Məhkəmə qərarları › İş №e-2(006)-1269/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1269/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1269/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı maddi zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və 200 saylı MTK-dan mənzilə görə ödənilmiş 30 000 manat və dəyən zərərə görə 9000 manat olmaqla, cəmi 39000 manat pulun və 207,40 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 əməllərində cinayətin tərkib əlamətləri olduğundan xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla 200 saylı Mənzil Tikinti Kooperativi arasında 22 iyun 2015-ci il tarixdə bir otaqlı 60 kv.m mənzilə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəfimdən 30000 manat pul ödənilmişdir. Kooperativ binanı tikib qurtarmışdır. Binada məskunlaşmaya başlanılmış və təmir-tikinti işləri aparılır. Lakin, ona məxsus mənzil bu günədək təhvil verilməmişdir. Kooperativin müqavilə ilə müəyyən edlmiş öhdəliyə əməl etməməsinin əsl səbəbi ona hələ də bəlli deyildir. Tərəfindən Yasamal Rayon Məhkəməsinə mənzilin təhvil verilməsi ilə bağlı iddia verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4514/2021 saylı qətnaməsi ilə o, İddiaçı 200 saylı "Mənzil Tikinti Kooperativi"-nə qarşı X9 massivində bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki sahəsi 61 kv.m olan bir otaqlı mənzilin təhvil verilməsi öhdəliyinin 200 saylı "Mənzil Tikinti Kooperativi"-nin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə iddia tələbi rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xx.xx.2009-cu il tarixdə 200 saylı "Mənzil Tikinti Kooperativi"-nin sədri Cavabdeh2 ilə X1 müqavilə isə X5 ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə müvafiq MTK ilə X4 arasında bağlanmış həmin mənzilin xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinfən dövlət qeydiyyatına alınmaqla X2 adına çıxarış verilmişdir. Qeyd edilənlərdən görünür ki, ona 2015-ci il tarixdə satılmış mənzil həmin vaxt başqa şəxslərin mülkiyyətində olmuşdur. İşin qeyd edilən hallarından görünür ki mübahisəli mənzil Cavabdeh2 tərəfindən ona qeyri-qanuni satılmışdır. Həmin mənzilin başqa şəxsin mülkiyyətində olmasından o, yeni xəbərdar olmuşdur. Ona görədə hesab etmişdir ki, mənzilə ödədiyi 30 000 manat pul və həmin pulun gecikdirilməsi nəticəsində illik 5 faiz hesablamaqla dəyən zərər ona ödənilməlidir. Ödənilmiş məbləğin 5 faizi 1500 manat təşkil etdiyindən indiyənə kimi vurulan zərər isə 6 il üçün 9000 manat təşkil edir. Tərəfindən cavabdeh şirkətə borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı pretenziya göndərilmişdir. Həmin pretenziyaya da heç bir cavab verilməmişdir. Cavabdeh qanuna zidd hərəkətləri ilə pulunu əsassız saxlamaqla ona əhəmiyyətli zərər vurmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmişdir. "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər Cavabdeh2 13 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, ərizədə qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixdə barəsində həbs qəti imkan tədbiri görülməklə məsuliyyətə cəlb olunmuşdur. İddiaçını "xxxx" MTK-nın payçısı kimi tanımışdır. "xxxx" MTK-a 12 mərtəbəli yaşayış binasıdır. İddiaçının ərizəsində isə 16 mərtəbəli bina göstərilmişdir. "xxxx" MTK payçıların vəsaiti hesabına tikilmiş, artıq mənzillər payçılara təhvil verilmişdir. İddiaçı özü çox yaxşı bilir pulunu kimə verib və mənzili kim ona göstərib. Hər hansı bir müqavilənin 6 il müddəti vardır. Artıq 8 il keçmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MTK-nın şəxsində onun sədri Cavabdeh2 S. ilə payçı İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilə payçıya Bakı şəhəri, Yasamal rayonu, X9 massivində çoxmərtəbəli yaşayış binasında 30 000 manat müqabilində 61 kv.m mənzilin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixdə 30000 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4514/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yeni Yasmal yaşayış massivində bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki sahəsi 61 kv.m olan bir otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə həmçinin qeyd edilmişdir ki, mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nın sədri Cavabdeh2 ilə X7, sonrakı müqavilə isə X5 ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə müvafiq MTK ilə X4 arasında bağlanmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X3 adına çıxarış verilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-238/2019 saylı hökmünün surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən Cavabdeh2 qəti olaraq 01 il 06 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/768 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-56-cı vərəqlərində olan "xxxx" MTK (kooperativin sədri Cavabdeh2 şəxsində) ilə payçı İddiaçı arasında bağlanmış 22 iyun 2015-ci il tarixli müqavilədəki əlyazmalar və “200 saylı MTK” qrafasındakı imza və 57-ci vərəqində olan 22 iyun 2015-ci il tarixli maliyyə arayışındakı əlyazmalar, “Cavabdeh2” və ‘ödəmə:" qrafalarındakı imzalar ilə mülki işin 66-cı vərəqində Cavabdeh2 adından olan 18 mart 2023-cüil tarixli ərizədəki əlyazmalar və “İmza: əlyazması qarşısındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 54-56-cı vərəqlərində olan "xxxx" MTK (kooperativin sədri Cavabdeh2 şəxsində) ilə payçı İddiaçı arasında bağlanmış 22 iyun 2015-ci il tarixli müqavilədəki əlyazmalar və “200 saylı MTK” qrafasındakı imza; 57-ci vərəqində olan 22 iyun 2015-ci il tarixli maliyyə arayışındakı əlyazmalar, “Cavabdeh2” və "Ödəmə:" qrafalarındakı imzalar - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə iş materiallarına və tədqiq edilmiş sübutlara əsasən belə nəticə hasil olunur ki, Cavabdeh2 “200 saylı MTK”-nın sədri vəzifəsində olan dövrdə eyni mənzil üzrə müxtəlif şəxslərin adına xx.xx.2009-cu il və xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi bağlamışdır. Qeyd olunan mənzilə ilk bağlanmış müqavilə üzrə mülkiyyət hüququnu müəyyən edən sənəd verilmişdir. Bununla da, iddiaçı ilə bağlandığı müqavilənin hər hansı hüquqi qüvvəsinin olmaması Cavabdeh2 öncədən bəlli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı ödədiyi 30000 manat məbləği tələb etməkdə haqlıdır. Məhkəmə həmin məbləğin tutulacağı subyektə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən, "xxxx" MTK-nın fəaliyyəti aktivdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müstəqil subyekt kimi deyil "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etməklə müqaviləni onun adından imzalamışdır. Odur ki, dəymiş ziyan "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş məbləğin 5 faizi olan 1500 manatın 6 ili üçün 9000 manatın ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, bu hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 207.4 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 180 manat tutulmalı, qalan 27.4 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilmədi, cavabdeh "xxxx" MTK-dan 30 000 manat və ödənilmiş dövlət rüsumuna görə 180 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 138 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 30 000 manat və ödənilmiş dövlət rüsumuna görə 180 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 207.4 manat dövlət rüsumunun qalan 27.4 manatı onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ**********00********). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar