Məhkəmə qərarları › İş №e-2(006)-109/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-109/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-109/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X8 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuş və X3 məxsus, X4 idarə etdiyi «VAZ-21041» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin – 5.462 manat məbləğində pul vəsaitinin (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta müqaviləsi üzrə icbari sığorta məbləğinin) və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, gümüşü metallik rəngli avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün qohumu X9 xx.xx.2021-ci il tarixdə 10 il müddətinə etibarnamə (DİN BDYPİ Qİ 4 saylı ASAN xidmət mərkəzi) vermişdir. xx.xx.2021-ci ildə saat 12.00 radələrində X14 həmin avtomobili Bakı şəhərində Nizami rayonu Qara Qarayev prospektinə paralel küçədə idarə edərkən, həmin vaxt vətəndaş X10 yüksək sürətlə idarə etdiyi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbarı sığorta olunmuş «VAZ-21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə (mülkiyyətçi - X7, ünvan: ünvan 1Pİ AC274074, verilmə tarixi - xx.xx.2021, Yevlax RQİ və TBŞ tərəfindən verilib) qəflətən qarşı yola çıxaraq ona məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, mənim avtomobilimin qabaq sağ tərəfi əzilərək yararsız vəziyyətə salınmışdır. Nəticədə avtomobilinə xeyli maddi ziyan dəymişdir. Y.Məlikov baş vermiş yol-nəqliyyat hadisəsi barədə dərhal DİN «102» qaynar xəttinə məlumat verdikdən bir müddət sonra X20 əməkdaşları hadisə yerinə gəlib baxış kecirmiş və müvafiq araşdırma aparmışlar. Vaxtında məlumat verilməsinə baxmayaraq hadisədən düz 4 saat sonra Azərbaycan Respublikası DSKŞ-nin nümayəndəsi hadisə yerinə gəlib fotoşəkillər çəkmiş və oradan uzaqlaşmışdır. Araşdırma zamanı sığorta hadisəsi baş verən zaman «VAZ-21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart sığorta müqaviləsinin mövcudluğu məlum olmuşdur. Avtomobilini etibarnamə əsasında idarə edən Yaqub Məlikov sığorta şirkətinin nümayəndəsindən əlaqə telefonunu soruşmuş və evakuatorla köməklik istəmiş, lakin sığorta şirkətinin əməkdaşı ona heç bir cavab verməmiş və köməklik göstərməmişdir. Yol-nəqliyyat hadisəsi barədə aparılmış araşdırma nəticəsində Bakı şəhəri DYPİ YNH inspektoru, polis baş leytenantı X5 tərəfindən «VAZ-21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X10 (Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, sürücülük vəsiqəsi: AF 406311 BC, Mingəçevir «ASAN» xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci ildə verilib, şəxsiyyət vəsiqəsi AZE ********) yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXP ******* saylı, xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilməklə inzibati qaydada cərimə olunmuşdur. Bundan əlavə, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş, ona məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfinin zədələnməsinə dair Bakı şəhəri DYPİ tərəfindən 000255 saylı 03 dekabr 2021-ci il tarixli «Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış» verilmişdir. Yararsız hala düşmüş minik avtomobilini hadisədən bir gün sonra evakuatorla ilkin qiymətləndirmə və təmir edilməsi üçün Azərbaycanda Daimler AG-nin Rəsmi Dileri "xxxx" QmbH Azərbaycan MMC-nin «Mercedes-Benz» texniki təmir mərkəzinə aparılmışdır. Orada ilkin qiymətləndirmə zamanı ehtiyat hissələrinin alınması üçün 11.437,11 manat, xidmət haqqı 2.311,93 manat olmaqla, ümumilikdə 13.749,14 manat hesablanmışdır. Lakin həmin mərkəzdə ehtiyat hissələri və təmir həddən artıq baha olduğu üçün, eləcə də cavabdehlərin vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı heç bir tədbir görmədiklərini nəzərə alıb avtomobilini aparıb başqa avtomobil servisində təmir etdirməyə məcbur olmuşdur. Təmir zamanı ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 5.287 manat, «Avrasiya medikal» klinikasında həkim müayinəsindən kecmək üçün 145 manat, evakuatora isə 30 manat olmaqla, cəmi 5.462 manat pul xərclənmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunan «VAZ-21041» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinə vurulmuş maddi ziyana görə xərclədiyi 5.462 manat məbləğində pulun ödənilməsi barədə həmin sığorta şirkətinə rəsmi müraciət edilməsinə baxmayaraq, sığortaçı tərəfindən heç bir rəsmi cavab verilməmiş və sığorta hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ona məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə yaranmış sığorta hadisəsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qismən qəbul edir və hesab edir ki, iddia həmin hissədə təmin olunmalı, əsassız olduğu üçün isə qalan hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2021-ci il, saat 12:00-da Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi ilə sığortalanmış, X10 trəfindən idarə olunan «VAZ 21041 minik» markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X11 tərəfindən idarə olunan «Mercedes Benz E220 CDİ» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən «Mercedes Benz - E220 CDİ» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 1.770 manat məbləğində müəyyən edilmişdir. İlk olaraq bildirir ki, zərərçəkən ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə, bilavasitə öz təşəbbüsü ilə "xxxx" MMC-yə, daha sonra isə müxtəlif təmir müəssisələrinə müraciət etmişdir. İddiaçının bu davranışı «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin pozulmasıdır. Belə ki, istinad olunan maddəyə görə, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İndiki halda iddiaçının Şirkəti, yaxud onun səlahiyyətli nümayəndəsini məlumatlandırmadan avtomobilə dəyən zərərin müəyyənləşdirilməsinə təşəbbüs göstərməsi istinad olunan maddənin tələbləri baxımından yanlışdır. Bildirmək lazımdır ki, Qanunun istinad olunan maddəsi imperativ qaydada müəyyən etmişdir ki, zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu fəaliyyətlə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan, sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert qurumları və va fiziki səxs olan ekspertlər məşğul ola bilər. İddiaçının təqdim etdiyi qaimə və mədaxil qəbzlərini tərtib edən müəssisələr sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər deyildir, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Bu səbəbdən, həmçinin istinad olunan maddənin tələblərinə zidd olduğundan, Mərkəzin avtomobilə dəymiş zərəri qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə iş üzrə əhəmiyyət kəsb edə bilməz. Onu da qeyd etmək lazımdır ki, iddiaçının təqdim etdiyi mədaxil qəbzləri müxtəlif vergi ödəyiciləri olan çoxsaylı təmir müəssisələri tərəfindən tərtib olunmuşdur. Maraqlıdır ki, bir avtomobilin təmir olunması üçün bu qədər təmir müəssisəsinə müraciət olunması nə dərəcədə ağlabatandır? Eyni zamanda mədaxil qəbzlərində eyni işi icra edən ustaların gördüyü işlərə görə bir neçə mədaxil qəbzləri tərtib olunmuş, eyni işə görə bir neçə dəfə mədaxil qəbzi tərtib edilmişdir. Sadalanan faktlar iddiaçının təqdim etdiyi qaimə və mədaxil qəbzlərinin sözügedən avtomobilə dəymiş zərərə münasibətdə reallıqdan uzaq olduğunu və ağlabatan olmadığını göstərir. Buna görə də hesab edir ki, işə baxılması zamanı həmin qaimə və mədaxil qəbzləri məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. Həmçinin bir məsələ diqqətə çatdırılmalıdır ki, iddiaçı ərizəsində ona məxsus avtomobilə 5.287 manat zərər dəydiyini iddia etsə də, iş üzrə təqdim olunmuş qaimə və mədaxil qəbzlərinə əsasən, avtomobilə dəymiş zərər tələb olunan məbləğdən xeyli çoxdur. Odur ki, tələb olunan 5.287 manat məbləğin hansı sənədlərə və hesablama metoduna uyğun əldə olunması çox maraqlıdır və məhkəmə tərəfindən araşdırılması zəruridir. Eyni zamanda, iddiaçı ərizəsində həkim müayinəsindən keçdiyinə görə ödənilmiş 145 manat vəsaitin cavabdehdən tutulmasını qeyd etmişdir. İddiaçının bu tələbi «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sığorta təminatına daxil olmadığından iddia həmin hissədə hüquqi əsasa malik deyildir. Yuxarıda qeyd olunanlara əsasən, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, yəni tələbin 1.770 manat hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, avtomobil sağ tərəfindən vurulmuşdur, lakin burada isə sol tərəfi yazılmışdır. Tərtib olunmuş cədvələ əsasən, “krılo sağ” 290 manat, “kapot” 190 manat, “bakavin naskat” 220 manat, “bufer” 550 manat, “fara” 165 manat, “podkrilnik” 30 manat, “su baçoku” 35 manat və “kapotun amartizatoru” 40 manat olması ilə razıdırlar. Rəngsaz işlərinin 650 manat deyil 400 manat, dəmirçi işinin 400 manat deyil 300 manat, armatur işinin isə 165 manat deyil 50 manat etməsi ilə razıdırlar. Qalan hissələr ilə razı deyillər. Lampa 100 manat ola bilməz. Radarın 2 ədədi zədələnmişdir, lakin cədvəldə 4 ədəd yazılıb. Mühərrikin alt hissəsində olan detal yazılıb, amma ön hissəsi vurulmuşdur. Buna görə də yağ karteri heç cür zədələnə bilməz. Qüsur aktında əlavə xərclər çox göstərilmişdir. Oblisovkada heç bir zədə olmamışdır. Kəpənək ümumiyyətlə avtomobilin arxa hissəsində olur. Avtomobili razvala salmamış onun işlək olub-olmaması barədə məlumat verilə bilməz. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, AD seriyalı 972582 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən göründüyü kimi, «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuş, X3 məxsus olan, hadisə baş verən anda X10 tərəfindən idarə edilən «VAZ-21041» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə İddiaçı məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İşin qeyd edilən halı mübahisə doğurmur. Yol-nəqliyyat hadisəsinin baş verməsi, bu hadisədə iştirak edən şəxslər və nəqiyyat vasitələri, yol-nəqliyyat hadisəsinin kim tərəfindən törədilməsi ilə bağlı mübahisə yoxdur. Bu səbəbdən, yol-nəqliyyat hadisəsi ilə əlaqədar sənədlərin sadalanmasına zərurət yoxdur. Mübahisə doğuran məsələ iddiaçıya məxsus olan avtomobilə vurulmuş maddi zərərin həcmi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4544 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalardakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.777 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/8414 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «X13 Azərbaycan» şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 128 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalardakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.777 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə vurulmuş maddi ziyan 4.777 manat təşkil edir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, avtomobilinə dəymiş zərərin həmin Sığorta Şirkəti tərəfindən ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının haqlı tələbini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini - 4.777 manat sığorta ödənişini iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş maddi zərər qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş maddi zərər məbləğinə münasibətdə məhkəmə, ekspert rəyində qeyd olunan dəyərləndirmə ilə razılaşaraq hesab edir ki, avtomobilə vurulmuş 4.777 manat məbləğində maddi zərər həddində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu, 40 qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.777 manat sığorta ödənişi və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.777 manat sığorta ödənişi və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar