Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-128/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz qaydada zəbt edilmiş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 (bir milyon) manat məbləğində vurulmuş maddi zərərin iddiaçıya ödənilməsi; iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 24 (iyirmi dörd) aya görə iddiaçıya vurulmuş 48.000 (qırx səkkiz min) manat məbləğində maddi zərərin ödənilməsi; iddiaçıya ona məxsus torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər (2-ci bənddə göstərilən məbləğ nəzərə alınmaqla) hər ay 2000 (iki min) manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi; 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifələrinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsi İddiaçı şəxsi mülkiyyətindədir (seriya RX, № 0385587, qeydiyyat tarixi xx.xx.2014 çıxarışa əsasən). 2019-cu ilin yanvar ayından iddia ərizəsi verilən günə qədər iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və MTK həmin sahədə yüksək mərtəbəli binalar ucaltmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Səbail rayon məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə Cavabdeh MTK tərəfindən 300.000 (üç yüz min) manat kompensasiya verilməsi yolu ilə İddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsini və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqları tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-680/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı həmin qanunsuz və əsassız qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-378/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 378/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi və iddiaçıya kompensasiya ödənilməli olması işin mübahisəsiz hissəsidir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı aşağıdakı kimi qiymətləndirir: "xxxx" MMC tərəfindən verilmiş UNİ/S 272- 538 saylı, 22 sentyabr 2023-cü il tarixli Daşınmaz əmlakın bazar dəyəri ilə bağlı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 22 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 900.000 (doqquz yüz min) manat təşkil edir. Həmçinin, "xxxx" MMC-nin 001-07/09-SR/23 saylı, 07 sentyabr 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti 1.000.000 (bir milyon) manat təşkil edir. Bundan başqa, cavabdeh 2019-cu ildən başlayaraq iddiaçıya 1 qəpik belə ödəmədən ona məxsus torpaq sahəsindən istifadə edir. İddiaçı mülkiyyətində olan sahədə yaşayış evi tikərək həmin evi kirayə vermək niyyətində idi. Hazırda həmin sahədə fərdi yaşayış evləri ayda ən azı 2000 manat müqabilində kirayəyə verilir. İddiaçı onun hüquqlarının pozulması barədə iddia ilə xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Hazırda cavadeh iddiaçıya 24 ay üzrə (2021-ci il üzrə 11 ay, 2022-ci il üzrə 12 ay, 2023-ci il üzrə 1 ay) əldən çıxmış faydanın əvəzi olaraq 48.000 manat pul ödəməlidir. Cavabdeh iddiaçının torpağını qanunsuz qaydada zəbt etmiş, iddiaçı məhkəməyə müraciət edənə qədər onunla görüşməyə belə razılıq verməmişdir. Həmçinin, cavabdehin nümayəndələri iddiaçıya “sən bilirsən bura kimin obyektidir”, “sənə 1 qəpik belə verilməyəcək”, “nə edirsən, et” deyərək onu alçatmışlar və özünü müdafiəsiz hiss etməyə müvəffəq olmuşlar. İddiaçı cavabdehin özbaşına hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş mənəvi zərəri 50.000 (əlli min) manat məbləğində dəyərləndirir. Cavabdehin bildirdiyinə görə iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən dövlət tərəfindən edilən sifariş əsasında zəbt edilmişdir. Həmçinin, yerli məhkəmələr də bu qənaətə gəlmişlər ki, iddiaçının torpağının üzərində tikilmiş yaşayış binalarında onlarla Azərbaycan Respublikası vətəndaşı məskunlaşıb ki, onların həmin sahədən çıxarılması yolverilməzdir. Odur ki, hazırkı iş üzrə iddiaçıya dair “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunun verdiyi təminatlar da tətbiq edilməlidir.
3. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, qanunsuz qaydada zəbt edilmiş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 (bir milyon) manat məbləğində vurulmuş maddi zərərin iddiaçıya ödənilməsi; iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 50 (əlli) aya görə iddiaçıya vurulmuş 100.000 (yüz min) manat məbləğində maddi zərərin ödənilməsi; iddiaçıya ona məxsus torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər (2-ci bənddə göstərilən məbləğ nəzərə alınmaqla) hər ay 2000 (iki min) manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi; 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifələrinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. 162378 nömrəli vəsiqədən görünür ki, iddiaçı Həsənova X1 rayonundan məcburi köçkündür.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları; məqsədli istifadə növü: fərdi yaşayış).
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-680/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ərazisində Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə Cavabdeh MTK tərəfindən 300.000 (üç yüz min) manat kompensasiya verilməsi yolu ilə İddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə İddiaçı 300.000 (üç yüz min) manat kompensasiya verilməsi ilə onun Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması hissəsində eyni vaxtda icra edilməsi, Cavabdeh MTK-dan "xxxx" MMC-nin xeyrinə qiymətləndirmə hesabatının verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pulun tutulması qət edilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 10/470 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin bütövlüklə Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli, 10/4955 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin planlı yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmadığı müəyyən edilir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-378/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 200 manatın dövlət büdcəsinə İddiaçı tutularaq ödənilməsi qət edilmiş, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qətnamənin 18 və 57-ci bəndlərində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli məktubunun kserosurətindən Səbail rayon İcra Hakimiyyəti Başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10, 12, 14, 16, 18, 20, Əlibəyov qardaşları 15, 17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilərək, çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsinin nəzərdə tutulması, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 11A ünvanının sözügedən sərəncamda əhatə edilmədiyi müəyyən edilmişdir. Qətnamənin 59-60-cı bəndlərində ekspert rəylərinə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi, həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq fərdi yaşayış evinin inşasının mümkün olmamasının müəyyən edilməsi qeyd edilmişdir. Qətnamənin 71-72-ci bəndlərində iddiaçıya məxsus torpağın MTK-ya verilmiş sərəncamda əhatə edilməməsi səbəbindən MTK-nın iddiaçıya qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” barədə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gəlinmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-378/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 001-07/09-SR/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti 1.000.000 (bir milyon) AZN təşkil etmişdir.
15. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 0030/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əldən çıxmış faydanın dəyəri (məbləği) 114.000 manat təşkil edir.
16. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli MB 17/1280 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə ilkin vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparılmamışdan əvvəlki vəziyyət) orta bazar qiyməti 618000 (altı yüz on səkkiz min) manat, cari vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparıldıqdan sonra, torpaq sahəsinin satışını mümkünsüz və qeyri-likvid olduğu vəziyyət) xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 260000 (iki yüz altmış min) manat təşkil edir. ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə ilkin vəziyyətdə orta aylıq icarə haqqının qiyməti 1113 (bir min bir yüz on üç) manat təşkil edir.
17. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli MB 17/1288 nömrəli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir.
18. Azərbaycan Qiymətləndiricilər Palatasının xx.xx.2025-ci il tarixli AQP-02/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılmış təhlil və hesablamaların nəticəsi olaraq ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixinə satış bazar dəyəri 614000 (altı yüz on dörd min), orta aylıq icarə bazar dəyəri 2000 (iki min) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,04 ha olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fərdi yaşayış məqsədilə ayrılmış torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə xx.xx.2014-cü ildən İddiaçı mülkiyyətindədir.
20. Qanuni qüvvəsini alaraq hazırkı iş üzrə preyudisiya təşkil edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri Səbail İcra Hakimiyyəti Başçısının 138 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Əlibəyov qardaşları 15, 17, 17A, 17B, 19 və başqa 2 küçədə yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilərək, çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi nəzərdə tutulmuş, iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə sözügedən sərəncamla əhatə edilməmişdir (qətnamənin 18, 57, 71-ci bəndləri).
21. Buna baxmayaraq, cavabdeh MTK-nın sərəncamla istifadəsinə verilmiş sahə ilə yanaşı, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində də tikinti işləri apararaq yeni yaşayış kompleksinin və ona xidmət üçün nəzərdə tutulmuş yardımçı sahələrin (qazanxana və s.) inşasını başa çatdırması yuxarıda istinad edilən qətnamə ilə müəyyən edilən, hazırkı işin mübahisəsiz hallarındandır.
22. Buna görə də iddiaçı özünə məxsus olan sahədə və həmin torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan inşa edilmiş tikililərin MTK-nın hesabına sökülməsi barədə iddia tələbi ilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, MTK isə qarşılıqlı iddia verərək, iddiaçıya kompensasiya ödənilməsi yolu ilə onun torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsini tələb etmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi qət edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir.
23. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsində aparılan icraat zamanı əldə edilmiş ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin bütövlüklə MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin, həmin torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin planlı yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, iddiaçıya məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmaması müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi iddiaçının mahiyyət etibarilə ilkin vəziyyətin bərpa edilməsi barədə olan tələbini təmin etməsə də, bunun səbəbi kimi tələbin təmin edilməsinin iqtisadi baxımdan çox böyük maliyyə xərcləri tələb etməsini, çoxsaylı qanuni gözləntiləri olan digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çıxaracağını göstərmişdir. Həmin qətnamə ilə ilkin iddia tələbinin təmin edilməməsi qət edilsə də, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (həmçinin, MTKnın iddia tələbi subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir).
25. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə (sonradan tələbinə dəqiqləşdirmə edərək) məhkəməyə müraciət edərək, özünə məxsus olan torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 manat məbləğində vurulmuş maddi zərərin, mülkiyyətində olan sahənin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 50 aya görə iddiaçıya vurulmuş 100.000 manat məbləğində maddi zərərin, torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər hər ay 2000 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifələrinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə araşdırmaları zamanı əvvəlcə iddianı qəbul etməmiş, torpaq sahəsinin tələb edilən dəyərinin qeyri-real, şişirdilmiş məbləğ olmasını mübahisələndirmiş, son dövrlərdə keçirilmiş məhkəmə baxış iclaslarında (konkret şərtləri hazırkı iclasda bildirərək) isə məsələnin barışıqla yekunlaşması üçün torpaq sahəsindəki tikilinin növbəti 3-4 ay ərzində sökülməsi ilə torpağın iddiaçıya qaytarılması və torpaq sahəsindən istifadə edilmiş dövrlər üzrə hər ay üçün ona 400 manat kompensasiya ödənilməsini təklif etmişdir. İddiaçı tərəf bu təklifi qətiyyən qəbul etməmiş, maddi və mənəvi zərərdən ibarət olan hazırkı iddiasını müdafiə etdiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir.
26. İddiaçı torpaq sahəsinə görə tələb etdiyi kompensasiya məbləğini "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı, əldən çıxmış faydanı isə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə əsaslandırmış, lakin cavabdeh bu məbləğlərin şişirdildiyini iddia etmişdir. İddiaçı tərəfin şifahi vəsatəti əsasında işin obyektiv həlli üçün ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Belə olan halda həmin qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndiricilərin rəsmi reyestrində qeydə alınmış "xxxx" MMC-yə göndərilmişdir. Həmin MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatında göstərilmiş məbləğlər iddiaçının təqdim etdiyi digər qiymətləndirici təşkilatların verdikləri rəylərdəki məbləğlərlə ziddiyyət təşkil etdiyindən, bu ziddiyyətin həll edilməsi və iş üzrə dəqiq məbləğlərin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının Ekspertlər Şurasına müraciət olunmuşdur. Azərbaycan Qiymətləndiricilər Palatasının xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin satış bazar dəyərinin 614.000 manat, orta aylıq icarə bazar dəyərinin isə 2.000 manat təşkil etməsi müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
27. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur.
28. Belə ki, iddia tələbinin “qanunsuz qaydada zəbt edilmiş Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11 A ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 (bir milyon) manat məbləğində vurulmuş maddi zərərin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, iddiaçının belə tələblə məhkəməyə müraciət etmək hüququnun olması qanuni qüvvəsini alaraq hazırkı iş üzrə preyudisiya təşkil edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ona izah olunmuşdur. Məhz həmin qətnamə ilə MTK-nın iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin mərkəzində yaşayış kompleksinin müvafiq hissəsini (yardımçı tikili olan qazanxana və s.) tikib başa çatdırması, lakin həmin torpaq sahəsinin MTK-ya verilmiş müvafiq sərəncamla əhatə edilməməsi müəyyən edilmişdir. Qətnamədə, həmçinin, qeyd olunmuşdur ki, müvafiq ekspert rəyinə əsasən torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşası mümkün deyildir. Deməli, cavabdehin heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan iddiaçını öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmə imkanından məhrum etməsi hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş hallar sonradan tərəflərin mübahisələndirə bilmədiyi, habelə iddia edən tərəfin sübut etməkdən azad olduğu hallardandır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan məhrum edildiyi torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edən iddiaçının bu tələbə subyektiv hüququnun olması mübahisəsizdir.
29. Heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan məhrum edildiyi torpaq sahəsinə görə iddiaçının cavabdehdən tələb etdiyi kompensasiya məbləğinin ədalətli kompensasiya olubolmaması ilə bağlı isə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı tələb etdiyi 1.000.000 manat məbləğində kompensasiyanı məhz öz sifarişi əsasında tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı ilə əsaslandırır. Bu məbləğ məhkəmə araşdırmaları zamanı mübahisələndirildiyindən, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmiş, belə olan halda həmin qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndiricilərin rəsmi reyestrində qeydə alınmış digər bir qiymətləndirici təşkilat olan "xxxx" MMC-yə göndərilmişdir. Həmin MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə isə iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparılmamışdan əvvəlki vəziyyət) orta bazar qiymətinin 618.000 manat, cari vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparıldıqdan sonra, torpaq sahəsinin satışının mümkünsüz və qeyri-likvid olduğu vəziyyət) isə orta bazar qiymətinin 260.000 manat təşkil etməsi müəyyən edilmişdir. Həm iddiaçının sifarişi əsasında xx.xx.2023-cü il tarixli hesabatı tərtib edən "xxxx" MMC, həm də məhkəmənin xahişi ilə xx.xx.2024-cü il tarixli hesabatı tərtib edən "xxxx" MMC eyni statusa malik, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan 2 müxtəlif təşkilat olduğundan, məhkəmə bu rəylər arasındakı aşkar fərqin araşdırılması və hansının daha düzgün olmasının müəyyən edilməsi məqsədilə həmin təşkilatların üzv olduğu Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının Ekspertlər Şurasına müraciət etmişdir. Məhz Palata tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında torpaq sahəsinin satış bazar dəyərinin 614.000 manat olması müəyyən edilmişdir. Bununla da, hazırkı iş üzrə "xxxx" MMC tərəfindən iddiaçının sifarişi əsasında və daha əvvəlki tarixlərdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatının real qiyməti əks etdirmədiyi aşkar olunmuşdur. Buna görə də məhkəmə sözügedən təşkilat tərəfindən təqdim edilmiş həmin qiymətləndirmə hesabatının birtərəfli tərtib edilməsi qənaətinə gələrək, həmin hesabatı hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. "xxxx" MMC ilə Azərbaycan Qiymətləndiricilər Palatasının verdiyi hesabatlarda birbirinə yaxın məbləğlər əks olunduğundan, "xxxx" MMC-nin iş üzrə verdiyi hesabatın mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmir. Lakin məhkəmə hesab edir ki, sözügedən təşkilatın da üzv olduğu qurumun məhz özü tərəfindən verilmiş hesabatın tələbin bu hissəsi üzrə əsas götürülməsi daha obyektiv, ədalətli və məqsədə müvafiq nəticə olacaqdır.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh MTK-dan 614.000 manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir.
31. Tələbin bu hissəsi ilə bağlı cavabdehin vəkili-nümayəndəsinin hazırkı məhkəmə iclasında səsləndirdiyi “torpaq sahəsindəki tikilinin növbəti 3-4 ay ərzində sökülməsi ilə torpağın iddiaçıya qaytarılması” təklifinə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla, bu təklifi iddiaçı qəbul etmir. İkincisi və ən əsası isə, tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş, hazırkı mülki işin materiallarına əlavə edilmiş, preyudisial əhəmiyyət daşıyan qətnamə ilə bunun böyük iqtisadi xərclər tələb etməsi və qanuni gözləntiləri olan digər vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi faktı qəti olaraq təsbit edilmişdir. Maraqlısı odur ki, əvvəlki işdə iddiaçı cavabdehin hazırkı təklifinə analoji olan tələbini irəli sürərkən cavabdeh həmin tələbi qəbul etməyərək, öz növbəsində iddiaçının hazırkı tələbinə analoji olan qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bütün bu hərəkətləri, məhz elə hazırkı təklifi müddəti bir az da uzatmaq, yaranmış vəziyyətdən sui-istifadə etmək niyyəti daşıyır. Əks halda, özünün də tərəf olduğu işdə çıxarılmış qətnamə ilə məsələnin bu yolla həllinin mülki dövriyyənin sabitliyinin pozulması ilə nəticələnəcəyinin təsbit edilməsinə məhəl qoymadan vəkil-nümayəndə hazırkı məhkəmə iclasında bu təklifi səsləndirməzdi.
32. İddia tələbinin “iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 50 (əlli) aya görə iddiaçıya vurulmuş 100.000 (yüz min) manat məbləğində maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, əvvəlki bəndlərdə də göstərildiyi kimi, cavabdehin heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan iddiaçını öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmə imkanından məhrum etməsi hazırkı iş üzrə mübahisəsiz haldır. Cavabdeh bunu iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ona verilmiş müvafiq sərəncamla əhatə edilmədiyi halda, həmin torpağın mərkəzində yaşayış kompleksinin müvafiq hissəsini (yardımçı tikili olan qazanxana və s.) tikib başa çatdırmaqla həyata keçirmişdir. Beləliklə, cavabdeh heç bir əvəz ödəmədən iddiaçının torpağından faydalanmış və onun hesabına əsassız varlanmışdır. Cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən vəkili-nümayəndəsi də torpaq sahəsindən istifadə edilmiş dövrlər üzrə hər ay üçün iddiaçıya 400 manat kompensasiya ödəməyi təklif etməklə faktiki olaraq cavabdehin iddiaçının əmlakından əsassız faydalanaraq varlandığını və iddiaçının bu tələblə məhkəməyə müraciət etmək hüququnun olduğunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsindən əsassız məhrum olması nəticəsində iddiaçı yuxarıda göstərilən real maddi zərərlə yanaşı, əldən çıxmış fayda qismində də maddi zərərə uğramışdır. İddiaçı əvvəlki iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən hazırda iddia edir ki, əldən çıxmış fayda üçün müddətin başlanğıcı 2021-ci ilin fevral ayından hesablanmalıdır. Məhkəmə iddiaçının bu dəlilini haqlı sayır.
33. Əldən çıxmış fayda ilə bağlı ədalətli məbləğin müəyyənləşdirilməsi ilə əlaqədar isə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı 1 aya görə 2.000 manat məbləğində kompensasiya tələb edir və öz sifarişi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyini məhkəməyə təqdim edir. Həmin rəydə torpaq üzrə əldən çıxmış fayda kimi 1 aya görə 3.000 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də məhkəmə araşdırmaları zamanı mübahisələndirildiyindən, bir daha qeyd olunur ki, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Belə olan halda həmin qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndiricilərin rəsmi reyestrində qeydə alınmış digər bir qiymətləndirici təşkilat olan "xxxx" MMC-yə göndərilmişdir. Həmin MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə isə torpaq sahəsinin ilkin vəziyyətdə orta aylıq icarə haqqının qiymətinin 1113 manat təşkil etməsi müəyyən edilmişdir. Həm iddiaçının sifarişi əsasında xx.xx.2024-cü il tarixli mütəxəssis rəyini tərtib edən "xxxx" MMC, həm də məhkəmənin xahişi ilə xx.xx.2024-cü il tarixli hesabatı tərtib edən "xxxx" MMC eyni statusa malik, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan 2 müxtəlif təşkilat olduğundan, məhkəmə bu rəylər arasındakı əsaslı fərqin araşdırılması və hansının daha düzgün olmasının müəyyən edilməsi məqsədilə həmin təşkilatların üzv olduğu Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının Ekspertlər Şurasına müraciət etmişdir. Palata tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında torpaq sahəsinin orta aylıq icarə bazar dəyərinin 2000 manat olması müəyyən edilmişdir. Bununla da, hazırkı iş üzrə "xxxx" MMC tərəfindən iddiaçının sifarişi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin real qiyməti əks etdirmədiyi aşkar olunmuşdur. Buna görə də məhkəmə sözügedən təşkilat tərəfindən təqdim edilmiş həmin mütəxəssis rəyinin birtərəfli tərtib edilməsi qənaətinə gələrək, həmin hesabatı hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. "xxxx" MMC ilə Azərbaycan Qiymətləndiricilər Palatasının verdiyi hesabatlarda bir-birinə yaxın məbləğlər əks olunduğundan, "xxxx" MMC-nin iş üzrə verdiyi hesabatın mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin 50 aylıq hissəsinə münasibətdə "xxxx" MMC-nin hesabatında göstərilən məbləğin əsas götürülməsi daha obyektiv, ədalətli və məqsədə müvafiq nəticə olacaqdır.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməli, Cavabdeh MTK-dan 2021-ci ilin fevral ayından 2025-ci ilin aprel ayınadək (50 ay üçün) keçən müddətdə əldə çıxmış fayda qismində 55.650 manat (1.113 manat x 50 ay) məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir.
35. İddia tələbinin “iddiaçıya ona məxsus torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər hər ay 2.000 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı bu tələbində tamamilə haqlıdır. Çünki torpaq sahəsinin hazırkı qətnamə ilə müəyyən edilmiş bazar dəyəri tam ödənilənə qədər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən əsassız məhrum olması halı davam edəcək. Başqa sözlə, cavabdeh torpaq sahəsinə görə ədalətli kompensasiyanı iddiaçıya ödəyənə qədər iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulmayacaq, bu da öz növbəsində iddiaçının əldən çıxmış fayda qismində maddi zərərə uğraması ilə nəticələnəcək.
36. Məhkəmə tələbin bu hissəsində göstərilmiş məbləğlə bağlı isə əvvəlki bəndlərdə nümayiş etdirdiyi mövqeyə əsasən, həmçinin, tələbin başlanğıc tarixinin hesabatın verilmə tarixi ilə yaxın tarixlər olmasını nəzərə alaraq, 2025-ci ilin aprel ayından əldən çıxmış fayda kimi tutulmalı olan məbləğin Azərbaycan Qiymətləndiricilər Palatasının xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən 2.000 manatla hesablanmasının daha obyektiv, ədalətli və mütənasib olacağını hesab edir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli, Cavabdeh MTK-dan 2025-ci ilin aprel ayından torpaq sahəsinin orta bazar qiyməti (614.000 manat) ödənilənədək keçən hər aya görə 2.000 (iki min) manat məbləğində icarə haqqı (əldə çıxmış fayda – maddi zərər) alınaraq İddiaçı verilməlidir.
38. Burada cavabdehin “torpaq sahəsinin istifadə olunduğu hər ay üzrə 400 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi” təklifi ilə bağlı isə qeyd edilməlidir ki, onun bu təklifi real məbləğdən qat-qat aşağı olduğundan və iddiaçının qanunla qorunan maraqlarına zidd olduğundan, cavabdehin iddianı qismən qəbul etmək mahiyyətində olan bu təklifi (qismən etiraf) iddiaçı tərəfindən qəbul edilməməklə yanaşı, məhkəmə tərəfindən də qeyri-mütənasib kimi qiymətləndirilir.
39. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən törədilən əməl nəticəsində iddiaçının maddi zərərə uğraması faktı sübuta yetirilsə də, bu hərəkətlər nəticəsində iddiaçının mənəvi zərər çəkməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı və s.) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hazırkı işdə isə cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının hər hansı qeyri-əmlak hüquqlarının pozulması deyil, məhz iqtisadi məzmun və dəyər kəsb edən mülkiyyət hüququnun pozulması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1, 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1-1092.2. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
44. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1, 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
48. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 669.650 manat məbləğində maddi zərərin əvəzi, həmçinin, 2025-ci ilin aprel ayından torpaq sahəsinin orta bazar qiyməti ödənilənədək keçən hər aya görə 2.000 (iki min) manat məbləğində icarə haqqı (əldə çıxmış fayda – maddi zərər) alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və hazırkı iş üzrə iddiaçı məcburi köçkün olmaqla müvafiq qanuna əsasən dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumu kimi ödənilməli olan 967,65 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməli, mütəxəssis rəyi üçün tələb edilən 300 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 669.650 (altı yüz altmış doqquz min altı yüz əlli) manat məbləğində maddi zərərin əvəzi, həmçinin, 2025-ci ilin aprel ayından torpaq sahəsinin orta bazar qiyməti (614.000 manat) ödənilənədək keçən hər aya görə 2.000 (iki min) manat məbləğində icarə haqqı (əldə çıxmış fayda – maddi zərər) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilməli olan 967,65 (doqquz yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, Kod: 805562, SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova