Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1541/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlil olan övladı xx.xx.2002-ci il təvəllüdlü X4 anadangəlmə psixi qüsurlu doğulduğuna görə öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi və öz hərəkətlərini idarə edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı X5 ilə birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X4 anadan olandan bu günə kimi ərizəçinin himayəsində olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli müayinənin nəticəsinə əsasən X3 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcədə orta kəmağıllıq, imbesillik davranış pozuntuları ilə” diaqnozu qoyularaq, ona müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Həmçinin verilmiş əlillik dərəcəsinə uyğun olaraq X4 əmək qabiliyyətsiz hesab edilmişdir. Ərizəçi İddiaçı X4 doğulan gündən bu günə kimi ona qulluq etməklə gündəlik bütün qayğılarını çəkir. Faktiki olaraq X4 ərizəçinin himayəsində olsa da, ancaq yaşadıqları ünvan üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi qaydada onun üzərində qəyyum və ya himayəçi təyin olunmamışdır. xx.xx.2002-ci il təvəllüdlü X4 anadan olandan bu günə kimi ərizəçinin himayəsində olduğundan və anadangəlmə qüsurlu doğularaq öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi üçün ərizəçi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Çünki 2-ci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü X1 rəsmi qaydada qəyyum və ya himayəçisi təyin olunmadığı üçün İddiaçı uşağın hüquq və mənafelərinin müdafiəsini təmin edə bilmir. İddiaçı 1 saylı Dəri-Zöhrəvi Dispanserində, Bakı Şəhər Narkoloji Mərkəzində, Milli Onkologiya Mərkəzində, X10 qeydiyyatda olmaması, 5 saylı Şəhər Poliklinikasında psixiatr müşahidəsində olmaması barədə müvafiq arayışlar ərizəyə əlavə edilmişdir. Ona görə də ərizəçi İddiaçı hesab edir ki, 2-ci qrup əlil olan övladı xx.xx.2002-ci il təvəllüdlü X4 anadangəlmə qüsurlu doğularaq öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, şahid ifadələrini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş: X9 ifadəsində bildirmişdir ki, ərizəçinin yoldaşının bacısı, uşağın bibisidir. Uşaq anadangəlmə xəstədir, onu evdə tək qoymaq olmur, çünki özünü idarə edə bilmir. X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı, uşağın dayısıdır. Uşaq xəstə olduğundan evdə tək qoymaq olmur, özünü idarə edə bilmir. Mülki işin materiallarında olan: Astana şəhəri Almatı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş doğum haqqında ******* nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Astana şəhərində anadan olmuş, atası qrafasında X5, anası qrafasında İddiaçı qeyd edilmişdir. AA0049770 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 5 nömrəli şəhər poliklinasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı psixiatr müşahidəsində yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X3 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. orta dərəcədə orta kəmağıllıq imbesillik davranış pozuntuları ilə” diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik qeyd edilmiş, əmək qabiliyyətsiz hesab olunmuşdur. “Nəsimi 23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 00123 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında övladı X4 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər narkoloji Mərkəzi” X15 xx.xx.2023cü il tarixli 9524 nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı narkoloji qeydiyyatda yoxdur. Bakı şəhər 1 saylı Dəri-zöhrəvi dispanserinin xx.xx.2023-cü il il tarixli 16 nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı dispanser qeydiyyatında yoxdur. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli X7 xx.xx.2023-cü il il tarixli 204 nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ağciyərlərində vərəm aşkar olunmadı. Dispanserdə qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı onkoloji xəstə kimi Mərkəzdə qeydiyyatda olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, xx.xx.2023-cü ildə müvafiq rəy daxil olduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli 1583 saylı rəyindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X2 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında keçirilmiş sonuncu müayinə zamanı ərizəçinin övladı xx.xx.2002-ci il təvəllüdlü X3 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. orta dərəcədə orta kəmağıllıq imbesillik davranış pozuntuları ilə” diaqnozu qoyulmuş, müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik qeyd edilmiş, İsmayılov Anar əmək qabiliyyətsiz hesab olunmuşdur. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli 1583 saylı rəyində qeyd edilmişdir ki, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunan hüquq normalarını hazırki mülki işə tətbiq edərək və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü X4 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1541/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1541/2023
09.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver