Məhkəmə qərarları › İş №e-2(006)-1254/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1254/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1254/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 dekabr 2019-cu il tarixli ECK5825855 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 157 (bir yüz əlli yeddi) manat əsas borc, 47 manat dəbbə pulu olmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 234 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ECK5825855 saylı 04 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 438 manat olan “Samsung Galaxy A10” markalı telefonunu əldə etmişdir. Qeyd edilən müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı 438 manat dəyəri olan Samsung Galaxy A10” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini üzərinə götürmüşdir. Müqavilənin 2.1-ci və 2.2-ci maddələrinə əsasən alıcı 30 manat ilkin ödəniş olmaqla 408 manat pulu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 34 manat olmaqla, hər ayın 2-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişinin gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəməlidir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və nəticədə 157 (bir yüz əlli yeddi) manat əsas borc, 47 manat dəbbə pulu olmaqla, cəmi 204 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğu qeyd edilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia müddəti bitdiyindən iddia müddətinin tətbiq olunmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, səhhəti il olan problemlərlə əlaqədar olaraq məhkəmə hazırlıq və baxış iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 234 manat pulun onun xeyrimə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara iddia ərizəsi ilə birlikdə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 04 dekabr 2019-cu il tarixli ******* saylı borc müqaviləsindən görünür ki, (alıcı) Cavabdeh (satıcıdan) İddiaçı hissə-hissə ödəniş şərtilə 438 (dörd yüz otuz səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, 30 (qırx) AZN ilkin ödəniş etmiş və qalan 408 (dörd yüz səkkiz) AZN məbləği 12 ay müddətinə aylıq 34 (otuz dörd) AZN olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı 04 dekabr 2019-cu il tarixli ECK5825855 saylı müqavilə üzrə ödənilməmiş 157 AZN əsas, 47 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun olmaqla, cəmi 234 manat borcu vardır. Ödəniş cədvəlindən görünür ki, tərəflər 438 manat məbləğin 30 manat ilkin ödəniş olmaqla xx.xx.2019-cu il tarixində, qalan 408 manat məbləğində pulun hər ay 34 manat olmaqla hissəhissə, xx.xx.2020-cu ildən xx.xx.2020-ci ilədək ödənilməsi barədə razılığa gəlmişlər. Pretenziya məktubundan görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 04 dekabr 2019-cu il tarixdə ECK5825855 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, cavabdeh 438 manat dəyərində olan məişət avadanlığını (telefonu) 30 manat ilkin ödəniş etməklə əldə etmişdir. Müqavilə üzrə qalan 408 manat isə tərəflərin razılığına əsasən aylıq 34 manat olmaqla 12 ay müddətində cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçıya 204 manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 157 manat əsas borc, 47 dəbbə pulu, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçının iddia ərizəsini iddia müddətini ötürməklə məhkəməyə verdiyindən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması nəticəsində öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə olan mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, iddia tələbi əsaslıdır. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin araşdırılmasına zərurət yaranmış və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. Belə ki, müqavilə 04 dekabr 2019-cu tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2020-ci ildə başa çatmış, xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, lakin xx.xx.2023-cü ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizədə göstərilən halları təkzib edəcək mötəbər sübutların (ödəniş qəbzlərinin və s.) təqdim edilməsi iddiaçıya təklif olunmuş (təklif iddiaçının elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişlərində öz əksini tapmışdır), lakin iddiaçı tərəf iddia müddətinin ötürüldüyünü təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən 1 aydan çox müddət keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddəti ərzində edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-377.2-ci maddələrinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına göstərilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar