Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1080/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə yaranmış 9.904,00 manat gecikdirilmiş borc və hesablanmış 6.584,52 manat cərimə məbləği, eləcə də xx.xx.2018-ci il tarixli 923-L/18 nömrəli müqavilə üzrə yaranmış 3.408 manat gecikdirilmiş borc və hesablanmış 1.008,64 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, cəmi 20.905,16 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə yaranmış 9.904 manat gecikdirilmiş borc və hesablanmış 6.584,52 manat cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, cəmi 16.988,52 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 6.584,52 manat cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə yaranmış 9.904 manat gecikdirilmiş borc və hesablanmış 6.584,52 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Eyni zamanda bildirir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə dair ilkin sübutlar tərəflər arasındakı müqavilə, texnikaların təhvil-təslim aktları, maliyyə arayışı, iddiaçı ilə "xxxx" MMC arasındakı sazişdən ibarətdir. Hüquqi yardıma görə ödəniş isə nəzərdə tutulmuş məbləğ ödənildikdən sonra müvafiq ödəniş tapşırığı və digər zəruri sübutlar məhkəməyə təqdim ediləcəkdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və sonradan MPM-nin 53-cü maddəsinə əsasən təqdim edilmiş ərizələrin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, borcu vaxtında ödəmədiyi doğrudur. Lakin, ona borcla bağlı xəbərdarlıq edilməmişdir. O, bu məsələdən yalnız Kənd Təsərrüfatı Nazirliyindən ona zəng gəldikdən sonra xəbəri olmuşdur. Zəngdən sonra isə əsas borcunu ödəmişdir. Məhkəmədən cərimə məbləğini azaldılmasını xahiş etdi. İş materialları: xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" ASC Cəmiyyətə məxsus olan, ümumi məbləği 24.882 manat olan və spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə lizinq ödənişlərini tam həcmdə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavədən (spesifikasiyadan) görünür ki, lizinq verən tərəfindən lizinq alana 1 ədəd 4 gövdəli asma (təkərli) AK-4-35 tipli kotan və 1 ədəd Belarus-1025 modelli traktor lizinqə verilmişdir. 16 iyun 2017-ci il tarixli 2/302 saylı və 5/166 saylı texnikaların lizinq alana təhvili barədə aktdan görünür ki, spesifikasiyada qeyd olunan kotan və traktor lizinq alana təhvil verilmişdir. 02 avqust 2017-ci il tarixli 3335/ü saylı əmrdən görünür ki, tərəflər arasında bağlanmış 02 iyun 2017-ci il tarixli 540-L/17 və 2540ü/xx.xx.2017 nömrəli müqaviləyə xitam verilmiş və əmr qüvvədən düşmüş hesab edilmiş; xx.xx.2017-ci il tarixli 1354-GL/17 saylı lizinq müqaviləsinə əsasən sadalanan kənd təsərrüfatı texnikasının (kotan və traktor) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi əmr edilmişdir. 06 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh 9.904 manat gecikdirilmiş borc, 6.584,52 manat hesablanmış cərimə olmaqla, cəmi 16.488 manat 52 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2024-cü il tarixli 9/1668 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında (cild 1, səhifə 11) Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2017-ci il tarixdə 1354-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafikinə əsasən xx.xx.2023-cü il tarixə ödənilməyən cərimə 6.584,52 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 08 dekabr 2024-cü il tarixdə pretenziya məktubu göndərmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 27 may 2021-ci il tarixli 1 saylı sazişdən və 27 dekabr 2023cü il tarixli 000İPX1233613E1E saylı ödəniş sənədindən görünür ki, göstərilən hüquqi xidmətlərə görə 500 manat haqqı Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2024-cü il tarixdə ödəniş qəbzindən görünür ki, Cavabdeh Abbas oğlu tərəfindən 9904 manat məbləğində əsas borcun ödənişi həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyin icrasını gecikdirmişdir, bunun nəticəsində lizinq verən ona qarşı əsas və cərimə borcunun ödənilməsi gecikdirdiyi üçün iddiaçı ona qarşı əsas və cərimə borcunun ödənilməsi tələbini irəli sürmüş, bundan sonra cavabdeh əsas borc öhdəliyini icra etmişdir. Lakin bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə 6.584,52 manat cərimə hesablanmışdır. Hazırda iddiaçı qeyd olunan cərimənin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən müqavilə şərtlərinə istinad etmiş, lakin dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Bu səbəbdən, cavabdehdən 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, lizinq verənin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, 500 manat məbləğində dəbbə pulunun tutulması lizinq verənə dəymiş real zərəri kompensasiya edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə yaranmış cərimə borcuna görə 500 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 1354-GL/17 nömrəli müqavilə üzrə yaranmış cərimə borcuna görə 500 (beş yüz) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1080/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1080/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver