Məhkəmə qərarları › İş №e-2(006)-1544/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1544/2025

27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1544/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun aid olmaması və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun aid olmaması və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun ona aid olmamasının müəyyən edilməsi və onunla alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır. ünvan 2ini 2021-ci ildə almış və 2023-cü ildə işıq xəttinin çəkilməsi üçün müraciət edərkən, hasara bitişik bir sayğacın olduğu qeyd edilmişdir və bu elektrik sayğacı üzrə 1.310,727 manat, 10,02 manat və 115,06 manat məbləğində borc yazılmışdır. Bu sayğac və sayğac üzrə borclar «Şamxal Quliyev Ə.» adlı şəxsə aid edilir. Qeyd edir ki, bu bağ evini başqa şəxsdən almış və qeyd olunan əmlakın alınması zamanı mövcud olan hər hansı elektrik sayğacı borcu ona açıqlanmamış və ya borc adına köçürülməmişdir. Bununla yanaşı sayğac üzrə elektrik xətti qoşulmamış və sayğac üzrə elektrik enerjisi istifadə edilməmiş, ümumiyyətlə bu bağ evində illərlə yaşayış olmamış və sayğac üzrə ünvan belə qeyd edilən ünvandan fərqlidir. "xxxx" ASC-nin abunə haqqında illər üzrə hesabatında da bunu aydınlıqla görmək olar. Sənəddə göstərildiyi kimi, 1.310,727 manat məbləğində əsas borc «Barmek borcu» 2011-ci ilə, 10,02 manat və 115,06 manat məbləğində ayrıca borclar isə 2011-2015-ci illər aralığına aiddir və hər biri onun əmlakın sahibi olduğu dövrdən daha öncə yaranmışdır. Ünvanda sayğac olduğu üçün yenisinin quraşdırılmasına "xxxx" ASC tərəfindən etiraz verilmişdir və bu sayğacın adına keçirilməsi üçün bütün borcların ödənilməsi tələb olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, əvvəlki dövrdə sayğac yox idi. Qeyd olunan evə 2011-ci ildə sayğac quraşdırılmışdır. Sayğac quraşdırılanadək orta hesabla sərfiyyat müəyyən edilirdi. Sayğac quraşdırılandan sonra artıq sərfiyyat dəqiq bilinirdi. Həm sayğacadək olan dövrdə həm də sayğac quraşdırıldıqdan sonra ödənişlər edilməmişdir. Bu səbəbdən bu qədər borc məbləği yaranmışdır. Həmçinin, həmin ev üzrə qeydə alınmış abonent Quliyev Şamxal olmuşdur. Evin satılmasından və yaxud bağışlanmasından asılı olmayaraq arayış təqdim edilməli idi ki, mübahisə yaranmasın. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 76 nömrəli ev İddiaçı mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Borc məbləğinə dair bildiriş və abonentin hərəkət cədvəlindən görünür ki, **********90060 saylı abunə kodu olan ünvan üzrə borclar öncəki illərə - bir hissəsi «Barmek» dönəminə (2000-ci illər) - 1.310,727 manat, bir hissəsi sonrakı dönəmə - 10,02, bir hissəsi isə "xxxx" ASC-nin dönəminə - 115,06 manat (2011-2015-ci illərə) aiddir. Sayğac və abunə kodu Şamxal Quliyevin adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X3 edən istehlakçı məişət abonenti (əhali) hesab olunur. 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 4.1-ci bəndinə əsasən əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.2-1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, yuxarıda qeyd olunan bağ evi iddiaçı tərəfindən alq-satqı müqaviləsi əsasında əldə edilmişdir. Bağ evindən kənarda quraşdırılmış sayğacın qeydiyyat sənədlərində ünvan tam olaraq düz qeyd edilməsə də, sayğacın həmin bağ evinə aid olması mübahisəsizdir. İddiaçı həmin daşınmaz əmlakı əldə etdikdən sonra müvafiq kommunal xidmətlərlə bağlı sənədləşmə işləri zamanı bağ evinin abonentinin borcunun olmasını müəyyən etmişdir. Hazırda müəyyən edilir ki, həmin borc məbləği borc əvvəlki illərdə mövcud olmuş abonentə münasibətdə sayğac göstəricilərinə əsasən deyil, tariflər əsasında orta sərfiyyat əsas götürülməklə hesablanmışdır. Belə ki, sayğac üzrə borclar əvvəlki illərə (bir hissəsi «Barmek» dönəminə (2000-ci illər), bir hissəsi sonrakı dövrə, bir hissəsi isə (115,06 manat) "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki, 2011- 2015-ci illərə) aiddir.Ümumilikdə isə həmin borcların hazırki mülkiyyətçiyə aidiyyəti yoxdur. İddiaçı aldığı bağ evinə elektrik enerjisi verilişi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etsə də, həmin sayğacda olan, iddiaçıya aidiyyəti olmayan borc məbləğinin ödənilməsi iddiaçıdan tələb olunduğundan, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda daha əvvəlki illərə aid olan borca görə hazırki mülkiyyətçiyə münasibətdə hüquqların rəsmiləşdirilməsindən imtina edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, “X3 Qaydaları”nın 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün X3 edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçı olmalıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamaq və abonent kodunu real istehlakçının adına dəyişdirmək vəzifəsi daşıyır. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, **********90060 saylı abunə kodu üzrə 1.310,727 manat, 10,02 manat və 115,06 manat məbləğində borcun İddiaçı aid olmaması müəyyən edilməli, İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********90060 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun İddiaçı aid olmaması müəyyən edilsin. İddiaçı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 76 ünvanı üzrə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar