Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1461/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siğorta hadisəsi nəticəsində ödənilməmiş 3.600 (üç min altı yüz) manat məbləğində sığorta ödənişinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 60 (altmış) manat dövlət rüsumu olmaqla ümumilikdə 3.960 (üç min doqquz yüz altmış) manat məbləğində pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə xx.xx.2020-cı il tarixdə imzalanmış müqavilə üzrə verilmiş İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə hər birinin dəyəri 3.600 (üç min altı yüz) manat dəyəri olan 7 (yeddi) ədəd Simmental cinsli inək sığortalanaraq, 3 (üç) il müddətinə təminat verilmişdir. xx.xx.2023-cü il tarixdə İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inək tələf olmuşdur. İddiaçı tərəfindən dərhal sığorta şirkətinə telefon vasitəsi (*7000) ilə əlaqə saxlanmış, lakin çağrı mərkəzi tərəfindən cavab verilməmişdir. Sonra dərhal sayt üzərindən elektron müraciət olunmuş və elektron müraciətə cavab olaraq əlaqə saxlanacağına dair avtomatik mail göndərilmişdir. Lakin əlaqə saxlanılmamışdır. Tərəflərindən sənədlərlə birlikdə "xxxx" ASC-nə müraciət olunmuşdur. "xxxx" ASC-nin 13 dekabr 2023-cü il tarixli 7084/C saylı cavab məktubu ilə İ- LİV-0019/20 saylı “Heyvanların sığorta” şəhadətnaməsinin şərtlər bölməsinin tələbinin pozulması əsası ilə ödəniş olunmasından imtina olunmuşdur. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, imtina məktubu əsassızdır və sığorta hadisəsi nəticəsində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "xxxx" ASC-nin cəlb etdiyi ekspertin rəyinə əsasən heyvanın təsərrüfatsızlıq nəticəsində tələf olduğu qeyd olunmuşdur. Ekspert rəyində qeyd olunanlarla bağlı bildirmək istəyir ki, heyvan hər zaman baytar və sahibkarın nəzarətində olmuşdur. Heyvanlar Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində heyvanların saxlanması üçün tələblərə cavab verən daş tikilidən ibarət tövlələrdə (hasara alınmış gəzinti sahəsi olan) saxlanılmışdır. Bakı şəhəri Baytarlıq İdarəsi ilə xx.xx.2020-ci il tarixdən bağlanmış “Baytarlıq Təbabəti haqqında” müqaviləyə əsasən Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X4 tərəfindən heyvanlara bütün baytarlıq xidmətləri göstərilir. Heyvanlar hər zaman vaxtında peyvənd olunmuş və tərəfimizdən dezinseksiya işləri profilaktik olaraq həyata keçirilmişdir. Həmin dövrdə təsərrüfatda 19 baş heyvan olmuşdur və heç birində gənə dişləməsi ilə bağlı hadisə olmamışdır. Tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır. Qeyd etməyi zərüri hesab edirik ki, 5000-6000 manat dəyəri olan, gündə 3 dəfə sağılan və 25-27 litr süd verən, gün ərzində 3 dəfə yem verilən iribuynuzlu heyvanın ümumiyyətlə sahibkarın nəzarətindən kənarda qalması faktiki olaraq mümkün deyil. Ekspertin heç bir araşdırma aparmadan bu qənaətə gəlməsi verdiyi rəyin qeyri obyektiv, tərəfli və əsassız olduğunu sübut edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tələf olan heyvan və digər heyvanlar normativlərə uyğun olaraq saxlanılıb və bəslənilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASC-nin imtinası formal xarakter daşıyır və yalnız sığorta ödənişinin verilməsindən yayınmaq məqsədi güdür. Göründüyü kimi imtina məktubunda ekspertin reystr nömrəsi və sertifikat nömrəsi qeyd olunmamışdır. Bununla da hesab edirlər ki, qanunla müəyyən edilmiş tələblərə uyğun olmayan ekspertin rəyi sübut kimi ümumiyyətlə qəbul edilə bilməz. Bundan başqa, Sabunçu rayon Baytarlıq idarəsinin baş həkimi X1 cəlb edilməməsi, ondan müvafiq məlumat və rəy alınmaması da təsdiq edir ki, Paşa Sığorta tərəfindən verilən imtina formal xarakter daşyır və tatamilə əsassızdır. Nəzərə almaq lazımdır ki, "xxxx" ASC ilə xx.xx.2020-cı il tarixdə imzalanmış müqavilə üzrə verilmiş İ-LİV- 0019/20 saylı şəhadətnamə üzrə onlar tərəfindən 7 inək sığortalanmışdır və yalnız 1 inəklə bağlı sığorta hadisəsi olmuşdur. Əgər onun tərəfindən inəklərə tələblərə uyğun baxım olmasa idi (yəni təssərüfatsızlıq), digər inəklərdə də tələf olma halı olmuş olardı. Lakin yuxarıda da qeyd edilən kimi bu keçən 3 il ərzində yalnız bir inəklə bağlı sığorta hadisəsi olmuşdur. Bu qeyd olunan faktlar "xxxx" ASC-nin imtinasının əsassız olmasını bir daha təsdiq edir. xx.xx.2023-cü il tarixdə İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inəkə görə sığorta məbləği xx.xx.2023-cü il tarixli İ-LİV- 0019/20 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan xx.xx.2020 tarixli Əlavə 1 görə 3.600 (üç min altı yüz) manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2023-cü il tarixli Yarma Protokolundan görünür ki, X5 məxsus 1 baş inək xx.xx.2023-cü il tarixində ölmüşdür. Anamnez məlumatları: yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin ilməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur. Diri ikən diaqnoz: Qan parazitar babesia bigemina (piroplazmoz). Pataloji anatomik diaqnoz: Qan parazitar piroplazmoz. Rəy: Anamnez məlumatlarına əsasən, xəstəliyin gedişinə görə, daxili orqanların vəziyyətinə gorə qan parazitar (piroplazmoz). Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmayılov, Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin aparıcı baytar həkimi Sakit Musazadə, Sabunçu rayon fərdi (özəl) baytar həkimi Ağadadaş Əlirzayev və İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən, xx.xx.2023-cü il tarixində YA11372 birka nömrəli iribuynuzlu heyvan tələf olmuşdur. İribuynuzlu heyvan 3 gün əvvəl yüksək temperatur, iştahsızlıq, qanlı idrar kliniki əlamətləri ilə müalicəyə cəlb olunmuşdur. Lakin müalicəyə cavab vermədiyindən tələf olmuşdur PAŞA Sığorta" ASC ilə İddiaçı arasında bağlanılmış İ-LİV-0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsində sığorta predmeti "Baytarlıq haqqında" AR Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb, bəslənilmədikdə zərərlərin ödənilməyəcəyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə İ-LİV-0019/20 saylı şəhadətnamə üzrə təminat verilmiş YA11372 birka nömrəli inəyə görə sığorta məbləği xx.xx.2023-cü il tarixli İ-LİV-0019/20 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan xx.xx.2020 tarixli Əlavə 1 görə 3.600 (üç min altı yüz) manat təşkil edir. "xxxx" ASC-nin 13 dekabr 2023-cü il tarixli, 7084/C nömrəli məktubundan görünür ki, ekspert rəyinə əsasən: "Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi anaplazmoz inkişaf edirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar göstərir ki, heyvan diri ikən laborator müayinələr aparılmamış, vaxtında diaqnoz dəqiqləşdirilib müvafiq müalicə tədbirləri görülməmiş, o vaxt heyvana baxış keçirilib ki, temperaturu 41.3 dərəcə olmuşdur ki, bu artıq çox gec və səmərəsizdir, odur ki, heyvan təsərrüfatsızlıq nəticəsində tələf olmuşdur. Yekun olaraq isə ekspert, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 11No-li qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları"-nın 4-cü maddəsinə xx.xx.2006-cı il tarixli 209 №-li qərar ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin edilməsi qaydaları"-nın 2-ci maddəsinə riayət edilmədiyini qeyd etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış İ- LİV-0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsində sığorta predmeti "Baytarlıq haqqında" AR Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb, bəslənilmədikdə zərərlərin ödənilməyəcəyi qeyd olunmuşdur. Aparılmış sığorta araşdırması nəticəsində bu şərtə əməl olunmadığı aydın olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən İ-LİV-0019/20 saylı "Heyvanların Sığortası" şəhadətnaməsinin "Şərtlər" bölməsinin tələbinin pozulduğunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müraciət üzrə "xxxx" ASC-nin məsuliyyətinin yaranmadığı müəyyən olunmuşdur." S.Süleymanov tərəfindən tərtib edilmiş ekspert rəyindən görünür ki, "YA11372 inventar nömrəli heyvan üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yarma protokolunda diri ikən və patanatomik qan parazitar piroplazmidoz diaqnozu qoyulmuşdur. Yarma protokolunun anamnez məlumatları bölməsində bildirilir: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin itməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur, müalicəyə cəlb edilib, tövlə şəraiti. Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi inkişafedirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə, periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar nəticəsində belə rəyə gəlinir ki, sığortalı tərəfindən müqavilə öhdəlikləri pozulmuşdur. Vaxtında müvafiq müalicə profilaktik tədbirlər görülməmiş, təsərrüfatsızlıq nəticəsində heyvan ölmüşdür. Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində İddiaçı ilə "xxxx" ASC arasında İ-LİV-0019/20 nömrəli "Heyvanların sığortası" müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində X8 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində bir baş iribuynuzlu heyvanın tələfolduğunu qeyd etmiş və bununla bağlı sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. X6 "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli izahata əsasən heyvan tələf olduğu xx.xx.2023-cü il tarixdən 3 gün əvvəl xəstələnmiş, baytar həkim çağırılmış, lakin müalicələrə baxmayaraq, tələf olmuşdur. Sığorta araşdırması çərçivəsində aşağıdakı sənədlər əldə olunmuşdur: 1) xx.xx.2023-cü il tarixli akt. Akt Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmayılov, Bakı şəhəri Heyvan sağlamlığı və Baytarlıq xidməti idarəsinin aparıcı baytar həkimi Sakit Musazadə, Sabunçu rayon fərdi (özəl) baytar həkimi Ağadadaş Əlirzayev və İddiaçı iştirakı ilə tərtib olunmuşdur. Akta əsasən: "… xx.xx.2023-cü il tarixində YA11372 birka nömrəli iribuynuzlu heyvan tələf olmuşdur. İribuynuzlu heyvan 3 gün əvvəl yüksək temperatur, iştahsızlıy, qunlı idrar kliniki əlamətləri ilə müalicəyə cəlb olunmuşdur. Lakin müalicəyə cavab vermədiyindən tələf olmuşdur." 2) xx.xx.2023-cü il tarixli yarma protokolu. Yarmanı aparan baytar mütəxəssis Ağadadaş Əlirzayev, yarmada iştirak edən şəxslər Emin İsmayılov, Sakit Musazadə və İddiaçı. Yarma protokoluna əsasən: "Anamnez məlumatları: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq. rumen hərəkətlərinin ilməsi, taxikardiya. İdrarı qırmızı və köpüklü şəkildə olmuşdur. Diri ikən diaqnoz: Qan parazitar babesia bigemina (piroplazmoz). Pataloji anatomik diaqnoz: Qan parazitar piroplazmoz. Rəy: Anamnez məlumatlarına əsasən, xəstəliyin gedişinə görə, daxili orqanların vəziyyətinə gorə qan parazitar (piroplazmoz). Hadisənin araşdırılması məqsədi ilə "xxxx" ASC tərəfindən bu sahədə ixtisaslaşmış müstəqil ekspert Sabir Süleymanov cəlb olunmuşdur, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər təyin edə bilər. Məlumdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparır. Mərkəzi Bankın rəsmi internet səhifəsinin müvafiq bölməsində sözügedən reyestr yerləşdirilmişdir (https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and independent-experts). Reyestrə daxil olduqda Sabir Süleymanovun "Fiziki şəxs olan müstəqil ekspertlər" siyahısında 1-ci sırada olduğunu asanlıqla görmək mümkündür. Müstəqil ekspert Sabir Süleymanovun apardığı araşdırma ekspert rəyi ilə rəsmiləşdirilmişdir. Ekspert rəyinə əsasən: "YA11372 inventar nömrəli heyvan üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yarma protokolunda diri ikən və patanatomik qan parazitar piroplazmidoz diaqnozu qoyulmuşdur. Yarma protokolunun anamnez məlumatları bölməsində bildirilir: xx.xx.2023-cü il tarixində yüksək temperatur (41.3 dərəcə), iştahsızlıq, rumen hərəkətlərinin itməsi, taxikardiya, idrarı qırmızı və köpüklü şəkildə olmuşdur, müalicəyə cəlb edilib, tövlə şəraiti. Piroplazmidozlarda xəstəliyin inkubasiya dövrü gənə dişlədikdən sonra 8-14 gün davam edir. Anamnez məlumatları bölməsində qeyd edilənlərdən məlum olur ki, heyvan sahibkar və baytar nəzarətindən kənar qalmış, xroniki formada qan parazitar xəstəliyi inkişafedirmiş. Mövcud təlimat və qaydalara əsasən heyvanda qızdırma müşahidə edilərsə, periferik qan nümunəsi qan parazitar xəstəliyinə görə laborator müayinədən keçirilməli, sonra müalicə tədbirləri tətbiq edilməlidir. Araşdırmalar göstərir ki, heyvan diri ikən laborator müayinələr aparılmamış, vaxtında diaqnoz dəqiqləşdirilib mualicə tədbirləri görülməmiş, o vaxt heyvana baxış keçirilib ki, temperaturu 41.3 dərəcə olmuşdur ki, bu artıq çox gec və səmərəsizdir, odur ki, heyvan təsərrüfatsızlıq nəticəsində tələf olmuşdur. İ-LİV-0019/20 nömrəli sığorta şəhadətnaməsində sığorta ödənişinin verilməsindən imtina göstərilmişdir. Belə ki, "Şərtlər" bölməsinə əsasən: halları Sığorta predmetinin "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənilməsi təmin edilməlidir. Əks halda zərərlər ödənilməyəcək. Heyvanların vaxtında peyvəndlənməsi şərti (dövlət tərəfindən verilən və fermerlərin şəxsi hesabına əldə olunan peyvəndlər). Əks halda bu səbəblərdən baş verən zərərlər üzrə sığorta ödənişi verilməyəcək. Əlavə olaraq sığorta şəhadətnaməsinin "İstisnalar" bölməsinə əsasən: Sığortalanan heyvanların beynəlxalq normalara, müvafiq saxlama şəraitinə və qidalanmasına xüsusi diqqət yetirilməməsi nəticəsində baş vermiş itki və ziyanlar; 1 il ərzində ən azı dörd dəfə baytar həkimin nəzarəti və onun tövsiyələrinə riayət olunmaması nəticəsində baş verə biləcək itki və ziyanlar; Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul olunmuş normalara uyğun şəraitdə saxlanılmaması nəticəsində baş verə biləcək itki və ziyanlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi" Qaydalarının "Heyvan xəstəliklərinin qarşısının alınması" adlı 2-ci bəndinə əsasən heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq mütəxəssisləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi" Qaydalarının 4-cü bəndi isə məhz heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsinə həsr olunmuşdur. Qaydaların 4.2-ci bəndinə əsasən planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir. Qaydaların 4.3-cü bəndinə əsasən xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur. Qaydaların 4.6-cı bəndinə əsasən isə baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır. Göründüyü kimi İddiaçı tərəfindən qan parazitar xəstəliklərə qarşı nəinki profilaktik tədbirlər həyata keçirilməmiş, eyni zamanda heyvan diqqətdən kənarda qaldığına görə onda qan parazitar (piroplazmoz) xəstəliyi vaxtında aşkar edilməmiş və vaxtında müalicəyə cəlb olunmamışdır. Bunların nəticəsidir ki, heyvan tələf olmuşdur. Nəticə etibarı ilə İddiaçı tərəfindən heyvan müvafiq normativlərə uyğun saxlanılmadığına görə "xxxx" ASC xx.xx.2023-cü il tarixli 7084/C nömrəli məktubla sığorta ödənişinin verilməsindən imtina etməyə tam haqqlı olmuşdur. Əlavə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlərinin heç bir əsasının olmadığını və hətta həqiqətə uyğun olmayan arqumentlər gətirdiyini diqqətə çatdırmaq istəyirik: 1) İddiaçı qeyd edir: "Tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır." Yarma protokoluna əsasən heyvana qan parazitar (piroplazmoz) diaqnozu qoyulmuşdur. Qan parazitar (piroplazmoz) xəstəliklərinin keçiriciləri gənələrdir. İnternetdə kiçik bir araşdırma etməklə bunu asanlıqla aydınlaşdırmaq mümkündür. Nümunə üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paylaşılmış "İribuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən necə qorumalı?" adlı məqaləyə keçid linkini təqdim edirlər: https://agro.gov.az/az/news/iribuynuzlu-heyvanlari-qan-parazitar-xesteliklerden-neceqorumali- fermerlere-loevsiye Qeyd: Bu məqalədə qan parazitar xəstəliklərlə bağlı fermerlər tərəfindən həyata keçirilməli tədbirlərə toxunulmuşdur. İddiaçı tərəfindən bu tədbirlər həyata keçirilməmişdir. İddiaçı qeyd edir: "Göründüyü kimi imtina məktubunda ekspertin reyestr nömrəsi və sertifikat nömrəsi qeyd olunmamışdır. Bununla da hesab edirik ki, qanunla müəyyən edilmiş tələblərə uyğun olmayan ekspertin rəyi sübut kimi ümumiyyətlə qəbul edilə bilməz." Yuxarıda da qeyd etdiyimiz kimi müstəqil ekspert Sabir Süleymanov Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənmiş və reyestrə daxil edilmiş ekspertdir. Bütün qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə rədd olunmalıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizəyə iddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə" dair iddiası üzrə e-2(006)-1461/2024 saylı mülki iş üzrə cavabdeh tərəfindən verilmiş mülahizəyə qarşı aşağıdakı xüsusatları nəzərinizə çatdırırlar. Cavabdeh tərəf mülahizəsində verilən imtinanı, "fiziki şəxs olan müstəqil ekspertlər" siyahısının birinci sırasında asanlıqla görünən Sabir Süleymanovun ekspert rəyi ilə əsaslandırmışdır. Bununla bağlı bildirmək istəyir ki, ölkəmizdə aqrar sahədə aparılan islahatların nəticəsi olaraq 27 iyun 2019-cu il tarixdə Aqrar Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanunda müstəqil ekspertlərlə bağlı tələblər müəyyən olunmuşdur. Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyrikommersiya hüquqi şəxsi (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli 809 saylı Fərmanı ilə yaradılmış və həmin Fondun rəsmi saytında ( https://asf.gov .az/independent- experts/register) qanunvericiliyin tələblərinə uyğun olaraq "kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil eskpertlərin siyahısı" müəyyən olunmuşdur. Lakin ekspert rəyi verən Sabir Süleymanovun həmin siyahıda adının olmaması ilə yanaşı hansı sahə üzrə müstəqil ekspert olması, ekspert fəlaiyyətinə verilmiş icazənin tarixini, nömrəsini və müddətini müəyyən edən sənəd təqdim olunmamışdır. Səlahiyyətli olmasını müəyyən etmək mümkün olmayan ekspert tərəfindən sığorta hadisəsi üzrə əsassız rəy qəbul edilmişdir. Belə olan halda hesab edirlər ki, səlahiyyətli olmayan şəxs Sabir Süleymanov tərəfindən təqdim edilmiş ekspert rəyi subut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən təqdim olunmuş mülahizədə iddiaçı tərəfindən profilaktik tədbirlər görülmədiyi, heyvanların diqqətdən kənarda qaldığı və vaxtında müalicəyə cəlb olunmadığı qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyirlər ki, cavabdeh təşkilatdan 20-25 km aralıqda olan fermada Səkinə xanımın nələr edib-etmədiyini yerində olmadan həmin təşkilatın nümayəndəsi necə müəyyən etmiş, hər hansı bir əsaslı sübut olmadan sahibkar Səkinə xanımın fəaliyyəti ilə bağlı əsassız məlumatlar yazılmışdır. Belə ki, məhkəməyə təqdim olunmuş müqavilədən görünür ki, 2020-ci tarixdən baytarlıq idarəsi ilə bağlanmış müqavilə üzrə baytarlıq və dezinfeksiya xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Baytarlıq İdarəsinin həkimi Ağadadaş Əlirzayev tərəfindən bütün baytarlıq xidmətləri göstərilmişdir. Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq idaərsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məlumata əsasən də 2023-cü il ərzində epizootik tədbirlər planına uyğun olaraq dövlət tərəfindən maliyyəşən xüsusi təhlükəli xəstəliklərə qarşı müxtəlif aylarda profilaktik peyvəndləmələr aparılması və eyni zamanda mütəmadi olaraq profilaktik dezinfeksiya işləri görülməsi öz əksini tapmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli akla da tələf olunan heyvanın vaxtında müəlicəyə cəlb olunduğu qeyd olunmuşdur. Bu fakt Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Emin İsmaylovun, idarənin aparıcı baytar həkimi Sakit Musazadənin və baytar həkimi Ağadadaş Əlirzayevin imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə qeyd etməyi zərüri hesab edirik ki, 5000-6000 manat dəyəri olan, gündə bir neçə dəfə sağılan və 25-27 litr süd verən, gün ərzində 3 dəfə yem verilən iribuynuzlu heyvanın ümumiyyətlə sahibkarın nəzarətindən kənarda qalması faktiki olaraq mümkün deyil. Digər bir tərəfdən 3 il ərzində həmin fermada heç bir heyvanın tələf olmamış, həmin dövrdə təsərrüfatda 19 baş heyvandan sadəcə birnin başına bu hadisə gəlmiş, heç bir heyvanda gənə dişləməsi və ya qeyd olunan xəstəliyik aşkar olunmamaşdır. Bu hallar isə öz növbəsində mülahizədə qeyd olunan bu izahın əsassız olduğunu sübut edir. Cavabdeh öz mülahizəsində iddia ərizəsində qeyd olunan "tələf olmuş heyvan da gənə dişləməsi nəticəsində tələf olmamışdır" sözlərinin həqiqətə uyğun olmadığını "müəyyən etmişdir". Bunu cavabdeh internetdə kiçik bir araşdırma aparılması ilə asanlıqla müəyyən edilməsinin mümkün olduğunu qeyd etmişdir. Bu zaman cavabdeh tərəfindən tövsiyə xarakterli bir linkə istinad edilmişdir. Lakin tərəflərindən aparılmış kiçik olmayan araşdırma onu göstərir ki, qan parazitar (piroplazmoz) xəstəliklərinin yaranma səbəbi təkcə gənə dişləməsi deyil, habelə xəstə heyvanlarla təmas, gənə parazitin yemək zamanı otdan keçməsi və sair ola bilər. Bununla bağlı internetdə həm rus dilində, həm də ingilis dillərdə məlumatlar vardır. Nümunə üçün bir neçə linki hazırkı etiraza əlavə edirlər uprveter 32.ru/i ndex.php/ podvedomstvennye- organizatsii /org26/3953 http://piroplazmidozy- krupnogo- rogatogo-skota (Управление Ветеринарии Пироплазмидозы крупного рогатого скота). Digor numuno: Брянской области 3 https://www.sciencedirect.com/science/article/abs/pii/S1877959X12000635 Detection of Theileria and Babesia infections amongst asymptomatic cattle in Portugal. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizəyə iddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etiraza eirazda qeyd edilmişdir ki, iddiaçı tərəf müstəqil eskpert Sabir Süleymanovun səlahiyyətli olub-olmamasını mübahisələndirir. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində İ- LİV-0019/20 nömrəli "Heyvanların sığortası" müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə sığortaçı qismində "xxxx" ASC çıxış etmiş və müqavilə məhz "xxxx" ASCnin "Heyvanların sığortası" Qaydaları ilə tənzimlənmişdir. Müqavilədə də buna dair istinadlar mövcuddur. İddiaçının istinad etdiyi 27 iyun 2019-cu il tarixli "Aqrar sığorta haqqında" Qanunun bu müqavilə üzrə münasibətlərə heç bir aidiyyəti və bağlılığı yoxdur. Çünki bu müqavilə bağlandığı tarixdə (xx.xx.2020) "Aqrar sığorta haqqında" Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan sığorta qaydaları ("Aqrar sığorta Qaydaları") mövcud olmamışdır. "Aqrar sığorta Qaydaları" hələ xx.xx.2020-ci il tarixində, yəni sığorta müqaviləsi bağlandığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra təsdiq edilmişdir: https://e-qanun.az/framework/46251 Əlavə olaraq "Aqrar sığorta haqqında" Qanuna və "Aqrar sığorta Qaydaları"na əsasən sığortaçı qismində Aqrar Sığorta Fondu adından idarəedici qurum adlandırılan "xxxx" ASC çıxış edir. Əgər iddiaçı tərəf "Aqrar sığorta haqqında"xxxx"xxxx" ASC-yə yox, "xxxx" ASC-yə müraciət etmişdir? Bütün bunlar bir daha onu göstərər ki, iddiaçı tərəf sığorta qanunvericiliyindən məlumatsızdır. Sığorta qanunvericiliyinin mahiyyətini dərk etmədən münasibətlərinə aidiyyəti olmayan Qanuna istinad etməklə sadəcə məhkəmənin diqqətini yanlış istiqamətə yönlədirmək istəyir. Sığorta bazarına nəzarət edən qurumun - Mərkəzi Bankın müstəqil ekspert olaraq tanıdığı Sabir Süleymanova belə şübhə ilə yanaşılması və aqrar sahədə ümumilikdə 40 ildən çox təcrübəsi (1975- 2022 Kənd Təsərrüfatı Nazirliyi, 2002-2009 müxtəlif sığorta şirkətləri, 2009-b ugünədək müstəqil ekspert) olan bu peşəkarın "səlahiyyətli olmayan şəxs" adlandırılması sadəcə təəssüf doğurur. Görünən odur ki, iddiaçı tərəf də müstəqil ekspert Sabir Süleymanovun ekspert rəyinin həqiqətə uyğun olduğunu başa düşür, bu səbəbdən onun müstəqil ekspert kimi səlahiyyətini inkar etməklə ekspert rəyi kimi mötəbər sübuta kölgə salmaq istəyir. İddiaçı tərəf bütün zəruri profilaktik tədbirlərin və peyvəndləmələrin həyata keçirildiyini iddia edir. Mülahizələrində məhz qan parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyini, qan parazitar (piroplazmoz) xəstəliyinin vaxtında aşkar edilmədiyini və heyvanın vaxtında müalicəyə cəlb olunmadığını qeyd etmişdirlər. Vurğu qan parazitar xəstəliklərinə qoyulur. İddiaçının istinad etdiyi 22 sentyabr 2020-ci il tarixli "Baytarlıq təbabəti haqqında" müqaviləyə əsasən İddiaçı dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin təşkili üzrə xidmət göstərilməsi razılaşdırılmışdır. Halbuki heyvanları qan parazitar xəstəliklərdən qorumaq üçün onlar gənələrə qarşı çimizdirilməli, tövlə və tövləətrafı ərazilər dezakarizasiya və s. olunmalıdır. İddiaçı tərəfin "Baytarlıq təbabəti haqqında" müqaviləyə istinad etdiyini, müqavilədə isə qeyd etdikləri tədbirlərin (gənələrə qarşı çimizdirilmə, dezakarizasiya və s.) razılaşdırılmadığını nəzərə alsaq, bu kimi əhəmiyyətli profilaktik tədbirlərin həyata keçirilmədiyi açıq-aşikardır. İddiaçının istinad etdiyi Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır. Göründüyü kimi "qan parazitar" xəstəliklərinin adı belə keçmir. "Qan parazitar" xəstəliklərinə qarşı nə kimi peyvəndlər vurulmuşdur? xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı tərəfdən "qan parazitar" xəstəlikləri ilə bağlı edilmiş profilaktiki tədbirlər və pevvəndlərlə bağlı təsdiqləvici sübutların təqdim olunması xahiş olunsa da, bugünədək bu istigamətdə hər hansı sübut məhkəməvə təqdim olunmamışdır. Bütün bunlarla yanaşı iddiaçı tərəf heyvanın vaxtında müalicəyə cəlb olunduğunu iddia edir. Heyvanın məhz vaxtında müalicəyə cəlb olunduğu heç yerdə öz əksini tapmamışdır. Əksinə, heyvan vaxtında müalicəyə cəlb olunmadığına görə tələf olmuşdur. İddiaçı tərəfqan parazitar (piroplazmoz) xəstəliklərinin yaranma səbəbinin gənə dişləməsi ilə yanaşı xəstə heyvanlarla təmas, gənə parazitinin yemək zamanı otdan keçməsi olduğunu qeyd edir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı sığorta ödənişinin həyata keçirilməsinə dair iddia tələbi ilə bağlı iki məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, ölkəmizdə aqrar sahədə aparılan islahatların nəticəsi olaraq 27 iyun 2019-cu il tarixdə Aqrar Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanunda müstəqil ekspertlərlə bağlı tələblər müəyyən olunmuşdur. Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli 809 saylı Fərmanı ilə yaradılmış və həmin Fondun rəsmi qanunvericiliyin tələblərinə uyğun olaraq "kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil eskpertlərin siyahısı" müəyyən olunmuşdur. Lakin ekspert rəyi verən Sabir Süleymanovun həmin siyahıda adının olmaması ilə yanaşı hansı sahə üzrə müstəqil ekspert olması, ekspert fəlaiyyətinə verilmiş icazənin tarixini, nömrəsini və müddətini müəyyən edən sənəd təqdim olunmamışdır. Səlahiyyətli olmasını müəyyən etmək mümkün olmayan ekspert tərəfindən sığorta hadisəsi üzrə əsassız rəy qəbul edilmişdir. Belə olan halda hesab edirlər ki, səlahiyyətli olmayan şəxs Sabir Süleymanov tərəfindən təqdim edilmiş ekspert rəyi subut kimi qəbul edilə bilməz. Bununla bağlı məhkəmə ilk olaraq onu vurğulayır ki, iddiaçının istinad etdiyi 27 iyun 2019cu il tarixli "Aqrar sığorta haqqında" Qanunun bu müqavilə üzrə münasibətlərə şamil edilə bilməz. Çünki bu müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2020-ci ildə "Aqrar sığorta haqqında" Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan sığorta qaydaları ("Aqrar sığorta Qaydaları") mövcud olmamışdır. "Aqrar sığorta Qaydaları" hələ xx.xx.2020-ci il tarixində, yəni sığorta müqaviləsi bağlandığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinə əsasən Aərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Həmin Qanun 95.3-cü maddəsinə əsasən Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir. Məhkəmə qeyd edir ki, “Müstəqil ekspertlərin” siyahısında (https://www.cbar.az/page- 207/legal-entities-engaged-in-ancillary-insurance-and independent-experts) hazırki iş üzrə rəy verən X3 adı mövcuddur. Beləliklə məhkəmə hesab edir ki, X3 müstəqil ekspert kimi səlahiyyəti tam təsdiq edildiyindən, iş materiallarına əlavə edilmiş ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməlidir. İkincisi, İddiaçı iş materiallarına əlavə edilmiş Bakı şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına istinad edərək, bütün zəruri profilaktik tədbirlərin və peyvəndləmələrin həyata keçirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Yarma Protokolundan, həmçinin ekspert rəyindən görünür ki, qan parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilmədiyinə, qan parazitar (piroplazmoz) xəstəliyinin vaxtında aşkar edilmədiyinə və vaxtında müalicəyə cəlb olunmadığına görə heyvan tələf olmuşdur. İddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, yanvar ayında qarayara, fevral ayında dabaq, aprel ayında nodulyar dermatit xəstəliklərinə qarşı profilaktiki peyvəndləmələr aparılmışdır. Göründüyü kimi heyvana "qan parazitar" xəstəliklərinə qarşı peyvənd vurulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi" Qaydalarının "Heyvan xəstəliklərinin qarşısının alınması" adlı 2-ci bəndinə əsasən heyvandarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, habelə baytarlıq mütəxəssisləri tərəfindən heyvan xəstəliklərinin qarşısını almaq məqsədilə infeksiya və invaziyalar əleyhinə tədbirlər planına uyğun olaraq spesifik profilaktik tədbirlər (peyvəndləmələr, işləmələr, diaqnostik müayinələr və digər baytarlıq-sanitariya tədbirləri) təmin edilməli, həmçinin xəstəlik baş verdiyi halda onun yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi" Qaydalarının: 4-cü bəndinə əsasən məhz heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsinə həsr olunmuşdur. 4.2-ci bəndinə əsasən planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir. 4.3-cü bəndinə əsasən xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur. 4.6-cı bəndinə əsasən isə baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş İ-LİV-0019/20 nömrəli sığorta şəhadətnaməsində sığorta ödənişinin verilməsindən imtina halları göstərilmişdir. Belə ki, "Şərtlər" bölməsinə əsasən: 1. Sığorta predmetinin "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənilməsi təmin edilməlidir. Əks halda zərərlər ödənilməyəcək. 2. Heyvanların vaxtında peyvəndlənməsi şərti (dövlət tərəfindən verilən və fermerlərin şəxsi hesabına əldə olunan peyvəndlər). Əks halda bu səbəblərdən baş verən zərərlər üzrə sığorta ödənişi verilməyəcək. Məhkəmə həmçinin onu da qeyd edir ki, əlavə olaraq sığorta şəhadətnaməsinin "İstisnalar" bölməsinə əsasən: Sığortalanan heyvanların beynəlxalq normalara, müvafiq saxlama şəraitinə və qidalanmasına xüsusi diqqət yetirilməməsi nəticəsində baş vermiş itki və ziyanlar; 1 il ərzində ən azı dörd dəfə baytar həkimin nəzarəti və onun tövsiyələrinə riayət olunmaması nəticəsində baş verə biləcək itki və ziyanlar; Heyvanların cinsinə müvafiq və Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul olunmuş normalara uyğun şəraitdə saxlanılmaması nəticəsində baş verə biləcək itki və ziyanlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən qan parazitar xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilmədiyindən heyvan tələf olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti sığorta ödənişinin verilməsindən imtina etməkdə tam haqlı olmuşdur. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi sığorta ödənişinin həyata keçirilməsi hissəsində təmin edilmədiyindən, bu hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1461/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1461/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver