Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1064/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb edilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 135 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1064/2023 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, MAS-4309 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr: EQ10646696 saylı protokola görə 18 manat; EQ10646687 saylı protokola görə 9 manat; EQ10646677 saylı protokola görə 36 manat; EQ9463385 saylı protokola görə 45 manat; EQ10646642 saylı protokola görə 18 manat; EQ10646629 saylı protokola görə 9 manat təşkil edir. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 135 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarna təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. - İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan əmlakı (2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323649 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 24,5% dərəcəsi ilə hər ay 447,15 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3599/2022 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 1.160,33, mükafat borcu üzrə 1.522,28 manat, cərimə borcu üzrə 748,91 manat, avtomobilə dəymiş zərər olaraq 791,50 manat və dövlət rüsumu kimi ödənilmiş 63,04 manat, cəmi 4.286,06 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh cərimə məbləğləri üzrə yaranmış borcunun 7 gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. - Portaldan çıxarışdan görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı zamanı inzibati xəta haqqında protokolların tərtib edilməsinə əsas olmuş inzibati xətalar xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığında törədilmişdir. - Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən: - EQ10646696 saylı protokola görə 18 manat; EQ10646687 saylı protokola görə 9 manat; EQ10646677 saylı protokola görə 36 manat; EQ9463385 saylı protokola görə 45 manat; EQ10646642 saylı protokola görə 18 manat; EQ10646629 saylı protokola görə 9 manat olmaqla, ümumilikdə 135 manat məbləğində cərimə, habelə iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (lizinq obyektinin təhvil verilməsi və s.) yerinə yetirsə də, lizinq alan (cavabdeh) onun üzərinə qoyulmuş öhdəlikləri (lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsi və s.) yerinə yetirməmiş və bununla da müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Bununla da lizinq verənin (iddiaçının) cavabdehə qarşı tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, lizinq müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Nəticə etibarı ilə cavabdehin lizinq şirkətinə (iddiaçıya) borclu olduğunu müəyyən edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3599/2022 saylı qiyabi qətnaməsi qəbul edilmişdir. Eyni zamanda, lizinq obyektinin cavabdehdə olduğu müddət ərzində “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücünün inzibati qaydada cərimələndiyi iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir. Lakin cavabdeh lizinq obyektinin istismarı zamanı törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar hesablanmış cərimələri ödəməmiş, bununla da cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi – lizinq şirkəti maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati cərimələr üzrə ümumilikdə ödəmiş olduğu 135 manat pul vəsaiti Cavabdeh tutularaq ididaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, inzibati xəta haqqında protokola görə ödənilmiş 135 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokola görə ödənilmiş 135 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1064/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1064/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver