Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1104/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X8, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “LEXUS RX” markalı, 10–EE–005 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 22-də Cavabdeh idarə etdiyi “LEXUS RX” markalı, 10–EE–005 dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, S.Vurğun küçəsində “TOYOTA PRİUS” markalı, 10–TY–332 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində sonuncunun sürücüsü X9 “YÜNGÜL” dərəcədə xəsarət almışdır. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəsimi rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən 03 dekabr 2021-ci il tarixində cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nəsimi RPİ-nin DYPŞ-ə göndərilmişdir. Nəsimi DYPŞ-in xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli X11 protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nəsimi DYPŞ-in xx.xx.2021-ci il tarixli TP4823440 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.8-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi X11 qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 1169 nömrəli ekspert rəyinə əsasən X9 “YÜNGÜL” dərəcədə xəsarət alması öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3823 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA PRİUS” markalı, 10–TY–332 dövlət nömrə nişanlı avtomobilə 1900 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 750 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X7 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 9588 nömrəli ödəniş tapşırığı ilə 1900 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X3 ödəmişdir. Göstərilənlərə əsasən, cavabdеh Cavabdeh 2650 manat məbləğində vurulmuş zərərin və 46,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 2696,50 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi, bildiriş və işin icraata götürülməsi barədə qərardad Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. xx.xx.2021-ci il tarixli, PXA********** №-li İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı Cavabdeh arasında “LEXUS RX350” markalı, 10EE005 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortası barədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması razılaşdırılan İcbari Sığorta Müqaviləsi bağlanmışdır.
7. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* №-li qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində “200” manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. PXA99967 №-li Sığorta Aktından görünür ki, Sığortalanmış “LEXUS” markalı 10EE005 dövlət qeydiyyat nişanlı avtomobil ”Toyota Prius” markalı 10TY332 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, S.Vurğun küçəsində toqquşmuş Nəsimi RPİ hadisəni qeydə almışdır. "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1900.00 AZN müəyyən edilmişdir.
9. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 3823 №-li qiymətləndirmə aktından görünür ki, ”Toyota Prius” markalı 10TY332 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan ümumilikdə 1900 AZN müəyyən edilmişdir.
10. xx.xx.2021-ci il tarixli 9588 №-li ödəniş tapşırığından görünür ki, PXA9967 saylı Sığorta Aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına 1900 (bir min doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
11. PXA101066 №-li Sığorta Aktından görünür ki, Cavabdeh idarə etdiyi “LEXUS” markalı 10EE005 dövlət qeydiyyat nişanlı avtomobilin ”Toyota Prius” markalı 10TY332 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X9 “yüngül” dərəcəli xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nın Ekspert rəyinə əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750,00 AZN müəyyən edilmişdir.
12. Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim Aktından və xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan və görünür ki, AZ19HAJC******************** İBAN №-li plastik kart X7 təhvil verilmiş və həmin hesaba 750,00 AZN pul vəsaiti köçürülmüşdür.
13. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın görünür ki, X5 müraciəti əsasında Nəsimi rayon polis idarəsinin təhqiqat idarəsində araşdırma aparılmış, MTE və PA Birliyi PHŞ-nın rəyinə əsasən onun sağlamlığına dəyən zərərin “yüngül” zərər vurmaya aid olduğu müəyyən edilmiş, X5 xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələrinə əsasən tədbir görülməsi üçün toplanmış materialların Nəsimi Rayon Məhkəməsinə göndərilməsindən ötrü Nəsimi RPİ-nin DYPŞ-ə göndərilməsi qərara alınmışdır.
14. Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP0216596 №-li X11 Protokoldan görünür ki, Cavabdeh C.Rəhimovun sağlamlığına yüngül bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
15. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh 2650 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına 7 iş günü ərzində könüllü ödəmək təklif edilmişdir. Əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin ondan tutulacağı bildirilmişdir.
16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 46,5 manat rüsum ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə müəyyən etdi ki, Sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı Cavabdeh arasında “LEXUS RX350” markalı, 10EE005 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortası barədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması razılaşdırılan İcbari Sığorta Müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Lexus RX350” markalı, 10EE005 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, S.Vurğun küçəsində X5 idarə etdiyi “Toyata Prius” markalı, 10TY332 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəsimi Rayon DYPŞ-in xx.xx.2021-ci il tarixli AP0216596 №-li X11 protokoluna və TP4823440 №-li qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.8-ci (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 3823 №-li rəyinə əsasən, “Toyata Prius” markalı, 10TY332 dövlət nömrə nişanlı avtomobilə 1900 AZN zərər dəymiş və həmin pul məbləği avtomobilin mülkiyyətçisi X3 ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nın sağlamlığa zərər vurmanın təyini barədə 1169 №-li ekspert rəyinə əsasən X5 “yüngül” xəsarət alması müəyyən edilmiş və ona iddiaçı tərəfindən 750 AZN məbləğində pul vəsaiti ödənilmişdir.
18. Cavabdehə xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq, 2650 AZN məbləğində sığorta ödənişi iddiaçıya subroqasiya qaydasında ödənilməmişdir. c) Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Məhkəmə hazırkı mübahisədə ilk növbədə cavabdehin delikt törədibtörətməməsini və iddiaçının subroqasiya hüququnun yaranıb-yaranmamasını araşdırmalıdır.
21. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil mülkiyyətçisi olan Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş AP0216596 №-li, xx.xx.2021-ci il tarixli X11 protokola, həmin protokol əsasında çıxarılmış TP4823440 №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması, üçüncü şəxslərə zərər vurması və hadisə yerindən yayınması sübuta yetirilmişdir. Müvafiq cərimələr cavabdeh tərəfindən ödənilmişdir. Bu da cavabdehin cərimələri mübahisələndirmədiyini sübut edir. Buna görə də Cavabdeh həmin zərərə görə mülki hüquqi məsuliyyət daşımalı, iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş pul məbləği iddiaçıya subroqasiya hüququ əsasında ödənilməlidir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1.8. bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Maddə 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (Hadisə baş verən tarixdə tətbiq olunan norma).
25. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2650 (iki min altı yüz əlli manat) manat məbləğində vurulmuş zərər və 46,50 (qırx altı manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2696,50 (iki min altı yüz doxsan altı manat, əlli qəpik) məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Nəticə:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli manat) manat məbləğində vurulmuş zərər və 46,50 (qırx altı manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2696,50 (iki min altı yüz doxsan altı manat, əlli qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X13