Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1477/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı 29.09.2021-ci il tarixdə qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi; istehlakçı qismində onlara vurulmuş mənəvi zərərin əvəzi qismində 1.000 manat məbləğində olmaqla, ümumilikdə 2.000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, 11.08.2021ci il tarixdən 11.09.2021-ci il tarixə kimi sahibi olduğu ünvan 1 ünvanda elektrik enerjisi sərfiyyatına görə 45,20 manat məbləğində borcları yaranmışdır. Elektrik enerjisi sərfiyyatına görə yaranmış 45,20 manat məbləğində borca görə 29.09.2021-ci il tarixdə mənzilində eletrik enerjisinin verilişi "xxxx" ASC-nin Xətai RETSİ-nin əməkdaşı tərəfindən «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qanunsuz olaraq dayandırılmışdır. Belə ki, 29.09.2021-ci il tarixində işdən evə qayıtdıqları zaman, axşam saat 19:00 radələrində mənzillərində elektrik enerjisinin qanunsuz olaraq dayandırılmış olması ilə rastlaşmışlar. Mənzildə elektrik enerjisinin dərhal bərpa edilməsi üçün Xətai RETSİ-nin ərazi üzrə əməkdaşı ilə əlaqə saxlamaq istəsə də, həmin əməkdaş telefon zənginə cavab verməmiş və bu səbəbdən həmin gün mənzillərində elektrik təminatı kəsik vəziyyətdə qalmışdır. 30.09.2021-ci il tarixdə mənzildə elektrik enerjisinin təminatı artıq bərpa edilmişdir. Lakin, mənzilində elektrik təminatını bərpa edən şəxs isə binanın kommendantı olmuşdur. Binanın komendantından etdiyi xahiş əsasında, o, binanın zirzəmisində yerləşən sayğaclar lövhəsindən elektrik sayğacını aktivləşdirərək mənzilinə elektrik enerjisi verilişini bərpa etmişdir. Qeyd edir ki, 29.09.2021-ci il tarixdə mənzilinin elektrik təminatını qanunsuz dayandırmış "xxxx" ASC heç bir halda mənzilinin elektrik təminatını bərpa etməmişdir. Mənzilində elektrik təminatının 29.09.2021-ci il tarixdə qanunsuz dayandırılması ilə əlaqədar dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1 gün sonra online qaydada müraciət etmişdir. Müraciəti dərhal Energetika Nazirliyinin Enerji X1 Bakı Filialı tərəfindən araşdırılmışdır. Agentliyin araşdırması nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Qeyd: Xətai RETSİnin Agentliyin Bakı Filialına təqdim etdiyi məktubda 11.08.2021-ci il tarixdən 11.09.2021-ci il tarixə kimi ünvan 1 ünvanda elektrik enerjisi sərfiyyatına görə yaranmış 45,20 manat borcla bağlı mənzilin elektrik enerjisi verilişinin 29.09.2021-ci il tarixdə səhvən dayandırıldığı göstərilmişdir. Xətai RETSİ-nin Agentliyin Bakı Filialına təqdim etdiyi məktubda göstərdiyi «səhvən» sözünə münasibətdə bildirmək istəyir ki, istehlakçıya yazılı bildiriş göndərilmədən və ya yazılı bildirişi göndərdiyi gündən 1 ay müddəti keçmədən elektrik borcuna görə mənzilin elektrik təminatının dayandırılması «qanunsuz dayandırma» anlamına gəlir. Qeyd: Xətai RETSİ-nin Agentliyin Bakı Filialına təqdim etdiyi məktubda, RETSİ-yə etdiyi müraciətindən sonra evin elektrik enerjisi verilişinin dərhal bərpa edildiyi də bildirilmişdir. Xətai RETSİ-nin Agentliyin Bakı Filialına təqdim etdiyi məktubda göstərdiyi «RETSİ-yə etdiyiniz müraciətdən sonra evin elektrik enerjisi verilişi dərhal bərpa edildi» sözünə münasibətdə bildirmək istəyir ki, mənzilində elektrik təminatını "xxxx" ASC və ya onun hər hansı bir qurumu 29.09.2021-30.09.2021-ci il tarixlərdə və ya ondan sonra bu günə kimi heç bir halda təmin etməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən mənzilində elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması (kəsilməsi) istehlakçı qismində onun və ailəsinin hüquqlarını müvəqqəti məhdudlaşdırmış, fəal ictimai həyat tərzindən məhrum etmiş və zərərvuran şəxsin qanunsuz hərəkətləri şüurlarına təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olmuşdur. Elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması evdə həyatın dayanması anlamına gəlir. Xüsusi olaraq qeyd edir ki, elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması nəticəsində mənzilində qaranlıq hökm sürməyə başlamış; kombinin işlək vəziyyəti dayanmış və isti su çatışmazlığı yaranmış; televiziya və internet xidmətləri sıradan çıxaraq fəal ictimai həyat tərzindən məhrum edilmiş; ölkə və dünya gündəmində olan xəbərlərdən həmin gün məlumatlı ola bilməmiş; himayəsində olan 2 azyaşlı uşağı qorxmağa başlamış və böyük qızı bir sonrakı gün üçün məktəb tapşırıqlarını vaxtında yerinə yetirə bilməmiş; vəkil peşə fəaliyyətlərini lazımi səviyyədə icra edə bilməmiş, icraatlarında olan işlərlə bağlı iddia və şikayətlərini 1 gün gecikmə ilə icra etmiş, elektron məhkəmə sistemində məhkəmə işlərini elektron qaydada icra etməkdən və məhkəmə iclaslarını izləməkdən qanunsuz olaraq məhrum edilmişlər və s. Yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən mənzilində elektrik enerjisi təminatının qanunsuz dayandırılması istehlakçı hüquqlarının pozulması ilə yanası, ona mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Ona görə də, mənəvi zərərin əvəzi cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Hesab edir ki, cavabdeh təşkilatdan iddiaçının xeyrinə mənəvi zərərə görə 1.000 manat məbləğində pul tutulması mənəvi zərərin ədalətli əvəzi kimi qiymətləndirilə bilər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qərarda həmçinin, məhkəmənin mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olması öz əksini tapmışdır. Hazırkı iş üzrə iddiaçılar onların yaşadığı fərdi yaşayış evində elektrik enerjisinin qısa müddətdə kəsilməsi və sonradan dərhal bərpa edilməsi ilə iddia ərizəsində istinad etdiyi halların (ictimai həyat tərzindən məhrum olma, vəkil peşə fəaliyyətini lazımınca icra edə bilməmə və s.) baş verməsi nəticəsində onlara konkret olaraq nə kimi zərər vurulduğunu, bu zərərin konkret olaraq nədə ifadə olunduğunu, həmçinin əgər zərər mövcuddursa, onlara dəymiş zərərlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında səbəb nəticə əlaqəsinin olmasını hər hansı bir sübut və dəlillərlə əsaslandırmamış, bununla da öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməmişlər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, İddiaçı1 və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının İddiaçı1 ünvanladığı 15 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Xocalı küçəsi 2 A saylı evin 88 saylı mənzilinə elektrik enerjisi verilişinin dayandırılması barədə Energetika Nazirliyinə daxil olmuş müraciəti Agentliyin Bakı filialında araşdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçının yaşadığı mənzilin elektrik enerjisi hesabatı binanın zirzəmisində sayğaclar lövhəsində quraşdırılmış Makel markalı, 14492343 zavod nömrəli, dövlət möhürü 314519 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında **********A0088 abonent kodu ilə adınıza qeydiyyata alınmışdır. Agentliyin Bakı filialının müfəttişi tərəfindən iddiaçı ilə 30.09.2021-ci il tarixdə telefon (050 845-85-87) əlaqəsi saxlanılan zaman, iddiaçı 29.09.2021-ci il tarixdə yaşadığı mənzilin elektrik enerjisi verilişinin Xətai RETSİ-nin əməkdaşları tərəfindən dayandırıldığını və hal-hazırda mənzilin normal elektrik enerjisi ilə təmin olunduğunu bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı Xətai RETSİ-nin təqdim etdiyi məktubda 11.08.2021-ci il tarixdən 11.09.2021-ci il tarixə qədər elektrik enerjisi sərfiyyatına görə yaranmış 45,20 manat borcla bağlı 29.09.2021-ci il tarixdə mənzilin elektrik enerjisi verilişinin səhvən dayandırıldığı, iddiaçının RETSİ-yə etdiyi müraciətdən sonra evin elektrik enerjisi verilişinin dərhal bərpa edildiyi və bu kimi halların bir daha baş verməməsi üçün aidiyyəti üzrə göstəriş verildiyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, mənzilin elektrik enerjisi verilişinin dayandırılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulan hallarda 9.13-1-ci yarımbəndində göstərildiyi qaydada həyata keçirilməsi üçün Xətai RETSİ-yə göstəriş verilmişdir. İş materiallarına əlavə olunmuş bildiriş xəbərdarlığından görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə (11.08.2021-11.09.2021-ci il tarixləri arasında sərfiyyat, limitli 300 kvts, 21 manat, limitsiz 220 kvts, 24 manat 20 qəpik) 45 manat 20 qəpik borcu yaranmış, iddiaçı tərəfindən həmin məbləğ 11.10.2021-ci il tarixdə ödənilmişdir. Öncəki hesabat dövrü üçün yaranmış borcun bağlanması məqsədi ilə iddiaçı tərəfindən 02 sentyabr 2021-ci il tarixdə 23 manat 40 qəpik ödəniş edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə verilən elektrik enerjisi borc səbəbi ilə, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulan hallarda 9.13-1-ci yarımbəndində göstərildiyi qaydaya riayət edilmədən 29 sentyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində dayandırılmışdır. İddiaçılar məhkəməyə müraciət edərək, həmin halla bağlı onlara mənəvi zərər vurulduğunu bildirmişlər və iddianı onunla əsaslandırmışlar ki: - kombinin işlək vəziyyəti dayanmış və isti su çatışmazlığı yaranmış; - televiziya və internet xidmətləri sıradan çıxaraq fəal ictimai həyat tərzindən məhrum edilmiş; - ölkə və dünya gündəmində olan xəbərlərdən həmin gün məlumatlı ola bilməmiş; - himayəsində olan 2 azyaşlı uşağı qorxmağa başlamış və böyük qızı bir sonrakı gün üçün məktəb tapşırıqlarını vaxtında yerinə yetirə bilməmiş; - vəkil peşə fəaliyyətlərini lazımi səviyyədə icra edə bilməmiş, icraatlarında olan işlərlə bağlı iddia və şikayətlərini 1 gün gecikmə ilə icra etmiş, elektron məhkəmə sistemində məhkəmə işlərini elektron qaydada icra etməkdən və məhkəmə iclaslarını izləməkdən qanunsuz olaraq məhrum edilmişlər və s. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara: - binada mərkəzləşdirilmiş istilik sisteminin olmaması və mənzildə kombi quraşdırılaraq istifadə olunmasına; - böyük qızlarının bir sonrakı gün üçün məktəb tapşırıqlarını vaxtında yerinə yetirə bilməməsi səbəbindən qeyri-məqbul qiymət/qiymətlər almasına; - vəkil peşə fəaliyyətlərini lazımi səviyyədə icra edə bilməmələri, icraatlarında olan işlərlə bağlı iddia və şikayətlərini 1 gün gecikmə ilə icra etmələri, elektron məhkəmə sistemində məhkəmə işlərini elektron qaydada icra etməkdən və məhkəmə iclaslarını izləməkdən məhrum olmaları; - internetə alternativ çıxış imkanlarının (mobil internet) olmaması; - mobil telefonlarının enerjisinin tükənməsi səbəbindən zəng vura bilməmələrinə; - elektrik enerjisinin binanın komendantı tərəfindən məhz 30 sentyabr 2021-ci il tarixdə bərpa edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin hallar mövcud olsaydı belə, bunun onlara nə kimi mənəvi zərər vurduğunu, digər sözlə ifadə etdikdə, real zərər vurduğunu əsaslandırmamışlar. İddiaçılar hansı fiziki və mənəvi sarsıntılar keçirmələri barədə nə iddia ərizəsində, nə də məhkəmə iclasında verdikləri izahatlarında heç nə bildirməmişlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilə bilməz. İddiaçılardan ünvanlarına məktub göndərilməklə üzr istənilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırkı iddia tələbi şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi səpkili deyildir. Həmin xarakterli olsa idi belə, bu tərzdə və üslubda üzr istənilməsi tələbinin təmin edilməsinə yol verilmir. Bununla bağlı yuxarı instansiya məhkəmələrinin formalaşmış yekdil hüquqi mövqeyi vardır. İş materiallarından görünür ki, Xətai RETSİ elektrik enerjisi verilişini səhvən dayandırmışdır, bunu cavabdeh tərəf Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialına ünvanladığı məktubla etiraf etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialı tərəfindən Xətai RETSİ-yə müvafiq göstəriş verilmiş, qanunvericiliyə ciddi riayət olunması tələb edilmişdir. Lakin, elektrik enerjisi verilişinin dayandırılmasının iddiaçılara mənəvi (real) zərər (məsələn, elektrik enerjisi verilişinin uzun müddət dayanması nəticəsində soyuducunun işləməməsi nəticəsində tez xarab olan məhsulların, yaxud qidanın yararsız hala düşməsi; bəzi xəstələrin evdə mütəmadi nəzarət altında olmaları üçün istifadə edilən tibbi avadanlığın elektrik enerjisi olmaması səbəbindən dayanması və xəstənin halının pisləşməsi və s. bunun kimi) vurmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı 29.09.2021-ci il tarixdə qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi; istehlakçı qismində onlara vurulmuş mənəvi zərərin əvəzi qismində 1.000 manat məbləğində olmaqla, ümumilikdə 2.000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onlara verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Cavabdeh tərəfin nəzərinə çatdırılsın ki, mənzillər, fərdi yaşayış evləri, qeyriyaşayış sahələrinə elektrik enerjisinin verilişinin dayandırılmasına zərurət olduğu hallarda bu sahəni tənzimləyən Qaydalara, normativ hüquqa aktlara ciddi riayət edilməsi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçılara mənəvi (real) zərər vurulmasa da, cavabdeh tərəfindən iddiaçıların mənzilinə elektrik enerjisi verilişinin dayandırılması qeyri-düzgün formada həyata keçirilmişdir. Bu kimi hallara yol verilməsi energetika sahəsində qəbul edilmiş qaydalara uyğun deyil və bunun qarşısı alınmalı, RETSİ-lərin əməkdaşları ilə müvafiq təlimatlandırma aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı 29.09.2021-ci il tarixdə qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi; istehlakçı qismində onlara vurulmuş mənəvi zərərin əvəzi qismində 1.000 manat məbləğində olmaqla, ümumilikdə 2.000 manat məbləğində pulun cavabdeh "xxxx" ASCdən alınaraq onlara verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1477/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1477/2022
05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver