Məhkəmə qərarları › İş №e-2(006)-1224/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1224/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1224/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Tofiq oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinə qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «notariusun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərarının ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinə qarşı «notariusun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadənin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan 1/2 hissədə miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bacısının yeganə övladı olan X13 hazırda cəzaçəkmə müəssisəsindədir. Bacısının vəfatından sonra o, xx.xx.2016-cı il tarixdə, qardaşı X8 isə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 13 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə xx.xx.2024-cü il tarixli qərarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Notariusun qərarının əsaslandırılması və onun həmin əsaslandırmaya qarşı olan etirazı aşağıdakı kimidir: 1) notarius qərarında Günel Hüseynovanın ona çatası miras payını qəbul etməməsi və etməyəcəyi barədə xx.xx.2017-ci il tarixli «imtina» ərizəsini qəbul etməyərək göstərmişdir ki, Günel Hüseynova anası ilə eyni ünvanda qeydiyyatda olmaqla yaşamış, anasının ölümündən sonra isə həmin evdə 2 gün yaşamış və evdən istifadə etmiş, bununla da miras qalmış əmlakı faktiki qəbul etmişdir. Bacısının vəfatından sonra qızı Günel Hüseynovanın həmin mənzildə 2 gün yaşamasının mirasın qəbulu kimi qiymətləndirilməsi ilə razı deyil. Qərarda yazıldığı kimi Günel Hüseynova anası Məryəm Namedzadə ilə onun ölümünə qədər birgə yaşadığı (istifadə etdiyi) evdə anasının ölümündən sonra 2 gün yaşaması sadəcə əvvəl etmiş olduğu istifadənin (yaşamağın) hadisələrin təbii axını formasında olan davamıdır. Bu istifadənin məhz miras əmlaka sahiblənmək və əmlakı idarə etmək niyyəti ilə edilməsi kimi qiymətləndirilməsi üçün bunu təsdiq edən sübut təqdim olunmalı idi. Belə sübut olmadığı, eləcə də, Günel Hüseynovanın özünün xx.xx.2017-ci il tarixli ərizəsində mirası qəbul etməməsini bəyan etdiyi halda, notariusun gəldiyi nəticə qanuni hesab oluna bilməz. Digər tərəfdən, hətta notariusun Günel Hüseynovanın mirası qəbul etməsi barədə qənaəti qanuni hesab olunsa belə, bu halda da, onun xx.xx.2017-ci il tarixli «imtinası» mirası faktiki olaraq qəbul etmiş Günel Hüseynovanın sonradan ondan imtinası kimi qəbul olunmalı idi. Məlumdur ki, Mülki Məcəllənin 1267-ci maddəsi ilə müəyyən olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Günel Hüseynova mirasın açıldığı yer üzrə notarait orqanına mirası qəbul etməsi barədə ərizə vermədiyindən, bu maddi hüquq norması (notarisun qənaətinə görə) faktiki əsaslarla mirası qəbul etmiş Günel Hüseynovanın sonradan ondan imtina etməsinin qəbuluna maneə yaratmır. 2) notarius qərarında Mülki Məcəllənin 1256-cı maddəsinə istinad edərək, həmin norma ilə müəyyən olunmuş mirasın qəbulundan imtinanın 3 aylıq müddətinin keçdiyini göstərərək, bu əsasla Günel Hüseynovanın «imtinasını» əhəmiyyətsiz iradə ifadəsi kimi qiymətləndirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: «Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır». Beləliklə, əgər birinci növbənin yeganə vərəsəsi olan Günel Hüseynovanın miras payının qəbulundan imtinası Mülki Məcəllənin 1256-cı maddəsi ilə müəyyən olunmuş müddətdə edilməmişdirsə, bu zaman Mülki Məcəllənin 1262 və 1263-cü maddələri tətbiq olunaraq, miras payının müəyyən olunması barədə ərizə ilə müraciət etmiş ikinci növbənin vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. 3) notarius qərarında Mülki Məcəllənin 1245-ci maddəsinə istinad edərək, X2 adından xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş etibarnamədə vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmək və ya ondan imtina etmək səlahiyyətlərinin onu təmsil edən nümayəndəyə verilmədiyini yazmışdır. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən «vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər». Göründüyü kimi, maddənin məzmununda nümayəndəyə verilmiş etibarnamənin məzmunu ilə bağlı hər hansı bir tələb yoxdur. Belə olan halda, sözügedən etibarnamədə mirasın qəbulu səlahiyyətinin xüsusi olaraq qeyd olunmamasına istinad olunaraq, bunu pozuntu kimi qiymətləndirmək əsassızdır. Mülki Məcəllənin 1159-cu maddəsinin məzmununa görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələrdir. Mülki Məcəllənin1243.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bu Məcəllənin 1243.2-cimaddəsi ilə müəyyən olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən, «əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın». Bu Məcəllənin 1263-cü maddəsinə görə, «əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir». Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən «vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər». «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki: «8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin». İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Tofiq oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirakı təmin edilmiş 3-cü şəxs X13 izahatında mirasın qəbulundan imtina barədə nümayəndəsi vasitəsilə verilmiş ərizəni müdafiə edərək bunun onun iradə ifadəsi olmasını, bu qərara könüllü olaraq gəlməsini və heç bir təzyiq və ya təhdidə məruz qalmamasını təsdiq etmiş və hazırki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Elektron məhkəmə sistemindən X8 barədə şəxsi məlumatlardan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmişdir. Cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisi məhkəməyə 01 aprel 2025-ci il tarixli 906 saylı məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 445986 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində sağ və sol süd vəzinin xərçəngindən vəfat etmişdir. - xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 456826 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ağ ciyər ödemindən vəfat etmişdir. - xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 798098 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində kəskin qanitirmədən vəfat etmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli 1(101)-1142/2016 saylı hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş; X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib 17 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Günel Hüseynovaya qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; cəzaçəkmə müddətinin əvvəlinin 07 yanvar 2016-cı il tarixdən hesab edilməsi; barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Günel Hüseynovaya cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən asılılıq sindromundan (narkomaniyadan) məcburi müalicə edilməsi hökm edilmişdir. - Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İ.N.Mirzəzadənin 23 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ərizəçi İddiaçı və X4 05 yanvar 2016-cı il tarixdə vəfat etmiş bacıları X3 miras qalmış daşınar (pul vəsaiti, qızıl-zinət əşyaları) və daşınmaz (Bakı şəhəri Nəsimi rayonu X12 küçəsi 17 saylı fərdi yaşayış evindən ona məxsus olan hissəsinə) əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 bacısı, X13 övladı, X8 isə qardaşıdır. İddiaçı xx.xx.2016-cı il tarixdə, qardaşı X8 isə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 13 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, bacıları X3 miras qalmış daşınar (pul vəsaiti, qızıl zinyət əşyaları) və daşınmaz (Bakı şəhəri, Nəsimi rayonu, Akademik F.Qasımzadə küç. 17 saylı fərdi yaşayış evində ona məxsus hissəsində) əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, mərhumənin övladı olan X13 anası olan miras qoyanın ölümündə ittiham edilmiş və 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tərəfindən X15 həmin cəzaçəkmə müəssisəsində xx.xx.2017-ci il tarixində 48 saylı qeydiyyat nömrəsi ilə etibarnamə verilmişdir. Qeyd edilən etibarnamə əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri 13 saylı notariat kontoru tərəfindən 7E-1464 reyestr nömrəsi ilə ona çatası miras payının qəbul etməməsi və etməyəcəyi ilə barədə imtina ərizəsi təsdiq edilmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə Azərbaycan Respublikasının Notariat Haqqında Qanununun 40-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, imtinanın əsası kimi X7 anasının ölümündən sonra 2 gün ərzində sözügedən evdə yaşadığı və evdən istifadə etdiyi üçün, həmin evi faktiki olaraq qəbul etməsi, eləcə də, verdiyi etibarnamə üzrə nümayəndəsi tərəfindən miras əmlakı qəbul etməkdən imtinasının əhəmiyyətsiz iradə ifadəsi olduğuna, verilmiş etibarnamədə vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmək və ya ondan imtina etmək səlahiyyətlərinin verilmədiyinə istinad etmişdir. Hazırda iddiaçı notariusun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsinin qanunsuzluğunu mübahisələndirir və bunu Günel Hüseynovanın özünün xx.xx.2017-ci il tarixli ərizəsində mirası qəbul etməməsini bəyan etdiyi halda, notariusun gəldiyi nəticə qanuni hesab oluna bilməməsi ilə əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ( onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1159-cu maddəsinin məzmununa görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələrdir. - 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1267-ci maddəsi ilə müəyyən olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. - 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. - 1263-cü maddəsinə görə, əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. - 1321.1-ci maddəsinə əsasən «vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Şəxs miras qalmış əmlakı o vaxt faktiki qəbul etmiş sayılır ki, miras qalmış əmlakdan kifayət qədər uzun müddət ərzində, heç bir etiraz etmədən, müvafiq vergi və kommunal xərcləri ödəməkdə, əmlakı cari və əsaslı təmir etdirməklə istifadə edir. İş materiallarından görünür ki, X13 miras əmlakda (mənzildə) qeydiyyatda olmaqla anası olan mərhumənin ölümündən sonra cəmi iki gün yaşamaqla, başqa sözlə evdən istifadə etməklə, miras qalmış əmlakı faktiki qəbul etmək kimi dəyərləndirildiyi təqdirdə belə notariat orqanı Günel Hüseynovanın özünün xx.xx.2017-ci il tarixli ərizəsində mirası qəbul etməməsini bəyan etməsinə dair nümayəndəsi vasitəsilə təqdim etdiyi ərizəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin qeyd edilən normalarından mirasın istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edilməsi və vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılması göstərilsə də Mülki Məcəllənin 1267-ci maddəsi ilə müəyyən olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Göründüyü kimi normada vərəsənin miras qalmış əmlakı faktiki qəbul edəndən sonra deyil, konkret olaraq vərəsənin mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verilməsini tələb edilir. Yəni, qanunverici mirasdan imtina edilməsinə yol verilməməsini məhz belə bir ərizənin verilməsi ilə şərtləndirir. Bu halda vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə baxmayaraq Günel Hüseynovanın sonradan ondan imtinası qanuna zidd olmamışdır. Hətta məhkəmə iclasında iştirakı təmin edilmiş 3-cü şəxs X13 izahatında mirasın qəbulundan imtina barədə nümayəndəsi vasitəsilə verilmiş ərizəni müdafiə edərək bunun onun iradə ifadəsi olmasını, bu qərara könüllü olaraq gəlməsini və heç bir təzyiq və ya təhdidə məruz qalmamasını təsdiq etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, Günel Hüseynovanın anasının ölümündən sonra 2 gün mənzildə yaşamaqda davam etməsi hadisələrin təbii axını formasında olan davamı olmaqla bu istifadə (yaşama) mirası faktiki olaraq qəbul etmiş kimi qiymətləndirilsə də onun tərəfindən mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi barədə ərizə verilmədiyindən, Günel Hüseynovanın sonradan ondan imtina etməsinin qəbuluna maneə yaratmamışdır. Məhkəmə həmçinin Notariat orqanının Mülki Məcəllənin 1256-cı maddəsinə istinad edərək mirasın qəbulundan imtinanın 3 aylıq müddətinin keçməsi əsası ilə Günel Hüseynovanın «imtinasını» qanunvericiliyin tələbinə zidd olmaqla əhəmiyyətsiz iradə ifadəsi kimi qiymətləndirməsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, X13 tərəfindən cəzaçəkmə müəssisəsində verdiyi etibarnamə əsasında onu təmsil edən nümayəndəsinin notarial qaydada onun adından imtina ərizəsi verməsi Günel Hüseynovanın iradə ifadəsinin təsdiqi olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur… Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Məhkəmənin qənaətinə görə notariat bu imtina ərizəsinin etibarsızlığı və ya ləğvi barədə Günel Hüseynovanın digər ərizəsi olmadığı halda onun əhəmiyyətsiz iradə ifadəsi kimi qiymətləndirməkdə haqlı olmamışdır. İmtina ərizəsinin qanunvericiliyin tələbinə zidd olmasına dair dəlili isə qanunvericiliyin konkret norması ilə əsaslandırılmamışdır. Belə ki, mirasın qəbulundan imtina etmək vərəsənin hüququdur ki, o da nümayəndəsi vasitəsilə notarial qaydada bunu həyata keçirmişdir və ərizəsində konkret göstərmişdir ki, mirası qəbul etməmişəm və etməyəcəyəm. 3 aylıq müddətinin keçməsi ilə bağlı X7 anası olan miras qoyanın ölümündə ittiham edilməsi ilə bağlı istintaq və məhkəmə prosesinin getməsi nəzərə alınmalı idi. Məhkəmə həmçinin hazırki işə X7 anası olan miras qoyanın ölümündə ittiham edilməklə təqsirli bilinməsinə dair cinayət mühakimə icraatının predmeti olan halları tətbiq etmək niyyətində olmamaqla, qanuni qüvvəyə minmiş hökmdə təsbit olunmuş halların da nəzərə alınmalı olduğunu xüsusilə qeyd edir. Beləliklə də müəyyən edilmişdir ki, X13 miras kütləsinə daxil olan əmlakı qəbul etmək niyyətində olmamasını nümayəndəsi vasitəsi ilə bildirmiş, miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməkdən imtina etmişdir. Bu imtinanın əhəmiyyətsiz iradə ifadəsi hesab edilməsi üçün qanuni əsas yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə xx.xx.2024-cü il tarixli qərarıında Mülki Məcəllənin 1245-ci maddəsinə istinad edərək X2 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən (imtina qərarında 4 saylı CÇM göstərilmişdir) tərəfindən X11 həmin cəzaçəkmə müəssisəsində xx.xx.2017-ci il tarixində 17/25-35 reyestr nömrəli etibarnamədə vərəsəlik işi bağlı ələqadər mirası qəbul etmək və ya ondan imtina etmək səlahiyyətlərinin onu təmsil edən nümayəndəyə verilməməsi göstərilsə də, iş materiallarından görünür ki, o artıq vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu İ.N.Mirzəzadənin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan 1/2 hissədə miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu İ.N.Mirzəzadənin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan 1/2 hissədə miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar