Məhkəmə qərarları › İş №e-2(006)-146/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-146/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-146/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 50 000 manat məbləğində vurulmuş zərər və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 50 240 manat) alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində оlan «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il martın 24-də Cavabdeh idarə etdiyi “Mercedes Benz C240” markalı, 99–PS–688 dövlət nömrə nişanlı avtоmоbillə Bakı şəhəri, Bakı-Kənar dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisində 9-cu km-də "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalanmış «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Elşən Məmmədov tərəfindən 26 aprel 2021-ci il tarxində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Ekologiya YPX tərəfindən TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərar vermiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “X5” MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qiymətləndirməyə əsasən hadisə nəticəsində «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobilə 53677,70 manat məbləğində zərər dəymişdir. CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi üzrə «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtоmоbilin dəyəri 65 000 manat təşkil edir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi) halında, avtomobilin qalıqlarının dəyəri sığorta ödənişi məbləğindən çıxılır və yerdə qalan vəsait pul şəklində sığortalıya ödənilir. Beləliklə də sığorta ödənişi aşağıdakı qaydada aparılmışdır: 65 000 (avtоmоbilin dəyəri) – 10000 (qalıq dəyəri) – 250 (şərtsiz azadolma) = 54750 manat (sığorta ödənişi). İddiaçı xx.xx.2021-ci il tarixində 2862 nömrəli ödəniş tapşırığı ilə 54750 manat sığorta ödənişi X3 ödəmişdir. Cavabdeh idarə etdiyi “Mercedes Benz C240” markalı, 99–PS–688 dövlət nömrə nişanlı avtomobil icbari sığorta növündə "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 4750 manat sığorta ödənişi etmişdir. Sığоrtalı CSH 85367 nömrəli sığоrta aktının V bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş üzrə əlavə və vəsatətlərinin olmadığını bildirib, baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qismən qəbul edib bildirdi ki, cavabdeh "xxxx" tərəfindən təqdim edilmiş aktda qeyd olunmuş 9.515 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən ödənilməmiş 4.765 manat hissəsini ödəməyə etiraz etmir. İddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini və iş materiallarında maşının tamamilə məhv olmasına dair sübutun olmamasını nəzərə alıb, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə xx.xx.2020-ci il tarixli, CSB100142202 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus dəyəri 65.00 manat təşkil edən 2020-ci il buraxılışlı, 99OF722 dövlət qeydiyyat nişanlı, “Toyota Rav4” minik markalı nəqliyyat vasitəsi xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC tərəfindən KASKO sığortası növündə sığortalanmışdır.

7. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:00 dəqiqədə Bakı-Kənardairəvi yolu, 9-cu km-da baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli – “Mercedes Benz C240” markalı, 99PS688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir (mülkiyyətçisi və hadisə zamanı sürücüsü X3).

8. “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli SQ12704 nömrəli qiymətləndirmə aktından görünür ki, “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 53.677,70 manat təşkil etmişdir.

9. "xxxx" ASC-nin CSB85367 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-xx.xx.2022-ci illər ərzində avtomobil sığortası növündə sığortalanmış 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildə idarəetməni itirərək dəmir maneə ilə toqquşduqdan sonra “Mercedes Benz C240” markalı, 99PS688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla toqquşmuş, hadisə nəticəsində sığorta predmetinə “X4” MMC-nin təqdim etdiyi akta uyğun olaraq (tam itki) 53.677,70 manat ziyan dəyməsi müəyyən edilmiş, sığorta ödənişinin 65.000 manat, qalıq dəyərinin 10.000 manat, şərtsiz azadolmanın 250 manat, ödəniləcək məbləğin isə 54.750 manat olması qeyd edilmiş, ödənişin verilmə üsulu köçürmə, məbləği alanın X3 olması göstərilmişdir.

10. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Toyota Rav4” və “Mercedes Benz C240” markalı avtomobillərin sürücülərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, hər ikisi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların qüvvədə saxlanılmaqla nəzərə alınması qərara alınmışdır (inzibati tənbeh vermə haqqında qərarlar iş materiallarında mövcuddur).

11. xx.xx.2021-ci il tarixli 2862 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından “CSB85367 nömrəli sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə X1 hesabına 54.750 manat məbləğində pul köçürülmüşdür.

12. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, 50.000 manat məbləğində ödənişin ödənilməsi tələb edilmişdir.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. "xxxx" ASC tərəfindən təsdiq edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə görə 7.831 manat, görüləcək işlərə görə 1.684 manat olmaqla, avtomobilə cəmi 9.515 manat məbləğində zərər dəymişdir.

15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2021xx.xx.2022-ci illər ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Mercedes Benz C240” markalı, 99PS688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-ci ildə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9.515 manat məbləğində zərər vurulmuş, sığorta məbləği 5.000 manat və azadolma məbləği 250 manat olduğundan, 4.750 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülmüşdür.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5772-8/2015 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Yuxarıda göstərildiyi kimi, “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmadığından və təmirlə bərpasının mümkün olub-olmamasını müəyyən etmək üçün metodika olmadığından, müvafiq suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadda və mülki iş materiallarında göstərilən 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, mühərrik həcmi 2.487 sm3 olan, 99OF722 dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 55.000 manat müəyyən olunmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası hissəsində göstərilənlərə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizasının qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.

17. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, təkrar ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

19. İş materiallarında, həmçinin, yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində toplanmış material üzrə sənədlər də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C240” markalı, 99PS688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə toqquşmuş, həmin vaxt cavabdehin idarə etdiyi avtomobil "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış, “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə könüllü sığorta növündə iddiaçı "xxxx" ASC-də sığortalı olmuşdur.

21. Törədilmiş hadisədə cavabdeh təqsirli bilinmiş, iş üzrə cinayət işinin başlanması rədd edilsə də, cavabdeh barəsində inzibati tənbeh vermə qərar qəbul edilmişdir.

22. Hadisə nəticəsində “Toyota Rav4” markalı, 99OF722 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabata əsasən, 9.515 manat məbləğində müəyyən edildiyindən, sığorta şirkəti 5.000 manat sığorta ödənişindən 250 manat azadolma məbləğini çıxdıqdan sonra 4.750 manat məbləğində pulu iddiaçı şirkətin hesabına köçürmüşdür.

23. İddiaçı isə zərərçəkənin müraciəti əsasında “X5” MMC tərəfindən tərtib edilmiş akta əsaslanaraq, “Toyota Rav4” markalı avtomobilə 53.677,70 manat ziyan dəydiyini, buna görə də avtomobilin tam məhv olmasını müəyyən edərək, sığorta ödənişinin 65.000 manat, avtomobilin qalıq dəyərinin 10.000 manat, şərtsiz azadolmanın 250 manat, ödəniləcək məbləğin isə 54.750 manat olmasına dair akt tərtib edib, həmin məbləği avtomobilin sahibinə ödəmişdir.

24. Bundan sonra iddiaçı cavabdehə pretenziya göndərərək, zərərçəkənə ödənilmiş məbləği ondan tələb etmiş, lakin cavabdeh məbləği ödəmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə araşdırmaları zamanı cavabdeh zərərin məbləğini mübahisələndirdiyindən, iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, aparılmış ekspertiza tədqiqatları nəticəsində yalnız “Toyota Rav4” markalı avtomobilin qəza baş verən tarixə orta bazar qiymətinin 55.000 manat təşkil etməsi müəyyən edilmiş, iş üzrə əhəmiyyətli olan və xüsusi bilik tələb edən digər heç bir suala isə cavab verilməmiş, həmin hallara aydınlıq gətirilməmişdir.

26. Hazırda iddiaçı 50.000 manat zərərin və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir; cavabdeh isə "xxxx" ASC tərəfindən təqdim edilmiş aktda qeyd olunmuş 9.515 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən ödənilməmiş 4.765 manat hissəsini ödəməyə etiraz etmədiyini, iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini, belə ki, iddiaçının maşının tamamilə məhv olmasına dair heç bir sübutunun olmadığını bildirib, iddianın qismən təmin edilməsinə etiraz etmir.

c) Məhkəmənin mövqeyi:

27. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

28. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdehin təqsirli hesab olunduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən könüllü sığorta növündə sığortalanmış avtomobilin tamamilə məhv olduğunu iddia edən iddiaçı bu faktı təsdiq etmək üçün yalnız həmin avtomobilin sahibi olan zərərçəkən şəxsin müraciəti əsasında “X5” MMC tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Həmin aktı iş materialları ilə birgə tədqiq edən məhkəmə hesab edir ki, yalnızca bu akt qeyd olunan faktı təsdiq edən əsaslı, mötəbər sübut sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, bu akt zərərçəkənin müraciəti əsasında tərtib edilmişdir. Bu hal isə aktı tərtib edən şəxsin bitərəfliyinə və aktda qeyd edilənlərin həqiqiliyinə, mötəbərliyinə kölgə salmış olur. İddiaçı tərəfindən həmin aktın qeyd-şərtsiz qəbul edilərək zərərçəkənə bütün sığorta məbləğinin ödənilməsi isə ona görə ağlabatan hesab olunmur ki, baş vermiş hadisədə icbari sığorta ödənişini ödəməyə borclu olan şirkət – "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabatda avtomobilə dəymiş zərər 9.515 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda iddiaçının məhz hansı əsasla yalnız zərərçəkənin təqdim etdiyi, bu markadan olan avtomobillərin rəsmi servis mərkəzi olan MMC-nin aktına (belə servis mərkəzlərində göstərilən xidmətlərin hər zaman orta bazar qiymətindən kəskin şəkildə fərqlənərək daha bahalı olması və təmir edilməsinin mümkünlüyü nəzərə alınmadan detalların yenisi ilə dəyişdirilməsinin qiymətlərinin müəyyən edilməsi hamıya məlum olan haldır) istinadla zərərçəkənə könüllü sığorta üzrə tam məbləği ödəməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabatla həmin akt arasındakı kəskin ziddiyyətin nə üçün nəzərə alınmaması, mübahisələndirilməməsi kimi hallar da maraq doğurur. Bu ziddiyyətin aydınlaşdırılması, işin obyektiv həll edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, aparılmış ekspertiza tədqiqatları nəticəsində yalnız avtomobilin sığorta hadisəsi baş verən tarixə orta bazar qiymətinin 55.000 manat təşkil etməsi müəyyən edilmiş, istər Məhkəmə Ekspertizası Mərkəzi, istərsə də özəl qiymətləndirmə fəaliyyətini həyata keçirən şirkət tərəfindən iş üzrə əhəmiyyətli olan və xüsusi bilik tələb edən digər heç bir suala isə cavab verilməmiş, həmin hallara aydınlıq gətirilməmişdir. Beləliklə, iddiaçının maşının məhv olması ilə bağlı qeyd etdiyi dəlillər məhkəmə araşdırmaları zamanı heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, iddiaçı bu dəlili ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

29. Göstərilənlərə əsasən, məhkəmə könüllü sığortanın predmeti olan avtomobilə dəymiş zərərin obyektiv qiymətləndirilməsinin məhz icbari sığorta ödənişini ödəməyə borclu olan "xxxx" ASC tərəfindən həyata keçirildiyini hesab edir. Çünki qanuna əsasən, zərərçəkənin "xxxx" ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələri ilə razılaşmamaq, hesabatı mübahisələndirmək, qiymətləndirmənin rəsmi reyestrdə qeydə alınmış digər müstəqil ekspert tərəfindən aparılmasını tələb etmək hüququ olsa da, zərərin vurulmasında təqsirli olan şəxsin – cavabdehin könüllü sığorta ödənişi müəyyənləşdirilən zaman belə bir hüququ olmamış, ona məbləği mübahisələndirmək üçün şərait yaradılmamışdır (“X5” MMC tərəfindən tərtib edilmiş aktın mötəbər sayılmaması üçün daha bir əsas). İddiaçı zərərçəkənin təqdim etdiyi akta əsaslanaraq könüllü sığorta ödənişini həyata keçirib, cavabdehə pretenziya göndərdikdən sonra cavabdeh öz hərəkətsizliyi (tələb olunan məbləği ödəməməsi) ilə məbləğlə razı olmadığını nümayiş etdirmişdir. Göründüyü kimi, cavabdeh yalnız iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının tələbi ilə bağlı öz etirazlarını bildirə və məbləğlə bağlı öz mövqeyini nümayiş etdirə bilmişdir.

30. Onu da qeyd etmək zəruridir ki, iddiaçı qəza baş verən tarixə avtomobili 65.000 manat məbləğində qiymətləndirsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə avtomobilin qəza baş verən tarixə orta bazar qiyməti 55.000 manat müəyyən edilmişdir. Bu da iddiaçının könüllü sığorta ödənişini müəyyən etməsi ilə bağlı həyata keçirilmiş prosesdə digər bir ziddiyyətli hal sayılır.

31. Həmçinin, iş materiallarında olan məhz elə iddiaçı tərəfindən tərtib edilmiş CSB85367 nömrəli sığorta aktında könüllü sığortanın predmeti olan avtomobilin əvvəlcə idarəetməni itirərək dəmir maneə ilə toqquşması (nəzərə alınmalıdır ki, zərərçəkənin özü barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir), sonra isə cavabdehin idarəsində olan avtomobilin onunla toqquşması qeyd olunmuşdur. Bu halda zərərin hansı hissəsinin məhz cavabdehin idarəsində olan avtomobillə toqquşmazdan əvvəl, yəni dəmir maneə ilə toqquşma zamanı, hansı hissəsinin isə məhz cavabdehin idarəsində olan avtomobillə toqquşma nəticəsində əmələ gəldiyini dəqiqliklə müəyyən etmək hazırkı iş üzrə əhəmiyyətli hallardan biri olmuşdur. Məhkəmə aktla hesabat arasındakı kəskin ziddiyyəti nəzərə alaraq hesab edir ki, "xxxx" ASC icbari sığorta ödənişini ödəməyə borclu olduğundan, onun tərəfindən verilmiş hesabatda məhz bu hal nəzərə alınmış, lakin zərərçəkənin müraciəti əsasında rəsmi servis mərkəzi tərəfindən avtomobilin vəziyyətinə əsasən tərtib edilmiş aktda bu hal nəzərə alınmamışdır. Bütün bu hallar məcmu şəkildə qiymətləndirildikdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən könüllü sığorta növündə sığortalanmış avtomobilin tamamilə məhv olması faktı mötəbər sübutla təsdiq olunmamışdır. Hətta bu fakt təsdiq olunsa belə, avtomobilin tamamilə məhv olmasının məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olması, yaxud zərərin bir hissəsinin cavabdehin təqsirli hərəkətindən əvvəl yaranması, yəni cavabdehin təqsirli hərəkəti ilə müəyyən edilmiş tam zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Deməli, iddiaçı iş üçün əhəmiyyətli olan halları nəzərə almadan, mötəbər sübuta əsaslanmadan zərərçəkənə könüllü sığorta ödənişini ödəsə də, həmin ödənişin hamısını cavabdehdən tələb etməkdə haqlı olduğunu sübuta yetirməmişdir.

32. Əlavə olaraq, iş materiallarında yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş arayışlardan birində avtomobilin istismara yararsız olmasının qeyd edilməsi ilə bağlı məhkəmə hesab edir ki, istismara yararsız olmaq anlayışı tam məhv olmaq anlayışından fərqlidir. Belə ki, avtomobilin elə bir detalı zərər görə bilər ki, həmin zərər aradan qaldırıla bilən olsun, lakin zərər aradan qaldırılmadan avtomobil istismara yararsız olsun. Tam məhv olmaq anlayışının məzmunu isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda müəyyən edilmişdir, belə ki, bu, avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi deməkdir. Göründüyü kimi, istismara yararsız olmaq anlayışı ilə tam məhv olmaq anlayışını eyniləşdirmək düzgün deyildir.

33. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyə əsasən, cavabdehin iddianı qismən qəbul etməsini əsaslı sayır və hesab edir ki, iddia – məhz cavabdehin ödəməyə öz razılığını bildirdiyi hissədə təmin edilməli, "xxxx" ASC tərəfindən təqdim edilmiş aktda qeyd olunmuş 9.515 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən ödənilməmiş 4.765 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia əsaslı olmadığından və sübuta yetirilmədiyindən, iddia digər hissədə təmin edilməməlidir.

34. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan qeyd edilməlidir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsas Mülki Məcəllənin 21, 936, 1096, 1097, 1108-ci maddələrinə uyğun gəlir.

35. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

36. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

37. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”: Maddə 33.2.2. Avtomobilin tam məhv olması – avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi deməkdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

43. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.765 (dörd min yeddi yüz altmış beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

44. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 5 (beş) manat hissəsi Cavabdeh, qalan 45 (qırx beş) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 4.765 (dörd min yeddi yüz altmış beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin, qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 5 (beş) manat hissəsi Cavabdeh, qalan 45 (qırx beş) manat hissəsi isə iddiaçı "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar