Məhkəmə qərarları › İş №e-2(006)-148/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-148/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-148/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 220-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 150 kvadrat metr olan fərdi yaşayış evində yaşayan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin razılığın əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksəkmərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın iddiaçı tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehlərin sahiblik və istifadə hüquqlarını bu və ya digər formada pozmur. Əksinə, cavabdehə mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onun mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 etiraz ərizəsi təqdim edərək, İddiaçı MMC-nin “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. 4.Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 59 saylı MKİİ-nin xx.xx.2024-cü il tarixli Forma 2 arayışından görünür ki, ailə üzvlərinin sayı 5 nəfərdir, hətta o da tam deyildir ona görə ki, ailə hazırda faktiki olaraq 7 nəfərdən ibarətdir. Bundan başqa, iddia ərizəsində göstərilənlərin əsassız olmaqla reallığı əks etdirməməsi aşağıda göstərilənlərlə təsdiq edilir. Belə ki, iddia ərizəsində cavabdehlərə məxsus evin 150 kv.metr gösərilməsini təsdiq edən heç bir sübut yoxdur, halbuki ev 200 kv.metrdən artıq olmaqla iki mərtəbəli tam təmirli və hər bir şəraitlidir. Ən azından vicdanlılıq baxımından evə iştirakları ilə baxış keçirib ölçü işləri aparmaqla MTK tərəfindən bu və ya digər təklif rəsmi qaydada bildirilsə idi, onda onlar da öz təkliflərini verməklə məsələni qarşılıqlı anlaşma ilə həll edə bilərdiklər. Belə bir məsələ müzakirə edilməyərək hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi ən azından ədalətsizlik olmaqla MTK tutduğu mövqeyindən sui-istifadə etməklə hegemonluğunu nümayiş etdirmək və bu mövqeyini məhkəmə vasitəsilə bir məcburetmə şəkilində həyata keçirmək fikirindədir. Yəqin ki, MTK rəhbərliyi üçün qanunun aliliyi, insan hüquq və azadlıqlarının təminatçısı olan dövlətin konstitusiyasından xəbərləri yoxdur. 40 ildən artıq sahiblikdə olmaqla yaşadıqları evin yerində 14-16 mərtəbəli evlər tikməklə zənginləşmək hülyasında olan MTK rəsmiləri ən azından ədalətli şəkildə 1-2 mərtəbəli evlərdə yaşayan vətəndaşları çıxarmaqla yerində hündürmərtəbəli evlər tikirsə tiksin, amma faktiki torpaq və ev sahiblərinin də tələblərini yerinə yetirməklə ümumi razılıq alınması həm qanun, həm də vicdan ədalət göstəricisi olmalıdır (bu yanaşma həm mövcud məhkəmə təcrübəsində, həmçinin Avropa Məhkəməsinin president hüquqlu qərarlarında da öz əksini tapır. MTK rəhbərliyi bunu bilməlidir). İddiaçı tərəfindən cavabdehlərə təklif edilən 179 kv.metr 4 otaqlı “ədalətli” hesab etdikləri evə dair bildirilir ki, evdə hazırda iki böyük ailə, yəni qardaşının 4 nəfərdən ibarət ailəsi (ər, arvad və iki uşaqları), səhhətində ciddi problemi olan atası (fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru), orta məktəb müəlliməsi olan anası və özü, yəni Fuad (darısqallıq səbəbindən ailə qura bilmir) yaşayırlar, yəni faktiki olaraq 7 nəfərdən ibarət ailə üzvü iki mərtəbəli 5 otaqdan ibarət 2 sanitar qovşaqlı və 2 hamamı olan tam təmirli hər bir şəraitli evdə yaşadıqları halda MTK rəhbərliyi iddia ərizəsində “yüksək mərhəmət” göstərərək onlara 179 kv.m sahəsi olan 4 otaqlı mənzil və həmin mənzil tikilənə qədər 500 manat kirayə pulu təklif edir (həmin pula azı iki ailənin kirayə evdə yaşaması qeyri-mümkündür. Bunu da MTK rəhbərliyi bilməlidir). Halbuki, qeyd etdiyi kimi hər bir şəraiti olan 200 kv.metrdən artıq olan 2 mərtəbəli evdən 179 kv.metrlik 4 otaqlı evin fərqini bilmək istəməyən MTK rəhbərliyi yaşadıqları evin mövcud vəziyyətini öyrənməklə ən azından qarşılıqlı razılıq əsasında təklif vermək istəyində olsa idi, daha ədalətli olardılar. Söz yox ki, iddia ərizəsində qeyd edilən hallar da mövcud ola bilər ki, ətraf evlərdə yaşayanların 220 nəfəri köçürülərək onlara aylıq 300-350 manat kirayə pulu vermələrini qeyd etsələr də, amma nəzərə alınmalıdır ki, onların da qonşuluqda olmuş bir cöx xırda, yöndəmsiz, kafi şəraitli evlərdə yaşayan vətəndaşlar köçüb getmiş, lakin qeyd etdiyi kimi onların kimi bir çox şəraitli evlərdə yaşayan vətəndaşlar var ki, onlar özləri köçməyə təşəbbüs göstərməyərək MTK rəhbərliyi tərəfindən ədalətli danışıq-təklif gözləmiş ki, hazırkı nəticə isə, yəni təkliflər bildirilmədən belə bir əsassız və qanunsuz bir iddia ilə məhkəməyə müraciət olunmuşdur. İkincisi, MTK tərəfindən 2 mərtəbəli yaşayış evində yaşayan şəxslərin sayının və evin kv.metri qəsdən az göstərilməklə “ədalətli” təkliflərini nümayiş etdirmək istəyiblər. Üçüncüsü, iddiaya qoşmada qeyd edilən 3,4,5 və 12-ci əlavədəki sənədlər məhkəməyə təqdim edilməyib. Dördüncüsü, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamında 2.4 və 2.5-ci bəndlərinin tələbləri yerinə yetirilməyib, hansı ki, həmin tələblərin də yerinə yetirilməməsi sərəncamın 3-cü bəndinə əsasən sərəncamın ləğv edilməsi üçün əsasdır. Beşincisi, adı çəkilən sərəncamın 2.7-ci bəndində o da göstərilmişdir ki, bu sərəncamın 1.1 -ci bəndinin tələblərinin yerinə yetirilməsi təmin edilməlidir. Sərəncamın 1.1-ci bəndi isə bilavasitə mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi MMC tərəfindən həll edilməsi tapşırılmışdır. Altincisi, ən əsası odur ki, sərəncamın 2,4 və 2,5 bəndlərində nəzərdə tutulduğu kimi MTK-ya sərəncamla ayrılmış 4.2258 ha torpaq sahəsinin icarə müqaviləsinin bağlanılmaması və bu icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması gələcəkdə həmin tikililərin dövlət qeydiyyatına alınması və mənzillərə çıxarış verilməsi problemləri ilə gündəlik həyatda hamıya bəllidir, eyni zamanda tikinti işlərinin aparılmasının sənədləşməsini tam şəkildə həyata keçirmədən aparmaqla insanların taleyilə risk edən işbazlar külli miqdarda vəsait toplamaqla zənginləşib gözü ayağının altını görməyənlərin son nəticədə həbs olunmaları da bu gün hamıya bəlli olan haldır, yalnız bundan əziyyət çəkən isə haqqı pozulan vətəndaşlardır. Beləliklə, qeyd edilən sərəncamdan irəli gələn tələblərin o cümlədən ərazinin icarəyə götürülmədən, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan hazırkı işlərə başlanılıbsa, deməli MTK rəhbərliyi tərəfindən qanunlar pozulub, bu hal sərəncamın özündən də göründüyü kimi həmin sərəncamı verən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamın ləğv edilməsi üçün əsasdır və hesab edirik ki, məhkəmə tərəfindən sərəncamı vermiş orqanın məhkəməyə cəlb edilməsi zəruridir və gələcəkdə həmin sərəncamın ləğv edilməsi məsələsini gündəmə gətirir. Ona görə də məhkəmə tərəfindən iddianın əsasını təşkil edən sənədlərin MTK tərəfindən tələb edilməsi, eyni zamanda iddianın marağına toxunan bütün şəxslərin dairəsinin müəyyən edilməsi zəruri hesab olunur, əks təqdirdə hazırkı iddianın məhkəmə baxışının predmeti olması da qanunsuzdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ekspertin rəyinə görə şəxsin evə mülkiyyət hüququ varsa, evin çöldən-çölə ölçüsü əsas götürülür. Ekspert gələrkən onlar ona mülkiyyət hüququnu təsdiq edən texniki pasportu təqdim etmişlər. Bu səbəbdən evin 208 kv.metr ilə hesablanacağını nəzərdə tutmuşlar. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə Cavabdeh4 onların anaları olduğunu, evin birinci mərtəbəsinin sahəsinin əvvəl 82 kv.metr olduğunu, sonra həyətin bağlandığını və ikimərtəbəli evin tikildiyini, materiallarda göstərilən 82 kv.metrdən əlavə onların əvvəlcədən müəyyən hissələrinin də olduğunu bildirmişdir. 7.Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə sahənin ona aid olduğunu, ətrafındakı binaların söküldüyünü, sadəcə bu binanın qaldığını, evin texniki pasportda birmərtəbəli olduğunu, onların 82 kv.metrdən əlavə sahələrinin də olduğunu, bunun da çöl divarlarla birlikdə daha çox sahə etdiyini, ekspertin qonşunun divarlarını hesablamadığını, ancaq onlara aid evin sahəsini hesabladığını, evin divarlarının qalınlığının 40 sm olduğunu, çöldən-çölə 104.3 kv.metr müəyyən edildiyini, iddiaçının ekspertləri gəldikdə iki mərtəbə üçün içəridən-içəriyə 170- 180 kv.metr hesabladıqlarını, çöldən-çölə isə 205 kv.metr qeyd olunduğunu, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri öz normativlərinə əsasən hesablamanı apardıqlarını, ona görə evin 205 kv.metr olduğunu, tələbin isə 2 ədəd 130 kv.metrlik mənzillər olduğunu bildirdiyini, bundan əlavə 3-cü bir ev də istədiyini, bunu verə bilməyəcəklərini, lakin bunun qarşılığında pul verə biləcəklərini bildirdiklərini, özlərinin bu razı olmadığını, çünki onların verdiyi pul ilə heç 50 kv.metr sahəli ev belə almaq mümkün olmadığını, hətta 3-cü ev olaraq təmirsiz bir ev də verilə biləcəyini və kirayə pulunu belə istəmədiyini, bu təkliflərlə razılaşdıqlarını, ancaq artıq neçə aydır ki, məsələni uzatdıqlarını, qarşı tərəflə ədavətlərinin olmadığını, onlarla görüşün 3-4 il bundan qabaq olduğunu, ilk dəfə görüşəndə ondan sənədlə bağlı heç nə soruşmadıqlarını, qonşuluqda yaşayan şəxslərə 113 kv.metr əvəzinə 210 kv.metrə yaxın ev verildiyini, onun evinin çöldən-çölə sahəsinin 200 kv.metr olduğunu, 10 il bundan öncə evin 2-ci mərtəbəsini təmir etdirdiyini, son tələbinin 230 kv.metr və 150.000 manat pul olduğunu, qarşı tərəfin 3 otaqlı evlərinin 130 kv.metr olduğunu, onlara təkli edilən 180 kv.metrə razı olmadığını, 230 kv.metr üçotaqlı və bir ədəd 2 otaqlı ev tələb etdiyini, divarların 40 sm olduğunu, ekspertin evin içərisində olan 20 sm daxili divarları hesablamadığını, ancaq divardan divara ölçdüyünü, iç divarları nəzərə almadığını, ekspertin az hesablaması ilə belə, evin çöldən-çölə ölçüsünün 208.6 kv.metr olduğunu, 68 kv.metr və 65 kv.metr qeyd etdiyini, ekspertin rəyinə etiraz etmədiyini, çünki evin çöldən-çölə ölçüsünün 208 kv.metr olduğunu bildirmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçının nümayəndəsi və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. 9.Məhkəmə hazırki işə iddiaçının nümayəndəsi və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 10.Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. 12.Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 166 nömrəli Arayışdan görünür ki, Novruzov Qardaşları küçəsi, ev 85 özbaşına tikintidir. Sahibi Cavabdeh4dır. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X6 daimi qeydiyyatdadırlar. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli, **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X7 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X7, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi-İddiaçı MMC, Layihəçi-Bakı Dövlət Layihə İnstitutu). 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. 16.Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X7 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial təyinatlı qeyriyaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binaların tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. 17.Mülki işin materiallarında olan 17 aprel 2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. 18.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli, 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Ak.H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 19.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/10058 nömrəli Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsinə göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsində yerləşən 85A saylı fərdi yaşayış evinin birinci mərtəbə üzrə içdən-içə sahəsinin 65,2 kv.m, çöldən-çölə 104,3 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içdən-içə sahəsinin 68,6 kv.m, çöldən-çölə 104,3 kv.m, həyətyanı sahənin ümumi sahəsinin 7,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 20.Mülki işin materiallarında olan 1979-cu il tarixdə tərtib ediln şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportuna əsasən ünvan 2 ünvanı X5 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 21.Mülki işin materiallarına əlavə edilən fotoşəkillər. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 22.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Hazırda İddiaçı MMC ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi əmlakını söküntüyə təhvil vermədiyi üçün hazırki iddianı qaldıraraq, cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməsini tələb edir. Cavabdeh tərəf isə yaşayış sahəsinin faktiki olaraq iddiaçının qeyd etdiyi ölçüdən daha artıq olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X7 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. 24.İş materiallarından görünür ki, cavabdehlərin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. Belə ki, iş materiallarında olan 1979-cu ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən ev cavabdehlərin anası X5 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmçinin, müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ev daha əvvəl birmərtəbəli ev kimi həyəti də daxil olmaqla ümumi sahəsi 82.1 kv.m olmuş, daha sonra evin sahəsi artırılaraq hazırda iki mərtəbədən və 5 otaqdan ibarət olmaqla faktiki olaraq cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. 25.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir.

27. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi).

28. Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda ) texniki pasport çıxış edir. 29.Məhkəmə bu halda hesab edir ki, ünvan 2 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, cavabdehlərin həmin ev üzərində qanuni istifadə hüquqları mövcuddur. 30.«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). 31.Məhkəmə qeyd edir ki, cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin qanuni istifadə hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. 32.Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. 33.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyubqoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. 35.Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub-pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır. 36.Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərlə razılıqdan əlavə, hətta iddiaçı tərəfindən cavabdehlərə ədalətsiz təkliflərin irəli sürüldüyü də aşkar edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında mənzilin ölçüsü barədə mübahisə yarandığından məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş rəy əsasında müəyyən edilmişdir ki, fərdi yaşayış evinin birinci mərtəbə üzrə içdən-içə sahəsi 65,2 kv.m, çöldən-çölə 104,3 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içdən-içə sahəsi 68,6 kv.m, çöldən-çölə 104,3 kv.m, həyətyanı sahənin ümumi sahəsi 7,8 kv.m təşkil edir. Göründüyü kimi iş materiallarına əsasən hələ evin ilkin formada olduğu dövrdə birinci mərtəbəsinin həyət də daxil olmaqla ümumi sahəsi 82.1 kv.m olmasına baxmayaraq sonradan evin sahəsi artırılaraq hazırki vəziyyətdə ümumi sahəsinin 200 kv.m civarında olması müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən hazırki vəziyyətdə isə cavabdehlərə yalnız faktiki sahənin üzərinə 20% gəlməklə ümumilikdə 179 kv.m sahənin verilməsini təklif etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə artırılma ilə bağlı təklif irəli sürülsə də, iddiaçı tərəf bunu qəbul etməmişdir. Göründüyü kimi qeyd edilən hallar iddiaçı tərəfindən ədalətsiz kompensasiyanın verilməsi kimi qiymətləndirilməklə mülkiyyət hüququna birbaşa müdaxilədir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdehlərə vermək istədiyi (təklif etdiyi) 179 kv.m sahəni təşkil edən mənzilin həqiqətən təsdiq edilmiş layihə sənədlərinə əsasən mövcudluğuna dair rəsmi sənədləri məhkəməyə təqdim etməmiş, yalnız məhkəməyə təqdim etdiyi sənədlərdə formal olaraq qeyd etmişdir. Bu isə gələcəkdə iddia təmin olunacağı təqdirdə mənzil mövcud olmadığından icrasına ciddi maneələr yaratmaqla yeni iddiaların yaranmasına səbəb olacaqdır. 37.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). 38.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 39.Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. 40.Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir. 41.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 42.Həmin Məcəllənin 6.1, 6.1.1-6.1.2, 6.1.4-6.1.5, 6.1.7-6.1.9, 6.2-6.3-cü maddələrinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 43.Həmin Məcəllənin 14.1, 14.2, 14.2.1-14.2.2-ci maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 44.Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 45.Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 46.Həmin Məcəllənin 324.1-324.2, 324.4-cü maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 47.Həmin Məcəllənin 390.1, 390.3-cü maddələrinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 48.Həmin Məcəllənin 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3-cü maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növləridir. 49.Məhkəmə, həmçinin iddiaçı şirkətin cavabdehlərə mənzillərinin əvəzinin sonradan tikiləcək binadan veriləcəyini bildirməsinin də sonuncuların mülkiyyət özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilməsi kimi konstitusyon müddəanın prinsinin pozulması kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə Konstitusiyada mülkiyyətin dəyərinin öncədən ödənilməsi şərtinin müəyyən edilməsi məhz mülkiyyətçinin maraqları baxımındandır. Əslində sonradan ödəmə (və ya başqa alternativ şərtlər) yalnız mülkiyyətçilərin razılığı ilə ola bilər ki, bu da tərəflərin arasında bağlanmış müqavilələr yolu ilə həll edilməlidir. 50.Beləliklə də məhkəmə bütün bu qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzil və torpaq sahəsindən çıxarılmaları ilə bağlı iddiaçının tələbləri cavabdehlərin mülkiyyət hüquqlarının qorunması baxımından əsassız olduğu üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilə bilməz. 51.Bundan əlavə, iddia tələbi əsassız hesab edilməklə rədd edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (bir yüz) məbləğ İddiaçındən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 52.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 53.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 54.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçındən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar