Məhkəmə qərarları › İş №e-2(006)-1470/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1470/2022

21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1470/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Azərişıq ASC-yə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq ASC-yə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərişıq ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi 05.01.2022-ci il tarixli, 011164 nömrəli NDQ Akta əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04/253-268 nömrəli abonent koduna hesablanmış 1061,35 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 03.11.2016-cı ildə alqı-satqı müqaviləsi ilə almışdır. Həmin qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" ASC-e elektrik enerjisinin verilməsi ilə bağlı köhnə mülkiyyətçi ilə müqavilə bağlanmış və qeyri-yaşayış sahəsinə 04/253-268 nömrəli abonent kodu açılaraq, cavabdeh tərəfindən sayğac quraşdırılmış, sayğac daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. Hazırda işlətdiyi sərfiyyata uyğun borcu yoxdur. 05.01.2022-ci il tarixində cavabdehin əməkdaşları ona zəng edərək qeyri-yaşayış sahəsində olan elektrik sayğacına baxış keçirmək istədiklərini bildirmişlər. Bu zaman orda olmadığını, lakin keçib baxa biləcəklərini bildirmişdir. Yarım saat keçdikdən sonra tanışı X3 göndərmişdir. Bu zaman cavabdehin əməkdaşları X5ə bildiriblər ki, sayğacda axım var belə ki, sayğaca elektrik yükü artıq gəlir, lakin az paylanır. Bu əsaslada hətta cavabdehin əməkdaşları təkidlə kənar qoşulma olduğunu bildirir. X5 isə bunlara etiraz edərək heç bir kənar qoşulma və sair olmadığını bildirmişdir. Hətta cavabdehin əməkdaşlarına video çəkilişlə araşdırma aparmağını və qoşulmanın harada və necə olmağını gösdərməsini xahiş etmişdir. Cavabdehin əməkdaşları isə bunu etmədən, qoşulmanı tapa bilmədən və X5in etirazına baxmadan qanunsuz olaraq abonent koduna 1061,35 itirilmiş elektrik enerjisi sərfiyyatına görə borc pul yazılması barədə 011164 nömrəli AKT NDQ yazmışar və X5ə imza etməyini tələb ediblər. Lakin tanışı isə imza etməkdən imtina edərək imzalamamışdır. Bu səbəbdən də səbəbsiz yerə mənə 1061,35 manat itirilmiş elektrik enerjisi sərfiyyatına görə borc yazmışlar ki, bu hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda həmin borc yeni ödəniş edərkən əsassız olaraq bir miqdarı çıxılması və hətta bu borc ödənilməsə elektrik xəttinin kəsiləcəyini bildirirlər. Cavabdeh olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 1061,35 manat borc əsassız olduğu üçün silinməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 20.04.2022-ci il tarixdə verilmiş vəsatətə uyğun izahat verərək, hazırki mülki işi aidiyyət qaydasına riayət etməklə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndə və vəkili Vəkil vəsatətə və mülki işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, tərəflərin mübahisə etdiyi hallar və iddia tələbinin əsasları ilə bağlı faktiki hallar işin kommersiya mübahisələrinə aid olduğunu təsdiq edir. Bu səbəbdən iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan; 05.01.2022-ci il tarixli, 011164 nömrəli NDQ Aktın surətindən görünür ki, abonent kodu 04/253-268 istehlakçı “Yasamal Firma” qeyd edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, 04/253/268 nömrəli abonent kodu "xxxx" Firmanın adına qeydiyyatdadır. 06.01.2022-ci il tarixli "xxxx" ASC-nin İcra vərəqəsinin surətindən görünür ki, Yasamal, R ETSİ, Şərifzadə 71 ünvanında olan istehlakçının adı "xxxx" Firma, kodu 04/253-268, **********10000 qeyd edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, abunə **********10000 – tikinti materialları mağazası kimi qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı daşınmaz əmlakın növü “qeyri-yaşayış sahəsi” qeyd edilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin Vergi ödəyiciləri haqqında məlumat portalının çıxarışından görünür ki, İddiaçı fərdi sahibkar statusuna malik olmaqla, vergi ödəyicisi kimi (VÖEN: **********) vergi uçotuna alınmışdır və hazırda aktivdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Xüsusilə qeyd edilməlidir ki, həmin Qərarın 26-cı bəndinə görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarda o da qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Sadalanan qanunvericliyin tətbiqi əsaslarından və mübahisənin xarakterindən göründüyü kimi, hazırki iddia tələbinə dair mülki iş sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələr kateqoriyasına aiddir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyətini, mübahisənin subyekt tərkibini və xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-160, 163, 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "Azərişıq ASC-yə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar