Məhkəmə qərarları › İş №e-2(006)-1225/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1225/2025

13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1225/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun aid olmamasnın müəyyən edilməsi və müqavilənin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlakında ona aid olmayan işığa olan borc kimi yazılmış 1475 manatın "xxxx" ASC (sayğac №**********3, abonent kodu **********00000) tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi (keçmiş) Meliorator 1 indiki S.Əliyev küçəsindəki əmlak onun mükiyyətindədir. X1 məxsus olan əmlak kompleksi vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Həmin ünvanda X11 2010-cu il tarixindən özünün məcburi köçkün olduğunu irəli sürərək qanunsuz əsaslarla ailə üzvləri ilə birlikdə mülkiyyətə daxil olaraq məskunlaşmışlar. Yaranmış vəziyyətlə əlaqədar mülkiyyət sahibi olan atası xüsusi mülkiyyətin boşaldılması tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi həmin şəxsin ailə üzvləri ilə birlikdə əmlakdan çıxarılması ilə bağlı 01 sentyabr 2011-ci il tarixli qətnamə çıxarmışdır. Qeyd olunanlara baxmayaraq, vətəndaşın məcburi köçkün statusu ilə əlaqədar bu ilədək qətnamə icra olunmamışdır. Torpaqlarımızın işğaldan azad olunması, qayıdışın başlaması ilə 2024-cü ilin sentyabr ayında qətnamə icra olunaraq mülkiyyət boşaldılıb təhvil alınmışdır. Ancaq əmlakına daxil olduqdan sonra işıq sayğacından istifadə edə bilməmişdir. Həmin əmlakın işıq sayğacı X2 adına quraşdırılıb. “"xxxx" ASC-yə sayğacın adının dəyişdirilib öz adına keçirilməsi və yaxud ləğv edilib yeni sayğac quraşdırılması ilə bağlı həm qaynar xəttlərinə zəng edərək, həm də yazılı şəkildə ərizə yazaraq müraciət etsə də, tərəflərindən bu barədə ASAN Kommunala müraciət etməli olduğu bildirilmişdir. ASAN kommunaldan müraciətinə cavab olaraq bildirilmişdir ki, 2010-2024-cü il dövrü əhatə edən müddətdə "xxxx" ASC-yə orada yaşayan ailənin 1475 manat borcu yaranmışdır. ASAN kommunalda məhkəmə qərarı olarsa və yaxud borcun ödənilməsi halında sayğac ləğv edilib, yenisinin quraşdırılması və yaxud mövcud sayğacın şəxsin adına keçirilməsinin mümkün ola biləcəyi bildirilmişdir. Hazırki vəziyyətdə hüquqları pozulub və o, mülkiyyətinə məxsus işıq sayğacın adına keçirə bilmir. İşığa yaranan borc ona məxsus deyildir. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlakda (sayğac №**********3, abonent kodu **********00000) "xxxx" ASC-yə olan borcun ona aid olmadığını və yeni alğı-satqı müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 izahatında bildirmişdir ki, onlarda olan məlumata görə Bakı şəhəri ünvan 1 ünvanında Fəxrəddin Məmmədov yaşamışdır və borc ona aiddir. Bu dondurulmuş borcdur. Lakin sayğacın və abonent kodunun adına keçirilməsi üçün bu borc mütləq qaydada ödənilməlidir. Borc qalmaqdadır, lakin iddiaçıdan tələb edə bilmirlər. Cavabdehin nümayəndəsi R.T.Hüseynova tərəfindən məhkəməyə ərizə ünvanlanıb, məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə iddiaçının ərizəyə münasibətini müəyyən edib, məhkəmə iclasının cavabdehin (nümayəndəsinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında istifadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.metr ümumi, 2608.7 kv.metr əsas, 1164.2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsi) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 110 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(010)-172/2011 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, X6 X3 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında əmlak kompleksi kimi müəssisədən (İTQİ “Azərtunelixtisassutikinti” İdarəsindən) çıxarılması qət edilmişdir. - "xxxx" ASC-nin təqdim etdiyi abunə haqqında çıxarışa əsasən **********00000 saylı abunə hesabı X2 adına açılmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 629 saylı arayışına əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X3 adına vərəsəlik işi açılmışdır. İddiaçı, X7, X10, X8 mərhumun vərəsələri kimi tanınmışlar. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(010)-172/2011 saylı icra sənədi üzrə tələb icra olunduğuna görə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/07-17100/2024 saylı məktubunda Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin qərarında elektrik sayğacının ləğv edilməsi barədə "xxxx" ASC üzərinə hər hansı öhdəliyin qoyulmadığı, əmlakın faktiki mülkiyyətçisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim olunmaqla **********00000 saylı abonent kodu üzrə ad dəyişmə əməliyyatının həyata keçirilməsi istiqamətində “ASAN kommunal” mərkəzlərinə müraciət oluna biləcəyi bildirilmişdir. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə görə müqavilə xx.xx.2024-cü il tarixdə "xxxx" İB QSC ilə İddiaçı arasında bağlanmış, müqavilə əsasında İddiaçı **********01490 saylı abonent kodu verilmişdir. Beləliklə aparılmış araşdırma nəticəsində işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlak iddiaçının atası mərhum X3 mülkiyyətində olmuşdur. Ə.Hüseynov xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra sözügedən miras əmlak onun vərəsələrinə keçmiş, vərəsələrdən biri də İddiaçıdır. İddiaçının məhkəməyə müraciət etməsində məqsəd Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlaka hesablanmış borcun ona aid edilməməsi və yeni alğı-satqı (abunə) müqaviləsinin məhz onunla bağlanması barədədir. İddiaçı bildirdiklərinə görə əmlakın onlara məxsus olmasına baxmayaraq, 2024-cü ilədək həmin əmlakdan istifadə edə bilməməsi, evin məcburi köçkün düşmüş X11 və onun ailə üzvləri tərəfindən zəbt edilməsi, məhkəmə qətnaməsinin yalnız 2024-cü il tarixdə icra edilərək, Elminaz Məmmədovanın çıxarılmasına nail oluna bilməsi, bu səbəbdən borc məbləğinin ona hər hansı bir aidiyyətinin olmaması ilə əsaslandırmışdır. İrəli sürülmüş tələbin araşdırılması zamanı iddiaçının əsaslandığı hallar öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının atası hələ sağlığında mülkiyyətində olan əmlakın Elminaz Məmmədova tərəfindən zəbt edildiyini bildirərək, məhkəməyə müraciət etmək və əmlakının boşaldılmasını tələb etmək məcburiyyətində qalmış, sonuncunun iddia tələbi təmin edilərək, əmlakın boşaldılmalı olması barədə qətnamə qəbul edilmişdir. Qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq, icra sənədi uzun müddət keçdikdən sonra icra olunmuş, bununla da, sözügedən əmlakın 2024-cü il tarixədək iddiaçının deyil, məhz əmlakı zəbt etmiş şəxslərin istifadəsində olmuşdur. İddiaçının və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq əmlak başqa şəxslərin istifadəsində olduğu müddət ərzində abunə müqaviləsi də həmin şəxslərlə (müqaviləyə görə X5 ilə) bağlanmış, elektrik enerjisindən istifadəyə görə bu günədək ödənilməmiş 1475 manat borc hesablanmışdır, hansı ki iddiaçı ilə yeni abunə müqaviləsinin bağlanmasına mane yaradır. Bununla da məhkəmənin mövqeyinə görə iddiaçının və onun ailə üzvlərinin əmlak üzərində mülkiyyət hüquqları olduğu təqdirdə qeyri-iradi olaraq ondan istifadə etmək imkanından məhrum olduqları dövrdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borc iddiaçıya aid edilə bilməz. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.1-ci maddəsinin tələblərinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Borcun iddiaçıya aid edilməməsi müəyyən edildiyi kimi, məhkəmə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlak üzərində hər hansı hüququ olmadığı halda elektrik enerjisinin verilməsinə əsas olmuş abunə müqaviləsinin X9 ilə bağlanıldığını nəzərə alıb, əmlak üzərində hüququ olan şəxslə, yəni İddiaçı ilə yeni müqavilənin bağlanmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri ünvan 1 ünvanı üzrə **********00000 saylı abunə koduna hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilməli, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlakın elektrik enerjisi ilə təmin edilməsi üçün İddiaçı ilə elektrik enerjisinin alğı-satqısı müqaviləsinin bağlanması vəzifəsi "xxxx" ASC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri ünvan 1 ünvanı üzrə **********00000 saylı abunə koduna hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilsin. Bakı şəhəri ünvan 1 ünvanında yerləşən əmlakın elektrik enerjisi ilə təmin edilməsi üçün İddiaçı ilə elektrik enerjisinin alğı-satqısı müqaviləsinin bağlanması vəzifəsi "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar