Məhkəmə qərarları › İş №e-2(006)-1408/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1408/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1408/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan üçün 3351.6 (üç min üç yüz əlli bir, altmış qəp) manat ödənilməmiş hissə, 335.4 (üç yüz otuz beş, qırx qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “LG” markalı LED televizor üçün 1170 (min yüz yetmiş) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə olmaqla, ümumilikdə 4.974 manat borc, 69.74 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan üçün 3351.6 manat ödənilməmiş hissə, 335.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə “LG” markalı LED televizor üçün 1170 manat ödənilməmiş hissə, 117 manat cərimə pulu olmaqla, 4.521,6 manat ödənilməmiş hissə, 452,4 manat cərimə borc, ümumilikdə 4.974 manat borc və 69.74 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan, “LG” markalı LED televizor almış və nəticədə 4974 (dörd min doqquz yüz yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3351.6 (üç min üç yüz əlli bir, altmış qəp) manat (18 ay x 186.2 manat + 0 manat ilkin ödəniş), “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan üçün ümumilikdə, 3687 (üç min altı yüz səksən yeddi) manat olmaqla ondan, 3351.6 (üç min üç yüz əlli bir, altmış qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 335.4 (üç yüz otuz beş, qırx qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1470 (min dörd yüz yetmiş) manat (18 ay x 65 manat + 300 manat ilkin ödəniş) “LG” markalı LED televizor üçün ümumilikdə, 1287 (min iki yüz səksən yeddi) manat olmaqla ondan, 1170 (min yüz yetmiş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 117 (yüz on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 300 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən, ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq, iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, onun tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinə əsasən iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş, iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 3.351,6 manat təşkil edən “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan və xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 1.470 manat təşkil edən “LG” markalı LED televizorun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 335,4 manat və 117 manat təşkil edir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə “LG” markalı LED televizor tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə “Samsung” markalı soyuducu, “LG” markalı qabyuyan tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli borca dair maliyyə və ödəniş cədvəlindən görünür ki, “Alıcı” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 1.170 manat əsas, 117 manat cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3.351,6 manat əsas, 335,4 manat cərimə, ümumilikdə 4.974 manat məbləğində borcu qeydə alınmışdır. Ödəniş qəbzindən (№ 9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 69,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, nəticədə xx.xx.2021-ci il tarixli Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 1.170 manat əsas, 117 manat cərimə, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3.351,6 manat əsas, 335,4 manat cərimə, ümumilikdə isə 4.974 manat məbləğində borcu yaranmışdır. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 117 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 335,4 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 1.170 manat əsas, 117 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 3.351,6 manat əsas, 335,4 manat cərimə borcu, cəmi 4.974 manat və dövlət rüsumu kimi ödənilmiş 69,74 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.170 manat, cərimə borcu üzrə 117 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 3.351,6 manat, cərimə borcu üzrə 335,4 manat, cəmi 4.521,6 manat ödənilməmiş hissə, 452,4 manat cərimə borc və 69.74 ( almış doqquz manat, 74 qəpik) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5.043.74 (beş min qırx üç manat, yetmiş dörd qəpil) manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar