Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1259/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski 201-211 (20 Yanvar küçəsi, 39) (39T 399659.62 4475009.24 saylı koordinatlar) ünvanında təxminən 40.0 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsində, 5 (beş) mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki cavabdehin mülkiyyətində olan mənzilin qarşısında inşa edilmiş qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski 201-211 (20 Yanvar küçəsi, 39) (39T 399659.62 4475009.24 saylı koordinatlar) ünvanında təxminən 40.0 kv. m dövlət mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən həmin ünvanda 5 (beş) mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, mülkiyyətində olan mənzilin qarşısında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyriqanuni olaraq tikinti işləri aparmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5060/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olduğu və işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5060/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli qərardad ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1259/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2067/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə isə iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin e-2-2(102)-268/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırma aparılmaqla məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə əlavəsinin olmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddiaya etiraz edib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, Azərbaycan Respublikasının Ali Məhkəməsinin e-2-2(102)-268/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin e-2-2(102)-268/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddi hüquq normasının məzmunundan göründüyü kimi yaşayış evi, tikili, qurğu və ya başqa daşınmaz əmlak 3 halda özbaşına tikinti sayılır. Bunlar a) tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikildikdə, b) lazımi icazələrin alınmaması, c) şəhərsalma və tikinti normaları və qaydalarının ciddi şəkildə pozulması təşkil edir. Hazırkı iş üzrə iddia tələbindən göründüyü kimi, tələb iki hissədən ibarət olmaqla məhkəmədən həm qanunsuz tikilinin sökülməsi, həm də torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Qeyd olunmalıdır ki, tələbetmə növü kimi vindikasiya mülkiyyət hüququnun müdafiə edilməsi üsuludur. Bu üsulla mülkiyyətçi öz əmlakını, ona qanunsuz yiyələnmiş özgə şəxsin sahibliyindən tələb edə bilər. Başqasının qanunsuz sahibliyində olan əmlakı tələb etmək hüququ ilə yanaşı, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiəsini tələb edə bilər. Belə bir hüququn təmin olunması tələbi neqator iddia ilə irəli sürülür. “Hazırki halda iddia tələbi qanunsuz tikilinin sökülməsini ehtiva edir. İddia tələbinin qanunsuz tikilinin sökülməsi hissəsi publik hüquqi sferaya aid olmaqla inzibati məhkəmələrin yurisdiksiyasına, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi isə ümumi hüquqi sferaya aid olmaqla ümumi məhkəmənin yurisdiksiyasına aid ola bilər”. Azərbaycan Respublikasının Ali Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır (Qərarın 3.2, 4, 5.1, 10.4-cü bəndləri). Həmin qərarın 16.3-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi hesab etmişdir ki, məhkəmə aidiyyətinin mübahisəli halları üzrə göstərilən xüsusatlar baxımından Ali Məhkəmənin istinad olunan Plenum Qərarındakı hüquqi mövqeyə uyğun olaraq yenidən araşdırılmalı, iddia tələbi publik hüquq sahəsindən irəli gəlməsi baxımından qiymətləndirilməli və MPM-in müəyyənləşdirdiyi tələblərə cavab verən qərar qəbul edilməlidir”. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında qeyd olunanlara istinadən tələbi müvafiq qaydada araşdıraraq hesab edir ki, iddia tələbinin “qanunsuz tikilinin sökülməsi” hissəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. İddia tələbinin “torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, bu tələb birinci tələblə qarşılıqlı əlaqəsi olan, həmin tələbin nəticəsindən asılı olan yanakı tələbdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki icraat qaydasında baxıla bilməz. Məhkəmə bir daha qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: 10.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2-ci bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Əsasnamənin 3.1.36-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrindəndir. Məhkəmə tərəflər arasında yaranan mübahisənin ümumi (publik) hüquq münasibətlərindən yaranmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1259/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1259/2023
13.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver