Məhkəmə qərarları › İş №e-2(006)-1011/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1011/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1011/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış SBE000021 saylı xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsinə əsasən cavabdeh 448 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Xidmət müqaviləsi üzrə Sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilən xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən Sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Həmin müqavilənin 2.4.2-ci maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gecikən borc məbləğinin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Belə ki, cavabdehin iddia ərizəsi verilən günə 448 manat əsas borcu, 67.20 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə SBE000021 saylı xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsi üzrə 448 AZN əsas borcun, 67,20 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1011/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. X3 (müştəri) ilə İddiaçı QSC (faktor) arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2023-cü il tarixli R-2618/23 №-li faktorinq müqaviləsindən görünür ki, faktor borclu barəsində müştərinin borcluya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir;

8. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SBE000021 saylı Xidmət müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, X3 dəyəri 448 manat olan xidmətləri Cavabdeh göstərməyi, Cavabdeh isə göstərilmiş xidmətlərə görə ilkin ödəniş etmədən xidməti qəbul edib, xidmətin dəyərini hər ay 75 manat, sonuncu ay isə 73 manat ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür;

9. R-2618/23 №-li xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2023-cü il tarixli sazişdən görünür ki, X3 SBE000021 saylı xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsi üzrə Cavabdeh olan 448 manat məbləğində tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir;

10. Tələbin güzəşti barədə bildirişdən görünür ki, X3 ilə bağlanmış xx.xx.2023-cü il tarixli SBE000021 saylı Xidmət müqaviləsindən irəli gələn pul tələbinin hamısının "xxxx" QSC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdar edilmişdir;

11. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsi üzrə borcun ödənilməsi barədə "xxxx" QSC tərəfindən xəbərdar edilmişdir;

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından və xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdehnun SBE000021 saylı müqavilə üzrə İddiaçı QSC-yə 448 manat əsas borc, 67,2 manat cərimə borcu olmaqla, cəmi 515,2 manat məbləğində borcu vardır;

13. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30,00 (otuz) manat dövlət rüsumu ödənilmiş, 0,40 (qırx qəpik) manat isə xidmət haqqı tutulmuşdur;

14. Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş ərizədən görünür ki, İddiaçı QSC-nin ona qarşı iddiasını qəbul etmədiyini, iddiaçıdan heç vaxt kredit və ya hər hansı bir məhsul götürmədiyini, iddianın əsassız olduğunu bildirmiş, rədd edilməsini xahiş etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, X3 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SBE000021 saylı Xidmət müqaviləsi bağlanmış, müqavilə və ona əlavəyə əsasən, iddiaçı dəyəri 448 manat olan xidmətləri cavabdehə göstərmiş, cavabdeh qəbul edilmiş xidmətlərin əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

16. İddiaçı QSC ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, X1 Cavabdeh qarşı olan tələb hüququ iddiaçıya keçmiş, tələb hüququnun ona keçməsi barədə bildiriş cavabdehə təqdim edilmişdir.

17. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, X3 ilə cavabdeh arasında tapşırıq (xidmət) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, X3 müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir.

19. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, Cavabdeh kosmetoloji xidmətləri iddiaçı deyil, X3 göstərmişdir. X3 cavabdehə qarşı tələb hüququnu İddiaçı QSC-yə güzəştə getmişdir.

20. İddiaçı QSC X2 maliyyələşdirmiş, buna görə də X3 cavabdehə qarşı olan pul tələbini iddiaçıya güzəşt etmişdir. Bu barədə bildiriş cavabdehə təqdim edilmişdir. Deməli, iddiaçının cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.

21. Məhkəmə mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və hesab edir ki, iddiaçının tələbi əsas borc hissəsində təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir.

22. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli SBE000021 saylı müqavilə üzrə 67,20 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 25 manat məbləğinədək azaldılmalıdır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-194.2-ci maddələrinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 655.1-655.2-ci maddələrinə görə, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən, əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

24. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 448 (dörd yüz qırx səkkiz) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 473 (dörd yüz yetmiş üç) manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

26. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan 2 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 448 (dörd yüz qırx səkkiz) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 473 (dörd yüz yetmiş üç) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı QSC-yə verilsin, qalan hissəsi İddiaçı QSC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar