Məhkəmə qərarları › İş №e-2(006)-1268/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-1268/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1268/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı «əşyaların mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «əşyaların mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanındakı 57 saylı mənzildən cavabdehə məxsus əşyaların cavabdeh tərəfindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanındakı 57 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Belə ki, o mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh (cavabdeh) ilə xx.xx.2023-cü il tarixində Bakı şəhəri 32 saylı Notariat Ofisində həmin mənzilin alqı-satqısı barədə müqavilə bağlamışdır. Bundan sonra sözügedən mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir və hazırda mənzil onun mülkiyyətindədir. Həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilsə də, mənzildə cavabdehə aid əşyalar hələ də qalmaqdadır. Beləliklə, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, müqavilənin 11-ci bəndinə əsasən cavabdeh mənzili alıcının bəyənib razılaşdığı formada xx.xx.2023-cü il tarixədək onun istifadəsinə vermə öhdəliyi götürmüşdür. Həmin əşyaların mənzildən çıxarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, əşyalar mənzildən çıxarılmamışdır. Bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin yenə də cavabdeh tərəfindən əşyalar mənzildən götürülməmişdir. Bu hal isə mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını (qiyabi icraat qaydasında baxılması zərurəti yaranarsa qiyabi icraat qaydasında baxılmasını) və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin yuxarıda qeyd olunan, işə qiyabi icraat qaydasında baxılmasına etiraz olmadığı barədə ərizəsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1268/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 27 yanvar 2023-cü il tarixində tərəflər arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin 2-ci bəndinə nəzər yetirdikdə, satılan daşınmaz əmlak hüquq müəyyənedici sənəd olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X2 verilmiş **********24-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 35.89 kv/m satıcıya məxsusdur. Müqavilənin 8-ci bəndinə görə, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilənin 11-ci bəndinə nəzər yetirdikdə isə, həmin bənddə Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2023-cü il tarixinədək alıcının faktiki sahibliyinə verməyi qeyd edilmişdir. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, 57 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 saylı evin, 57 saylı mənzilindən cavabdeh X2 məxsus əşyalar cavabdeh X3 tərəfindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 saylı evin, 57 saylı mənzilindən cavabdeh X2 məxsus əşyalar cavabdeh X3 tərəfindən çıxarılsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar