Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1569/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 878,91 manat borcun (abonent kodu: **********230) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********230) su təchizatı sistemindən suyun buraxılması və tullantısularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 08 dekabr 2023-cü il tarixinə 878,91 (səkkiz yüz yetmiş səkkiz, doxsan bir) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri ünvan üzrə suölçən cihazın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2016-cı il tarixdə CSS-20 markalı, 16031321 nömrəli yeni su ölçən cihaz quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 11 dekabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1a Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1569/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "pul tələbinə dair" 2(006)-1569/2024 saylı mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, hesablanmış borcun 2011-ci ildən bu günki tarixə kimi olan borc olduğunu bildirərək, iddia müddətinin ötməsini nəzərə alınmasını xahiş etmişdir. Hazırda tərəflərə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh suyun orada pullu olduğunu bilmədiyini, orada sayğacın olmadığını bildirmişdir. Həmçinin hesablanmış borcun 2011-ci ildən bugünkü günə kimi olan borc olduğunu vurğulayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi 2016-cı ildə sayğacın quraşdırıldığını, sayğac qoşulandan sonra nə istifadə edilirsə onun hesablandığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ətraflı abonent kartından görünür ki, ünvan 2 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin İddiaçı ASC-yə 2011-ci il tarixdən 2015-ci il tarixədək cəmi 486.00 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ətraflı abonent kartından görünür ki, ünvan 2 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin İddiaçı ASC-yə 2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 300.60 manat su borcu, 112.31 manat çirkab borcu, 738 manat dövr borcu olmaqla, cəmi 898.91 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC-nin ünvan 3 ünvanladığı məktubundan görünür ki, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 878.91 manat borc barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 262 saylı 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2016-cı il tarixində həmin əraziyə sayğac quraşdırılmışdır və hazırda "xxxx" ASC cavabdehdən sayğac quraşdırıldığı vaxtdan hesablanmış borcu tələb edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 878,91 manat məbləğində borc sayğac üzrə hesablanmış borc olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul” tələbi əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia əsaslı olduğundan və Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət (on il) ərzində məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (abonent kodu: **********230) 878,91 (səkkiz yüz yetmiş səkkiz manat, doxsan bir qəpik) manat borcun və 30 (otuz manat ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh (abonent kodu: **********230) 878,91 (səkkiz yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat borcun və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1569/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1569/2024
09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver