Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1296/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X3 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Azəriqaz” İB-nın Hüquq Departamentində böyük hüquq məsləhətçisi vəzifəsində çalışır. 2021-ci ilin yanvar ayından etibarən də çalışdığı iş yeri üzrə aldığı aylıq əmək haqqından icbari tibbi sığortaya son 12 təqvim ayı üçün ümumilikdə 432,05 manat məbləğində pul ödənilmişdir. Lakin, 22.11.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi analiz nəticəsinin pozitiv çıxması səbəbilə 22.11.2021-ci il tarixindən 07.12.2021-ci il tarixinə kimi karantin altına alınmış, ev şəraitində tibbi müayinələr və müalicələr almışdır. Həmin müddətdə nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, nə də səhiyyə nazirliyi və yaxud da səhiyyə nazirliyinin yaşadığı yer üzrə qeydiyyatda olduğu tibb müəssisəsi (TƏBİB tabeliyindəki 7 nömrəli şəhər poliknikası) iddiaçıya tibbi xidmət göstərməmiş, səhhətilə bağlı tibbi müşahidələr aparmamış, sağlamlığının bərpası üçün dərman preparatları ilə iddiaçını təmin etməmiş, tibbi diqqət ayırmamış, xəstə halınla üz-üzə buraxaraq onunla tibbi baxımdan maraqlanmamışdır. Sahə həkiminin “arada bir zəng edib əhvalınızı soruşacam” deməsi, bir növ iddiaçının ölüb-ölməmiş olmasının yoxlanılacağı anlamına gəlir. Nəzərə alınsa ki, iddiaçı karantin altına alınması səbəbindən evdən çölə çıxıb apteklərə belə gedə bilməmiş və 7 nömrəli şəhər poliknikası ilə yaşadığı ünvan arasındakı məsafə 100 metrdir, belə bir vəziyyətdə sahə həkiminin və ya başqa bir məsul tibb işçisinin həmin məsafəni qət edib ünvanına gəlib qapını döyərək “nəyəsə və ya hansısa dərmana ehtiyacın varmı?” deməməsi ölkəmizdə tibb xidmətinin ən aşağı səviyyədə olması, tibb xidmətinin təşkilinin düzgün aparılmaması və səhiyyə əməkdaşlarının ölkədə COVİD virusuna yoluxmuş ölkə vətəndaşlarına tibbi xidmət göstərməməsi anlamına gəlir. Buna görə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2021-ci il ərzində iddiaçının əmək haqqından tibbi sığortaya görə ümumilikdə tutulmuş 432,05 manat məbləğində pul vəsaitinin qarşılıqlı haqqını vermədiyi üçün həmin məbləğ cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Müvafiq qurumların sadalanan bu kimi hərəkətsizlikləri və nəvazişsizliyi, iddiaçıda həmin qurumlara qarşı mənəvi sarsıntı yaratdı, hərəkətsizlikləri iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb oldu, sağlamlığının daha tez bərpası yönündə əziyyətlər çəkdi. Belə ki, tiblə əlaqəsi olmayan bir insanın özü - özünü müalicə etməsi ilə tibb sahəsində ixtisaslaşmış bir həkimin onu müalicə etməsi (tibbi yardım göstərməsi) arasında ciddi bir fərqin olduğunu nəzərə alsaq, evdə özünü təcrid müddətində (karantin) sağlamlığının çətin bir şəraitdə bərpası iddiaçının fiziki iztirablar keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, dövlət tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulmuş dərman preparatlarının pul əvəzi müəyyən edilərək cavabdeh şəxslərdən müştərək qaydada tutulub iddiaçı şəxsə verilməli, habelə iddiaçı şəxsə dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş dərman preparatlarını mənimsəyən məsul vəzifəli şəxslər və ya tibb işçilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilərək barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi, 2021-ci il ərzində iddiaçı şəxsin əmək haqqından tibbi sığortaya görə ümumilikdə tutulmuş 432,05 manat məbləğində pul vəsaitinin cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tutularaq iddiaçı şəxsə geri qaytarılması, mənəvi zərərə görə 6.066 (altı min altmış altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş pul məbləğinin əvəzi cavabdeh şəxslərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, dövlət tərəfindən iddiaçı şəxsə verilməsi nəzərdə tutulmuş dərman preparatlarının (Vitamin C - 900 mq; Maqnezium (sitrat, orotat və qlükonat şəklində)) - 400 və ya 500 mq; Sink - 25 mq; L-selenometionin - 110 mq; Vitamin D 3 - 15000 vahid; Parasetamol - 500 mq) pul əvəzinin müəyyən edilərək iddiaçı şəxsə verilməsi müştərək qaydada cavabdeh şəxslərə həvalə edilməsi, dövlət tərəfindən iddiaçı şəxsə verilməsi nəzərdə tutulmuş dərman preparatlarını mənimsəyən məsul vəzifəli şəxslər və ya tibb işçilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edildiyindən barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X3 nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazını bildirərək göstərmişdir ki, İddiaçı Agentlikdən 432,05 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının bu tələbi qanunsuz və əsassızdır. Belə ki, icbari sığorta üzrə sığorta haqlaqının ödənilməsi qanunla nəzərdə tutulmuşdur və məcburidir. Sığorta haqları icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması məqsədi daşıyır və sığorta haqlarının geri qaytarılması qanunda nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Agentlikdən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərə görə 6.066 (altı min altmış altı) manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Mənəvi zərər tələbinin də heç bir hüquqi əsası yoxdur. Agentlik tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizlik olmamış, ümumiyyətlə iddiaçının iztirab keçirməsinə səbəb olacaq hər hansı hal olmamışdır. Belə ki, bütün dünyada və ölkəmizdə hökm sürən bu xəstəlik dövründə həkimlər və səhiyyə işçiləri ən ağır şərtlərdə işləyərək vətandaşlara xidmət etmişlər. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilib, gün ərzində minlərlə xəstəliyə yoluxan şəxslər üçün müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılmışdır. Yoluxmanı yüngül keçirən şəxslər evlərdə karantinə alınmaqla müalicə olunarkən, ağır olan xəstələr isə ayrılmış xəstəxanalarda müalicə olunmuşdur. Ölkəmizdə səhiyyə üçün ağır keçən pandemiya dövründə ev şəraitində müalicə olunan birisi tərəfindən əsassız iddianın verilməsi Agentliyin və məhkəminin vaxtının itirilməsi ilə nəticələnir. Göründüyü kimi iddiaçı ərizəsində heç bir hüquq normasına istinad etmədən, sadəcə şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Bu səbəbdən də İddiaçı iddiası rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı tələblərinin əsasını təşkil edən halları qanunla müəyyən olunmuş qaydada sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə qarşı irəli sürdüyü etirazın dəlilləri ilə razılaşaraq, qeyd edir ki, icbari sığorta üzrə sığorta haqlaqının ödənilməsi qanunla nəzərdə tutulmuşdur və məcburidir. Sığorta haqları icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması məqsədi daşıyır və sığorta haqlarının geri qaytarılması qanunda nəzərdə tutulmamışdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.0.4-cü və 15-1.0.5-ci maddəsinə görə sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması və sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyi icbari tibbi sığortanın əsas prinsiplərindəndir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona cavabdehlər tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Həmçinin, cavabdehlərin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması haqqında iddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələbdə göstərilən hallar işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığına görə tələbin bu hissəsinin də təmin olunması üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-1296/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1296/2022
20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver