Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1395/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1950-ci ildə vəfat etmiş Kürsüm Ağaqül qızı atası X2, atası X2 qardaşı və onun əmisi olması, X1 1955-ci ildə ölməsi və atası X2 bacısı və onun bibisi olması, X3 1954-cü ildə ölməsi və atası Novruz Novruzovun bacısı və onun bibisi olması, X4 atası Novruz Novruzovun bacısı onun bibisi olması, X7 1960-cı ildə ölməsi və nənəsi Kürsüm Ağagül qızının nəvəsi onun isə bibisi oğlu olması, xx.xx.1968-ci ildə vəfat etmiş X8 atası Novruz Novruzovun qardaşı ərizəçinin isə əmisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi bir-biri ilə aidiyyəti olmayan bir neçə tələbi birləşdirərək bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin nəticə hissəsində ərizəçi həm müxtəlif şəxslərin ölüm faktının, həm də özü, atası və nənəsi ilə qohumluq münasibətlərinin müəyyən edilməsini tələb edir. Buna görə də hesab edirəm ki, ölüm və qohumluq münasibətləri faktlarının müəyyən edilməsinə dair tələblər bir-biri ilə aidiyyəti olmayan bir neçə tələbdir və ərizə mülki prosessual qanunvericiliyin normalarının pozulması ilə məhkəməyə təqdim edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, tələbin “ölüm faktının müəyyən edilməsi” hissəsi ilə əlaqədar ərizəçi 3 nəfərin: 1. X3 1954-cü ildə ölməsi, 2. X1 1955-ci ildə ölməsi və 3. X7 1960-cı ildə ölməsi faktlarının müəyyən edilməsini məhkəmədən xahiş edir. Lakin ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları ərizəsinə əlavə etməmişdir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.2-9.5-ci bəndlərinə müvafiq olaraq, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Tələbin “qohumluq münasibətlərinin müəyyən edilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, həmin tələb qeyri-müəyyəndir, belə ki, ərizəçi ərizəsində “1950-ci ildə vəfat etmiş Kürsüm Ağaqül qızı atası X2, atası X2 qardaşı və onun əmisi olması” faktının müəyyən edilməsini tələb edir, lakin göründüyü kimi, Kürsüm Ağaqül qızı qadındır, onun ərizəçinin atasının qardaşı və ərizəçinin əmisi olması ehtimalı yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu ödənilməmişdir. Belə ki, ərizənin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə ərizəçi İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir və qəbz nömrəsi **********-dir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin qəbz üzrə edilmiş ödəniş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1134/2023 saylı qərardadı ilə ərizəçiyə geri qaytarılmışdır. Beləliklə, hazırki ərizənin məhkəməyə verilməsinə görə ərizəçi tərəfindən dövlət rüsumunun ödənilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1, 152.1.1, 152.1.5-ci, 152.1.7-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1395/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1395/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver