Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1397/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 Zahid oğlunun sədrliyi, X1 qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ilkin mediasiya sessiyası zamanı bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Maraqlı şəxs3 ərizə ilə məhkəməyə məhkəməyə müraciət edilməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 261.0.1-ci maddəsinin tələbinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ilk olaraq qeyd edir ki, ölmüş şəxs iş üzrə tərəf ola bilmədiyindən, onun proses iştirakçısı olduğu ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Çünki ölmüş şəxsə qarşı tələb irəli sürülməsi, eyni zamanda, məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Qeyd edilməlidir ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçmir. Həmçinin, prosessual hüquq varisliyi mübahisyə baxılan zaman məhkəmə icraatında tətbiq olunan prosessual alətdir. Yəni məhkəmə tərəfindən mübahisə həll olunarkən şəxs öldükdə onun hüquq varisliyinə yol verilir. Lakin hazırkı mülki iş xüsusi icraat qaydasında olduğundan və xüsusi icraatda hüquq haqqında mübahisəyə baxılmadığından, bu icraat zamanı prosessusl hüquq varisliyinə yol verilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Mülki prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Göründüyü kimi, xüsusi icraat qaydasında işlərə baxılması üçün mühüm şərtlərdən biri hüquq haqqında mübahisənin olmaması tələbidir. Hüquq haqqında mübahisə olduqda həmin məsələyə xüsusi icraat qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Ali Məhəməsi Plenumunun mövqeyinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Məhkəmə qeyd edir ki, hazırkı mərhələdə miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi yoxdur. Bu səbəbdən miras qoyan Maraqlı şəxs3 öhdəliklərinin icrası məqsədilə mirasın qəbulu məsələsinin həlli hüquq haqqında mübahisə hesab olunur. Odur ki, mülki işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla bank pulun tutulması və tutumanın ipotekaya yönəldilməsi tələbi ilə iddia icraatı qaydasında aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Qeyd olunanlarla yanaşı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə bildirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli, 2(102)-2264/2024 saylı qərardadında qeyd edilmiş hüquqi mövqeyə əsasən kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır. Odur ki, gələcəkdə bu növdə barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında müraciət edilən zaman göstərilən məhkəmə aidiyyəti qaydalarına əməl edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz manat) manat məbləğində pul ərizəçi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(006)-1397/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1397/2024
30.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver