi hal ondan ibarətdir ki, məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasına əsasən aparılmış ekspert tədqiqatında göstərilmişdir ki, baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində mənzilin ümumi sahəsi, eləcə də tikililərin ayrı-ayrılıqda sahələri müəyyən edilmişdir. (Qeyd edilən ölçülər mənzilin texniki pasportunda göstərilən ölçülərlə eynilik təşkil edir,yeganə istisna texniki pasportda iki balkon sahəsinə 0,3 əmsalın tətbiqindən ibarətdir-məhkəmə). Eyni zamanda mənzilin daxilində üç havalandırma şaxtası mövcuddur. Mənzildə mövcud olan xarici (5,9 kv.m) və arakəsmə divarların (4,3 kv.m) yerləşdiyi sahə 10,2 kv.m.təşkil edir. Mənzilin sahəsi hesablanarkən xarici və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə nəzərə alındıqda, eyni zamanda balkonların sahəsi hesablanarkən müvafiq azaltma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin sahəsi 169,1 kv.m. təşkil edir. Mənzilin faktiki ümumi sahəsinin isə (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 158,9 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 169,1 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Qanunvericiliyin müddəalarına və mövcud məhkəmə tərcübəsinə əsasən tərəflər arasında müqavilədə mənzilin sahəsinin hansı qaydada hesablanmasında dair birbaşa qayda müəyyən edilmədikdə sahənin hesablanmasının podratçının səlahiyyətlərinə aid edildiyi müəyyən edilmişdir. Tərəflər arasında müqavilə bağlanan anda qeyd edilən hal, yəni sahənin hansı qaydada hesablanmasına dair müqavilə şərti olmadığından və bu hal birbaşa olaraq normativ aktla tənzimlənmədiyindən tərəflər arasında yaranan münasibətlərə işgüzar adətlərə uyğun qiymət verilməklə sahənin hesablanması qaydasının podratçının səlahiyyətində olması nəzərə alınmalıdır. Bununla belə qeyd edilməlidir ki, hər bir halda, (Şəhərsalma və Tikinti Məcəllənin 59.3-cü maddəsinin müddəalarına əsasən) mənzilin sahəsi hesablanarkən sobanın (buxarının,şaxtanın), bayır və ara divarlarının sahəsi nəzərə alınmır ki, hazırki işin faktiki hallarına əsasən həmin hesablama qaydasına əsasən mənzilin ümumi faktiki sahəsi 158,9 kv.m. təşkil edir ki, bu halda podratçının sifarişçiyə təqdim etdiyi podratın nəticəsində sahə uyğunsuzluğu müəyyən edilir.Lakin məhkəmə həmçinin onu da qeyd edir ki, hətta qanunvericiliyin digər müddəasına əsasən (Şəhərsalma və Tikinti Məcəllənin 59.2-ci maddəsinin müddəalarına əsasən) müəyyən edilir ki, mənzilin faktiki sahəsi 169,1 kv.m. təşkil edir.Göründüyü kimi hətta məhkəmə tərəfindən iddiaçının podratın nəticəsinin müqaviləyə əsasən 163 kv.m. təşkil etdiyi halda, qanunvericiliyə əsasən ona (10,2 kv.m. divaraltı sahə xaric) 158,9 kv.m. verilməsi, bununla yanaşı şəxsin istifadəsində faktiki olaraq (azaltma əmsalları tətbiq edilmədən (iki balkonun ümumi sahəsi 16,9 kv.m.) və divaraltı sahələr də daxil edilməklə) 169,1 kv.m sahə olması iddianı öz-özlüyündə yalnız 163-158,9=4,1 kv.m. sahəyə münasibətdə qismən əsaslı hesab etməyə əsas verə bilər. Lakin məhkəmə mənzilin iddiaçının istifadəsinə 2012-ci ildə verilməsini, həmin vaxtdan şəxsin mənzili təmir edərək orda köçüb yaşamağa başlamasını, həmin dövr üçün də müvafiq qaydada kooperativə, sonradan isə binanın idarəetməsini həyata keçirən idarəediciyə kommunal ödənişləri həyata keçirməsini, 2017-ci ildə mənzilin müvafiq dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqların dövlət reyestrindən çıxarışı və mənzilin texniki pasportunu əldə etməsini, binanın idarəetməsini həyata keçirən MMC tərəfindən İddiaçı qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edilərək sonuncudan müvafiq ödənişləri tələb edilməsini, hazırki iş üzrə iddia tələbi ilə isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, hazırki iddia tələbinin qismən əsaslı hesab edilən hissəsi üzrə iddiaçı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.İddiaçı tərəfindən tərəflər arasında yaranmış münasibətlərin alqı-satqı müqaviləsi kimi dəyərləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin ümumi predmetini satıcının əşyanı alıcının mülkiyyətinə verməyi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi təşkil edir. Hazırda halda isə tərəflər arasında münasibətlər qeyd edilən normanın deyil, podratçıının müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçinin isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürməsi ilə bağlı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Odur ki, iddia tələbinə münasibətdə podrat müqaviləsinə irəli gələn müddəalar tətbiq edilməli və iddia tələbi həmin tələblərdən irəli gələn müddətləri ötürülməklə təqdim edildiyindən rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 132 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 150 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X4, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-100/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-100/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver