Məhkəmə qərarları › İş №e-2(006)-1579/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1579/2022

02.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1579/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanlı ümumi sahəsi 47,8 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 2020-ci il tarixdə həmin obyekti gözəllik salonu olaraq istifadə etmək üçün icarəyə vermişdir. Hamıya məlum haldır ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada və Azərbaycanda pandemiya başladı və Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, bir çox sahələr üzrə, o cümlədən ictimai-iaşə obyektlərinin fəaliyyəti qismən, bərbərxana və gözəllik salonlarının fəaliyyəti tam məhdudlaşdırılmışdır. Beləliklə 2020-ci il ərzində həmin məkanda nəinki hər hansı xidmət fəaliyyəti göstərilməmiş, hətta uzun müddət məhdudiyyətlər və qadağalar nəzərə alınmaqla obyektin qapısı icarəçi və icarədar tərəfindən ümumiyyətlə açılmamışdır. Lakin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 601162 saylı akt tərtib olunaraq 4104 manat ziyan hesablanmışdır. Bu zaman bu iddiaçının iştirakı olmamış, aktı tərtib edənlər obyektin nümayəndəsi olaraq «Əliyev Rahib» qeyd etmişlər, halbuki belə bir şəxs mövcud deyildir. Çalışmayan bir salon barədə, obyektin sahibi və ya qanuni icarədarı olmadan yazılmış akt qanunsuz olmaqla bərabər, hesablanmış «ziyan» da heç bir obyektiv kriteriylərə sığmır. Bu məbləği yazarkən aktı tərtib edənlər aşağıdakı qaydada hesablma aparmışlar: 1,14 kub.m. x 5 saat x 30 gün (ayda) x 12 ay = 2052. Halbuki həmin obyektdə xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmış (abonent kodu 059306) və Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 01/4/01-7/6/12693 saylı məktubuna əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 6 ay ərzində sayğacda 31 kub.m. göstərici vardır. Belə ki, həmin məbləğ yazılarkən pandemiya nəzərə alınmamış, aktı tərtib edənlər bu borusunun diametrini mexaniki olaraq aramsız su axıdılması prinsipilə hesablamışlar. İcarədar təmir işləri apardıqda həmin ünvanda traf binalar tikinti şirkəti tərəfindən sökülmüş və karantin məhdudiyyətləri qismən qaldırıldıqda belə salon fəaliyyət göstərmədi. Göstərilənlərə əsasən Nəsimi rayon Sukanal idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 601162 saylı akt tərtib olunaraq 4104 manat hesablanmış ziyanın silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. Daha sonradan iddiaçı iddia ərizəsinin həcminin artırılması barədə ərizə verərək, Nəsimi rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 601162 saylı aktının etibarsız hesab edilməklə borcun silinməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, akt bir dəfə tərtib olunmuşdur. Sudan qanunsuz istifadənin dəqiq tarixi müəyyən olunmadığına görə qanunvericiliyin tələbinə əsasən bir illik müddət nəzərə alınmışdır.

6. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, CD sərt diskə baxış keçirərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2974-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatı texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir.

8. İş materiallarında olan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 601162 saylı, xx.xx.2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, H.Ələsgərov küçəsi ilə Azadlıq prospekti kəsişməsində yerləşən Oruca məxsus ofis və gözəllik salonunda baxış keçirilərkən, qeyri-qanuni, müqavilə olmadan, sudan istifadə edilməsi aşkar edilmişdir. Obyektin nümayəndəsi Rahib Əliyev aktı imzalamaqdan imtina etmişdir.

9. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatının təsdiq olunmuş surətindən görünür ki, 601162 saylı, xx.xx.2020-ci il tarixli akt əsasında Bakı şəhəri, H.Ələsgərov küçəsi ilə Azadlıq prospekti kəsişməsində yerləşən ofis və gözəllik salonunda 12 ay müddətində 2062 kub metr miqdarında 4104 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulmuşdur.

10. İş materiallarında olan Cavabdeh ASC-nin Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən verilmiş abonent haqqında məlumata əsasən fiziki şəxs İddiaçı abunə hesabına 4.028 manat borc yazılmışdır.

11. İş materiallarında olan Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanında yerləşən obyektin sahibi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, müraciətinə baxılması üçün Cavabdeh ASC-nin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən Komissiyasına təqdim olunmuşdur. Komissiyanın xx.xx.2021-ci il tarixli 141/1 saylı protokoluna əsasən Cəmiyyətin elektron abonent bazasında, Nəsimi rayon Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 059306 olan obyektin hesabından 147 kub.metr olmaqla 294 manat silinərək müvafiq düzəliş aparılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 8.6-cı bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Nəzərinə çatdırırlar ki, ünvan 3 ünvanında yerləşən gözəllik salonuna baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən müqaviləsiz olaraq qeyriqanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli 601162 saylı akt tərtib olunmuş, 4104 manat məbləğində dəymiş ziyan hesablamışdır. Həmçinin bildirirlər ki, «X4»na əsasən sözügedən obyektlə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır (abonent kodu 059306). Hazırda sayğac göstəricisi 31 kub metr olmaqla su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə obyektin hesabında yaranmış borc 4056 manat təşkil edir. Həmçinin bildirirlər ki, Cavabdeh ASC-nin «Elektron su» portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcunu öyrənə və ödəyə, hesab fakturalarına və ödənişlərinə nəzarət edə, «Elektron müraciət» bölməsindən isə Cavabdeh ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Eyni zamanda bildirirlər ki, «X4»nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Nəsimi rayon Sukanal idarəsinə yaxınlaşıb razılıq protokolu imzalaması tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə «X4»nın 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir.

12. İş materiallarında olan Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, ünvan 4 ünvanı üzrə su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəsinə görə abonent İddiaçı 601162 saylı akta əsasən 4104 manat borc hesablanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 601162 saylı akta əsasən iddiaçıya məxsus sahədə içməli su və tullantı sularının axıdılması xidmətindən qeyriqanuni istifadə edilməsi aşkar edilmiş və iddiaçıya cərimə hesablanmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur.

15. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.

16. Məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə etmişdir və bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə də öz əksini tapmışdır.

17. Məhkəmə həmçinin ilk öncə qeyd edir ki, Nəsimi rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 601162 saylı aktının etibarsız hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən yetəri qədər əsaslar gətirilə bilməmiş, hətta bunun əksinə olaraq cavabdeh tərəfindən qanunsuz qoşulma ilə bağlı video çəkilişə aid CD disk təqdim edilmişdir.

18. Bu halda iddiaçının qeyd olunan aktın etibarsız hesab edilməsinə dair hissədə iddiası əsaslı hesab edilməməklə təmin edilməməlidir.

19. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qeyri-qanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir.

20. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə etməsi halları öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır.

21. Belə ki, xx.xx.2020-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus sahədə cəmi 1 dəfə baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş suyun bərpası üçün götürülən müddət 1 illik hesablanmışdır. Bu isə məntiqli deyil. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər.

22. “X4”nın 2.1.9.2-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər.

23. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay suyun sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı suyun verilməsini dayandıra bilər.

24. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ASC-nin əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Cavabdeh təşkilat tərəfindən sudan qeyri-qanuni istifadəyə görə dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş qərara əsasən hesabat dövrü kimi 12 ay əsas götürülmüşdür. Lakin cavabdeh tərəfindən həmin sahədə həqiqətən bir illik qanunsuz qoşulmanın dövr ardıcıllığı müəyyən edilə bilməmiş, istehlakçının qeyd olunan aktdan əvvəl qoşulmanın olmasını sübuta yetirə bilməmişdir. Belə ki, paylayıcı o halda haqlı hesab edilə bilərdi ki, bir illik müddət ərzində istehlakçının qanunsuz qoşulması ilə bağlı hər ay akt tərtib etmiş olaydı.

25. Belə olan halda xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş suyun həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir.

26. Məhkəmə həmçinin bir aylıq sərfiyyatın hesablanması ilə bağlı qeyd edir ki, abone saldosunadan görünür ki, istehlakçı tərəfindən hər ay ümumi olaraq hər iki sərfiyyat üzrə 20 manat olmaqla ümumilikdə 40 manat ödəniş olunduğundan aylıq akt üzrə də ödəməli məbləğ 40 manat hesablanmalıdır.

27. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-nin üzərinə xx.xx.2020-ci il tarixli 601162 saylı akt üzrə hesablanmış 4104 manat cərimə məbləği üzrə İddiaçı 059306 saylı abonent kodundan yalnız 4064 manat məbləğində silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-nin üzərinə xx.xx.2020-ci il tarixli 601162 saylı akt üzrə hesablanmış 4104 manat cərimə məbləği üzrə İddiaçı 059306 saylı abonent kodundan yalnız 4064 (dörd min altmış dörd) manat məbləğində cərimə borc silinsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar