Məhkəmə qərarları › İş №e-2(006)-1386/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1386/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1386/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə PANASONİC üz qırxan, HASCEVHER tava üçün 453 (dörd yüz əlli üç) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, ümumilikdə, 498 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, yanvar 2022-ci il tarixində cavabdeh “Kontakt” mağazasından kredit ilə “Panasonic” markalı üz qırxan və mətbəx tavası kredit ilə almış və müqavilə üzrə 18 ay ərzində 29 manat ödəməyə razılaşdı. Cavabdeh həmin mağazadan bundan əvvəl də soyuducu, telefon almış və vaxtında aylıq haqqını ödədiyinə görə dəfələrlə telefonuna “Kontakt” tərəfindən mesajlar gəlib ki, yeni məhsullar alsın. Evə gələndə üzünü qırxmaq istədi və gördü ki, aldığı məhsul təmiz qırxmır. Mağazaya qayıdıb məhsulu ona tövsiyyə edən satıcıya bu barədə dedi, halbuki almamışdan öncə satıcı onu əmin edirdi ki, mağazada bu ən yaxşı üz qırxandır, hətta özünə də eynən bu məhsuldan alıb, çox keyfiyyətli çıxıb. Sonra müdriyyətə yaxınlaşdı və yenə üz qırxanın keyfiyyətsiz olduğu barədə onları da məlumatlandırdı. Onlar üz qırxanı götürüb dedilər ki, bunu yoxladıb onun ilə əlaqə saxlayacaqlar.Təxminən 20 gündən sonra ona zəng etdilər. Yaxınlaşdı mağazaya və onlar dedilər ki, ustaları hər şeyin qaydasında olduğunu onlara bildirib. O zaman o, onlara dedi ki, sizin yanınızda üzünü qırxsın və əgər onların dedikləri kimi üz qırxan üzünü təmiz qırxsa o, onu geri alacaq, hər halda onu lazımsız bir inventar kimi evinə almamışdı. Bununla onlar razı olmadılar. Günün bu gününədək üzqırxan onlardadır. Hazırda 58 manat onlara pul ödəmişdir. Tavanın qiyməti 24 manat təşkil edir, göründüyü kimi onların ona borcu var, onun yox. Bir il keçəndən sonra məhkəməyə şikayət ediblər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1386/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hazırki məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh PANASONİC üz qırxan, HASCEVHER tava almış və nəticədə 498 (dörd yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 511.2 (beş yüz on bir manat iyirmi qəpik) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan PANASONİC üz qırxan, HASCEVHER tava üçün ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) manat olmaqla, ondan 453 (dörd yüz əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 58.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir rəsmi məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli, 0308914№-li alğı-satqı müqaviləsinin əlavəsindən görünür ki, alğısatqı qiyməti 511.2 (beş yüz on bir manat iyirmi qəpik) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan Panasonic üz qırxan, Hascevher tava üçün ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) manat olmaqla, ondan 453 (dörd yüz əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə pulu borcu yaranmışdır. -xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, üzqırxan panasonic, tava hascevher-in aylıq ödənişi 28.4 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli Cavabdeh Böyüağa oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün götürdüyü malların iddiaçıya tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı olduğu bildirilmiş, bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Ödənilmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə əvvəlcədən xəbərdar edilmişdir. -xx.xx.2023-cü il tarxili, MT-22-1223№-li Texniki Rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə müştəri Ə.Çingiz tərəfindən alınan üzqırxan işlənmiş vəziyyətdə xx.xx.2022-ci il tarixdə “yaxşı işləmir” nasazlığı ilə əlaqədar olaraq "xxxx" MMC-yə verilmiş, həmin gün cihaz yoxlanılmış, qüsur aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, 0308914№-li alğı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıdan Panasonic üzqırxan, Hascevher tava almış, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı olaraq cavabdehdən aldığı malların geri qaytarılması tələb edilmiş, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəf isə müqavilə üzrə aldığı Panasonic üzqırxanın onda olmadığını iddia edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alğı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Bundan başqa, Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə həmçinin, cavabdehin etiraz ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh Panasonic üzqırxanın iddiaçıda olduğunu iddia edərək onda olmayan əşyaya görə pulun ödəməməsini bildirir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən alıcı əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə üzqırxan cihazı işlənmiş vəziyyətdə iddiaçıya təqdim etmiş və onun nasaz olduğunu bildirmiş, lakin cihaza baxış keçirildikdən sonra onda qüsur aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mövcud müqavilə üzrə alğı-satqı qiyməti 511.2 (beş yüz on bir manat iyirmi qəpik) manat (18 ay x 28.4 manat + 0 manat ilkin ödəniş) olan Panasonic üzqırxan və Hascevher tava üçün 453 (dörd yüz əlli üç) manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır və buna görə də 453 (dörd yüz əlli üç) manat ödənilməmiş əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış olan Panasonic üzqırxan və Hascevher tava üçün 45 manat məbləğində cərimənin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, olan Panasonic üzqırxan və Hascevher tava üçün 5 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə Panasonic üzqırxan, Hascevher tava üçün 453 (dörd yüz əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, Ümumilikdə, 458 (dörd yüz əlli səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar