Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1310/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Cavabdeh AAA oğlunun nümayəndəsi və vəkili CCC oğlunun iştirakı ilə İddiaçı "***" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "subroqasiya qaydasında pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “***” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər AAA oğluna və BBB oğluna qarşı "subroqasiya qaydasında pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8735,96 manat sığorta ödənişinin, 107,36 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 manat məbləğində pulun müştərək qaydada cavabdehlər AAA oğlundan və BBB oğlundan tutularaq iddiaçı “***” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BBB oğluna məxsus olmuş “Daewoo Tico” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə AAA oğlu tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “***” ASC-də “avtokasko” risklərindən sığortalanmış “X9” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Nizami RPİ-nin müstəntiqi Cəlilli Abdulla tərəfindən araşdırma aparılmış və xx.xx.2013-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən AAA oğlu hadisənin törədilməsində təqsirli bilinmiş, əməlində cinayət tərkibi olmadığına görə onun barəsində materiallar AR İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nizami RPİ-nin DYPŞ-ə göndərilmişdir. Hadisə nəticəsində “X9” markalı avtomobilə dəymiş zərərlə bağlı “***” ASC tərəfindən 12826,96 (on iki min səkkiz yüz iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş hesab edilmiş, avtomobilin qalıq hissəsinin dəyəri 3323,04 (üç min üç yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində müəyyən edilmişdir. “X9” markalı avtomobilə ümumilikdə 17390 (on yeddi min üç yüz doxsan) manat məbləğində ziyan dəymişdir. Hadisə törədilən vaxt BBB oğluna məxsus olmuş “Daewoo Tico” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. “X9” markalı avtomobilə dəymiş zərərə görə “***” ASC tərəfindən 12826,96 (on iki min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) məbləğində sığorta ödənişinin 4091 (dörd min doxsan bir) manat məbləğində olan hissəsi “Daewoo Tico” markalı sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “***” ASC-yə ödənilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiklərini qeyd etmiş, işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili CCC oğlu iddia ilə razı olmadığını bildirmişdir. O, izahatında avtombilə dəymiş zərərin şişirdildiyini, qəza nəticəsində avtomobilin yararsız vəziyyətə düşməsinin şübhəli olmasını, sığorta şirkəti tərəfindən vaxdında Cavabdeh1 məlumat verilməməsini, hadisədən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsinin aydın olmaması, digər Cavabdeh2 iş üzrə məsuliyyət daşımamasını qeyd etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin birinci hazırlıq iclasında Cavabdeh2 iddia ilə razı olmadığını bildirmiş, iddia ərizəsinə etirazını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, “Daewoo Tico” markalı avtomobil 2009-cu ildə AAA oğluna satılmışdır və buna görə hadisə ilə bağlı həmin şəxs məsuliyyət daşıyır. Eyni zamanda, iş üzrə iddia müddət keçdiyindən iddia müddətinin tətbiq olunması məhkəmədən xahiş edilmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh BBB oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 tərəfindən məhkəməyə daxil olmuş etiraz ərizəsində qeyd olunmuşdur ki, sığorta ödənişi xx.xx.2013-cü il tarixdə ödənildiyi üçün iddiaçının tələb hüququ həmin gündən yaranmışdır. Hazırkı mübahisəyə ümumi iddia müddəti tədbiq edilməli olduğundan iddia qaldırılması üçün son müddət 17 oktyabr 2023-cü ildir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli MİB-1298/12 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “X9” markalı avtomobil “***” ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. 09 fevral 2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, AAA oğlu baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, lakin əməlində cinayət tərkibi olmadığına görə onun barəsində materiallar AR İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nizami RPİ-nin DYPŞ-ə göndərilmişdir. “Avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair” xx.xx.2013-cü il tarixli aktdan görünür ki, “X9” markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi nəticəsində tam məhv olmuş hesab edilmişdir. xx.xx.2013-cü il tarixli “Qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi” aktından görünür ki, yol nəqliyyat hadisəsindən sonra avtomobilin qalıq hissəsinin 3323,04 manat məbləğində müəyyən edilmişdir “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan görünür ki, yol nəqliyyat hadisəsi baş verən anda “Daewoo Tico” markalı avtomobil mülkiyyət hüququ ilə BBB oğluna məxsus olmuşdur. xx.xx.2009-cu il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Daewoo Tico” markalı avtomobilə dair xx.xx.2008-ci il tarixdən 31 il müddətinə BBB oğlu tərəfindən AAA oğluna sərəncam vermə hüququnu da nəzərdə tutan səlahiyyətlər verilmişdir. Zərərin hesablanması aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9” markalı avtomobilə 17390 manat məbləğində ziyan dəymişdir. xx.xx.2013-cü il tarixli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X9” markalı avtomobilə dəymiş zərərə görə ödəniməli sığorta ödənişinin məbləği 12286,96 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli ödəniş tapşırığından görünür ki, “X9” markalı avtomobilə dəymiş zərərə görə “***” ASC tərəfindən 12826,96 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Çıxarışdan görünür ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt BBB oğuna məxsus olmuş “Daewoo Tico” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. “X9” markalı avtomobilə dəymiş zərərə görə 12826,96 manat məbləğində sığorta ödənişinin 4091 manat məbləğində olan hissəsi “Daewoo Tico” markalı avtomobilin sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “***” ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/0080 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, “***” ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 12826,96 manat məbləğində sığorta ödənişinin 8735,96 manat məbləğində olan hissəsinin “***” ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “X9” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən X3 adına qeydiyyatdadır. Avtomobilin istifadə edilməsi ilə bağlı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1673 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası rəyindən görünür ki, avtomobilin təmir olunmasının mümkünlüyü ilə bağlı qoyulmuş sual üzrə rəy verilməsi üçün foto şəkillər əsasında tədqiqat aparılmasının mümkün olmadığı bildirilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4291 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “***” ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X9” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16846 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 107,36 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, BBB oğluna məxsus olmuş “Daewoo Tico” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə vaxtı həmin avtomobil AAA oğlunun qanuni sahibliyində olmuş və hadisə onun təqsirindən baş vermişdir. Qəza nəticəsində “***” ASC-də “avtokasko” risklərindən sığortalanmış “X9” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Avtomobilə dəymiş zərərlə bağlı “***” ASC tərəfindən 12826,96 (on iki min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Daewoo Tico” markalı avtomobilin sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən 4091 (dörd min doxsan bir) manat məbləğində olan zərərin bir hissəsi “***” ASC-yə ödənilmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmə xərcləri ilə birlikdə 8843,72 manat pulun müştərək qaydada cavabdehlərdən tutulması üçün iddia irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilk olaraq iddia müddəti ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddia müddəti olaraq ümumi iddia müddəti, yəni 10 illik müddət tətbiq edilməlidir. Ümumi iddia müddətinin tətbiq edilməsi üçün müddətin başlama vaxtı ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. İddiaçı sığortaçı olaraq kasko sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığortalıya 17 oktyabr 2013-cü il tarixdə sığorta ödənişini vermişdir. Hazırkı iddia reqres öhdəliklərlə bağlı olduğundan iddia müddətin axımı əsas öhdəliyin icra olunduğu vaxtdan, yəni 17 oktyabr 2013-cü il tarixdən hesablanmalıdır. İddiaçı tərəf isə 10 il müddət bitməmiş, yəni 01 fevral 2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürməmişdir. İş materialları ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində AAA oğlu təqsirli bilinmişdir. Baş vermiş sığorta hadisəsinə görə “X9” markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərlə bağlı “***” ASC tərəfindən 12826,96 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi cavabdeh AAA oğlunun təqsirli hərəkəti nəticəsində törədildiyindən iddiaçının subroqasiya hüququ yaranmışdır. Ona görə də iddiaçı subroqasiya hüququndan istifadə edərək iddia irəli sürməkdə haqlı olmuşdur. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən “X9” markalı avtomobilə 17390 manat zərər vurulduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli 9/4291 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə köhnəlmə faizi nəzərə alınmadan qeyd olunan zərərin məbləği təsdiq olunur. “***” ASC tərəfindən sığortalıya ödənilmiş 12826,96 manat məbləğdən "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4091 manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 8735,96 manat zərər qalır. Qeyd olunan məbləğ iddiaçının tələb etdiyi məbləğlə uyğun gəlir. Qəzadan sonra avtomobilin yararlılığı ilə bağlı yaranmış ziddiyyətlə bağlı isə məhkəmə qeyd edir ki, sığorta ödənişi sözügedən avtomobilə dəymiş faktiki zərərə görə hesablanmışdır. Avtomobilə isə həqiqətən də göstərilən məbləğdə zərər dəyməsi iş materialları ilə sübut olunur. İddiaçı tərəfindən verilmiş həmin sığorta ödənişi subroqasiya qayasında tələb olunduğundan, sözügedən qəza nəticəsində avtomobilin təmirə yarasız vəziyyətə düşüb-düşməməsi iddia tələbinin əsaslılığına təsir göstərmir. Yol-nəqliyyat hadisəsi vaxtı cavabdeh AAA oğlu yüksək təhlükə mənbəyi olan “Daewoo Tico” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər cavabdeh BBB oğlu isə həmin avtomobilin mülkiyyətçisi olmuş və avtomobili etibarnamə əsasında AAA oğluna vermişdir. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla cavabdeh AAA oğlunun istifadəsində olduğundan, həmçinin onun təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə cavabdehlərdən yalnız AAA oğlu məsuliyyət daşımalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh AAA oğlundan 8735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pul tutulub iddiaçı “***” ASC-yə ödənilməli, iddia tələbi digər cavabdeh BBB oğluna münasibətdə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat cavabdeh AAA oğlundan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli (Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; Dövlət Xəzinədarlığı Agentliyi - KOD: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, hesab: AZ34CTRE********************), iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh AAA oğlundan 8735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pul tutulub iddiaçı “***” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə, yəni digər cavabdeh BBB oğluna münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat cavabdeh AAA oğlundan tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; Dövlət Xəzinədarlığı Agentliyi - KOD: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, hesab: AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-1310/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1310/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver