Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1017/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 530 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 560 manatın) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: “KİA CERATO” markalı, 99–FP–041 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il martın 19-da Cavabdeh idarə etdiyi “KİA CERATO” markalı, 99–FP–041 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi yolunda“ HYUNDAİ İ30” markalı, 99–VS–619 dövlət nömrə nişanlı və “OPEL ASTRA” markalı, 27-BK–587 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Binəqədi DYPŞ-in xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP 494547 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 721 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “OPEL ASTRA” markalı, 27-BK–587 dövlət nömrə nişanlı avtomobilə 420 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 710 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ İ30” markalı, 99–VS–619 dövlət nömrə nişanlı avtomobilə 110 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 420 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 110 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Cavabdeh videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin hazırlıq iclasında iştirakı təmin edilmiş, cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, polis əməkdaşlarının onu qovması nəticəsində yol nəqliyyat hadisəsini törətmişdir. Həmin hadisəyə görə də ona 4 bal yazılmaqla 90 manat cərimə olunmuşdur. Belə olan halda sığorta şirkətinin ondan pul tələb etməsi əsassızdır. İşləmir, ödəmək imkanı da yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin PXA 107677 saylı xx.xx.2022-ci il tarixli, sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə «Kia Cerato» markalı, **-FP-***dövlət nömrə nişanlı avtomobil «Hyundai İ30” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı xx.xx.2022-ci il tarili inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXMnin 327.1. və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 dəqiqədə Bakı şəhəri, yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirli olan şəxs tərəfindən idarə edilən avtonəqliyyat vasitəsi «Kia Cerato» markalı, **-FP-*** dövlət nömrə nişanlıdır. Mülkiyyətçisi X5 və hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. Hadisə zamanı zərər vurulan əmlak olaraq şəxsə dəymiş ziyan qeyd edilmişdir. “Avtobox automobile services”in xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Hyundai İ30” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 110 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 05/01-781 saylı məktubuna əsasən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Kart Hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 419841******1134 saylı karta 420 manat xx.xx.2024-cü il tarixdə 419841******9074 saylı karta 110 manat ümumilikdə 530 manat "xxxx" ASC tərəfindən pul köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 30.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən idarə edilən «Kia Cerato» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşın «Hyundai İ30” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və Cavabdeh hadisə yerindən yayınmışdır. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 110 manat və 420 manat məbləğində sığorta ödənişlərini həyata keçirmişdir. «Kia Cerato» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.1. və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. “İcbari sığortalar haqqında” Qanunun tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh idarə etdiyi «Kia Cerato» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığına görə iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İşdən görünür ki, iddiaçı "xxxx" ASC-nin tərəfindən faydalanan şəxsin hesabına «Hyundai İ30” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci kimi 530 manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 530.00 (beş yüz otuz) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1017/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1017/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver