Məhkəmə qərarları › İş №e-2(006)-1255/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1255/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1255/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tibbi və səfər sığortasının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tibbi və səfər sığortasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən tibbi və səfər sığortası şəhadətnaməsinə əsasən Almaniyada keçirdiyi müalicə və əməliyyat üçün 2741.57 (iki min yeddi yüz qırx bir) avronun tutularaq xeyrinə ödənilməsi, vəkil xidmətləri üçün ödənilmiş 221 (iki yüz iyirmi bir) manat, mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat və məhkəmə üçün 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə o, "xxxx" ASC-də xaricə səyahət üçün sığorta şəhadətnaməsi almışdır. Sığortanın müddəti xx.xx.2023xx.xx.2023-cü il tarixə qədər olmuş və sığortanın məbləği 3000 (üç min) avro təşkil etmişdir. 2023-cü ilin iyul ayında o, Almaniya dövlətinə səfərə getmişdir. 20 iyul 2023-cü il tarixdə Almaniyada olduğu müddətdə ağrılı hücum keçirmişdir. Tibbi yardım almaq üçün Aşaffenburq-Alzenau Klinikasına müraciət etmişdir. Elə həmin gün ona yumurtalıq kistası diaqnozu müəyyən olunmuş və təcili olaraq kistanı çıxarmaq üçün əməliyyat edilmişdir. Klinikada xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi yerinə yetirilmiş müalicə üçün 2741.57 (iki min yeddi yüz qırx bir) avro ödəmişdir (tibb arayışlar əlavə olunur). Bakıya qayıdandan sonra "xxxx" ASC-yə ərizə ilə müraciət edərək Almaniyada müalicə almaq üçün ödənilmiş pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. Buna cavab olaraq, cavabdeh tibbi rəy almaq üçün onda olan tibbi sənədləri Türkiyəyə göndərmək təklif etmişdir. O, həmin təklifdən imtina etmişdir. Çünki onda olan tibbi sənədlərlə diaqnozu və apardığı əməliyyat təsdiqlənmişdir. Bundan sonra sığorta şirkəti ilə barışıq sazişi bağlamaq üçün Mediasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasına gəlməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC iddia tələbinə qarşı mülahizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı ilə "xxxx" ASC arasında 52382-184863/23 nömrəli “Xaricə səfər sığortası” müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə sığorta müddəti “xx.xx.2023 00:00 - xx.xx.2023 23:59” təşkil etmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində həyata keçirilmiş cərrahi əməliyyata görə 2741,57 EURO xərcləndiyini qeyd etmiş və bununla bağlı sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. İddiaçı ərizəsi ilə birlikdə Aşaffenburq-Alzenau klinikasının yalnız bir tibbi sənədini təqdim etmişdir. "xxxx" ASC-nin tibbi eksperti tərəfindən sözügedən tibbi sənəd təhlil edilmiş, sığorta ödənişinin verilməsindən imtina halının mövcud olduğu aydınlaşmışdır. Keys üzrə yekun rəyin formalaşdırılması üçün İddiaçı bir tibbi sənədin kifayət etmədiyi, əlavə sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. 52382- 184863/23 nömrəli sığorta müqaviləsinin əsaslandığı "xxxx" ASC-nin “Səfər sığortası” Qaydalarının 17.1-ci bəndinə əsasən sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi sığortalının üzərinə düşür və sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir. Lakin İddiaçı hər hansı əlavə sənəd təqdim etməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin tibbi rəy almaq üçün tibbi sənədləri Türkiyəyə göndərməyi təklif etdiyini, lakin iddiaçının həmin təklifdən imtina etdiyini qeyd etmişdir. İddiaçı sığorta hadisəsinin mövcudluğundan əmin idisə, tibbi sənədlərin əlavə araşdırılmasından niyə imtina etmişdir? Bu faktın özü əslində sığorta hadisəsinin baş vermədiyinə dəlalət edir. Məlum olduğu kimi xx.xx.2024-cü il tarixli hazırlıq iclasından sonra "xxxx" ASC əlavə tibbi sənədləri əldə edə bilmişdir. Sənədlərə "xxxx" ASC-nin tibbi ekspertləri tərəfindən baxılmış və sığorta hadisəsinin baş vermədiyi öz təsdiqini tapmışdır. Sənədlər əlavə olaraq səfər sığortası üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlara - “X2”a və “X5”a göndərilmiş və bu təşkilatların da rəyi sığorta hadisəsinin baş verməməsi istiqamətində olmuşdur. 52382-184863/23 nömrəli sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan "xxxx" ASC-nin “Səfər sığortası” Qaydaları çərçivəsində tənzimlənir. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən sığorta hadisəsi kimi qəfil xəstələnmə halları, bədbəxt hadisələr, ölüm halı qəbul edilir, bir şərtlə ki, bütün bu hallar sığorta olunan sığorta müqaviləsində göstərilən ölkənin ərazisində olarkən və sığorta müddəti ərzində baş vermiş olsun. Əlavə olaraq Qaydaların “Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər” adlı 4-cü maddəsinin 4.1.2-ci bəndinə əsasən sığorta müqaviləsinin qüvvəyə minməsindən əvvəlki dövrdə alınmış müalicə nəticəsində səfər zamanı yaranmış ağırlaşmalar və ya ölüm halı ilə bağlı xərclər sığortaçı tərəfindən ödənilmir. Aşaffenburq-Alzenau klinikasının xx.xx.2023-cü il tarixli tibbi sənədinə əsasən İddiaçı “Süd vəzi karsinomasından sonrakı vəziyyət, ilk diaqnoz tarixi: 02/2023” diaqnozu qoyulmuşdur. Tibbi sənədin “Gedişat” bölməsində isə qeyd olunmuşdur. “51 yaşlı xəstə bir neçə gündür ki, sol aşağı qarın nahiyəsində artan ağrılar və 4 həftədir ki, sol tərəfə məlum olan yumurtalıq kistası səbəbindən bölməmizə qəbul olunmuşdur”. Halbuki iddiaçı iddia ərizəsində yanlış olaraq “elə həmin gün mənə yumurtalıq kistası diaqnozu müəyyən olunmuşdur və təcili olaraq kisti çıxarmaq üçün əməliyyat edilmişdir” qeyd etmişdir. Göründüyü kimi klinikanın tibbi sənədlərində sözügedən yumurtalıq kistasının ona 4 həftədir ki, məlum olduğu rəsmi olaraq öz əksini tapmışdır. Sığorta müddətinin “xx.xx.2023 00:00 - xx.xx.2023 23:59” olduğu və İddiaçı xx.xx.2023-cü il tarixində Aşaffenburq-Alzenau klinikasına müraciət etdiyi və artıq 4 həftə ona məlum olan yumurtalıq kistasının mövcudluğu nəzərə alındıqda (xx.xx.2023 - 4 həftə = xx.xx.2023) hadisənin sığorta müddətindən öncə baş verdiyi açıq-aşkar görünür. Bundan əlavə olaraq sözügedən hadisə diaqnozda da qeyd olunduğu kimi süd vəzi müalicəsindən (fevral 2023) sonrakı ağırlaşma halıdır. Bütün qeyd olunanları nəzərə alaraq, qanunvericiliklə və müqavilə ilə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmur və sığorta təminatı ilə əhatə oluna bilməz. Odur ki, iddiaçının ərizəsi tamamilə rədd olunmalıdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil cavabdeh tərəfindən göndərilmiş mülahizəyə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin mülahizəsi tamamilə əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Belə ki, cavabdeh mülahizəsində göstərir ki, xx.xx.2023cü il tarixdə İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində həyata keçirilmiş cərrahi əməliyyatə görə 2741,57 EURO xərcləndiyini qeyd etmiş və bununla bağlı sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. İddiaçı ərizəsi ilə birlikdə Aşaffenburq-Alzenau klinikasının yalnız bir tibbi sənədini təqdim etmişdir. İddiaçı digər sənədləri təqdim etməkdən imtina edib. Lakin bu doğru deyil. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək ərizə ilə birlikdə Almaniyada kistanın çıxarılması əməliyyatı ilə əlaqədar bütün sənədləri təqdim etmişdir. Lakin cavabdeh bu işə aidiyyəti olmayan əlavə tibbi sənədlər tələb etmişdir. Konkret olaraq əvvəllər keçirdiyi onkoloji əməliyyatla bağlı sənədləri istəmişdir. İddiaçı bu sığorta hadisə ilə bağlı olmayan sənədləri təqdim etməkdən imtina edərək Almaniyada baş vermiş hadisəyə aid olan tibb sənədləri tam təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh şifahi olaraq iddiaçıya düşən sığorta haqqını ödəməkdən imtina etmişdir. Bu səbəbdən də cavabdehin iddiaçının sığorta şirkətinə lazımi tibbi sənədləri təqdim etməkdən imtina etməsi ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır. Bundan sonra cavabdeh iddia ərizəsinə mülahizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixli hazırlıq iclasından sonra "xxxx" ASC əlavə tibbi sənədləri əldə edə bilmişdir. Sənədlərə "xxxx" ASC-nin tibbi ekspertləri tərəfindən baxılmış və sığorta hadisənin baş vermədiyi öz təsdiqini tapmışdır. Bununla əlaqədar cavabdeh "xxxx" ASCnin “Səfər sığortası” Qaydalarının 3.2-ci bəndini tənzimlənir və qeyd edir ki, Qaydaların 3.2-ci bəndinə əsasən – sığorta hadisəsi kimi qəfil xəstələnmə halları, bədbəxt hadisələr, ölüm halı edilir. Eyni zamanda mülahizəsində Qaydaların “Sığorta risklərindən istisnalar və sığorta təminatında məhdudiyyətlər” adlı 4-cü maddəsinin 4.1.2-ci bəndinə əsasən sığorta müqaviləsinin qüvvəyə minməsindən əvvəlki dövrdə alınmış müalicə nəticəsində səfər zamanı yaranmış ağırlaşmalar və yə ölüm halı ilə bağlı xərclər sığortaçı tərəfindən ödənilmir. Bununla yanaşı cavabdeh iddiaçının əvvəlki diaqnozundan məlumat götürərək qeyd edir ki, Aşaffenburq-Alzenau klinikasının xx.xx.2023-cü il tarixli tibbi sənədinə əsasən İddiaçı “süd vəzi karsinomasından sonrakı vəziyyət, ilk diaqnoz tarixi; 02/2023” diaqnozu qoyulmuşdur və həmin diaqnozdan görünür ki, “51 yaşlı xəstə bir neçə gündür ki, sol aşağı qarın nahiyyəsində artan ağrılar və 4 həftədir ki, sol tərəfə məlum olan yumurtalıq kistası səbəbindən bölməsinə qəbul olunmuşdur”. Bu səbəbdən cavabdeh belə nəticəyə gəlir ki, guya iddiaçı iddia ərizəsində yanlış olaraq “elə həmin gün mənə yumurtalıq kistəsi diaqnozu müəyyən olunmuşdur və təcili olaraq kisti çıxarmaq üçün əməliyyat edilmişdir”. Lakin bununla yanaşı qeyd etmək istəyir ki, cavabdehin bu hissədə də gətirdiyi dəlillər tam əsassızdır. xx.xx.2023-сü il tarixdə iddiaçı (xəstə) xəstəxananın təcili yardım şöbəsinə artan kəskin qarın ağrılarına görə müraciət etmişdir. 4 həftə öncə xəstədə keçirilən rutin ginekoloji müayinədə follikular kista diaqnozu qoyulmuşdur və bunun heç bir cərrahi terapiyaya ehtiyacı olmamışdır. Qəbul şöbəsində kistanın böyüdüyü müşahidə olunmuş və kista burulması və işemiya şübhəsi ilə təcili əməliyyat edilmişdir. Əməliyyat zamanı diaqnoz təsdiqini tapmışdır və bu klinikadan alınan sənədlərdə diaqnoz bölməsində göstərilmişdir. Kistanın burulma diaqnozu beynəlxalq və həmçinin Azərbaycan tibbi standartlarına uyğun olaraq təcili əməlliyata göstərişdir. Cavabdeh məhkəmədən əvvəl tibbi sığortanı ödəməkdən imtina edərək öz imtinasını kistin partlamaması və buna görə əməliyyata ehtiyac olmadığı ilə əsaslandırmışdır. Lakin iddiaya mülahizəsində cavabdeh iddiaçıya tibbi sığorta ödəməkdən imtina etməsinin tamamilə fərqli bir səbəbini göstərmişdir. Beləliklə, cavabdeh hər dəfə iddiaçıya tibbi sığorta verməkdən imtina etməsinin əsaslarını dəyişdirir. Bundan başqa, iddiaçı ərizəsində qeyd edib ki, sığorta şirkəti ilə barışıq sazişi bağlamaq üçün mediasiya xidmətinə müraciət etmişdir. Lakin "xxxx" ASC mediasiya sessiyasına gəlməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə zamanı bildirib ki, iddiaçının mediasiya sessiyasında iştirak edilməsi üçün təklif alınmasına baxmayaraq, mediasiya təşkilatından mediasiya sessiyasında iştirak etmək üçün "xxxx" ASC-yə heç bir bildiriş gəlməmişdir. Lakin o, müdafiəçi kimi, Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət edərək, oradan mediasiya sessiyasında iştirak edilməsi barədə bildiriş göndərilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərnamənin fotoşəklini almışdır. Bu bir daha təsdiq edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və könüllü olaraq tibbi sığortanın ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tibbi və səfər sığortasının ödənilməsi” barədə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etmiş və həmçinin bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının da rəyləri ilə müəyyən edilir ki, iddiaçı üzərində əməliyyata göstəriş olmuşdur. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Aşafenburq-Alzaneu klinikasının xx.xx.2023-cü il tarixli qəbul məlumatından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı qadın xəstəlikləri bölməsinə təcili yardımla daxil olmuşdur. Qəbul diaqnozu D39.1 L. Evə buraxılış tarixi xx.xx.2023-cü ildir. "xxxx" ASC-nin 52382-184863/23 nömrəli xaricə səfər sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (sığortlanmış günlərin sayı 30) Şengen ərazisində sığorta edilmişdir. Tibbi xərclər 30000 avro olmaqla, Avropa ölkələri üçün maksimal sığorta məbləği üzrə limit 5.000 avro təşkil edir. Aşafenburq-Alzaneu klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10936745 nömrəli invoysdan görünür ki, xəstə İddiaçı göstərilmiş xidmətlərin cəmi dəyəri 2741,57 avro təşkil etmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli tibbi və səfər sığortası üzrə ərizədən görünür ki, **********323 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalı İddiaçı cərrahi əməliyyat göstərilməsi üçün 2741,57 avro xərclənmişdir. "xxxx" ASC-nin Tibbi eksperti Aynur Qəhrəmanbəyli tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yazılı izahatdan görünür ki, 52382-184863/23 saylı Səfər sığortası müqaviləsi üzrə sığortalı İddiaçı xx.xx.2023-cü il tarixdə sığorta ödənişi barədə ərizəsi ilə "xxxx" ASC-yə müraciət etmişdir. Müraciət ərizəsinə əlavə olunmuş yeganə tibbi sənəd olan Almaniya Federativ Respublikasında keçilən əməliyyatla bağlı yazılan medical reporta əsasən sığortalı xx.xx.2023-cü il tarixdə qarnın aşağı nahiyəsində 4 həftə davam edən, pasiyentə öncədən məlum olan yumurtalığın kistası ilə əlaqələndirilən ağrı şikayəti ilə “Klinikum Aschaffenburg-Alzenau” tibb müəssisəsinə müraciət edərək müayinədən keçmişdir. Müayinə zamanı sol yumurtalığın kistası və çevrilməsi səbəbindən laparoskopik “İkitərəfli adneksektomiya” (həm sağ, həm sol yumurtalıq və boruların kəsilib götürülməsi) əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı histoloji müayinə zamanı bir kistanın 0.2 sm, digər kistanın 4.00 sm olduğu göstərilir. Həmçinin, həmin tibbi sənəddə sığortalının 2023-cü ilin fevral ayında “süd vəzinin 1-ci dərəcəli bədxassəli xərçəngi” diaqnozu ilə “Mastektomiya” (süd vəzinin götürülməsi) əməliyyatının icra olunduğu və müvafiq törəmələrin müalicəsi kimi sığortalı tərəfindən “Tamoksifen” preparatının qəbulu qeyd edilmişdir. Bütün bu qeyd edilənlər, yəni yumurtalıq kistasının mövcudluğunun və 4 həftə davam edən ağrıların sığorta müddətindən öncəyə aid olması, süd vəzi xərçənginin qadın cinsiyyət orqanlarında yarada biləcəyi yanaşı vəziyyət, “Tamoksifen”in yaratdığı yan təsirdən yaranmış problemin müalicə üsulu kimi dəyərləndirilməsi sığortalıya sığorta ödənişinin həyata keçirilməsindən imtina verilməli olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, “Səfər sığortası” Qaydalarının 3.2-ci (“Sığorta hadisəsi kimi qəfil xəstələnmə halları, bədbəxt hadisələr, ölüm halı qəbul edilir, bir şərtlə ki, bütün bu hallar sığorta olunan sığorta müqaviləsində göstərilən ölkənin ərazisində olarkən və sığorta müddəti ərzində baş vermiş olsun”) bəndini 4.1.2-ci (“Sığorta müqaviləsinin qüvvəyə minməsindən əvvəlki dövrdə alınmış müalicə nəticəsində səfər zamanı yaranmış ağırlaşmalar və ya ölüm halı ilə bağlı xərclər”) bəndini əsas götürərək əməliyyatın xərclərinin sığorta təminatı ilə əhatə olunmadığını bildirmişdir. Bir müddətdən sonra sığortalının qızı yenidən onunla əlaqə saxlamış və “yumurtalığın burulması” halının kəskin vəziyyət olaraq Almaniyada olan zaman səbəbsiz yarandığını bildirmişdir. Sığortalının qızının bildirdiklərini və müraciəti yenidən araşdıra bilmək üçün ona əməliyyat olunan gün və ya “mastektomiya” əməliyyatı olunan dövrlərdə sığortalının qadın üzvlərinin hər hansı İnstrumental (USM, KT, MRT vo s.) və laborator müayinələrinin nəticələri haqqında tibbi sənədləri təqdim etməyini təklif etmişlər. Sığortalının qızı onun müəyyən müayinələrdən keçdiyini təsdiqləsə də, təəssüf ki, heç bir tibbi sənəd təqdim etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə təqdim olunmuş 462/KEŞ №li ekspert rəyi ilə tanış olmuşlar. İddiaçının təqdim etdiyi Almaniyanın “Aşaffenburq-Alzenau” klinikasının rəyi ilə məhkəmə-tibbi ekspertizasının tibbi sənədlərin tədqiqatı hissəsi üst-üstə düşsə də, məhkəmə-tibbi müayinə zamanı iddiaçının qeyd etdiyi subyektiv fikirlərə istinadlar qəbuledilməzdir. Belə ki, həm klinikanın sənədlərində, həm də tibbi tədqiqat sənədlərində ağrının 4 həftə öncədən başladığı və yumurtalığın kistasının mövcudluğu barədə iddiaçının məlumatının olması bildirilir. Məhkəmə-tibbi ekspertlərə ünvanlanmış 1 və 3 saylı sualların cavabları tam olaraq təqdim olunmamışdır. 2 və 4 sualların cavablarına münasibətdə isə bildirmişdir ki, konkret olaraq yumurtalığın kistasının yaranması və ağırlaşması sayılan yumurtalığın burulması süd vəzinin karsinomasının müalicəsindən sonra təyin olunmuş tamoksifen preparatının yan təsirləri və ya yanaşı olaraq inkişaf edən problem kimi dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanları əsas götürərək, tibbi sənədlərin daha detallı təhlilinə və iddiaçının sonradan şifahi olaraq bildirdiyi məlumatlara istinad etmədən qiymətləndirməyə ehtiyac duyulur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7678 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Aşaffenburq-Aİzenau” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müayinələrdən sonra ona “Sol tərəfdə yumurtalıqda ölçüsü böyüyən simptomatik yumurtalıq kistası. Sol tərəfdə yumurtalıq burulması. Süd vəzi karsinomasından sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq hər iki tərəfdə laparoskopik yolla adneksektomiya əməliyyatının icrasına göstəriş olmuş və bununla əlaqədar xx.xx.2023-cü il tarixində xəstənin üzərində “Laparoskopik bilateral adneksektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq “Laparoskopik bilateral adneksektomiya” cərrahiyyə əməliyyatının icrasına zərurət və göstəriş olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı təyin edilmiş “Sol tərəfdə yumurtalıqda ölçüsü böyüyən simptomatik yumurtalıq kistası. Sol tərəfdə yumurtalıq burulması” diaqnozu süd vəzi karsinomasının nəticəsi və ya ağırlaşması halı hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 779/KEŞ nömrəli təkrar ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir ki, “Aşaffenburq-Alzenau” Klinikasında İddiaçınm adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə klinikaya daxil olmuş və aparılmış müayinələrdən sonra ona “Sol tərəfdə yumurtalıqda ölçüsü böyüyən simptomatik yumurtalıq kistası. Sol tərəfdə yumurtalıq burulması. Süd vəzi karsinomasından sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq hər iki tərəfdə laparoskopik yolla adneksektomiya əməliyyatının icrasına göstəriş olmuş və bununla əlaqədar xx.xx.2023-cü il tarixində xəstənin üzərində “Laparoskopik bilateral adneksektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq “Laparoskopik bilateral adneksektomiya” cərrahiyyə əməliyyatının icrasına zərurət və göstəriş olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı təyin edilmiş “Sol tərəfdə yumurtalıqda ölçüsü böyüyən simptomatik yumurtalıq kistası. Sol tərəfdə yumurtalıq burulması” diaqnozu süd vəzi karsinomasının nəticəsi və ya ağırlaşması halı hesab edilmir. Bakı 6 saylı Mediasiya Təşkilatınən verdiyi xx.xx.2023-cü il tarixli, MŞB/6-0778 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən "xxxx" ASC İMS-də iştirak etməmiş, mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 61 manat, 72 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün 225 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasın ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş Səfər Sığortası Qaydalarında Sığоrtа hаdisəsinə – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi anlayış verilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən Sığorta hadisəsi kimi qəfil xəstələnmə halları, bədbəxt hadisələr, ölüm halı qəbul edilir, bir şərtlə ki, bütün bu hallar Sığorta olunan sığorta müqaviləsində göstərilən ölkənin ərazisində olarkən və sığorta müddəti ərzində baş vermiş olsun. Qaydaların 4.1-ci bəndinə əsasən Sığortaçı aşağıdakı xərcləri ödəmir: 4.1.1. Sığorta müqaviləsi bağlayan şəxsin bu xəstəlik üzrə müalicə alıbalmamasından asılı olmayaraq, sığorta müqaviləsinin bağlandığı anda artıq mövcud olduğu bilinən xəstəliklər üzrə xərclər, lakin bu xəstəliklə bağlı yaranan kəskin ağrı halları və Sığorta olunanın həyatı üçün təhlükə təşkil edən hallar istisna təşkil edir; 4.1.7. Xroniki xəstəliklərlə bağlı müalicə, lakin Sığorta olunanın həyatı üçün bilavasitə təhlükə yaradan halların qarşısının alınması ilə bağlı yardım tədbirləri istisna olunur. Məhkəmənin mövqeyi: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xaricə səfər sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı Avropa ölkələri ərazisində tibbi xərclərlə bağlı 5000 avro məbləğində tibbi sığorta edilmişdir. Səfər dövründə İddiaçı vəziyyəti qəflətən ağırlaşmış, təcili olaraq Almaniya Federativ Respublikasında yerləşən “Aschaffenburg-Alzenau” klinikasında cərrahiyyə əməliyyat keçirmiş və həmin əməliyyata görə 2.751,57 avro vəsait xərcləmişdir. Bununla da iddiaçının baş vermiş sığorta hadisəsinə görə cavabdehdən sığorta müqaviləsinə əsasən sığorta ödənişini tələb etmək hüququ yaranmış, lakin sığortaçı "xxxx" ASC bundan imtina etmişdir. Sığorta məbləğinin verilməsindən imtinanın əsası kimi isə cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xarici ölkədə keçirdiyi cərrahi əməliyyat sığorta hadisəsi hesab edilə bilməz. Cavabdeh bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının keçirdiyi əməliyyata əsas olan xəstəlik onun sığorta şəhadətnaməsi ilə təmin edildiyi dövrdən daha əvvəlki tarixlərdə mövcud olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu və ya digər şəxsdə hər hansı xroniki xəstəliyin olması heç də hər bir halda cərrahi müdaxilə tələb etmir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizaların da rəyləri ilə müəyyən edilmişdir ki, şəxsin həmin anda cərrahi əməliyyatı zəruri olmaqla, buna dair tibbi göstəriş olmuşdur. Üstəlik həmin an cərrahi əməliyyat şəxsdə daha əvvəl mövcud olan süd vəzi karsinomasının ağırlaşması halı hesab edilməmişdir. Göründüyü kimi cavabdehin sığorta ödənişindən imtinasında göstərilən hallar əsassız olmaqla, qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olduğundan, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş sənədlərə, habelə iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərinə əsasən mübahisəli əməliyyatın sığorta hadisəsi hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Şəxsin əvvəllər bu və ya digər xəstəlikdən əziyyət çəkməsindən asılı olmayaraq, onun səfər və tibbi sığorta ilə sığortalanmış dövr ərzində qəflətən baş vermiş əsaslara görə cərrahi əməliyyata məruz qalması məhkəmə tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilir. Xüsusilə nəzərə alınmalıdır ki, hazırkı halda baş verən sığorta hadisəsi məhz elə cavabdehin özünün müəyyən etdiyi “Səfər sığortası qaydaları”nın sığorta ödənişinin verilməsinə əsas verən tənzimlənməsinin təsir dairəsinə (bu xəstəliklə bağlı yaranan kəskin ağrı halları və sığorta olunanın həyatı üçün təhlükə təşkil edən hallar, sığorta olunanın həyatı üçün bilavasitə təhlükə yaradan halların qarşısının alınması ilə bağlı yardım tədbirləri) düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya sığorta hadisəsinə görə sığorta məbləği ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2.741,57 (iki min yeddi yüz qırx bir avro əlli yeddi avrosent) avro qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq sığorta ödənişi, ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 221 (iki yüz iyirmi bir) manat xidmət haqqının və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2741,57 (iki min yeddi yüz qırx bir avro, əlli yeddi avrosent) avro qətnamə icra olunan gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq sığorta ödənişi, ödənilmiş 71 (yetmiş) manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 221 (iki yüz iyirmi bir) manat xidmət haqqının və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar